1918-1920-ci illərdə
Ağbaba və Şörəyel nahiyələrində ermənilərin
törətdikləri soyqırımı
(əvvəli qəzetin 31 mart 2012-ci il tarixli
sayında)
Ağbaba Milli
Şurasının sədri Kərbalayi Məhəmməd
ağa vaxtında qonşu Axılkələk və Axıska
bölgələrindəki Gürcüstan hökumətinin
nümayəndələri ilə sıx əlaqə qura
bilmişdi. O, gürcü
generallarına qızıl pul verərək onlardan silah-sursat
alırdı. Ermənilərin aramsız hücumları o həddə
çatmışdı ki, Ağbaba Milli Şurasının
20 fevral 1920-ci il tarixdə 35 kəndin nümayəndələrinin
iştirakı ilə Təpəköy kəndində
keçirilən iclasında qərara alınmışdı
ki, Ağbaba nahiyəsinin Gürcüstana birləşdirilməsi
üçün Gürcüstan Respublikasının nümayəndələri
ilə əlaqə qurulsun və bunun əlaqənin
qurulması üçün iki nəfər səlahiyyətli
nümayəndə seçilmişdi. Rus dilində tərtib
edilən və əsli Azərbaycanın
Gürcüstandakı Daimi Nümayəndəliyinin arxiv sənədləri
içərisində saxlanılan "İcma qərarı"nın mətni belə idi:
"İcma
qərarı
20 fevral
1920-ci il. Təpəköy kəndi.
Biz,
Ağbaba sahəsinin Amasiya, Daşkörpü, Mumuxan,
Sınıx, Mağaracıq, Çaxmaq, Güllübulaq, Dələver,
Cəbəçi, Qızıldaş, Düzkənd,
İlanlı, Qaranamaz, Təzəkənd, Balıqlı,
Göllü, Öksüz, Sultanabad, Təpəköy
(böyük), Təpəköy (kiçik), Xançarlı,
Güllücə, Elləroyuğu, Qarabulaq, Qızlıkilsə,
Söyüdlü, Xozukənd, Baxçalı, Ördəkli,
İbiş, Mustuxlu və Seldağılan kəndlərinin
aşağıda imza edən sakinləri, səsvermə
hüququna malik olan min dörd yüz əlli dörd (1454) ev
sahibləri, bu gün tamamilə toplaşaraq Ağbaba Müsəlman
Milli Şurasının sədri Mahmud Hacı Abbas oğlunun
iştirakı ilə ermənilərlə bir arada və Ermənistan
Respublikası hökumətinin tabeçiliyində
yaşamağın mümkün olub-olmaması müzakirə
edildi və nəzərə alındı ki, qonşu
Şörəyel nahiyəsinin müsəlman kəndləri
Ermənistan Respublikasının tabeçiliyini qəbul etmələrinə
baxmayaraq, artilleriya bombardmanına, həm Ermənistan ordusu və
administrasiyası, həm də erməni əhalisinin hər
cür qeyri-qanuni zorakılıqlarına məruz
qalmışlar. Ona görə belə qənaətə gəlmişik
ki, Ağbaba nahiyəsi yalnız Gürcüstan ərazisinə
birləşməklə müsəlman əhalisinin həyatını
və əmlakını istənilən tərəfin qəsdindən
qoruya bilər və buna görə də birsəslə qərara
aldılar:
Öz
aramızdan Xozukənd sakini Məşədi Rüstəm
oğlunu və Qızıldaş kəndinin sakini Niftalı
İbarahim Xəlil oğlunu seçərək onları vəkil
edir və ixtiyar veririk ki, bizim Ağbaba nahiyəsinin
Gürcüstanla birləşdirilməsi üçün
Gürcüstan Respublikasının nümayəndələri
ilə əlaqəyə girsinlər. Bir sözlə,
adları çəkilən şəxsləri vəkil edirik
ki, bizim ərazinin taleyini həll etmək üçün istənilən
şəxslə əlaqəyə girsinlər və buna
görə də imza edirik.
İmzalar:
İcma
hökmünün həqiqiliyini möhür yanımda
olmadığı üçün imzamla təsdiq edirəm:
Milli
Şuranın sədri: Mahmud Hacı Abbas oğlu (imza).
Katib: Həsənov.
(İmza)."
