Mart qırğınını törədənlər

 

Bakıdan xaricə gedən erməni bolşeviklərinə Şaumyanın zəmanəti kifayət idi. Lenin Şaumyana çox inanırdı. O vaxtilə Bakı komitəsinin üzvü olan Kasparovla xaricdə görüşmüşdü. Lenin, Kasparov haqqında məlumat almaq istədikdə Şaumyan Leninə yazmışdı: "Sizin xəbər aldığınız berlinli (Kasparov) bizim yaxın dostumuzdur, ona tamamilə inana bilərsiniz"...

 

Bunun əksinə olaraq, Şaumyan azərbaycanlılar barədə Leninə məktublarında ağzına gələn hədyanları quraşdırır, çox yerdə azərbaycanlı fəhlələri gerilikdə, siyasi sönüklükdə ittiham edir, üstüörtülü də olsa xalqımıza kin-küdurətini büruzə verirdi.

1918-ci ilin martında Bakıda qanlı hadisələr törədildi. Azərbaycanlılar, necə deyərlər, qılıncdan keçirildi. Lenini bu qırğının əsas "ssenari müəllifi" saysaq, Şaumyan onun baş "rejissoru" idi. Bir çox bolşevikin əli azərbaycanlı qanına bulaşmışdı.

Öncə deyək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin may ayında deyil, məhz martında, özü də Tiflisdə yox, Bakıda elan olunma ehtimalı çox idi. Bunu Lenin və onun əsabələri - Şaumyan, Stalin, Orconikidze, Mikoyan və başqaları əla bilirdilər. Odur ki, həmin terror aktlarını - soyqırımını məhz martda, özü də Bakıda həyata keçirmək planlaşdırıldı.

Qafqaz əldən gedirdi. Yəni Azərbaycan və Gürcüstan müstəqillik barədə akt imzalamağa hazırlaşırdı. Belə olan təqdirdə, əlbəttə, onlar Rusiyanın tərkibindən çıxmalıydılar. Şaumyan bu barədə mərkəzə Leninə həyəcanlı teleqram və məktublar yollayır, tədbir görülməsini təkid edirdi. Şaumyan Bakıya dair Leninlə bütün şəxsi əlaqələrin yalnız ermənilərin əlində çəmləşməsinə çalışır və əsasən buna nail olurdu.

Şaumyanın Bakıda daşnaklarla sıx əlaqəsinə dair istənilən qədər fakt vardır. Məsələn, onun Bakıda 1918-ci ilin əvvəllərində daşnaklardan ibarət hərbi hissələr yaratmaq üçün göstərdiyi canfəşanlıq onunla bağlı idi ki, martda baş verəcək hadisələrdə azərbaycanlılara əməllicə "dərs vermək" mümkün olsun. Bu, məqsədyönlü bir siyasətdən irəli gəlirdi. Şaumyanın Stalinə yazdığı məktubun bir yerində oxuyuruq: "Daşnaklar üçün top məsələsini, xahiş edirəm, elə rəsmiləşdirəsiniz ki, məsələnin qəti həlli burada məndən asılı olsun. Biz isə vəziyyətə görə burada həll edərik. Mən onların siyasətində dəyişiklik gözləmirəm, amma yaxşı olar ki, onlar burada bizdən çox asılı olsunlar".

Mart qırğınının mahiyyətini Şaumyan Leninə necə təqdim edirdi: "Müsəlman millətçi partiyalarının müqaviməti üzündən Bakıda Sovet hakimiyyəti daim tükdən asılı idi. Yelizavetpolda və Tiflisdə yerini möhkəmləndirmiş olan feodal (bəy və xan) ziyalıları başda olmaqla bu partiyalar, menşeviklərin alçaq və qorxaq siyasəti nəticəsində özlərini son zamanlarda Bakıda da çox təcavüzkarcasına aparırdılar. Əgər onlar Bakıda üstün gəlsəydilər şəhəri Azərbaycanın paytaxtı elan edər, bütün qeyri-müsəlman ünsürləri tərksilah edib qırardılar. Bakıda onlar qalib gəlsəydilər Zaqafqaziya Rusiya üçün itirilmiş olardı".

