Düşünülmüş iqtisadi siyasət ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirir

 

2010-cu il arxada qaldı. Yola saldığımız il də ölkəmizin inkişafı üçün əhəmiyyətli olmuşdur. Halbuki, 2009 və 2010-cu illər tarixdə qlobal maliyyə və iqtisadi böhran ili kimi qalacaq. Həmin illərdə dünyanı bürüyən böhran iri şirkətləri müflisləşdirdi. Dünyanın bir sıra dövlətlərində iqtisadi geriləmə qeydə alındı. Çoxlu sayda müəssisə öz fəaliyyətini dayandırdı və bunun da hesabına işsizlər ordusu yarandı.

 

Qlobal maliyyə və iqtisadi böhran əksər dövlətləri ağır sınaq imtahanına çəkdi. Təbii ki, bu imtahandan uğurla çıxan dövlətlər də oldu. İlk növbədə iqtisadiyyatı möhkəm təməllər üzərində qurulmuş dövlətlər belə ağır və çətin sınaqlardan ciddi itki vermədən çıxa bilərlər. Azərbaycan məhz belə dövlətlərdəndir.

Azərbaycanda aparılan islahatlar, düzgün müəyyənləşdirilmiş iqtisadi siyasət və iri infrastruktur layihələrin həyata keçirilməsi ölkəmizin qüdrətini, gücünü daha da artırmış, yeni iş yerlərinin, beynəlxalq standartlara uyğunlaşdırılmış müəssisələrin yaradılmasına müsbət təsir etmişdir. 2010-cu ildə qarşıya qoyulan vəzifələr uğurla icra edilmiş, sosial proqramlar həyata keçirilmiş, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Yoxsulluq səviyyəsi 11,2 faizdən 9,1 faizə düşmüşdür. Son yeddi ildə isə yoxsulluq 4-5 dəfə azalmışdır.

Ümumilikdə 2010-cu ilin yekunları Azərbaycan üçün uğurlu olmuşdur. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bunun bir daha şahidi olduq. Ötən ilin yekunlarının təhlili zamanı məlum oldu ki, 2010-cu ildə Azərbaycan iqtisadiyyatı 5 faiz, əhalinin pul gəlirləri isə 12,3 faiz artmış, gəlirlər inflyasiyanı iki dəfədən çox üstələmişdir.

Ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur. İnvestisiyaların 9,3 milyardı qeyri-neft sektoruna yönəldilmişdir. Demək, ölkəmizdə bütün ümidlər neftə yox, qeyri-neft sektoruna da bağlanmışdır. Artıq qeyri-neft sektoruna investisiyalar yönəldilir. Bu da ölkəmizin hərtərəfli inkişafının göstəricisidir.

Qeyd etdiyimiz kimi, 2010-cu il yaddaşlarda iqtisadi böhran ili olaraq qaldı. Ancaq Azərbaycan əhalisi bunu bir o qədər də hiss etmədi. Ölkəmizin 2010-cu ildəki valyuta ehtiyatı bunu təsdiqləyir. Elə həmin böhran ilində Azərbaycanın valyuta ehtiyatları artaraq 29,4 milyard dollara çatmışdır.

Hər il olduğu kimi, yola saldığımız ildə də əhalinin sosial rifah halının yüksəldilməsi prioritet vəzifələrdən biri olmuş və bu sahədə inamlı irəliləyiş qeydə alınmışdır. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırılmış, 550 min nəfərə ünvanlı sosial yardım verilmişdir. Sosial infrastrukturun yaradılması sahəsində də böyük işlər görülmüşdür. Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında bu məsələ ilə əlaqədar demişdir: "Sosial infrastrukturun yaradılmasında böyük işlər görülmüşdür. 40-dan çox məktəb tikilmiş, təmir edilmişdir. 5 olimpiya mərkəzi tikilmişdir, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Bir sözlə, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkənin inkişafı üçün vacib olan sosial sahə həmişə olduğu kimi, diqqət mərkəzindədir. Bu, 2011-ci ildə də belə olmalıdır və şübhəsiz, investisiya proqramında, sosial yönümlü layihələr nəzərdə tutulacaqdır".