26 fevral 1920-ci ildə Azərbaycan Xarici İşlər
Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinə erməni
silahlı birləşmələrinin Şörəyelin 12 kəndini
darmadağın etməsi ilə əlaqədar etiraz
teleqramı göndərmişdi. Fevralın 28-də Azərbaycan
XİN Ermənistan qoşunlarının Şörəyel,
Ağbaba, Çıldır və Zərşad nahiyələrinə
hücumu ilə bağlı etiraz notası göndərmişdi.
Ertəsi gün Azərbaycan XİN Fransa və
İtaliyanın Qafqazdakı hərbi nümayəndəliyinə
müraciət edərək Qarsda ermənilərin törətdikləri
qırğınların qarşısının
alınması üçün köməklik göstərmələrini
istəmişdi.
Yanvar-fevral aylarında erməni silahlı qüvvələri
Ağbabanı tam mühasirədə saxlamışdılar. Qarsdakı
oyuncaq Milli Şuranın adından İsmail Əzizov adlı
birisini Korqanov Ağbabaya göndərmişdi ki, əhalini tərksilah
olmağa və Ermənistan hökumətinin tabeçiliyini qəbul
etməyə razı salsın. Lakin
Ağbaba Milli Şurası bu təklifi qəbul etməmişdi.
29 fevral 1920-ci ildə Ermənistan hökuməti
adından Arpaçay xətti üzrə
özünümüdafiə qüvvələrinin
komandanı Saruxanovun imzası ilə Ağbaba nahiyəsinin əhalisinə
müraciət etmişdi. Həmin müraciətdə
deyilirdi: "Sizin nahiyənin əhalisinin tərksilah
olunması və bütün məsələlərin sülh
yolu ilə həll edilməsi məqsədilə
İsmayıl Əzizov vasitəsi ilə danışıqlar
aparılması üçün Ermənistan hökuməti tərəfindən
nümayəndələr göndərilməsi barədə
istəyinizlə bağlı ərz edirəm ki, Aleksandropol
qrup qoşunlarının rəisi general Pirimovun, ikinci
xüsusi briqadanın rəisi general Osepyanın və Əlahiddə
atlı briqadasının rəisi general Xaçaturovun əmri
ilə mən bu gün yuxarıda ərz edilən məqsədlə
Erməni Şiştəpəsi kəndinə gəldim və
ona görə də təklif edirəm ki, martın 1-də
saat 12-də bütün kəndlərdən sizin nümayəndələri
danışıqlar aparmaq üçün Şiştəpə
kəndinə göndərəsiniz."
9 mart 1920-ci ildə Azərbaycan parlamentinin fövqəladə
iclasında Qars vilayətində ermənilərin törətdikləri
qırğınlar müzakirə edilmiş və bəyanat qəbul
edilmişdi. Azərbaycan hökumətinə
tapşırılmışdı ki, qırğınların
qarşısının alınması və
qaçqınların vəziyyətinin yüngülləşdirilməsi
üçün lazım olan tədbirləri görsün.
(II cild, s.819-841)
O
dövrün sənədləri göstərir ki, Azərbaycan
hökuməti diplomatik yolla və qeyri vasitələrlə (hərbçilər
və silah-sursat almaq üçün qızıl pul göndərməklə)
Qars vilayətinə və o cümlədən ermənilərin
işğal etdikləri və etmək istədikləri
bölgələrə öz mümkün yardımını
göstərmişdi.
İ.Nəzərəliyev Azərbaycan hökumətinə
göndərdiyi raportunda göstərirdi ki, martın əvvəlində
Şörəyel bütünlüklə, Zərşad nahiyəsinin
4 kəndi xaric qalan kəndləri tamamilə işğal
edilmişdir.
Ağbaba nahiyəsinin təmsilçiləri tərksilah
olunmaq barədə erməni komandanı Saruxanovla danışıqlara
başlamışdılar. Ermənilərlə
savaş durumunda təkcə Çıldır nahiyəsi
qalmışdı. İ.Nəzərələyev
martın 9-da Ağbabaya getdiyini, bundan üç gün
öncə isə Kərbəlayi Məhəmməd
ağanın Bakıdan qayıtdığını yazır.