Daha sonra o yazırdı: "Bizim 6000 nəfərə yaxın silahlı qüvvəmiz var idi. "Daşnaksütun"un isə 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi". Əliyalın dinc əhalini uçdantutma qıran boyük bir ordunun sayını Şaumyan bilərəkdən azaldırdı.

Mart hadisələrində erməni-daşnak hərbi hissələrinin iştirakı və onların törətdikləri vəhşiliklər danılmazdır. Düzdür, Şaumyan bunu ört-basdır edirdi. Lakin Bakıda milli qırğının təşkil olunduğunu da gizlətmirdi. Şaumyan yazırdı: "Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik". Bax, bu son cümlə bütünlükdə Şaumyanın qatı daşnak simasını aşkarlayır. Bəli, şəxsən mən şaumyanları demək olar, hər gün yad edirəm, ancaq dərin nifrətlə!..

Bakıda mart qırğınında fərqlənən daşnaklara hüsn-rəğbətini gizlətməyən Şaumyan ehtiyatı da əldən vermirdi. O, həmin məktubunda yazırdı: "Daşnaksütun partiyası hələlik bizə hər şeydə kömək etsə də, ona hələ heç nə vəd etməyin"...

Xatırladım ki, Bakıda mart qırğınında "bolşevik dəstəsinin" komissarı da milliyyətcə erməni olan Martirosyan idi. Həmin çağlarda Bakı Sovetinin silahlı qüvvəsinin özəyini əsasən ermənilər, ilk növbədə daşnak qoşun hissələri təşkil edirdilər.

Biz Leninin ətrafında sığınan onun "ideya yükdaşıyıçıları" olan ermənilərdən danışdıq. Hamısını sadalasaq, böyük siyahı alınar. Çünki onlar çox idilər. Leninin Azərbaycan üzrə əsas məsləhətçiləri (Knunyants, Spandaryan, Kasparov) həyatdan getdikdən sonra da Şaumyan yeni-yeni erməni qüvvələrini arayıb tapır, onları min bir hiylə ilə Leninə calayırdı. Leninin ətrafında cəmlənən ermənilər Azərbaycanın başına daha yeni bəlalar açmaq üçün təzə-təzə planlar cızırdılar.

"Onlardan biri Bakıda erməni daşnak qüvvələrinə kömək edən, hələ inqilabdan əvvəl uzun illər Leninlə sıx əlaqədə olan, qarətçi tapşırıqlar yerinə yetirən Ter-Petrosyan (Kamo) idi...

Şaumyan Leninə məktublarında S.Ter-Qabrielyanı da ən etibarlı adam kimi təqdim edirdi"...

Sənədlərdən öyrənirik ki, M.Ter-Arutyunyants adlı birisi o dövrdə Moskvada yüksək hərbi vəzifə tuturmuş. Və Azərbaycandakı daşnakları silahla, hərbi sursatla məhz o, təmin edirdi. Bakıda qarmaqarışıqlıq salmaq, xüsusi tapşırıqları yerinə yetirmək üçün Lenin Mikoyanı da ən münasib bolşevik hesab edirdi. Beləliklə, Azərbaycanda başkəsən qəssablar sırasına Lenin daha bir erməni daşnakını yola saldı.

İlk dəfə 1917-ci ildə Bakıya gələn, komissarlar tutulandan sonra isə müəmmalı şəkildə aradan çıxan Mikoyan, ikinci dəfə 1918-ci ildə Azərbaycanda peyda oldu. Yenə də təkrar edirik: 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. Bəs Leninin emissarları niyə buradan əl çəkmirdilər. "Proletariatın dahi rəhbəri" bu zəhmətkeş, sadəlövh xalqa nə vermişdi ki, ala bilmirdi? Leninə neft lazım idi. Neft! Bunun üçün o və onun təxribatçı qüvvələri Azərbaycana zəli kimi yapışıb qopmaq istəmirdilər.

