Azərbaycanın
uğurlarında müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin də
payı var
Qasıməli Qasımov Masallı
rayonunun Ərkivan kəndində anadan olub. 1979-1984-cü ildə
Leninqrad Meşə Təsərrüfatı Texniki
Akademiyasını bitirib. Hazırda həmin akademiyanın professoru
və texnika elmləri doktoru, eyni zamanda, Sankt-Peterburq
"Ağac emalı" holdinqin baş direktorudur.
Tanınmış ictimai xadim, RF-nın əməkdar
inşaatçısı, Sankt-Peterburq və Leninqrad vilayəti
üzrə güləş federasiyasının vitse-prezidenti,
Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyətinin
ağsaqqallar şurasının üzvü olan Q. Qasımov
2003-cü ildə "Sankt-Peterburqun 300 illiyi şərəfinə"
medalı ilə təltif olunub.
Qasıməli
müəllim söhbət zamanı bildirdi ki, Sankt-Peterburq
şəhərində azərbaycanlıların təşkilatlanmasına
əsasən SSRİ dağıldıqdan sonra
başlanılıb. O vaxta qədər isə mövcud
üç Azərbaycan cəmiyyəti-"Azəri",
"Dayaq" və "Azərbaycan" 1999-cu ildə birləşərək
Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti
adı ilə fəaliyyət göstərməyə
başladı. Hazırda Vaqif Məmişovun rəhbərliyi
altında böyük diaspor təşkilatı fəaliyyət
göstərir. Bu gün Sankt-Peterburqda Azərbaycan diasporu
üzvlərinin sayına görə Rusiyada Moskvadan sonra ikinci
yerdə qərar tutub. Diasporda ağsaqqallar şurası,
qadınlar şurası və gənclər təşkilatı
fəaliyyət göstərir. Diasporun dəstəyi ilə
"Çinar" mahnı və rəqs ansamblı, "Viləş"
futbol komandası və "Bazar günü" məktəbi
fəaliyyət göstərir. Diasporun şəhər rəhbərliyi,
deputatlarla, hüquq-mühafizə orqanları və kütləvi
informasiya vasitələri ilə əməkdaşlığı
təqdirəlayiqdir.
Diasporun
işində əsas prioritet istiqamət azərbaycanlıların
hüquqlarının pozulmasına yol verməmək, milli adət-ənənələrimizi
qoruyub saxlamaq, gənc nəslə, müharibə və əmək
veteranlarına, əlillərə, aztəminatlı ailələrə
qayğı göstərməkdir. Bütün bu işlərdə
diaspor rəhbərliyi başda Vaqif Məmişov olmaqla, Məşkur
Qasımov, Əli Salmanov, Sədaqət Manafov, Mülkədar
Vəliyev və başqaları fəal iştirak edir. Diasporun
ağsaqqalı kimya elmləri doktoru, RF-nın əməkdar
elm xadimi, Sankt-Peterburq Dövlət Kimya Əczaçılıq
Akademiyasının professoru Azad Abuşovdur.
Q.
Qasımov dedi ki, 2002-ci ilin iyun ayında dahi şairimiz Nizami Gəncəvinin
abidəsinin açılışı ilə əlaqədar
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və ulu öndərimiz
Heydər Əliyev Sankt-Peterburqa səfərə gəlmişdilər.
Ümummilli liderimiz bizimlə görüşdə
respublikadakı iqtisadi-siyasi vəziyyət barədə ətraflı
məlumat verərək bu görüşdən və
Sankt-Peterburqdakı diasporun fəaliyyətindən razı
qaldığını vurğuladı. O dedi ki,
"buradakı mühiti görərkən mən
Sankt-Peterburqdakı azərbaycanlılar üçün
arxayınam. Güman edirəm ki, sizin diasporun bugünki vəziyyəti
bir çox başqalarına nümunə ola bilər. Mən
sizə tövsiyə edirəm ki, bu yolla uğurla gedəsiniz.
