Ölkənin ali
iqtisadi təhsil ocağı
İqtisadiyyat hər
bir inkişafın təməl daşıdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan Dövlət İqtisad
Universiteti – 80
Azərbaycanda ali
təhsilli iqtisadçı kadrların hazırlanması XX əsrin
30-cu illərindən başlamış və bu prosesdə
ayrıca ali təhsil ocağının yaradılmasına
ehtiyac hiss edilmişdir. Bu gün Azərbaycan Dövlət
İqtisad Universiteti adlanan və ötən 80 il ərzində
müxtəlif adlar altında fəaliyyət göstərən
bu ali təhsil ocağı ölkəmizdə
iqtisadyönümlü kadrların hazırlanmasında vahid mərkəz
kimi böyük rol oynamış və bu vəzifəni bu
gün də uğurla yerinə yetirməkdədir.
Güclü
professor-müəllim heyəti, zəngin pedaqoji təcrübəsi
olan Azərbaycan Dövlət İqtisad Universiteti
iqtisadiyyatın bütün sahələrində mütəxəssislər
hazırlayan, ölkənin iqtisadi-sosial inkişafını təmin
edən iqtisadçı kadrların yetişməsində
müstəsna rolu olan ali təhsil ocağıdır.
Hazırda
iqtisadi idarəetmə strukturlarında
çalışanların çoxu İqtisad Universitetinin məzunlarıdır.
Xaricdən gəlib univrsitetdə təhsil alanlarla bərabər,
yerli məzunlar da bir çox ölkələrdə və
şirkətlərdə öz bilik və
bacarıqlarını nümayiş etdirməkdədir.
Universitetin
alimləri iqtisad elminin müxtəlif sahələri üzrə
araşdırmalar aparır, müasir iqtisadi inkişaf nəzəriyyəsinin
əsaslarını hazırlamaqda fəal iştirak edirlər.
Fransanın Monpelye, Rusiyanın Moskva Dövlət Universiteti və
Moskva Xalq Təsərrüfatı Akademiyası, Türkiyənin
Mərmərə Universiteti, Ukrayna, Belarus, Almaniya və
Hollandiyanın universitetləri ilə sıx əlaqələr
qurulub. Azərbaycan Dövlət İqtisad Universiteti AB-nin
"Tasis", "Tempus" və s. beynəlxalq
proqramların fəal iştirakçısıdır. Xarici
ölkələrin ali təhsil müəssisələri ilə
universitetin müəllim-tələbə heyəti arasında
təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı
kadr hazırlanmasına böyük önəm verilir. İndi
Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyədən,
Rusiyadan, İrandan, Livandan, Suriyadan, İordaniyadan, Yəməndən,
Gürcüstandan, Türkmənistandan və başqa ölkələrdən
1000-ə yaxın tələbə təhsil alır.
1930-1933-cü
illərdə Azərbaycan Ticarət-Kooperativ İnstitutu,
1933-1936-cı illərdə Azərbaycan Sosial-İqtisad
İnstitutu, 1936-1941, 1945-1959, 1966-1987-ci illərdə Azərbaycan
Xalq Təsərrüfatı İnstitutu adı ilə fəaliyyət
göstərən indiki Azərbaycan Dövlət İqtisad
Universiteti 1941-1945, 1959-1965-ci illər arasında Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) tərkibində fəaliyyət göstərmişdir.
Daxili və xarici bədxahların milli təhsil sistemimizə
qəsdi nəticəsində bu elm və tədris
ocağı 1987-1990-cı illər arasında Leninqrad Maliyyə-İqtisad
İnstitutunun filialına çevrilmişdir. 1990-2000-ci illər
arasında isə ali məktəb Azərbaycan Dövlət
İqtisad İnstitutu adlandırılmışdır. Ümummilli
lider Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil
sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci
il 13 iyun tarixli fərmanı ilə Azərbaycan Dövlət
İqtisad İnstitutu İqtisad Universiteti statusu
almışdır. Son 11 ildə ali məktəb elmi-pedaqoji fəaliyyətini,
iqtisadçı kadrların yetişdirilməsində
uğurlarını davam etdirərək, hazırda 80
yaşını qeyd etməyə hazırlaşır.