Ömrü boyu inqilabi ibarələrlə pərdələnsə də müxtəlif səpkili məqalə və çıxışlarını, məktub və teleqramlarını bir küll halında təhlil etdikcə Şaumyanın "Böyük Ermənistan" yaratmaq kimi mənfur ideyaya xidmət etdiyini görməmək mümkün deyil. Şaumyanın Bakı ermənilərinə bir müraciəti var. 0, nə desə yaxşıdır? "25 il bundan əvvəl müəllimimiz F.Engels bir nəfər erməni xadiminə məktubda yazmışdı ki, erməni xalqının azadlıq gəmisi öz məqsədinə çatmaq üçün gərək türk despotizminin sicilləsi ilə rus despotizminin xaribdaşı arasından çox ehtiyatla keçsin".

Ş.Şaumyan burada sətiraltı çox incəliklə mənalı oxucularına andırır. "Bakı qırğını" üç gün davam etdi. Şəhərin tarixi-memarlıq abidələrinə ciddi ziyan dəydi. Xalqımızın soyqırımına bununla son qoyulmadı. Şaumyanın "baş planına" əsasən məmləkətin digər bölgələrində də belə bir dəhşətə rəvac verilməliydi.

Mayın 1-də daşnak zabiti Hamazaspın başçılığı ilə ancaq ermənilərdən ibarət olan böyük hərbi dəstə Qubanı mühasirəyə alaraq şəhəri toplardan və pulemyotlardan atəşə tutdu. S.Şaumyan Hamazaspı "cəza dəstəsi" ilə Qubaya şəxsən göndərmiş və bu barədə digər komissarlarla heç məsləhətləşməmişdi. Dəstəni tərtib edən yalnız hərbi komissar Qriqori Korqanov olmuşdur. O, S.Şaumyanın təklifi ilə Hamazaspın dəstəsinə yalnız "Daşnaksütyun" partiyasının üzvü olan əsgərləri (iki min nəfər) daxil etmiş və qatı millətçi Veluntsu dəstə komissarı, Nikolay adlı hərbiçini isa köməkçi təyin etmişdi.

Qubanı işğal etdikdən sonra Hamazaspın şəhər camaatına müraciətində onun dəstəsinin bu yerlərə hansı məqsədlə göndərildiyi açıq şəkildə ifadə olunur: "Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya - Qubaya xüsusi cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə avvəl burada eldürülən ermənilərin hayıfını sizdən alım. Mən buraya qayda-qanun yaratmaq üçün, sovet hakimiyyətini qurmaq üçün gəlmişəm. Bu yerlərdə erməniləri qırdığınıza görə Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı yerlə-yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq, erməni qardaşlarımızın intiqamını almaq tapşırılıb".

Hamazaspın dəstəsi istər Qubaya gələrkən bütün yol boyu, istər şəhərə girərkən, istərsə də mahalın digər ərazilərində olarkən çox dəhşətli və qansız hərəkətlər etmişdir. Ermənilər qarşılarına çıxan kəndləri, obaları, yurd yerlərini dağıdır, yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları insafsızcasına qətlə yetirirdilər. Qubada bir-bir evlərə girib bəzən bütün ailəni məhv edən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayı Məhəmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsini, Məhəmməd Rəsul oğlunun arvadı Məşədi Bibixanımı və oğlu Abdulqasımı diri-diri odda yandırmış, Kərbəlayi Abuzər Məstan oğlunu və iki qızını - Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmmədsaleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışdılar.

Hər cür vəhşilik və talanlarla yanaşı, erməni əsgərləri ən alçaq və rəzil hərəkətlərə də əl atmaqdan çəkinməmişdilər. Şəhərin hörmətli ağsaqqallarına əmr etmişdilər ki, əylənmək üçün onlara müsəlman qadın və qızları gətirsinlər. Bununla qəti razılaşmayan Əlipaşa Karbalayı Məhərrəm oğlu və onun oğlu yerindəcə vəhşicəsinə güllələnmişdilər. Ermənilər onların əmrlərini yerinə yetirməyən kişilərin gözlərini çıxarmış, qarınlarını xəncərlə doğram-doğram etmişdilər".