Möhtərəm Prezidentimiz regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayır. Bölgələrdə beynəlxalq standartlara cavab verən istehsal və sənaye müəssisələrinin açılması, insanların işlə təmin olunması dövlət başçımızı ən çox düşündürən məsələlərdən biridir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiqi zamanı da bu məsələlər prioritet hesab olunub. Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası regionların inkişafını artıq reallığa çevirib. 2010-cu ildə 70 mindən çox iş yerinin açılması da təsdiqləyir ki, nəzərdə tutulmuş proqramlar düşünülmüş şəkildə həyata keçirilib. Yeni iş yerlərinin açılması, müasir tələblərə cavab verən müəssisələrin yaradılması ölkə daxilində istehsal olunan malların sayını artırır.

Mən, Milli Məclisin deputatı kimi seçicilərimlə görüş zamanı onları işsizlik probleminin ən çox narahat etdiyini hiss edirdim. Seçicilərimi inandırırdım ki, yaxın gələcəkdə Azərbaycanda işsizlik problemi olmayacaq. Çünki dövlətimizin başçısı prezidentlik fəaliyyətinə başladığı gündən yeni iş yerlərinin yaradılmasını əsas vəzifə kimi qarşıya qoyub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiq olunanda bölgələrdə yaşayan insanlarda sabaha ümid yarandı. Ancaq Dövlət Proqramının qarşıya qoyduğu çətin vəzifələrin həyata keçirilməsinə inanmayanlar da var idi. Sual olunurdu ki, yəni belə çətin bir dövrdə doğrudanmı Azərbaycanda dünya standartlarına uyğun istehsal və sənaye müəssisələri yaradılacaq. Möhtərəm Prezidentimizin atdığı qətiyyətli addımlar bu şübhələrə son qoydu. Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsini ciddi nəzarətdə saxlayan Prezidentin təməlqoyma tədbirlərində şəxsən iştirak etməsi, sonradan isə həmin tikinti işləri ilə yaxından maraqlanması, dəyərli tövsiyələr verməsi bu işlə məşğul olanların da məsuliyyətini artırırdı. Yeni tikilmiş müəssisələr istifadəyə veriləndə əhalinin inamı daha da artdı. Rahat və səliqəli iş yerləri, yüksək əmək haqqı, işləmək üçün Rusiyanın müxtəlif şəhərlərinə üz tutanları tədricən geri - doğma Vətənə qaytardı. Bir-birinin ardınca istifadəyə verilən yeni müəssisələr regionlarda işsizlik problemini tədricən aradan qaldırırdı. Artıq xarici ölkə vətəndaşları da işləmək üçün Azərbaycana gəlirdilər. Ölkəmizdə yaradılmış davamlı ictimai-siyasi sabitlik, sürətli iqtisadi inkişaf, uğurlu iqtisadi islahatlar dünyanın iri şirkətlərini Azərbaycana cəlb edirdi. Digər tərəfdən azad sahibkarlıq fəaliyyətinə yaradılan əlverişli şərait, süni maneələrin aradan qaldırılması və dövlət başçısının bu sahəyə xüsusi diqqət yetirməsi xarici şirkətlər tərəfindən ölkəmizə sərmayə qoyuluşunu daha da artırdı. Yeni müəssisələr yaradıldıqca işsizlik problemi də aradan qaldırılırdı. Bunun nəticəsi son 7 ildə özünü parlaq şəkildə göstərdi. 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açıldı. Bu da möhtərəm Prezidentimizin işsizliyin aradan qaldırılması istiqamətində apardığı siyasətin bəhrəsi idi.

İri infrastruktur layihələrin həyata keçirilməsi işi 2010-cu ildə də davam etdirilmişdir. Ümumiyyətlə, Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi düşünülmüş siyasəti artıq Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına qoşmaqdadır. Hazırda ölkəmiz iri infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlətdir. 2010-cu ildə dünya qlobal maliyyə və iqtisadi böhranla üzləşdiyi bir vaxtda Azərbaycanda Oğuz - Qəbələ - Bakı su kəməri kimi iri bir layihənin istismara verilməsi beynəlxalq aləmin diqqətini yenidən Azərbaycana cəlb etdi. Bir daha təsdiqləndi ki, Azərbaycan ən mürəkkəb layihələri öz qüvvəsinə icra etmək qüdrətinə malikdir. Bakı əhalisinin təmiz, keyfiyyətli içməli su ilə təmin olunmasında bu kəmərin çox böyük rolu olacaq. Oğuz - Qəbələ - Bakı su kəmərinin tikintisi sırf sosial xarakter daşıyır. Bu kəmər Bakıda içməli su problemini demək olar ki, aradan qaldıracaq. Onu da qeyd edək ki, bu nəhəng tikinti digər ölkələrdən kredit götürmədən, Azərbaycanın öz vəsaiti hesabına həyata keçirildi. Bu o deməkdir ki, Azərbaycanın gücü, qüdrəti ildən-ilə artır.

