Azərbaycanı
dünyaya turizm
ölkəsi kimi tanıdaq: Beynəlxalq
təcrübə, mövcud vəziyyət
və perspektivlər
AQİL ƏSƏDOV,
AMEA-nın İqtisadiyyat
İnstitutunun şöbə
müdiri,
iqtisad elmləri namizədi,
dosent
Hazırda Türkiyə turizm sənayesinin
illik inkişaf tempi 20 faiz olmaqla dünyada birinci yeri tutur. Bu isə
təbii ki, Türkiyə dövlətinin məqsədyönümlü
fəaliyyətinin nəticəsi və burada sürətlə
inkişaf edən xidmətlərin real nəticələridir.
Azərbaycanla
qonşu olan, əhalisinin mentaliteti, dini mənsubiyyəti və
ənənələri, siyasi, tarixi və etnik baxımdan
ölkəmizin mühüm tərəfmüqabili olan
Türkiyə XX əsrin sonlarından etibarən turizm sənayesinin
inkişafı sahəsində böyük nailiyyətlər
qazanmışdır. Nəticədə bu ölkə
dünyanın ən böyük turizm mərkəzlərindən
birinə çevrilmişdir. Əlbəttə, ölkədə
turizm sənayesinin bu cür vüsət almasının bir səbəbi
əlverişli coğrafi mövqe və çeşidli turizm
resurslarının mövcudluğu ilə əlaqədardırsa,
digər bir əsas səbəbi də
düşünülmüş dövlət siyasəti ilə
bağlıdır. Belə ki, qardaş ölkədə son
illər olduqca sürətli inkişaf müşahidə edilməkdədir
ki, bu da yalnız özəl və dövlət
sektorlarının birgə fəaliyyəti,
uzlaşdırılmış addımları sayəsində
mümkündür. Turizm resursları ilə zəngin olan
Türkiyənin beynəlxalq turizm bazarında liderlər
sırasına çıxmasında dövlətin müstəsna
rolu olmuşdur. Turizmin inkişafı daim Türkiyə
hökumətinin diqqət mərkəzində olan bir məsələdir.
Turizmlə
bağlı olan müxtəlif sahələrin
stimullaşdırılması ilə yanaşı,
kadrların hazırlanmasına da ölkədə xüsusi
önəm verilir. Məhz bunun nəticəsidir ki, Türkiyənin
2001-ci ildə ancaq turizmdən əldə etdiyi gəlir 10,1
milyard dollar təşkil etmişdirsə, 2010-cu ildə bu rəqəm
21 milyard dollar olmuşdur. Türkiyənin ali məktəblərində
turizm sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər
hazırlanır. 1994-cü ildə Türkiyədə
"Ketav" adı altında 46 birinci dərəcəli
turist müəssisələri yaradılmışdır. Bu
sistemə daxil olan 10-dan çox beşulduzlu mehmanxanada eyni
zamanda xarici mütəxəssislər praktiki dərslər
keçirlər. Ümumən, ölkədə 2 mindən
çox birinci dərəcəli mehmanxana fəaliyyət
göstərir.
Bütün
bunlarla yanaşı, ölkədə turizm fəaliyyətinin
müxtəlif istiqamətlərini əhatə edən, bu sahədə
tam və səmərəli tənzimləməyə imkan verən
stimullaşdırıcı normativ-hüquqi baza da
formalaşdırılmışdır. Son 20-25 il ərzində
dövlət tərəfindən turizmin inkişafına
xüsusi önəm verilmişdir və bu siyasət
hazırda da davam etdirilir. Göstərilən müddət ərzində
dövlət tərəfindən "Turizmin təşviqi
haqqında" və "Turizm Nazirliyinin təşkilati və
vəzifələri haqqında" Qanunları qəbul
edilmişdir.
Turizmin inkişafına
görə, Avropadan sonrakı yeri Amerika tutur. İqtisadiyyatın digər sahələrində
olduğu kimi, beynəlxalq turizmin də qitədə əsas ağırlıq mərkəzi ABŞ, Kanada
və Meksika üzərinə düşür.
Belə ki, qitədaxili turist axınlarının 73 faizi,
beynəlxalq turizmdən
əldə edilən gəlirin isə 75 faizi, məhz bu üç ölkədə cəmləşmişdir.
Ümumiyyətlə, ABŞ xarici turistlərin
gəlməsinə görə
dünya ölkələri
arasında Fransa və İspaniyadan sonra üçüncü
yeri tutur. Bununla yanaşı, ABŞ beynəlxalq
turizmdən gələn
gəlirə, çıxan
turistlərin sayına
və xaricdəki xərcləmələrə görə
dünyada birinci yeri tutmaqla regionda
bu sahədə həlledici rol oynayır. Son dövrlərdə ABŞ iqtisadiyyatında
baş verən tənəzzül turizmə
də öz təsirini göstərir və bunun nəticəsində
Şimali Amerika turizm biznesində öz mövqelərini itirmək təhlükəsi
ilə üzləşir.
