Azərbaycan arxeologiya elminin
patriarxı
Məmmədəli Hüseynov – 90
Arxeoloji mənbələr
tarixin güzgüsüdür. Əgər
yazılı mənbələri saxtalaşdırmaq
mümkündürsə, arxeoloji mənbələrlə bu
cür davranmaq qeyri-mümükündür. Məhz
buna görə də dünya alimləri tarixin tədqiqində
arxeoloji mənbələrə daha çox üstünlük
verirlər. Lakin arxeoloji mənbələr bilikli,
geniş məlumatlı və dərin savadlı arxeoloq əlinə
düşəndə daha böyük elmi əhəmiyyət
kəsb edir, tarixi həqiqətlər necə varsa, eləcə
ortaya qoyulur. Arxeoloji mənbələr, tarixi abidələr
savadsız, naşı tədqiqatçı-arxeoloq əlinə
düşüb, elmi-dəyərini itirincə, yüz illər
boyu toxunulmaz şəkildə, torpaq altında qalsa
yaxşıdı... Bu fikirlərin müəllifi, Azərbaycan
arxeologiya elminin şöhrətli alimi, tarix elmləri doktoru,
professor Məmmədəli Hüseynovun anadan olmasından 90 il ötür.
Azərbaycan arxeologiya elminin
patriarxı
Məmmədəli Hüseynov Azərbaycan paleolit məktəbinin
banisi, dünya şöhrətli Azıx paleolit düşərgəsinin
ilk tədqiqatçısıdır. Onun apardığı arxeoloji kəşfiyyat
və tədqiqat işləri nəticəsində Azərbaycan
ərazisində qədim insan düşərgələrinin
mövcudluğunun tarixi 1,2 milyon ildən
artıq olduğunu sübuta yetirmişdir. Məhz
buna görə də o, Azərbaycan arxeologiya elminin
patriarxı hesab olunur. Məmmədəli Hüseynov
1922-ci il aprelin 3-də Qazax rayonunun Mollacəfərli
kəndində anadan olmuşdur. Orta məktəbi
bitirən kimi hərbi xidmətə
çağırılmışdır. 1941-1945-ci
illərin qanlı döyüşlərindən keçən
M.Hüseynov sağ-salamat doğma Vətənə
qayıtmışdır.
Məmmədəli Hüseynov 1946-cı ildə Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsinə qəbul
olunmuşdur.
1951-ci ildə universiteti bitirərək Azərbaycan
Tarixi Muzeyində əmək fəaliyyətinə
başlamışdır.
Hələ universitetdə oxuyarkən Məmmədəli
Hüseynovun əsas arzusu Azərbaycan ərazisini
qarış-qarış gəzib daş dövrü abidələrini
müəyyən etməkdən ibarət olmuşdur. Məhz bu məqsədlə
o, 1953-cü ilin noyabr ayında görkəmli
paleolitşünas alim, professor S.N.Zamyatin ilə birlikdə Azərbaycanın
Şamaxı, Mərəzə və Qazax rayonları ərazisində
daş dövrü abidələrini öyrənmək məqsədi
ilə arxeoloji kəşfiyyat işləri
aparmışdır. Kəşfiyyat işləri
zamanı ən yaxşı elmi nəticə Qazax rayonunun
Damcılı düşərgəsindən əldə
olunmuşdur. Düşərgədə
aparılan arxeoloji kəşfiyyat qazıntısı
zamanı daş dövrünün mustye, mezolit və neolit mədəniyyətlərinə
aid arxeoloji və palentaloji məmulatlar aşkar olunmuşdur.
Bunun nəticəsində 1881-ci ildə Tiflisdə
V arxeoloji qurultayda qəbul olunmuş Azərbaycanda daş
dövrü abidələrinin olmadığı haqqında qərarın
əsassız olduğu elmi faktlarla sübuta yetirilmişdir.
Azərbaycan ərazisində qədim insan məskənlərinin
geniş şəkildə öyrənilməsi
üçün 1956-cı ildə Elmlər
Akademiyasının Azərbaycan Tarixi Muzeyində
M.Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji
ekspedisiyası təşkil olunmuşdur.Onun rəhbərliyi
altında 1956-1958-ci illərdə Qazax rayonu ərazisində
olan Damcılı mağara düşərgəsində
arxeoloji qazıntı işləri aparılmış və
paleolit mədəniyyətinə aid zəngin maddi-mədəniyyət
nümunələri tapılmışdır. 1958-ci ildə
M.Hüseynov Qazax rayonu ərazisində kəşfiyyat işləri
aparmış və Daşsalahlı mustye düşərgəsini
aşkar etmişdir. Daşsalahlı
düşərgəsində aparılan arxeoloji
qazıntılar zamanı mustye mədəniyyətinə aid zəngin
elmi materiallar tapılmışdır.
