2010-cu ilin uğurlu yekunları ictimaiyyətdə böyük
ruh yüksəkliyi doğurur
Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ilin
qarşıda duran vəzifələrinə həsr olunmuş
iclasında ölkə iqtisadiyyatının tarazlı
inkişafının təmin edilməsi, əhalinin həyat tərzinin
yaxşılaşdırılması və iri infrastruktur layihələrinin
reallaşdırılması ilə bağlı mühüm
uğurların əldə olunması göstərilmişdir.
Dövlət başçısının dərin məzmunlu
nitqində səsləndirilmiş fikir və mülahizələr,
tədbirin digər materialları ölkə ictimaiyyəti tərəfindən
böyük maraqla qarşılanmışdır. Bu tədbirlə
bağlı oxucularımızın bir qismi öz rəy və
müraciətlərini redaksiyamıza ünvanlayıb. Bu
gün onlardan bir neçəsini dərc edirik.
Mahmud MAHMUDOV, mühəndis:
-
Nazirlər Kabinetinin sözügedən iclasının
materiallarını çox diqqətlə oxudum. Məlumdur
ki, son iki il bütün dünya iqtisadiyyatı
üçün çox çətin olub. Hətta çox
güclü, qüdrətli dövlətlər belə qlobal
maliyyə böhranının doğurduğu fəsadları
tam aradan qaldırmaqda sətinlik çəkirlər. Belə
bir vaxtda Azərbaycan iqtisadiyyatının davamlı inkişaf
etməsi çox əlamətdar haldır.
Düşünürəm
ki, iqtisadiyyatımızın dayanıqlı
inkişafını şərtləndirən bir çox amillər
var. Lakin əsas amil Azərbaycanda iqtisadi sahədə
düzgün idarəetmənin qurulmasıdır. Gənc,
müstəqil dövlətimizin iqtisadi uğurları
dünya liderləri tərəfindən də etiraf olunur.
Bəli,
Azərbaycan böyük iqtisadi tərəqqi yolundadır. Ötən
il ölkəmizin hərtərəfli inkişafı
üçün çox əhəmiyyətli bir il olmuş,
iqtisadiyyatımızın bütün sahələrində, o
cümlədən qeyri-neft sektorunda nəzərəçarpan
uğurlar əldə olunmuşdur. Buna necə sevinməmək
olar? Əlbəttə, çox sevinirik! Respublikamızın
tarixində ilk dəfə olaraq 51 milyon ton neft, 27 milyard kubmetr
təbii qaz istehsal edilmişdir. Bu məqamda Azərbaycanın
enerji sektorunda çalışanların fədakar əməyini
qeyd etməmək insafsızlıq olar. Amma heç vaxt
unutmayaq ki, bütün bu uğurların bünövrəsində
ulu öndər Heydər Əliyevin müdrik neft strategiyası
dayanır.
Başqa
bir məqamı da qeyd etmək istəyirəm. Sevinirəm ki,
ötən il ölkəmizdə təkcə neft və qaz
istehsalında deyil, qeyri-neft sektorunda da parlaq qələbələr
əldə olunub. 2010-cu ildə ölkəmizdə bir sıra
iri infrastruktur layihələrinin uğurla həyata
keçirilməsi məni çox sevindirir. Bu layihələrdən
təkcə birinin - ötən ilin sonunda tikilərək
istifadəyə verilmiş Oğuz-Qəbələ-Bakı su
kəmərinin adını çəkmək kifayətdir ki,
Azərbaycanda sosial-quruculuq işlərinin nə qədər
geniş miqyas aldığını və böyük vüsətlə
getdiyini təsəvvür etmək mümkün olsun.
Həsən QULİYEV, kran
sürücüsü:
-
Nazirlər Kabinetinin son iclası ilə bağlı mən də
öz fikirlərimi bildirmək istəyirəm. Tədbirdə
son illərdə ölkəmizdə vüsət alan
tikinti-quruculuq, abadlıq işləri barədə də geniş
söhbət açılıb. Orada söylənilən
fikirlərlə tamamilə həmrəyəm.
Mən
sadə bir sənət adamıyam. 30 ilə yaxındır ki,
öz qaldırıcı kranımla Bakının onlarla
tikinti obyektində işləmişəm. Bizim kollektiv indi
paytaxtın intellektual idarəolunması layihəsinin icrası
ilə məşğuldur. Şəxsən mən hazırda
şəhərimizin bir sıra mərkəzi prospektlərində
inşa edilən iri dayaq -lövhələrin inşası sahəsində
çalışıram.
Əlbəttə,
mən siyasət adamı deyiləm, amma ölkəmizin həyatında
baş verən mühüm hadisələri diqqətlə izləyirəm.
Hamı kimi görürəm ki, Azərbaycan dövləti
xalqın rifahını yaxşılaşdırmaq
üçün çox işlər görür. Heç
uzağa getməyək. Bir neçə il bundan əvvəlki
Bakı ilə müasir şəhərimizi müqayisə edək.