Lakin buna baxmayaraq yüksək turizm xidməti mədəniyyəti,
inkişaf etmiş turizm infrastrukturu və mükəmməl hüquqi baza ABŞ dövlətinə bu böhrandan çıxış
imkanları yaradır.
Dünyada turizm üzrə ən böyük iqtisadi perspektivə və potensiala malik regionlardan biri də Asiya
hesab edilir. XX əsrin
son onilliyində Asiyanın
iqtisadi inkişaf göstəriciləri 5,5 faizlik templə dünyanın inkişaf tempini dəfələrlə
qabaqlamışdır ki,
bu da regionun
əhəmiyyətini bir
daha ifadə edir. İqtisadiyyatının artım tempinə
və inkişaf perspektivlərinə görə
nəinki region, hətta
dünya üzrə lider sayılan Çində turizm bazarı da sürətlə təkmilləşməkdə
və genişlənməkdədir.
Proqnozlara görə qarşıdakı
illərdə Çin
turizm bazarının
ABŞ bazarını üstələmək
ehtimalı çoxdur.
Bunu
ÜTT-nin 2010-cu ilə
dair göstəricilərindən
də görmək mümkündür. Belə
ki, 2010-cu ildə
2009-cu ilə nisbətən
turizm üzrə Çində artım 25,6, turizmdən əldə edilən gəlirlər üzrə
15,5 faiz olduğu halda, Amerika üçün bu göstəricilər uyğun
olaraq, 1,9 və 9,9 faiz təşkil etmişdir.
Asiyada turizmin inkişaf etdiyi əsas subregionlardan biri də Yaxın
Şərqdir. Regionda əksər ölkələrin
iqtisadiyyatının neftin
dünya bazarlarında
qiymətindən asılı
olduğu qeyd edilsə də mütəxəssislərin fikrincə,
neft qiymətlərinin
bahalaşması və
özəlləşdirmə hesabına burada yüksək iqtisadi artım nəticəsində
turizmin inkişafı
gözlənilir. Eyni zamanda,
artıq Tunis, Birləşmiş
Ərəb Əmirlikləri,
Mərakeş kimi ölkələrdə də
turizmin inkişafı
sahəsində məqsədyönlü
addımlar atılmaqdadır.
Aralıq dənizinin cənub və şərq sahillərini əhatə edən Yaxın Şərq ölkələri
dünya tarixində səyahətlər regionu
kimi məşhurdur. Müqəddəs yerlərin Şərq-Qərb
ticarət yolunda yerləşməsi qədim
dövrlərdə burada
intensiv karvan axınlarına səbəb
olmuşdur. Bütün bunlara
baxmayaraq turizmin çağdaş vəziyyəti
bu regionun turizmdə önəmli mövqeyindən danışmağa
imkan vermir. Eyni zamanda, neft gəlirləri
sayəsində son 15-20 ildə
elm, təhsil və ümumən iqtisadiyyatın
inkişafındakı nailiyyətlər
bu sahəyə də öz müsbət təsirini göstərməkdədir.
Turizmin inkişafına dair beynəlxalq təcrübə
göstərir ki, dünya turizm bazarına inteqrasiya etmək, mövcud turizm potensialından tam və səmərəli istifadəyə nail olmaq, ən əsası turizmin inkişafı üçün zəngin
potensiala, əlverişli
təbii-iqlim şəraitinə
və mövqeyə malik olan müstəqil
Azərbaycan Respublikasını
dünyaya turizm ölkəsi kimi tanıtmaq üçün
Türkiyə, İspaniya,
İtaliya, Fransa və s. kimi ölkələrin təcrübəsindən
yararlanmaq mümkün
və vacibdir. Bu ölkələrin təcrübəsində diqqəti
çəkən bir sıra məqamlar vardır ki, məhz bu səbəblər
də həmin ölkələrə turizm
sektoruna dair göstəricilər üzrə
liderlik qazandırır.