Çalışın burada-bu böyük şəhərdə
Azərbaycanın adını ucalara
qaldırasınız".
Bu,
ulu öndərimiz tərəfindən diaspora verilən
yüksək qiymət idi. Mənim burada təhsil
almağımım səbəbkarı məhz ümummilli
liderimizdir. O vaxtlar Heydər Əliyev tərəfindən bir
qrup xaricə göndərilən tələbələrdən
biri də mən olmuşam. Fəxr edirəm ki, böyük
şəxsiyyətin həyatımın dəyişməsində
böyük rolu olub.
Keçən
il Sankt-Peterburqda qubernator Bakıda anadan olmuş Qeorqiy
Serqeyeviç Poltavçenko seçildi. Buna hamımız
sevinirk. Çünki o, bizim həmyerlimiz və dostumuzdur. O,
diasporumuzun reallaşdırdığı bütün tədbirlərdə
iştirak edir və fəxrlə Bakıdan olduğunu qeyd
etdir.
Bu il
martın 4-də burada yaşayan 500 minə yaxın azərbaycanlı
Rusiyada keçirilən prezident seçkisində iştirak
etdi. Mən də Vladimir Putinin seçki qərargahının
üzvü idim. Sankt-Peterburqda 2 milyon seçicidən 200 mini
azərbaycanlılardan ibarətdir. Bu da ümumi seçicilərin
10 faizini təşkil edir. Vladimir Putin ümumi səslərin
60 faizini qazandı, onun da 15 faizi bizim
soydaşlarımızın hesabına idi. Bu, bir daha göstərir
ki, namizədlərin içərisindən bizim
üçün ən yaxşı real namizəd V. Putin idi.
V.Putinlə dostluq münasibətlərimiz var. O, hər dəfə
Peterburqa gələndə vaxt tapıb bizimlə
görüşür. Ümumi problemlərimizlə
maraqlanır, əlindən gələn köməyi əsirgəmir
və tövsiyələrini verir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
gördüyü işlər hamımızı sevindirir.
İldə ən azı 2-3 dəfə doğma vətənimizə
gəlirik. Hava limanından tutmuş doğma kəndimizə qədər
yeni quruculuq işlərinin aparılmasının şahidi
oluruq. Hər tərəf tikinti meydançasını
xatırladır, yeni məktəblər tikilir, idman kompleksləri
və yeni iş yerləri açılır. Vətənimizin
güclənməsi bizi sevindirir. Azərbaycan gündən-günə
çiçəklənir, inkişaf edir. Ölkə
Prezidenti tərəfindən aparılan daxili, xarici siyasəti
bəyənir və dəstəkləyirik. Tez-tez xaricdə səfərdə
oluruq. Əvvəl Qarabağ haqqında bilgisi olmayan adamlar indi
bizdən Qarabağ məsələsinin necə
olacağını soruşurlar. Bu, bir daha göstərir ki,
Prezident İlham Əliyevin gördüyü işlər, Azərbaycanın
zəbt olunmuş torpaqlarının müharibəsiz və
sülh yolu ilə qaytarılması haqqında
apardığı cəsarətli danışıqlar
dünyaya bəllidir.
Diaspor Qarabağın qədim Azərbaycan torpaqları olmasında, ermənilərin ədalətsiz müharibə aparmasında və onların ifşa edilməsində mühüm işlər görür. Hər il olduğu kimi, bu il də 20 Yanvar matəm və Xocalı soyqırımı günləri 2500-dən çox soydaşımızla birlikdə qeyd edildi, Xocalı haqqında film göstərildi.
Ermənilərin xalqımıza qarşı etdikləri soyqırımı heç vaxt yaddan çıxartmamalıyıq. Xocalı soyqırımını törədənlərin layiqli cəzalarına çatması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlamışıq. Biz dünyanın müxtəlif aparıcı təşkilatlarına müraciət edərək Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunmasını tələb edirik. Bu tədbirlərimizdə rəsmi şəxslər, RF Dumasının deputatları, şəhər rəhbərliyi, müxtəlif diasporların rəhbərləri və din xadimləri iştirak edirlər.
