Yaz bərəkəti
qışdan alar
Azərbaycanın
qədim sakinlərinin təbiətə münasibətindən
və bundan doğan görüşlər düzümündən,
səma cisimlərinin hərəkətindən - Ayın,
Günəşin, ulduzların fəzadakı mövqeyindən,
buludların səmadakı vəziyyətindən, həmçinin
zəngin təsərrüfat ənənələrindən
doğan xalq təqvimi mövcuddur. Ulularımız xalq
meteorologiyası ilə, yəni bitkilərin,
gül-çiçəklərin təbii
görünüşlərini, heyvanların
davranışlarını izləmək və müşahidə
etməklə də havaların dəyişilməsini -
yaxşılaşacağını və ya pisləşəcəyini,
yağış, yaxud qar yağacağını və tufan
baş verəcəyini, yayın isti, quraq, sərt və yaxud
sərin keçəcəyini müəyyən etməyə
çalışmışlar. Bütün bunların meydana gəlməsində
Azərbaycan ərazisinin coğrafi şəraiti,
aranlı-dağlı relyefi, iqlimi, təbii sərvətləri
də az rol oynamamışdır.
Ulu babalarımız əhatəsində olduğu sirli-sehirli aləmi həssaslıqla öyrənməklə gündəlik təsərrüfat işlərini, məişət şeylərini təşkil etməyə çalışmış, zəruri maddi nemətlərin əldə olunmasına can atmış və onlardan səmərəli şəkildə bəhrələnmək imkanlarını artırmışlar.
Azərbaycan xalq təqvimində ilin qış fəsli üç hissəyə bölünür: böyük çillə, kiçik çillə, alaçalpov (boz çillə). Qışın ən uzun sürən birinci hissəsinə böyük çillə deyilir. Bu müddət dekabrın 21/22-dən - ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək 40 gün davam edir.
El-obada böyük çillənin qarlı-tufanlı, donduran, sümük üşüdən günlərinə qaraqış deyirlər. Bu müddətdə çox vaxt qış ağır, üzücü keçir, qar qarışıq küləklər uğuldayır. Qışın qışlığı çənindən bəlli olur. Çünki qışın çəni qar gətirər, - deyirlər.
Xalq təqvimində fevralın 1-dən 20-dək davam edən müddətə isə kiçik çillə deyilir. Kiçik çillənin ömrü, göründüyü kimi o qədər də çox deyil. Amma kiçik çillə də kiçik çillədi ha. Qış fəslinin ən sərt, çovğunlu çağı, dondurucu çağı sayılır.
Kiçik çillədə qış çox hirsli gələr. Bir əlində qılınc kimi şaxta, bir əlində çovğun, boran, div nərəli külək. "Kiçik qardaş hovlu olar" məsəli də çox güman ki, kiçik çillə üçün deyilib. Çox sərt, şaxtalı keçməsinə görə bu müddətə "qışın oğlan çağı", "girəvəli qış" da deyirlər:
Kiçik çillənin soyuğu, Təndirə təpər toyuğu.
Xalq təqviminə görə, qış fəslinin axırıncı ayı boz ay (alaçalpov) adlanır. Fevralın 21/22-dən Novruza qədər davam edir və hərəsi bir həftə çəkməklə dörd çilləbeçəyə bölünür. El-obada bu müddət boz çillə, ala çillə, ağlar-gülər adları ilə də tanınır.
Babalarımız müəyyənləşdirmişlər ki, qış fəslində gecələr ayaz, gündüzlər dumanlı keçərsə, bu, qışın sərt, şaxtalı olacağına işarədir. Yəni, bu müddətdə havalar soyuq keçər, torpaq soyuyar, məhsul az olar. Qışda gündüzlər ayaz, gecələr dumanlı olanda isə əksinə, havalar nisbətən isti keçər, torpaq daha isti olar, bitkilər tez və yaxşı inkişaf edər, məhsul bol olar. Bu sınama xalq şeirində də əksini tapmışdır:
Gecə ayaz, gündüz duman, ilin Kürüdür-kürü.
Gündüz ayaz, gecə duman, ilin Gülüdür-gülü.
Qış dumanı həm də havanın dəyişəcəyini göstərən əlamətlərdən biri hesab olunur. "Qış dumanı qar gətirər", - deyirlər.
Müşahidə edilmişdir ki, qarğalar qışda qar yağmamışdan qabaq havada fırlanaraq yerə otursalar, hava qızacaq. Yox əgər evlərin üstünə, ağacların başına qonsalar, çovğun, şaxta olacaq, budaqlarına qonsalar, külək qalxacaqdır. Qarquşu civildəyirsə - qış tez gələcək.
