Ölkə
Prezidentinin diqqət və qayğısı nəticəsində
Dağlıq Qarabağın azərbaycanlı icması öz
fəaliyyətini daha da genişləndirmişdir
Müsahibimiz
"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması" İctimai Birliyinin sədri, Şuşa Rayon
İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdur.
- Yaxşı olar ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında 31 avqust 2009-cu il tarixli sərəncamına qədər bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü siyasət, münaqişənin həlli ilə bağlı həyata keçirilən qətiyyətli tədbirlər barədə qısa da olsa danışasınız. Keçilmiş çətin, əsaslı və mürəkkəb yola birlikdə nəzər salaq...
- Ermənistan - Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq ulu öndər Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.
Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində, ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda, Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir. Ümumiyyətlə, 1992-ci ildən başlayaraq ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar və bu qurumla qarşılıqlı əməkdaşlıq Heydər Əliyevin ciddi səyləri ilə Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993 - 2003-cü illər ərzində Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirmişdir.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq yeni formada addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uesdə, Kişinyovda, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sürixdə, Praqada, Münhendə, Soçidə, Sankt-Peterburqda və habelə iki respublikanın sərhədi Sədərəkdə 40-dan çox görüş keçirmişlər.
Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir.
Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də, münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupu həmsədrləri ilə 50-dən çox görüş keçirmiş və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin, ilk növbədə, sülh variantına üstünlük verdiyinə sübutdur.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək, xalqımızın öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda hərbi əməliyyatların başlamasına qərar verəcəyini vurğulamışdır. Bununla yanaşı, Azərbaycanın dövlət başçısı münaqişəni dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirmiş, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.
2004 - 2006-cı illərdə Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi "Praqa prosesi"nin yenidən dalana dayanmasına və danışıqların nəticəsiz qalmasına gətirib çıxardı. Ermənistan - Azərbaycan münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olundu. Bundan sonra, 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da Kişinyovda, noyabrın 22-də Münhendə, 2010-cu il yanvarın 25-də Soçidə, iyunun 17-də isə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin 10 görüşü keçirilmişdir.
Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan Prezidenti bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qaydışı məsələlərinin mövcudluğunu bildirmişdir. Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Eyni zamanda, Prezident qeyd etmişdir ki, Azərbaycanın mövqeyi birmənalıdır və biz bütün təzyiqlərə baxmayaraq, sonadək öz mövqeyimizi müdafiə edəcəyik.
2009-cu il iyunun 10-da "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ problemini də müzakirə etdilər. Sonra hər üç prezidentin münaqişə ilə bağlı qəbul etdikdəri birgə bəyanatda həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərini Baza Prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırdılar.
Bununla yanaşı, sənəddə ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentləri Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək Baza Prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırdılar.Bəyanatda bu prinsiplərin Helsinki Yekun Aktına, yəni, gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququna əsaslandığı da qeyd olundu.
- Artıq 18 ildir ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır. Azərbaycan dövlətinin mövqeyi isə əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ və onun ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.
- Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, status məsələsi yalnız Dağlıq Qarabağın azərbaycanlı əhalisi öz ata-baba torpaqlarına qayıtdıqdan sonra müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın bütövlüyü çərçivəsində həllini tapmalıdır. Prezident qeyd etmişdir ki, gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəd də məhz bu yanaşmanı təsdiq edir.
Ermənistan tərəfi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və heç bir məntiqə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanaması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.
Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən İlham Əliyev 2009-cu il iyulun 13-də Londonda məşhur Kral Beynəlxalq Münasibətlər İnstitutunda görüşü zamanı Ermənistan rəhbərinin Moskva bəyannaməsini tərəf kimi imzaladığını vurğulamaqla yanaşı, danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını və bunun beynəlxalq format olduğunu da bildirərək qeyd etdi ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi bəyannaməni imzalamazdı. Bununula yanaşı, dövlət başçısı bəyan etdi ki, "Əgər Dağlıq Qarabağın erməni icması iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlara gedə bilərlər".
- Məlumdur ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycana münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması isiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir.
- Əlavə edək ki, 2006-cı ildə isə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I qurultayının keçirilməsi oldu.
Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir. Qurultayda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir.
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə yanaşı, Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və mədəniyyət xadimlərinin iştirak etdikləri qurultayda keçən dövr ərzində görülmüş işlər ətraflı təhlil edilmiş, icma qarşısında duran əsas vəzifələr müəyyənləşdirilmişdir.
Qurultayda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də dünya ictimaiyyətinə ünvanlanmış müraciətdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsi qeyd edilməklə yanaşı, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı əhalinin bu çağırışına onların biganə qalmayacağı, münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqları öz əksini tapdı.
2010-cu il iyunun 12-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin ilk iclası keçirilmiş, idarə heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılmış, onların daxil olduğu elm, təhsil və mədəniyyət, icmadaxili məsələlər, beynəlxalq əməkdaşlıq, informasiya və ictimaiyyətlə əlaqələr, hüquqi təminat və insan hüquqları bölmələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, əlaqələndirmə şurasının strukturu təsdiq edilmişdir.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edərək icmanın yenidən formalaşmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd etmiş, idarə heyətinin iki istiqamətdə fəaliyyət göstərməsini, yəni, həm ölkə daxilində iş aparmasını, həm də beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
R.Mehdiyev icmanın fəaliyyətinin canlandırılması və məqsədyönlü xarakter alması üçün Qarabağ əhalisi arasında maarifləndirmə işlərinin səviyyəsini yüksəltməyin zəruriliyini bildirmiş, bu istiqamətdə icmanın saytı, mətbu orqanının xüsusi rol oynayacağını və Azərbaycanın mövqeyinin dünyaya çatdırılması üçün beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək belə tədbirlərin sayəsində ermənilərin azərbaycanlılar barədə yaratdıqları yanlış təsəvvürü heçə endirməyi tövsiyə etmişdir.
- İcmanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün həqiqətən, təcavüzkarın ifşası istiqamətində, eləcə də münaqişənin nizama salınması prosesində Azərbaycanın milli və dövlətçilik maraqlarından çıxış edərək daha səmərəli fəaliyyət göstərməsi çox vacib və əhəmiyyətlidir. Bu səbəbdən dövlət başçısı İlham Əliyev 2009-cu il avqustun 31-də "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında" sərəncam imzaladı.
- Dövlət başçısının bu sərəncamı, eləcə də Dağlıq Qarabağın azərbaycanlı icmasına göstərilən qayğı və diqqət, icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermişdir. Bu istiqamətdə ictimai birlik öz fəaliyyətini gücləndirərək Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir.
2009-cu il iyulun 2-də icmanın idarə heyətinin ATƏT-in həmin dövrdə fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri, xanım Dora Bakoyanniş və oktyabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri keçirilmişdir. Keçirilən görüşlərdə idarə heyətinin üzvləri bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində statusu azərbaycanlılar doğma yurdlarına qayıdandan, eləcə də hər iki icma üzvlərinə barəbar şərait yaradıldıqdan sonra müəyyənləşdirilə bilər. Dağlıq Qarabağdan olan məcburi köçkünlərin öz yurdlarına qayıtımasının münaqişənin ədalətli həlli üçün başlıca şərt olduğu vurğulanmaqla yanaşı, bu bölgənin bütün dövrlərdə Azərbaycan mədəniyyətinin mərkəzi olduğu bildirilmiş və qeyd edilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində həmin ərazilərdəki xalqımızın çoxəsrlik tarixi və mədəniyyət abidələrinin hamısı dağıdılmış və ya məhv edilmişdir.
2009-cu il oktyabrın 16-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi adından ABŞ Prezidenti Barak Obamaya göndərilmiş məktubda vurğulanırdı ki, Azərbaycan və Ermənistan prezidentləri arasında sülh danışıqlarının getdiyi bir mərhələdə ABŞ Konqresinin Dağlıq Qarabağdakı qondarma bir rejimə 8 milyon dollarlıq məbləğində vəsait ayrılması Dağlıq Qarabağın azərbaycanlı icmasını silah gücü ilə öz doğma torpaqlarından çıxararaq etnik təmizləmə siyasəti həyata keçirən separatçı rejimin və Ermənistanın müdafiə olunması deməkdir. Bu hadisə Dağlıq Qarabağ icmalarına münasibətdə balansın pozulmasına gətirib çıxara biləcək bir amildir və ona görə də göstərilən hər hansı siyasi, iqtisadi və maliyyə köməyi hər iki icmaya bərabərhüquqlu yanaşma nümayiş etdirilməsi istiqamətində olmalıdır ki, bu da münaqişənin ədalətli həllinə kömək edə bilər.
2009-cu il dekabrın 1-də Berlin şəhərindəki Branberburq Elmlər Akademiyasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi və Almaniya - Azərbaycan Forumu "Dağlıq Qarabağ Azərbaycanın mədəniyyət beşiyi mövzusunda elmi simpozium keçirilmişdir. İcmanın xaricdəki ilk beynəlxalq tədbirində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına ciddi əngəl olduğu, davamlı sülhə və sabitliyə təhlükə yaratdığı bildirilməklə yanaşı, Dağlıq Qarabağın mədəni-tarixi irsindən, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edən fotosərgi və Qarabağ xalçaları nümayiş etdirilərək bu bölgənin əzəli Azərbaycan torpağı və onun ayrılmaz bir hissəsi olduğu faktlarla diqqətə çatdırılmışdır.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi müntəzəm olaraq Xocalı soyqırımı, Şuşanın və digər Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciətlər etməklə, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmış və onları bu məsələyə biganə qalmamağa çağırmışlar.
Ümumiyyətlə, Dağlıq Qarabağın 65 mindən çox azərbaycanlı əhalisinin fəallığının artırılması istiqamətində görülən işlər zəruri və təqdirəlayiqdir. Bu baxımdan "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın mərkəzi qərargahının yeni binasının istifadəyə verilməsi, icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması mühüm əhəmiyyət kəsb edir. İcmanın nüfuzlu şəxslərindən - Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və mədəniyyət xadimlərindən ibarət olan idarə heyəti artıq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini gücləndirir. İctimai birliyin fəaliyyətini daha da canlandırmaq üçün təşkilatlanma işlərini sürətləndirmək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması üçün keçirilən tədbirlərin coğrafiyasını genişləndirmək, Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq lazımdır.
Ermənistan ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir. Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının 2010-cu il iyulun 6-da açılışında iştirakı zamanı bu məsələnin ölkə qarşısında duran ən ağrılı və ən vacib problem olduğunu bildirməklə yanaşı, qeyd etmişdir ki, Dağlıq Qarabağ və ətraf bölgələrin işğalı dözülməzdir. Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi heç vaxt bu vəziyyətlə barışmayacaqdır.
Prezident İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni qonşu dövlət işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə hansısa müsbət irəliləyişin mümkün olmayacağını bildirməklə yanaşı, bir daha vurğulamışdır: "Bu məsələ bizim üçün və Prezident kimi mənim üçün ən prioritet məsələdir. Məsələ həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır".
- Maraqlı söhbətə görə təşəkkür edirik.
Müsahibəni
apardı: Ziyəddin SULTANOV
Xalq
qəzeti.- 2011.- 30 yanvar.- S. 4.