Yeri
gəlmişkən deyək ki, 1985-ci ildə keçmiş
SSRİ rəhbəri M.Qorbaçovun "yenidənqurma" və
"aşkarlıq" oyunundan hərəkətə gələn,
Azərbaycanı heç vaxt gözü götürməyən
erməni düşmənlərimiz Qafqazda yeganə ali iqtisadi
təhsil verən Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun bağlanıb 1987-ci ildə Leninqrad Maliyyə-İqtisad
İnstitutuna birləşdirlməsinə nail olmuşdular. Ermənipərəst
Qorbaçovun köməkçisi Şahnazarovun, Dövlət
Plan Komitəsində məsul vəzifə tutan Sitaryanın,
şovinist akademik Aqanbekyanın və digər yüksək
mövqeli düşmənlərimizin canfəşanlığı
ilə o zaman Azərbaycanın nüfuzlu ali təhsil
ocağı bağlanıb filiala çevrilmişdi. O
dövrdə Sovet İttifaqının təhsil sistemindəki
bir çox subyektiv çatışmazlıqların təqsirini
Azərbaycandakı bir ali məktəbin üzərinə
yıxmaq, onu bağlamaq, Azərbaycandan çox-çox
uzaqlarda yerləşən Rusiyaya aid Leninqrad Maliyyə-İqtisad
İnstitutunun filialına çevrilmək, ən azı, ədalətsizlik,
Azərbaycanın təhsil sisteminə, onun elmi-pedaqoji potensialına
qarşı ən böyük haqsızlıq idi.
Vaxtilə
bir neçə fakültədən ibarət Azərbaycan
Dövlət İqtisad Universitetində indi 27 ixtisas üzrə
11 fakültə fəaliyyət göstərir, 16 mindən
çox tələbə və magistr təhsil alır. Sıralarında
Milli Elmlər Akademiyasının üzvləri olan 1000-dən
çox müəllimin 82-si professor, 365-i dosentdir. Universitetdə
21 virtual laboratoriyadan və 1000-dən artıq kompyuterdən
istifadə edilir. Ali məktəbin 2 korpusunda elektron kitabxana fəaliyyət
göstərir. 2000-ci
ilə qədər 2 binada yerləşən universitetin indi 4
tədris korpusu vardır. 4-cü korpus möhtərəm
Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci
ildə inşa edilmişdir. Cənab İlham Əliyev korpusun
açılışında "Bizə yeni, bilikli,
dünyada biznes mühitini yaxşı bilən peşəkar
menecerlər lazım» olduğunu və ən aparıcı vəzifələrdə
Azərbaycan kadrlarının olmasını
vurğulamış və "Azərbaycan Dövlət
İqtisad Universitetinin bu işdə çox böyük əməyinin
olduğunu və çox böyük töhfəsi
olacağı"nı demişdir.
Universitetin
tədris korpusları təhsilin müasir tələbinə
uyğun şəkildə əsaslı təmir edilmiş,
hazırda əsas korpus çox yüksək səviyyədə
təmir olunmaqdadır. 2004-2010-cu illərdə bir çox
xarici universitetlərlə əməkdaşlıq müqavilələri
imzalanmış, tələbə-müəllim mübadiləsi,
birgə layihələrin hazırlanması, beynəlxalq
konfransların keçirilməsi genişlənmişdir.
Perspektiv inkişaf planı, məqsədli proqramlar işlənib
hazırlanmışdır. Universitetin bir çox bölmələrinin,
kafedra və dekanlıqların idarəolunma mexanizmində
mobilliyi təmin etmək məqsədilə köklü dəyişikliklər
aparılmış, yeni tələblərə cavab verən
strukturlar yaradılmışdır.
Prezident
İlham Əliyevin universitet kollektivi qarşısında
qoyduğu vəzifələrin - sağlam mühitin
yaradılması, obyektivliyə, şəffaflığa, ədalət
prinsiplərinə əməl olunması, Azərbaycan iqtisad təhsilinin
dünya standartları səviyyəsinə
qaldırılması kimi təxirəsalınmaz məsələlərin
həlli istiqamətində son altı ildə böyük
işlər görülmüşdür.
Dünya
təhsil məkanına inteqrasiyanı, bu ali məktəbi
elmi-innovasiya universitetinə çevirməyi qarşıya
strateji məqsəd qoyan, "elmdə və təhsildə
yüksək keyfiyyət" şüarını rəhbər
tutan ADİU kollektivi son zamanlar ciddi nəticələrə
nail olmuşdur, Avropanın və Amerikanın aparıcı
universitetlərində tədris olunan 100-dən artıq dərslik
tərcümə edilərək tələbə-müəllim
heyətinin istifadəsinə verilmişdir. Universitetdə fəaliyyət
göstərən "Heydər Əliyev iqtisadi idarəetmə
məktəbi"nin məşğələlərində
nüfuzlu iqtisadçı alimlər aktual elmi problemlər ətrafında
fikir mübadiləsi aparırlar.
Universitetin
tələbə yataqxanası, tibb məntəqəsi,
müasir tipli geniş oxu və idman zalları, yeməkxanası,
Quba rayonunda yerləşən istirahət zonası var. Ali məktəb
həyatını işıqlandıran
"İqtisadçı" qəzeti, dərslik, dərs vəsaiti,
proqramlar, metodik göstərişlər, monoqrafiyalar buraxan nəşriyyat,
"İqtisad elmləri: nəzəriyyə və
praktika" jurnalı, "Universitetin tarix muzeyi" təhsil
ocağının elmi-ictimai simasını əks
etdirir.İkipilləli təhsil sistemi (bakalavr və magistr)
üzrə oxuyan tələbələr üçün kifayət
qədər tədris-metodiki vəsait yaradılıb. Azərbaycan
Dövlət İqtisad Universiteti təcrübəli və
müasir intellektli professor-müəllim kollektivi, təhsil
standartlarına cavab verən, maddi-texniki bazası olan ali tədris
müəssisəsi kimi tanınır.