O, Kərbəlayi Məhəmmədlə birlikdə
keçmiş rus ordusunun zabiti polkovnik İsrafil bəy
Yadigarovun və minbaşı Xurşud bəyin də
Ağbabaya gəldiklərini qeyd edir. Həmin
vaxtadək Ağbaba əhalisi ermənilərə 400-ə qədər
silah təhvil vermiş, lakin ermənilərin 1500 tüfəng
təhvil edilməsi tələbinin aparılan
danışıqların şərtlərinə
bağlmışdılar. İ.Nəzərəliyev
yazır ki, erməni komandanlığı ağbabalılara
martın 20-si gecə saat 12-dək silahların təhvil verilməsinə
vaxt qoymuşdular. Həmin vaxt erməni
silahlı birlikləri Zərşad istiqamətindən
Çıldır nahiyəsinin kəndlərini işğal etməyə
başlamışdılar. Martın 19-da
erməni qoşunları Gümrünün
şimalındakı mövqelərindən Ağbabanın ərazisinə
daxil olur.
Lakin Azərbaycan hökumətinin yardımı ilə
yenidən silahlandırılan Ağbaba və
Çıldır nahiyələrini ələ keçirmək
ermənilərə müyəssər olmur. Bölgənin
qeyri-rəsmi olaraq neytral zonaya çevrildiyini söyləmək
olar.
Cənub-Qərbi
Qafqaz Cümhuriyyətinin xarici işlər naziri olmuş Fəxrəddin
Ərdoğan xatirələrində bu haqda yazır:
"Çıldırda doktor Əsəd bəy, Ağbabada
Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd bəy əllərindəki
qüvvətlərini gecə-gündüz
çalışıb yerləşdirdikdən sonra bura ermənilərin
girməsinə mane oldular. Ermənilər də buralarda qəza
təşkilatlarını qurmaq üçün alay komandanı Marzmanovun idarəsində iki
top, səkkiz ağır makinalı tüfənglə
(pulemyot) bu qüvvətlər üzərinə hücuma
başladı. Bu milli qüvvətlərimiz birləşərək
Marzmanova qarşı çıxdılar. Marzmanov
50 ölü və bir ağır makinalı tüfəng
buraxaraq çəkilməyə məcbur oldu".
Daha sonra F.Ərdoğan yazır ki, milli təşkilatlarımız
erməniləri elə
sıxışdırmışdılar ki, onlar
"Böyük Ermənistan" xülyasından əl
çəkib, kiçik qəzalarımızla
barışıq əldə etmək məcburiyyətində
qalmışdılar. Ağbaba və Çıldırla 8 maddəlik
müqaviləni Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd
və Qocaoğlu Məhəmməd bəy
imzalamışdılar. Müqavilənin şərtləri
belə idi ki, Arpaçay (Zərşad), Çıldır və
Ağbaba qəzalarına ermənilər məmur göndərməyəcək,
bu qəzaların xalqından əsgər istəməyəcək,
tacirlər türk parası ilə sərbəstcə
alış-veriş edəcək, bu qəzaların xalqı
Gümrüdən istədikləri əşyaları ala biləcəklər.
Bu müqaviləyə əməl edilməsi
üçün hər iki tərəfdən üç nəfər
girov müvafiq olaraq Ağbabada və Gümrüdə
saxlanacaqlar.
F.Ərdoğanın
yazdığına görə, bu müqaviləyə 1920-ci
ilin oktyabr ayının 20-dək əməl edilmiş,
Qarsın türk qoşunları tərəfindən azad edilməsini
eşidən Gümrünün valisi Qaro Sasuni
Çıldır və Ağbaba ilə bağlanan müqaviləyə
əsasən Gümrüdə girov saxlanılan üç nəfəri
yanına çağıraraq: "Artıq türk ordusu gəlir,
sizinlə bizim aramızda düşmənlik ediləcək
bir məsələ qalmadı, qüvvət türklərin əlindədir"
- demiş və 8 atlı ilə onları Ağbabaya göndərmiş,
bunun müqabilində üç erməni girovunu
Gümrüyə gətirmişdilər.
Həmin dövrdə İranın yeritdiyi siyasət də
xoşməramlı deyildi. İran istər İrəvan
quberniyasında, istərsə də Qars vilayətində
yaşayan və erməni zülmünə düçar olan əhalinin
böyük əksəriyyətinin şiə məzhəbli
olmalarından istifadə edərək onları əsasən
Xoy və Səlmas əyalətlərinə
köçürmək istəyirdi. İran
bununla ucuz işçi qüvvəsi əldə etməyə
çalışır, bütöv bir xalqın faciəsindən
iqtisadi mənfəət güdürdü. İranın Gümrüdəki konsulluğunun əməkdaşları
ermənilərin müşayiəti ilə Ağbaba və
Şörəyelin kəndlərini gəzir,
"şiri-xurşid" bayrağı altında onları
İrana köçməyə təşviq edirdilər.