Məmmədəli
müəllim 1960-cı ildə Tbilisidəki Arxeologiya,
Etnoqrafiya və Tarix institutunun Elmi Şurasında
"Aveydağ paleolit düşərgələri"adlı
namizədlik dissertasiyasını müdafiə edərək
tarix elmləri namizədi alimlik dərəcəsi
almışdır.
M.Hüseynovun ən böyük arzusu Qarabağ ərazisində
paleolit düşərgəsi aşkar etməkdən ibarət
idi. Elə bu məramla da 1960-cı ildə o,
Qarabağın Quruçay və Köndələnçay
sahillərində arxeoloji kəşfiyyat işləri
aparmış və çoxtəbəqəli Azıx və
Tağlar paleolit düşərgələrini aşkar
etmişdir.
Quruçay və Köndələnçay vadilərində,
həmçinin Qarabağın dağlıq hissəsində
karst mağaraları olduqca zəngindir. Lakin hələlik
bu diyarda ən zəngin maddi-mədəniyyət nümunələrinə
malik paleolit məskənləri Azıx və Tağlar
mağaralarında qeydə alınıb, arxeoloji cəhətdən
ən müasir elmi biliklər səviyyəsində tədqiq
olunmuşdur. Çoxtəbəqəli Azıx və
Tağlar paleolit düşərgələri Quruçayın
sol sahilində olub, Füzuli şəhərindən 16 kilometr
aralıda,Tuğ çökəkliyində
yerləşir. 1960-1986-cı illərdə
Azıx qədim insan düşərgəsində aparılan
kompleks arxeoloji tədqiqatlar zamanı burada 10 arxeoloji təbəqə
qeydə alınaraq tədqiq olunmuşdur. Elmi
araşdirmalar zamanı Azıx düşərgəsinin
III,V-X təbəqələrindən 7 mindən artıq
daş məmulatı və ovlanmış heyvanların 900
mindən artıq sümük qalıqları
tapılmışdır. Qarabağ diyarında
aparılan elmi tədqiqatlar zamanı sübuta yetirilmişdir
ki, hələ çox qədim zamanlardan bu ərazidə
canlı həyatın inkişafı üçün əlverişli
təbii coğrafi şərait olmuşdur. Ərazidə
aparılan kompleks elmi tədqiqatlar göstərmişdir ki, hələ
2,5 milyon il bundan əvvəl Quruçay
vadisi müxtəlif heyvanlarla zəngin olmuşdur. Eyni zamanda Quruçay vadisi, Azıx və Tağlar
düşərgələri yerləşən ərazidən
qədim insanlar əmək alətləri hazırlamaq
üçün xammal mənbəyi kimi istifadə etmişlər.
Məmmədəli müəllim 1968-ci ildə Azıx
düşərgəsinin V təbəqəsində
apardığı arxeoloji qazıntılar zamanı əmək
alətləri ilə birlikdə qədim insan çənəsi
tapmışdır. Professor D.Hacıyev çənə üzərində
apardığı elmi tədqiqatlar zamanı müəyyən
etmişdir ki, həmin çənə 350 min il
bundan əvvəl burada yaşamış 18-22 yaşlı
qadına məxsusdur. M.Hüseynov Azıx
düşərgəsinin ən aşağı təbəqələrində
apardığı arxeoloji qazıntılar zamanı
mühüm elmi əhəmiyyətə malik maddi-mədəniyyət
nümunələri aşkar etmişdir. Aşağı
təbəqələrin daş məmulatı arasında 4-5
kiloluq nəhəng kobud çapma alətlər diqqəti cəlb
edir. Hələlik ölkəmizin ərazisində
olan paleolit düşərgələrindən belə alətlər
qeydə alınmamışdır. Həmin
əmək alətlərini Azıx tipli kobud çapma alətlər
adlandırmaq olar.