Azərbaycanın iqtisadi qüdrəti artdıqca ordu quruculuğu sahəsində də inkişaf özünü göstərir. Bu gün ölkəmizin müharibə şəraitində və torpaqlarımızın 20 faizinin işğal altında olmasını nəzərə alsaq, ordu quruculuğunun möhkəmləndirilməsinin əsas vəzifələrdən olduğunu görərik. Biz milli ordumuzu gücləndirməklə heç də müharibəyə hazırlaşmırıq. Söz yox ki, hər bir ölkənin öz sərhədlərini qoruması beynəlxalq hüquqda da öz əksini tapıb. Ancaq bütün dünyaya bəllidir ki, Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq hüququn norma və prinsiplərini yeganə variant hesab edir. Möhtərəm Prezidentimizin 2010-cu ildə bu istiqamətdə apardığı siyasət uğurlu olmuşdur. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməmiş və 2010-cu ildə nüfuzlu beynəlxalq qurumların dəstəyini qazanmışdır. Ötən il bu sahədə çox mühüm hadisələr baş vermişdir. Avropa Parlamenti Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli qətnamə qəbul etmişdir. Avropa Komissiyasının sədri cənab Barrozu Avropa İttifaqının mövqeyini ifadə etmiş, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. NATO-nun zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsi də 2010-cu ilin yaddaqalan hadisələrindən olmuşdur. Azərbaycan danışıqlar prosesində öz konstruktiv mövqeyini davam etdirmiş, münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində siyasi xəttinə sadiqliyini bir daha bəyan etmişdir.

Dövlət başçımızın xarici siyasəti 2010-cu ildə də uğurlu olmuşdur. Dünyanın əksər dövlətləri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Prezident İlham Əliyevin mövqeyini dəstəklədiklərini açıq şəkildə bəyan etdilər. Ötən il Qazaxıstanın paytaxtı Astanada keçirilən ATƏT-in VII sammitində Minsk qrupu həmsədr dövlətlərinin nümayəndələri, habelə Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyanatda da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Prezident İlham Əliyevin mövqeyinin dəstəklənməsi öz əksini tapdı.

Ümumiyyətlə, 2010-cu il bütün sahələr üzrə ölkəmiz üçün uğurlu olmuşdur. Əhalinin həyat səviyyəsi yüksəlmiş, əmək haqları, pensiyalar artırılmış, Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyası sürətlənmişdir. Ölkəmizin beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənmişdir.

Aparılan uğurlu islahatlar və iqtisadiyyatın düzgün tənzimlənməsi 2011-ci ildə də qarşıda duran vəzifələrin uğurla yerinə yetiriləcəyindən xəbər verir. Dövlət başçımız bu il də nəzərdə tutulan proqramların öz həllini tapacağına əminliyi ifadə edərək demişdir: "Nəzərdə tutulmuş və icrada olan bütün infrastruktur layhələri 2011-ci ildə də davam etdiriləcəkdir. 2011-ci ilin dövlət büdcəmizin xərcləri təxminən 16 milyard dollara bərabərdir, icmal büdcəmiz 19 milyard dollar təşkil edir. Yəni, kifayət qədər vəsait var ki, infrastruktur layihələrinin həyata keçirilməsi üçün ondan istifadə edək. Əminəm ki, yaxın vaxtlarda 2011-ci ilin investisiya proqramı da mənə təqdim olunacaq və proqramda bütün tapşırıqlar öz əksini tapmalıdır. İnvestisiya yönümlü siyasətimiz davam etdiriməlidir. Bu sahədə infrastrukturun yenilənməsi üçün çox böyük əsaslı işlər görülübdür. Ancaq görüləsi işlər hələ çoxdur..."

2011-ci ildə də bütün işlər Azərbaycanın dünya miqyasında öz mövqelərini daha da möhkəmləndirməyə, iqtisadiyyatın intensiv inkişafına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə və digər zəruri sahələrin beynəlxalq səviyyəyə çatdırılmasına istiqamətləndirilib. Bütün bunları həyata keçirməyə Azərbaycanın kifayət qədər gücü var. İnanırıq ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaq.

 

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2011.- 29 yanvar.- S. 3.