Rus diplomatı general P.Mayevski yazır: "Balkan yarımadasının qəhrəmanları bizə kifayət qədər məlumdur. Bəs ermənilərin xalq qəhrəmanları barəsində bir şey eşitmişikmi? Azadlıq uğrunda onların mübarizlərinin adları harada çəkilir? Heç harda! Nə üçün? Ona görə ki, bu mübarizlər öz xalqlarının xilaskarı kimi yox, onun daha çox cəlladları kimi rol oynayırdılar. Erməni quldur dəstələri bir qayda olaraq hərc-mərclik, qırğın törədir, sonra isə qaçıb gizlənirdilər"...

...Çox sərrast deyilən bu fikrin bariz nümunəsi Andranikdir. Bütün tərəqqipərvər ictimaiyyət tərəfindən lənətlənən bu başkəsən Azərbaycandakı dəhşətli qırğınlara rəvac verdikdən sonra əvvəlcə Amerikaya qaçmış, sonra isə Fransada lövbər salaraq oradaca gəbərmişdir.

"Böyük müəllimi" Şaumyandan əsaslı təlim alan Andranik 1918-ci ilin iyulunda Gəncə quberniyasının sərhədlərini aşaraq Zəngəzura varid olmuşdur. Hazırda ermənilərin sahib durduqları əzəli torpaqlarımız Zəngəzurun bütün kəndləri viran qoyulmuş, azərbaycanlılar gülləbaran edilmiş, sağ qalıb ayaq tutanların hərəsi baş götürüb bir tərəfə qaçmışdır. Millətimizə qarşı əsl soyqırımı bu idi. Ancaq burada bir cəhəti qeyd etməyə bilmərəm. Andranikin çoxillik nizami ordusuna qarşı həmişə xalq kütləsi mərdanəliklə sinə gərmişdir. Çox yerdə nəinki mübarizə bərabər səviyyədə keçmiş, əksinə, azərbaycanlılardan ibarət fədailar dəstəsi daşnakları geriyə çəkilməyə, böyük itkilər verməyə məcbur etmiş, düşmənə çox ciddi zərbələr endirmişdir. Andranikə və onun quldur dəstələrinə qarşı mübarizə tarixində Azərbaycan xalqı şərəfli və qeyrətli bir yer tutmuşdur. Ancaq nə edəsən ki, qüvvələr bərabər olmamışdır.

Andranikin dəstəsinin Şuşa qəzasına hücumu və Əsgərana gedən yolu kəsməsi barədə də tutarlı faktlar vardır. Burada da o, qanı su yerinə axıtmışdır. Sonra isə Araz vadisinə tərəf üz qoymuşdur. Daşnaklar ona görə Culfaya can atırdılar ki, oradakı ingilis hərbi dəstələri ilə birləşsinlər. "Borba" qəzetinin 1918-ci il 17 avqust tarixli nömrəsində xəbər verilir ki, Andranikin başkəsənlərinə ciddi müqavimət göstərmələrinə baxmayaraq Yaycı kəndinin sakinləri bütünlüklə düşmənlər tərəfindən gülləbaran edilmişlər.

Andranikin dəstələri 1918-ci ilin sentyabrında Zəngəzurun Rut, Darabas, Abadu, Vaqudi kəndlərini alt-üst edib Araxlı, Şükür, Məlikli, Pulkənd, Şəki, Qızılçək, Qarakilsə, İrlik, Paxlalı, Xotanən və digər kəndləri tamam yandırmışlar. Bu vaxt azərbaycanlılar sırasından 500-dən çox adam qətlə yetirilmişdir.

Ermənilər Zəngəzura bir neçə illik qısa fasilədən sonra növbəti dəfə hücuma keçib qanlar axıdırdılar. Yeri gəlmişkən deyək ki, görkəmli ədibimiz M.S.Ordubadi hələ əsrin əvvəllərində erməni daşnaklarının Zəngəzurda törətdikləri müsibətlərlə bağlı sənədləri, faktları toplamış və bunları "Qanlı sənələr" əsərində oxuculara çatdırmışdır. Müəllif yazır ki, 1906-cı ildə ermənilər Zəngəzurun Qafan dərəsi deyilən yerində bir azərbaycanlı kəndinin camaatını tamam qırırlar. 62 qadının və uşağın başını kəsirlər. Bir qadın ağır yaralı olsa da təsadüfən sağ qalmış və ermənilərin vəhşiliyini belə təsvir etmişdir: "Molla Həsən Əfəndinin (kəndin mollası) yanında olan biz qadın tayfası mərhumun doğrandığını görüb qaçaraq bir daşın arasında gizləndik. Molla Həsən vəhşicəsinə öldürüldükdən sonra bir dəstə erməni yetişib bizi bu hala saldı. Daşın içində camaat çox olduğundan mənim bədənimin yarısı bayırda qalmışdı. Ermənilər mənim çöldə qalan qıçlarımı doğramağa başladılar"...