Qış günü üfüq Günəş doğarkən həddindən artıq qızarardısa, həmin gün havanın dəyişəcəyi, külək əsəcəyi, hətta yağış və ya qar yağacağı, əksinə, qürub çağı qızarardısa, ertəsi günün günəşli olacağı gözlənilirdi. Xalq ifadəsi ilə desək:
Səhərin qızartısı axşama vaydır,
Axşamın qızartısı səhərə yaydır.
Müşahidələrə görə payızın ortalarından sonra şiddətli külək əsib yağış yağarsa, qış çox sərt, əks halda isə yumşaq keçər. Qışın sərt keçəcəyini çinarın yarpaqlarının aşağıdan tökülməsi ilə də bilmək olar. Sərçələr qışda mehriban civildəşirlərsə, deməli, hava istiləşəcək. Şaxtalı havada hind toyuğu qışqırırsa, deməli, isti külək əsəcək. Bütün bunları ulular sınaqdan çıxardıblar.
Babalar deyiblər ki, qışda qar çox yağarsa, məhsul bol olar. Belə yağıntıya bərəkət gətirən, bolluq gətirən qar deyərlər. Elə ona görə də "Yaz bərəkəti qışdan alar", - söyləyib ulularımız.
Çox qədim zamanlarda qışın başlaması münasibətilə el-obamız ilin ən uzun gecəsində (buna çillə gecəsi deyilir) xüsusi mərasim keçirərdilər. Bu kütləvi xalq bayramında saysız-hesabsız tonqallar yandırılardı, ailə üzvləri onların ətrafında toplaşıb şadlıq edər, üstündən tullanardılar. Hər yerdə atəşfəşanlıq başlanardı, şənlik etmək üçün adamlar bir yerə yığışar, maraqlı oyunlar, tamaşalar ifa edilərdi, qurban kəsərdilər, çalıb oynayardılar.
Çillənin girdiyi gün müxtəlif adda, müxtəlif dadda ləziz yeməklər olan süfrələr açılardı. Hamı süfrə başına yığışar, ortalığa yaşıllıq, bolluq rəmzi olaraq qarpız gətirilərdi. "Çillə qarpızı"nın adına söz də qoşublar:
Bu qarpız, çilə qarpız
Düşübdü dilə qarpız.
Yığılıb xurcunlara,
Gəlib yargilə qarpız.
Çillə gecəsində cana istilik gətirən dadlı-ləzzətli xörəklər hazırlayardılar. Yüz cür ədviyyat da bu xörəklərin, yeməklərin tamını artırardı. Ərməğan ətri evi başına götürərdi. İstiotlu, darçınlı, mixəkli, zəncəfilli səməni halvası bişirərdilər.
İlin qış fəslində torpağın qar örpəyi ilə örtülməsi çox xeyirlidir. Sanki torpaq dincəlib yorğunluğunu alır, rahatlanır. Torpağa loğmandır bu qar, - deyərlər. Bununla əlaqədar əkinçilər təcrübədən çıxarmışlar ki, qışda dincələn, yazda yola çıxan torpaq payızda barı-bəhəri ilə qayıdar.
Qışın qarı torpağın bərəkətidi. Qışda torpağın "ağ köynək" geyməsi, əkinlərin şaxtadan qorunması, yazda bol su ilə təmin edilməsi deməkdir. Bu faydalı cəhətlər "Qar olmasa bar olmaz", "Qışın qarı, yazın varı", "Qar ili, var ili" kimi el sözlərində də öz əksini tapmışdır. Təbiətin möcüzələrindən olan qar dənələri formasına görə müxtəlif olur. Qışın oğlan çağında, yəni şiddətli vaxtında mütləq bir kərə də olsa göydən yerə düyürcəkli qar ələnir. Bu qarla bağlı el-obada bir tapmaca da yayılmışdır:
Bayırda sağdı
Pambıqdan ağdı
Evə gələr, Suya dönər.
Belə qar yumru, quru və düyü kimi ağappaq olduğundan el arasında düyürcəkli qar (düyü qar) adlandırılmışdır. Belə havalarda soyuq iliyə işləyirdi. Xırdaca qum dənəciklərinə bənzəyən qar çovğununu külək adamın üst-başına doldurur. Bu cür qar yağanda nənələrimiz xalça-palazı onun altına salıb təmizlərdilər.
Kiçik çillənin axırına yaxın narın-narın qar yağır. Bu qara da kəpək qar deyərlər. Elə beləcə günlərin birində, göydən qar ələndiyi bir vaxtda ağbirçək nənələrimiz bir tapmaca söylərdilər:
Göydən gəlir dərvişlər,
Kürkün yerə sərmişlər.
O qədər oynamışlar,
Xurd-xəşil olmuşlar.