M.Hüseynov Azıx düşərgəsinin daş məmulatını
bu sətirlərin müəllifi ilə birlikdə tədqiq
etmiş, düşərgənin VII-X təbəqələrinin
maddi-mədəniyyət nümunələrinin özünəməxsus
cəhətlərini müəyyən etmişdir. Dünyanın
heç bir paleolit düşərgəsindən belə əmək
alətləri tapılmadığına görə,
aşağı təbəqələrin arxeoloji
tapıntılarına Quruçay mədəniyyəti adı
vermişlər. Hazırda Quruçay mədəniyyəti
Yaxın Şərq və Qafqaz ərazisində ən qədim
arxeoloji mədəniyyət hesab olunur. Azıx
düşərgəsinin VII-X təbəqələrindən
aşkar olunmuş Quruçay mədəniyyəti mağarada
qədim insanların ilkin məskunlaşmasından xəbər
verir .İbtidai insanların həyatında mağaranın
yaxınlığından axan Quruçayın mühüm
rolu olmuşdur.
Qədim insanlar əmək alətləri hazırlamaq
üçün çay daşlarını məhz
Quruçaydan toplayıb Azıx düşərgəsinə
gətirmişlər. Eyni zamanda Azıx düşərgəsinin
sakinləri Quruçay dərəsində ovçuluq və
yığıcılıqla da məşğul olmuşlar.
Hələ ən qədim zamanlardan Quruçay
dərəsində ibtidai insanların yaşaması
üçün zəruri bütün nemətlər
olmuşdur. VII-X təbəqələrdə
aparılan tədiqatlar zamanı tapılmış maddi-mədəniyyət
nümunələri yeni bir arxeoloji mədəniyyətdən
xəbər verirdi.
Aparılan elmi tədqiqatlar zamanı Quruçay mədəniyyətinin
bir neçə inkişaf mərhələsi keçməsi
müəyyən olunmuşdur. Mədəniyyətin
ilkin mərhələsində əmək alətləri kobud
və bəsit hazırlandığı halda, sonrakı
inkişaf mərhələlərində onların
hazırlanma texnikası təkminləşmiş və
yeni-yeni əmək alətləri düzəldilmişdir.
Kompleks elmi tədqiqatlar zamanı müəyyən
olunmuşdur ki, Azıx qədim insan düşərgəsində
Quruçay mədəniyyəti dövrü uzunmüddətli
inkişafdan sonra qədim aşel mədəniyyəti ilə əvəz
olunmuşdur.
Məmmədəli Hüseynovun rəhbərliyi
altında aparılan tədqiqatlar zamanı respublika ərazisində
zəngin paleolit düşərgələri aşkar
olunmuş və nəticədə Azərbaycan paleolit məktəbi
yaradılmışdır.
M.Hüseynov 1985-ci ilin oktyabr ayında Kiyev şəhərində
"Azərbaycanın qədim paleoliti" adlı doktorluq
dissertasiyasını müdafiə edərək tarix elmləri
doktoru alimlik dərəcəsini almışdır. 1987-ci ildə
ona professor adı verilmişdir. 1971-1994-cü
illərdə Azərbaycan Milli Elmlər Akademiyası
Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü
arxeologiyası şöbəsinə rəhbərlik
etmişdir. Eyni zamanda, Məmmədəli
müəllim Bakı Dövlət Universitetində dərs
demiş və 1976-1993-cü illərdə tarix fakültəsində
təşkil olunmuş arxeologiya və etnoqrafiya
kafedrasının müdiri olmuşdur.
Professor M.Hüseynov 6 kitab və 100-dən artıq elmi əsərin
müəllifidir. Məmmədəli müəllim
yaradıcılığının ən məhsuldar bir
vaxtında - 1994-cü il iyulun 5-də vəfat
etmişdir. Lakin onun yaratdığı Azərbaycan
paleolit məktəbinin məzunları bu gün də professor
M.Hüseynovun xatirəsini əziz tutur, arzularını həyata
keçirmək yolunda uğurlu tədqiqat işləri
aparırlar. Təsadüfi deyildir ki, həmin
məktəbin nailiyyətlərini Avropada və
dünyanın digər ölkələrində yüksək
qiymətləndirirlər. Elə bu sətirlərin
müəllifinin 2001-2005-ci illərdə Beynəlxalq
İNTAS-2000 proqramı üzrə Avropa alimləri ilə birgə
apardığı elmi tədqiqat işləri nəticəsində
əldə olunmuş elmi nailiyyətlər də dediklərimizə
əyani sübutdur
Əsədulla CƏFƏROV,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun şöbə
müdiri, tarix elmləri
doktoru, professor
Xalq qəzeti.- 2012.- 1 aprel.- S. 7.