Beynəlxalq təcrübədə turizmin inkişafı sahəsində yerli idarəetmə qurumlarına
daha geniş səlahiyyətlərin verilməsi,
turizmin ayrı-ayrı
sahələri ilə
fərqli qurumların
məşğul olması,
dövlət hesabına
maliyyələşən və
turizm xidmətlərinin
təşkilatçılığı və koordinasiyası ilə məşğul olan xüsusi təşkilatların yaradılması,
ölkənin milli turizminin incəliklərini
və cəlbedici tərəflərini beynəlxalq
aləmdə təbliğ
edən xarici nümayəndəliklərə malik milli qurumların
formalaşdırılması və s. kimi məsələlər xüsusilə
diqqəti cəlb edir. Azərbaycan Respublikasının turizm potensialından istifadə göstəriciləri,
ölkəyə xarici
turistlərin cəlb olunması, bir turistdən əldə edilən gəlir, o cümlədən, çıxış
turizminə dair göstəricilər hələlik
lazımi səviyyədə
deyildir və mövcud potensialı əks etdirmir. Azərbaycanın öz yeraltı
və yerüstü sərvətlərinin tamhüquqlu
sahibi olduğu müstəqillik tarixinin o
qədər də çox olmadığını
nəzərə alsaq,
ölkəmizin turizm imkanlarının xaricdə
tanıdılması çox
vacibdir.
İstənilən sahədə inkişafa
nail olmaq üçün
mövcud vəziyyətin
və dinamikanın öyrənilməsi çox
vacibdir. Bu zərurətə
əsaslanaraq Azərbaycanda
turizm sahəsinin mövcud vəziyyəti və inkişaf dinamikasına nəzər
salaq. Azərbaycan Respublikası müstəqilliyini
bərpa etdikdən sonra, qısa zaman kəsiyində milli dövlətçilik
sahəsində əldə
edilmiş nailiyyətlər,
hüquqi-siyasi və sosial-iqtisadi dayaqların mökəmləndirilməsi ölkəmizin
beynəlxalq aləmdə
mövqeyini formalaşdırmış
və onu regionun lider dövlətinə çevirmişdir.
Ardıcıl və davamlı
surətdə həyata
keçirilən iqtisadi
islahatlar nəticəsində
artıq Azərbaycan nəinki keçmiş sovet respublikaları arasında birincidir, həm də bir çox göstəricilərə görə
əksər dünya dövlətləri ilə
bir sırada dayanır.
Hazırda milli iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin
prioritet istiqamətlərini
təşkil edir. Son illər ölkə əhalisinin rifah halının yüksəldilməsi
istiqamətində həyata
keçirilən iqtisadi
islahatlar və elmi əsaslara söykənən ümumi
iqtisadi siyasət nəticəsində əksər
sahələrdə dinamik
inkişaf təmin edilmiş və qısa müddət ərzində çox böyük nailiyyətlər
əldə olunmuşdur.
İşsizliyin aradan qaldırılması,
əhalinin yaşayış
səviyyəsınin yüksəldilməsi,
regional inkişaf haqqında
Dövlət Proqramlarının
uğurlu icrası və s. kimi mühüm vəzifələr
qeyd olunan irəliləyişlərin bariz
nümunəsidir. Bütün
bunlar isə sübut edir ki, Azərbaycan hökuməti regionların
inkişafına nail olmaq
üçün qarşıya
qoyulmuş kənd təsərrüfatı məhsulları
istehsalının artırılması,
qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin yaradılması, turizmin inkişafının təmin
edilməsi, məşğulluq
səviyyəsinin yüksəldilməsi,
əhalinin güzəranının
yaxşılaşdırılması, bölgələrdə müasir
tipli elektrik stansiyalarının, müəssisələrin
tikilməsi, yolların
və kommunikasiya xətlərinin qurulması,
sahibkarlığın inkişafı
istiqamətində kompleks
tədbirlərin görülməsi,
bu sahəyə maliyyə yardımlarının
artırılması, regionlarda
təhsil və səhiyyənin inkişafının
təmin edilməsi kimi vəzifələrin öhdəsindən layiqincə
gəlir.
Ölkəmizin hərtərəfli sosial-iqtisadi
inkişafı istiqamətində
aparılan mütəmadi
işlərin nəticələri
belə deməyə əsas verir ki, Azərbaycanın iqtisadi uğurları qarşıdakı illərdə
də davam edəcəkdir. Təbii ki, bütün bunlar milli iqtisadiyyatın
digər sahələri
ilə yanaşı, turizm, nəqliyyat və s. kimi xidmət sahələrinə
də təsirsiz ötüşə bilməz.
Xüsusilə, dinamik
artan yerli istehsal, sürətlə genişlənən xarici əlaqələr, ölkəmizin
əlverişli coğrafi-strateji
mövqeyi və s. səbəblərdən daşıma
xidmətlərinin keyfiyyətinin
yüksəldilməsi, daşımaların
operativ, təhlükəsiz
və qısa zamanda təşkili artıq zərurətdir, eyni zamanda, ölkəmizin
qoşulduğu beynəlxalq
və regional layihələr
Azərbaycanı zəngin
tranzit potensialına malik bir ölkəyə
çevirmişdir.
(ardı
var)
Xalq qəzeti.- 2012.- 1 aprel.- S. 7.