Azərbaycan kinosu: ötən ilin uğurları

 

Tarixi ənənələri olan milli kino sənətimiz son illər dövlətin bu sahəyə qayğısı sayəsində xeyli inkişaf etmişdir. Bu inkişaf dövlət başçısı cənab İlham Əliyevin milli kinomuza verdiyi dəstəyin nəticəsidir. Cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" söz yox ki, kinematoqrafın yeniləşməsinə mühüm təsir göstərmiş və onun gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan yaratmışdır.

 

Onu demək lazımdır ki, ölkənin əsas filmsaxlayıcı fondu olan Dövlət Film Fondunun fəaliyyəti son illər xüsusilə fəallaşmışdır. Bu fondun yeni tikkilmiş müasir tipli binaya köçürülməsi, kinonun təbliği, filmlərin saxlanması və bərpası üçün böyük imkanlar açmışdır. Cənab Prezidentin bu binanın açılış mərasimində iştirakı kollektivin fəaliyyətinə müsbət təsirini göstərmişdir. Ötən il Dövlət Film Fondunda bir sıra tədbirlər keçirilmiş, kino xadimlərinin yubileyləri qeyd olunmuş, bir sıra filmlərimiz bərpa edilərək "həyata" qaytarılmışdır.

İl ərzində Fonda yeni çəkilən 20-ə yaxın bədii və sənədli film daxil olub. 2010-cu ildən başlayaraq Rusiyada 20-ə yaxın Azərbaycan filmi bərpa olunub. 2010-cu ildə Litva, Belarus, Ukrayna, Gürcüstan kino arxivləri ilə əməkdaşlıq haqqında sazişlər imzalanıb. İl ərzində görkəmli kino xadimlərimiz Adil İsgəndərov, Gündüz Abbasov, Leyla Bədirbəyli, Ələsgər Ələkbərov, Həsən Seyidbəyli və başqalarının yubiley tədbirləri keçirilib. Bundan başqa Uşaq Kino Evində uşaqlar üçün tədbirlər təşkil olunub.

2010-cu ildə Dövlət Film Fonduna Beynəlxalq Arxivlər Federasiyasının xətti ilə kino bəstəkarlarımız Tofiq Quliyevin, Niyazinin, Süleyman Ələsgərovun, Rafiq Babayevin fotosənədləri daxil olub. Dövlət Film Fonduna, həmçinin, Azərbaycanın ilk kinorejissorlarından olmuş Mikayıl Mikayılov, Həbib İsmayılov və başqalarının şəxsi arxivi alınmışdır. Avqustun 2-də Milli Kino günündə 50-dən çox filmin bərpa olunmuş plakat sərgisi keçirilib. 2011-ci ildə də həm tədbirlərin, həm də arxivlərin zənginləşməsi ilə bağlı eyni işlər davam etdiriləcək. "Azərbaycanfilm" kinostudiyasının da fəaliyyətində bir sıra uğurlu yeniliklər olmuşdur. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə bu studiyada "Buta", Tərsinə çevrilmiş dünya", "Əlavə təsir", "Vəkil haradadır" filmləri istehsal olunmuşdur.

Müstəqil kino şirkətləri də nazirliyin sifarişi ilə "Sahə", "Ölüm növbəsi", "Aktrisa", "Kabusun gözüylə" filmlərini istehsal etmişlər.

Ötən il "Salnamə" və "Yaddaş" studiyalarında bir sıra mövzuda sənədli filmlər istehsal etmişlər. Onlar arasında "İz... Qala", "Qafqaz qartalının uçuşu", "Neft Akademiyası", "Qarabağa gedən yollar" filmləri vardır. Bunlardan başqa görkəmli sənət adamlarından Tahir Salahov, Elmira Şahtaxtinskaya, Cənnət Səlimovaya həsr olunmuş filmlər də ilin maraqlı ekran əsərlərindəndir.

Ötən il keçirilən Milli Kino Həftəsi kinomuzun təbliği cəhətdən çox maraqlı olmuşdur.

Kino sənəti həm də ölkələr arasında mədəni əlaqələrin inkişafına xidmət etmişdir. Belə ki, Özbəkistanda "Azərbaycan Kino Həftəsi", eyni zamanda, Bakıda "Özbəkistan Kinosu Həftəsi", həmçinin, Rusiya kinosu günləri. Avropa filmləri festivalı, Yaponiya, Türkiyə kinosu həftələri keçirilib. Bundan başqa müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində filmlərimiz də Azərbaycanımızı təmsil etmişdir.

Ssenari seçimi ilə bağlı keçirilən müsabiqələr də ilin hadisələrindən olmuşdur. "Bu meydan, bu ekran" və "Vətən and yerimizdir" kino layihələri müsabiqələrindəki seçimlər uğurlu olmuşdur.

Bütün bunlar onu deməyə əsas verir ki, kino ölkəmizin mədəni həyatının ayrılmaz hissəsi olaraq qalır və yaxın gələcəkdə milli kinomuz öz əvvəlki şöhrətini özünə qaytara biləcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 30 yanvar.- S. 6.