Paytaxtımızda təkcə keçən il çoxlu
yaraşıqlı parklar, körpülər, yol keçidləri
tikilərək istifadəyə verilib. Dostlar, qonaqlar
bütün bunları görüb heyrətə gəlirlər.
Bəllidir
ki, hansı ölkədə davamlı inkişaf varsa, güzəran
da yaxşı olur. Azərbaycanın iqtisadi uğurları
artdıqca, əhalinin rifahı da durmadan
yaxşılaşır. Son illər ölkəmizdə
yoxsulluğun kəskin surətdə azalması da aşkar hiss
olunur. Dövlət başçımızın yeni iş
yerlərinin açılması naminə gördüyü gərgin
işləri də bir sadə əmək adamı kimi ürəkdən
alqışlayıram. Ümid edirəm ki, Azərbaycanın
uğurları gələcək illərdə daha da çox
olacaqdır.
Zümrüd YUSİFOVA, pedaqoq:
-
Ötən ilin iqtisadi uğurları barədə məlumatlarla
tanış olarkən qəlbimdə dərin qürur hissi
keçirdim. Bir Çin filosofu deyib ki, hər bir insanın
tam xoşbəxt olması üçün abad və zəngin
dövlətdə yaşaması vacibdir. Azərbaycan dövləti,
möhtərəm Prezidentimiz ölkə vətəndaşlarının
zəngin bir ölkədə, rifah və bolluq içində
xoşbəxt yaşamaları üçün uğurlu
işlər həyata keçirir. Dövlətimiz gənclərin,
imkansız ailələrin, qaçqın və məcburi
köçkünlərin də qayğılarına heç
vaxt biganə qalmayıb. Mən Yeni Günəşli qəsəbəsində
yerləşən 2 saylı uşaq evində tərbiyəçi
işləyirəm. Burada əsasən valideyn himayəsindən
məhrum olan uşaqlar tərbiyə alaraq böyüyürlər.
Onların sağlam böyümələri, yaxşı təhsil
almaları üçün kollektivimizin bütün üzvləri
əllərindən gələni edirlər. Azərbaycanın
gələcəyi üçün layiqli vətəndaşlar
kimi yetişdirməyə
çalışdığımız bu uşaqlar onlara
göstərdiyi böyük qayğıya görə Azərbaycanın
birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevadan
xüsusilə razılıq edirlər. Məhz hörmətli
Mehriban xanımın bir an azalmayan diqqət və
qayğısı nəticəsində 2 saylı uşaq evində
indi hər cür şərait yaradılmışdır.
Mən
bilirəm ki, Heydər Əliyev Fondu Azərbaycandakı
bütün uşaq evlərini himayə edir. Ulu öndər
uşaqları sonsuz məhəbbətlə sevirdi və hər
bir azərbaycanlı uşağını öz övladı
hesab edirdi. Nə yaxşı ki, bu gün Azərbaycanda
heç bir uşaq dövlətin himayəsindən kənarda
qalmayıb.
Xuraman İSMAYILOVA,
kitabxanaçı:
- Azərbaycanın
ictimai-siyasi həyatında baş verən bütün
uğurlar, eləcə də ötənilki iqtisadi və
sosial nailiyyətlər bir vətənpərvər insan kimi məni
də çox sevindirir. 2011-ci ilin Azərbaycanda "Turizm
ili" elan edilməsi şəxsən mənim
üçün çox əlamətdar hadisə oldu. Əminəm
ki, bu sahənin inkişafı regionlarımızın daha
sürətlə inkişafına, burada yeni iş yerlərinin
açılmasına kömək edə bilər. Mən uzun
illər mədəniyyət sahəsində
çalışan bir ziyalı kimi yaxşı bilirəm ki,
respublikamızın daxili turizmin inkişafı
üçün imkanları olduqca böyükdür. Təbii
ki, "Turizm ili"ndə biz mədəniyyət
işçiləri qədim və zəngin mədəniyyətimizi
daha geniş təbliğ etməyə
çalışacağıq.
Ötən
il mənim yaradıcılığımda da böyük
uğurlarla yadda qaldı. Mədəniyyət Nazirliyinin rəhbərliyinin
təşəbbüsü ilə hazırladığım
"Bərdə və bərdəlilər" adlı
kitabım "Nərgiz" nəşriyyatında nəfis
şəkildə nəşr edilərək ötən ilin
sonunda M. F. Axundov adına Milli Kitabxanada geniş ictimaiyyətə
təqdim olundu. Qədim və zəngin tarixə malik olan
başqa bölgələrimizin də tarixinin şanlı səhifələri,
çoxsaylı maddi-mədəniyyət abidələri barədə
bilgiləri gənclərimizə tanıtdıraraq sevdirmək
üçün bundan sonra həvəslə
çalışacağam.
Qələmə aldı: Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 30 yanvar.- S. 3.