Xalqımızın böyük oğlu Seyid Cəfər Pişəvəri erməni könüllülərinin birləşərək Şamaxıda, Salyanda, Kürdəmirdə, Lənkəranda və s. yerlərdə törətdikləri vəhşiliklərdən qeyzlənərək belə yazmışdır: "Mən 1918-ci ilin mart ayında daşnakların vəhşiliklərini, saysız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözlərimlə görmüşəm. Bu, çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdur".

Bu sözləri yazarkən əlbəttə, Pişəvəri saçlarıyla bir-birinə bağlanaraq çılpaq gəzdirilən, namuslarına təcavüz edilən, nəhayət, alçaqcasına təhqirlə qətlə yetirilən azərbaycanlı qız-gəlinlərin halətini düşünürdü.

...Azərbaycan sinəsi yaralı, ürəyi paralı bir məmləkətdir. Onun ulu şəhərlərinin, yaşayış məskənlərinin hər birinin özünəməxsus faciələri tarix kitablarına həkk olunub. Əsrlər boyu ermənilər Azərbaycana hücum edərək, məmləkətin qədim tarixi abidələrini, nadir qala və bürclərini, məscid binalarını dağıtmış, yox etmiş, alban abidələrimizə "əl gəzdirərək" onları "erməniləşdirmişlər". Sonra da aləmə car çəkmişlər ki, bu xalqın torpağında bir abidəsi də yoxdur, olanlar da erməni xalqınındır. Hazırda Ermənistan Şuşa, Xankəndi, Xocalı, Laçın, Ağdərə, Kəlbəcər, Füzuli, Qubadlı, Cəbrayıl, Ağdamı... zəbt etdiyi bir məqamda heç birimizdə inam yoxdur ki, həmin yaşayış məskənlərində mövcud tarixi abidələrimizə xətər toxunmasın. Nəinki xətər toxunmuş, əksəriyyəti yerli-dibli yox edilmişdir ki, izi tozu belə qalmasın. Mən hələ qədim Oğuz eli - indi daşnakların özlərinə məmləkət saydıqları "Ermənistandakı" azərbaycanlılara məxsus qədim tarixi tikililəri, abidələri demirəm. Bakının, Təbrizin, Gəncənin, Bərdənin, Lənkəranın, Dərbəndin, Urmiyənin, Naxçıvanın... yaşı qədimdən qədimdir. Və zaman ötdükcə yaraları sağalmış, fəqət düşmən bu yerlərdə yeni-yeni müsibətlərə rəvac vermişdir.

Şamaxıya da məhz belə bir tale qismət olmuşdur. Şamaxı da daxil olmaqla Şirvan torpağında çox qanlar axıdılıb, böyük fəlakətlər baş verib. Bu yerlərdə törədilən vəhşilikləri sözlə ifadə etmək çətindir. Qocaman coğrafiyaçı alim, mərhum Rəmzi Yüzbaşov bizimlə söhbətində ürək sızladan çox dəhşətli mənzərələri açıqlayırdı. Belə ki, özünün uşaqlıq çağlarında şahidi olduğu hadisələri yerli-yataqlı danışırdı: "Ermənilər Şamaxıya varid olan kimi uşaqları zirzəmilərdə gizlətdilər. Neçə gün sonra küçəyə çıxdıq, başı, qolları kəsilmiş, bədənləri iki yerə bölünmüş cəsədləri gördükcə insan bayılırdı. Elə ailələr vardı ki, bir nəfəri də sağ qalmamışdı. Bu, əsl soyqırımı idi. Şamaxıda insanlarla bərabər, qədim tikililəri, nadir memarlıq abidələrini, məscidləri də məhv edirdilər. O dövrdə Şamaxıda 10 məscid olub, 40 hamam. "Cümə məscidi"nin nəzdində 4 kollec vardı. Hanı onlar? Mən insan ağlına sığışmayan o cəhənnəm tablosunun seyrindən sonra uzun müddət xəstə yatdım. O hadisədən neçə onilliklər keçsə də yadıma düşəndə uçunuram".