Milli bayramlarımızı da qeyd etməyi unutmuruq. 21 mart-Novruz, 28 May- Respublika günü və başqa bayram günlərində kütləvi tədbirlər keçirtməklə milli kimliyimizi bir daha sübut edirik. Azərbaycan və rus mədəniyyətinin inkişaf etdirilməsi üçün hər il müxtəlif mədəni tədbirlər həyata keçiririk. Diasporun hesabına bəzi mədəniyyət və incəsənət obyektlərini bərpa və təmir etdiririk. "Bazar günü" məktəbində həmvətənlərimizin övladları Azərbaycanın tarixini, ədəbiyyatını və mədəniyyətini öyrənir, xalqımızın həyatında mühüm rol oynamış şəxsiyyətlərin keçdiyi ömür yolu ilə tanış olurlar. Bu, onların vətənpərvərlik ruhunda tərbiyə almasında əhəmiyyətli rol oynayır, bir daha kim olduqlarını xatırladır.
Qasıməli müəllim söhbət zamanı bildirdi ki, ulu öndərimiz 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdi: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan". Ümummilli lider çıxışlarında dəfələrlə qeyd etmişdir ki, vaxtilə xaricdə oxumağa göndərilən gənclər diaspor quruculuğu məsələlərində həmişə öndə olmalıdırlar.
Q. Qasımov daha sonra vurğuladı ki, Azərbaycan diasporunun təşkilatlanması prosesində ən mühüm, taleyüklü hadisələrdən biri də 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən, keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi baxımından yeni mərhələnin əsasını qoymuşdur. Qurultaydan sonra Xaricdə Yaşayan Azərbaycanlılarla İş sahəsində Dövlət Komitəsinin yaradılması və xüsusi qanunun qəbulu bu sahədə dövlət siyasətinin daha da təkmilləşdirilməsinə, vahid mərkəzdən idarə olunmasına imkan yaratmışdır.
Ulu öndər Heydər Əliyev milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq ideologiyasının bünövrə prinsiplərinin "dövlətçilik" və "milli vətənpərvərlik"dən ibarət olduğunu dəfələrlə vurğulamışdır. Ümummilli lider bildirmişdir ki, bizim bütün təbliğatımız, bütün dövlət orqanları Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hissləri yaratmalıdır.
Ulu öndərin diaspor quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də diaspor quruculuğu işinə yeni nəfəs verməklə əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Qurultayda Azərbaycan diasporunun vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Yüksək mütəşəkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Azərbaycan xalqının əvəzsiz milli sərvəti olan müstəqilliyin son 20 ildə əzmlə qorunub saxlanılması, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımların atılması, Avratlantik məkana inteqrasiya siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının reallaşdırılması respublikamızı intensiv inkişaf yoluna çıxarmışdır. İnkişaf və tərəqqi yolunda əldə edilən böyük nailiyyətlərdə, şübhəsiz, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində azərbaycançılıq amalı daşıyan həmvətənlərimizin də müstəsna payı var.
Qazanılmış nailiyyətlər ölkə daxilində milli birlik və vətəndaş sülhünün möhkəm əsaslarla intişar tapmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunmasına, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdur.
Q. Qasımov sonda bildirdi ki, ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi, siyasi, iqtisadi, struktur islahatların keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqın rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Bu müddətdə, təbii ki, Azərbaycan diasporu da inkişaf etmiş, təşkilatlanmış, birləşmək, "çəkici bir yerə vurmaq" istiqamətində nailiyyətlər əldə etmişdir. Bütün bunlar dünya azərbaycanlılarının birliyini, vahid məram və məqsədlər ətrafında birləşməsini zəruri milli ideyaya çevirmişdir.
V.ƏLİYEV
Xalq qəzeti.- 2012.- 1 aprel.- S. 5.