Universitetdə
Avropa təhsilinin beynəlxalq rəqabətdə
gücünü ifadə edən Boloniya sistemi tətbiq
olunmaqdadır. Çoxpilləli və keyfiyyətli təhsil,
kredit sisteminin tətbiqi, diplomların tanınması, təhsil
verənlərin və təhsil alanların mobilliyi, məzunların
işlə təmin olunması kimi keyfiyyətlərinə
görə dünyanın 46 ölkəsinin qoşulduğu
Boloniya sisteminin Azərbaycanın ali təhsilinə tətbiqinin
əsasları Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin
sədri professor Şəmsəddin Hacıyevin rəhbərliyi
ilə işlənib-hazırlanmışdır. Bu sistem artıq
universitetlərdə və ADİU-də müvəffəqiyyətlə
həyata keçirilir. İqtisad Universitetində Boloniya
prosesinin prinsiplərinə müvafiq tədris planları
Avropa standartlarına uyğunlaşdırılaraq iqtisadi təhsilin
yeni modelini formalaşdırmışdır. Kredit sistemli təhsil
tələbə və müəllimlərin obyektivliyini və
fəallığını təmin edir.
Bu gün
ADİU bir sıra universitetlər assosiasiyalarının
üzvü olmaqla (Avropa Universitetlər Assosiasiyası,
İslam Dünyasının Universitetləri Federasiyası,
Avrasiya Universitetlər Assosiasiyası, Beynəlxalq Universitetlər
Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Assosiasiyası) dünya təhsil məkanının fəal
subyektinə çevrilmişdir. Son illərdə iqtisadi təhsil
modelinin tətbiqi, maddi-texniki bazanın gücləndirilməsi,
İKT-nin təlim-tərbiyə prosesində geniş istifadə
olunması, Avropa təhsil məkanına inteqrasiya sahəsində
uğurlara görə İqtisad Universiteti bir sıra
mükafatlarla təltif olunmuşdur:
-
2006-cı ildə Beynəlxalq Reytinq Texnologiyaları
Akademiyasının (Ukrayna, Kiyev) "Qızıl Fortuna"
mükafatı;
-
2006-cı ildə "Elmin inkişafına və milli
kadrların hazırlanmasında töhfəsinə görə
"Uğur" Milli Mükafatı;
- 2007-ci
ildə Avropa keyfiyyəti beynəlxalq mükafat;
- 2007-ci
ildə "İlin universiteti" Milli Mükafatı;
- 2007-ci
ildə "İNTELLEKT-2007" ilin layihəsi (ADİU-da
informasiya-kitabxana mərkəzi layihəsi) mükafatı;
- 2008-ci
ildə "Türk dünyasına və türk mədəniyyətinə
xidmət" mükafatı;
- 2009-cu
ildə Beynəlxalq Kadr Akademiyasının (Ukrayna)
qızıl medalı;
- 2010-cu
ildə "XXI yüzilliyin lideri" Beynəlxalq İmic
Proqramının "Minilliyin mükafatı" və s.
Dövlət
universitetləri içərisində özünəməxsus
yeri olan Azərbaycan Dövlət İqtisad Universitetinin XXI əsrin
birinci onilliyindəki fəaliyyəti daha məhsuldar
olmuşdur. Bu uğurların təməlində ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil
islahatı ilə bağlı tarixi qərarları dayanır.
Səmərəli elmi-pedaqoji fəaliyyət üçün
universitet rəhbərliyi də kifayət qədər şərait
yaratmış, tələbələr və pedaqoji kollektiv
qayğı ilə əhatə olunmuşlar.
Ümummilli
lider Heydər Əliyevin 2002-ci ildə universitet kollektivi ilə
görüşü onları yeni uğurlara
ruhlandırmışdır. Prezident İlham Əliyevin
universitetin yeni korpusunun açılışındakı
çıxışı, iqtisadi təhsil və iqtisad elmi
haqqında dərin məzmunlu mülahizələri kollektivin
fəaliyyətinə yeni təkan vermişdir. Qocaman ali təhsil
ocağı 80 yaşını ötən illərdə
qazanılmış nailiyyətlərdən doğan
öyünc və yeni zirvələrə çatmaq əzmi
ilə qeyd etməyə hazırlaşır.
Maarifə
HACIYEVA,
filologiya elmləri
doktoru,
Azərbaycan
Dövlət İqtisad
Universitetinin
professoru
Xalq qəzeti.- 2011.- 29 yanvar.- S. 5.