1920-ci ildə Londonda buraxılmış "Dünyanın faciəsi" adlı kiçik monoqrafiyada ermənilərin Şamaxıda törətdikləri faciələrdən də söhbət açılır və sonda bu qənaətə gəlinir ki, tarix bu hadisəni heç zaman unutmayacaq və haqq öz yerini tapacaqdır.

Bir yazıda oxuyuram ki, Kaliforniyada - San-Fransiskodakı erməni kilsəsində "Böyük Ermənistan" xəritəsində Şamaxı adıyla da rastlaşdım. Ona görə də hər bir görüşdə Azərbaycanın qədim tarixi yerləri, o cümlədən Şamaxının özü barədə elmi qaynaqlara əsaslanaraq fikrimi sübuta çalışıram. Bəs görək həmin qaynaqlar bizə nə deyir... Bir də bu barədə ona görə söhbət açmaq istəyirəm ki, gənc oxucum məmləkətimizin qədimliyindən bəhs edən faktlara rast gəldikcə bir daha güvənc duyğusu keçirsin.

Şamaxı müharibələr və zəlzələlər nəticəsində dəfələrlə xarabalığa çevrilmiş, yer üzündən silinmək qorxusu yaranmışdır. Şəhər VI-VIII əsrlərdə ərəblərin, XIII əsrdə monqolların, sonralar da müxtəlif dövlətlərin hücumları nəticəsində dağıdılmışdır. Bəlkə də bu səbəbdən Şamaxıda çox qədim memarlıq abidələrinə nadir halda rast gəlinir.

Müxtəlif əsrlərdə, başqa-başqa diyarlardan yaradıcı sənət adamları Şamaxıya səfərlər etmişlər. Və onların yaratdıqları əsərlər, xüsusən boyalı tablolar bu şəhər baradə təsəvvürlərimizi bir qədər də genişləndirir. Bunları deyərkən, əlbəttə, ilk növbədə XVII əsr alimi və rəssamı Adam Olearinin, habelə XVIII əsrdə yaşamış Korleniya de Bryuinin və ötən əsrin məşhur rus fırça ustası Q.Qaqarinin tablolarını nəzərdə tuturam. Şirvan torpağı bir çox azərbaycanlı dahi yetirmişdir. Xaqani və Sabir, əlbəttə, bu sırada öndə dururlar. Xaqani 800 il bundan öncə doğma ata ocağı barədə yazmışdır: "Şirvan ki, var, hər cəhətdən ülviyyətin anasıdır. Onun hər cür səhər yeli dərdlərimin davasıdır".

"Şamaxıda 1958-ci ildə aparılmış arxeoloji tədqiqatlar sübut etmişdir ki, o, şəhər kimi eramızdan əvvəl III əsrin sonlarında formalaşmışdır.

Eramızdan əvvəl III-II əsrlərdə burada şəhərin sənətkarlar məhəlləsi olmuşdur. Onların yaratdığı zərgərlik, dulusçuluq, şüşə və metal məmulatları dünya şəhərlərinə ixrac edilmişdir. Eramızın II əsrində yaşamış yunan coğrafiyaşünası Ptolomeyin tərtib etdiyi xəritədə Albaniyanın şəhərləri sırasında Şamaxının da adının olması bu şəhərin qədimliyindən xəbər verir. Bütün bunlar göstərir ki, erməninin bu ərazi barədə söhbət açmağa mənəvi haqqı yoxdur. Onların 1918-ci il mart qırğınını 1920-ci ilədək başkəsən erməni daşnakları davam etdirmişlər.

 

 

Süleyman MƏMMƏDOV,

əməkdar elm xadimi,

professor

 

Xalq qəzeti.- 2012.- 1 aprel.- S. 3.