Blokada şəraitində olan, erməni
zülmündən birdəfəlik qurtulmaq istəyən
ağbabalı və şörəyellilər verilən vədlərə
inanaraq İrana köçməyə razı olmuşdular.
1920-ci ilin yayında Ağbaba və Şörəyelin kəndlərindən
minlərlə araba "şiri-xurşid" bayrağı
altında, Ermənistan rəsmilərinin müşaiyəti
ilə Arpa çayın və Araz çayının sol
sahili boyunca İrana doğru hərəkət etmişdilər.
Köç karvanı iyulun ortalarında
Noraşen ərazisinə çatmışdı.
"Slovo" qəzetində M.Soroçinskinin imzası ilə dərc edilən "Ermənistandan məktub" başlıqlı yazıda iyulun 17-nə olan vəziyyətlə bağlı bildirilirdi: "Noraşenin vəziyyətini Şaxtaxtıdan paromla İranın Əlisar məntəqəsinə keçmək üçün gözləyən 6 minə qədər ağbabalı müsəlman köçkünlər daha ağırlaşdırır. Bu məsələni Ermənistan daxili işlər nazirinin müavini Xrmoyanın nəzərinə çatdırdım. Bu vəziyyətin tezliklə aradan qaldıracağına ümid var." (10.09.1920, №206)
Lakin Arazdan İrana keçmək istəyən ağbabalıları dəhşətli faciə gözləyirdi. Erməni silahlı dəstələri gecə ikən qəfildən onlara silahlı hücum etmişdi. Sağ qalan və yeganə çıxış yolu kimi özünü çaya atmaqla canını qurtarmaq istəyən ağbabalıların çoxusu çayda boğularaq ölmüşdü. Əhalinin az bir qismi çayı keçə bilmişdi. İranda isə onları hər cür təhqiredici və məşəqqətli həyat gözləyirdi. Yalnız Qars müqaviləsinin imzalanmasından sonra ağbabalıların az bir qismi öz əvvəlki yer-yurdlarına qayıda bilmişdi.
1920-ci ilin sentyabrında türk qoşunlarının Qarsı azad etməsi ərəfəsində Ağbabada ermənilərə qarşı üsyan qaldırılmışdı. Ermənistan hökumətinin üsyanı yatırmaq səyləri bir nəticə verməmişdi.
Türk qoşunları 1920-ci ilin oktyabrında Qarsı azad etdikdən sonra Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağanın 700 nəfərlik silahlı dəstəsi türk qoşunları ilə birgə Gümrünün azad edilməsində iştirak etmişdi.
1921-ci il Moskva və Qars müqavilələrinə əsasən, Türkiyə tərəfi Arpaçay rayonundan blokhauzları (çöldə tikilən hərbi hissə istehkamları) Gümrü-İrəvan dəmiryol xəttindən 8 verst məsafədə geri çəkmişdi. Sərhəd xətti Ağbaba dağlarından müəyyən edildiyindən Ağbabanın Köhnə İbiş, Bəzirgan, Dələver, Köhnə Qızıldaş, Cəbəci kəndləri Türkiyə tərəfdə qalmış, qalan ərazilər Ermənistana qatılmışdı. 1988-ci ilədək Ağbaba və Şörəyelin Ermənistan ərazisində qalan 22 kəndinin azərbaycanlı əhalisi öz ata-baba torpaqlarından növbəti dəfə deportasiyaya məruz qoyulmuşdur.
Ermənilərin 1918-1920-ci illərdə Qars vilayətində, o cümlədən də Ağbaba və Şörəyel nahiyələrində törətdikləri soyqırımla bağlı istər Azərbaycan, Gürcüstan və Rusiya, istərsə də Türkiyə arxivlərində və o dövrün mətbuatında kifayət qədər materiallar mövcuddur.
Nazim MUSTAFA,
AMEA-nın Tarix İnstitutunun
elmi işçisi
Xalq qəzeti.-
2012.- 1 aprel.- S. 4.