Hazırcavablar da tez deyərdilər ki, bəs bu, quşbaşı qardır. Belə qar mülayim şaxtada iri parçalar şəklində yağır, yerdə çox qalmayır, tez xurd-xəşil olub əriyir.
Əlçim qar da iri parçalar şəklində yağır. "Əlçim" deməklə xalq bu qarın əl içi boyda olduğuna işarə etmişdir.
İri yağan qarı lopa qar adlandırırlar. Elə ona görə də deyirlər qar lopa-lopa yağırsa, bu onun çox yüksəkdən, uzaqdan gəldiyini göstərir.
Yaza yaxın sakit havada yağıb yerə uça-uça düşən qara qanadlı qar deyirlər. Novruzqabağı yağan qar isə Novruz qarı adlandırılıb.
Bir də görürsən, heyva ağacı gül açan zaman bir qar döşədi, gəl görəsən. Ağacların gül-çiçəyini tökən bu qara heyvagülü qar deyirlər.
Dağların qışı daha sərtdir, ora yalnız qar yağır, dolu düşür, bəzən qar uçqunları olur. Dağların başı dümağ qarla örtülür, sinəsində duman sürünür.
Dağlarda yağıntıların, dumanın, qarın bol olması ilə bağlı xalq arasında çoxlu kəlam yayılmışdır. "Dağ başında qar olar", "Dağ başına qış, igid başına iş", "Dağ yeri-duman yeri, yurd yeri-çəmən yeri","Yaylağın dağı sağ olsun, qarlı da olar, qarsız da".
Bəzən şiddətli külək əsib yerdə qar burulğanı yaradır, ətrafı qar dumanı bürüyür, çovğun başlayır. Bu cür borana el-obada qış fırtınası deyilir. Ən təhlükəli fırtına dağlarda olur. Ona görə də uca dağların zirvəsində bütün ilboyu qar görünür.
Elə ki, şaxta başladı, soyuq başladı ömrünü-gününü torpağa bağlayan bağbanlar torpağı bahara hazırlayır, şumlanacaq torpağı qış aratına qoyurlar. Arxları, kanalları təmizləyib qaydaya salırlar. Belə vaxtlarda uşaqlar da köməyə gələr, hamı bir-birinə əl tutar. Ağacların dibini yumşaltmaq davam etdirilir. "Qışda işini bilən yazda-yayda ziyan çəkməz", - deyib ulular. Müdrik bağbanlar ağacların, tənəklərin budanmasını Novruza qədər qurtarardılar. Deyirlər ki, bundan sonra əl gəzdirmək olmaz onlara; ağlayacaqlar, nə qida yığıblarsa, göz yaşı kimi töküləcək. Onda da ağaclar kökündən quruya bilər. Təcrübəli bağbanların fikrincə, budama işi şirə çubuqlara axmağa başlanana qədər başa çatmalıdır. Əks halda, kəsdiyin çubuqların ucundan su axsa, tənəyin puçurları kor ola bilər, onlardan zoğ çıxmaz, bar verməz onlar.
Qış fəslinin böyük çillə adlanan qırx günündə əkinçilər bağ-bağatı, bostan-tərəvəz yerlərini, üzümlükləri suvararlar. El arasında "çillə suyu" adlanan bu suvarma torpağın nəmliyinin saxlanmasına kömək edir, ziyanvericiləri qırır, torpağın şoranlaşmasının, habelə ağacların vaxtından əvvəl çiçəklənməsinin qarşısını alır. İlin bu çağında bağlara verilən su gecələr donur, bu donma ağaclara da təsir edir. Ağaclar qış yuxusundan gec oyanır, bu da onların barı-bəhərinin çox olmasına təsir göstərir.
Böyük təbiətşünas alim Həsən bəy Zərdabinin fikrincə, çillə suyunu imkan daxilində qışın əvvəlində, yəni, böyük çillə dövründə vermək məsləhətdir. Bununla bağlı H.Zərdabi xalqın təcrübədə sınaqdan çıxmış belə bir zərbi-məsəlini misal gətirir: "Böyük çillədə suvaran çox, kiçik çillədə suvaran isə az məhsul götürər".
Bu xalq coğrafi adları, bu təcrübələr, sınamalar el-obada bu gün də yaşayır. Bütün bunlar təsadüfi yox, davamlı, empirik müşahidənin, dəfələrlə ölçüb-biçmənin yekunudur. Dəyərini heç vaxt itirməyən bu biliklər zəruri həyat nemətlərinə qayğı və məhəbbətdən, güzaranın yaxşılaşdırılması arzusundan doğub.
Tofiq BABAYEV,
əməkdar mədəniyyət
işçisi
Xalq qəzeti.- 2011.- 30 yanvar.- S. 5.