Azərbaycanda qədim
daş dövrü tarixinin dünya
şöhrətli tədqiqatçısı
O, sazın , sözün, şirin
avazın əzəli beşiyi olan Qazaxda dünyaya göz
açmışdı. Bəlkə də elə bu səbəbdən
özü də şair təbli, xoş xasiyyətli bir insan
idi. Üzündən də, sözündən də nur səpələnirdi.
Qısqanclıq, kin və küdurətin nə olduğunu
bilməzdi. Amma arxeoloq kimi əmək fəaliyyətinə
başladığı akademiya mühitində, hər zaman
olduğu kimi, elə ötən əsrin 50-60-cı illərində
də alimlər arasında bir-birinin ayağından çəkənlər,
başqasının uğuruna qısqanclıq edənlər,
xüsusən də gənclərin müdafiə edərək
irəli çıxmasına hər vasitə ilə mane
olmağa çalışan bürokrat və mühafizəkar
insanlar çoxluq təşkil edirdi. Məmmədəli
Hüseynov hələ gənc olmasına baxmayaraq, bu qəbildən
olan maneələri yara-yara elmdə özünə yeni bir
cığır açdı.
Ötən
əsrin 40-50-ci illərində sovet tarixçiləri belə
hesab edirdilər ki, guya daş dövründə Azərbaycan ərazisində,
ümumiyyətlə, həyat olmayıb. 1953-cü ildə Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsini bitirərək
Tarix Muzeyində əmək fəaliyyətinə başlayan Məmmədəli
isə bu fikirlərlə heç bir halda barışmaq istəmirdi.
Əksinə o, Azərbaycanın, demək olar ki, hər bir
guşəsində daş dövrü insanlarının izini,
sorağını axtarırdı. 1953-cü ildə elə bu
həvəslə də o, paleoloit dövrü üzrə tanınmış
mütəxəssis S.N.Zamyatinlə birlikdə Şirvan və
Qazax bölgələrində kəşfiyyat
axtarışlarında iştirak edir. Hansı ki bu
axtarışlar Qazax rayonu ərazisində Damcılı
paleolot düşərgəsinin kəşfi ilə nəticələnib.
Beləliklə də, sübut olunub ki, bəli, daş
dövründə Azərbaycan ərazisində də həyat
olmuşdur.
1956-cı
ildə Tarix Muzeyində Məmmədəli Hüseynovun
çox böyük xahiş və minnətindən sonra
paleolit arxeoloji ekspedisiyası təşkil olundu. Ekspedisiya
1956-58-ci illərdə Qazax rayonu ərazisində -
Damcılı mağara düşərgəsində tədqiqatları
davam etdirməklə yanaşı, həm də, müstye
dövrünə aid olan Daşsalahlı mağara düşərgəsini
aşkara çıxardı.
1960-cı ildə Tbilisidə "Aveydağ paleolit düşərgələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edən M.Hüseynovun növbəti tədqiqat obyekti Qarabağ abidələri olur. Qarabağ yaylasında, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən, uzunluğu 200 metrdən, ümumi sahəsi isə 1250 kvadratmetrdən çox olan karst mənşəli Azıx mağarası ekspedisiya rəhbəri kimi ona çox cəlbedici görünürdü. Beləliklə, M.Hüseynov öz fəhminin təkidi ilə 60-cı illərin əvvəllərində Azıxda ilkin kəşfiyyat işlərinə başladı. Dalbadal bir neçə ekspedisiya mövsümünü orada keçirdi. Amma işlər o istəyən kimi getmirdi. Akademiya rəhbərliyi ciddi elmi nəticələr əldə olunmadığını əsas gətirərək ekspedisiyanı bağlamaqda israrlı idi. Ekspedisiya rəhbəri isə ümidli idi.
1968-ci ilin yayı. Məmmədəli Hüseynov Azıx mağara düşərgəsinin orta aşel təbəqəsindən daş alətlər və daşlaşmış heyvan sümükləri ilə bir yerdə 350-400 min il yaşı olan ibtidai insanın alt çənə sümüyünün bir hissəsini də tapmaqla dünyaya səs saldı. Sonrakı illərdə tədqiqatların davam etdirilməsi nəticəsində Azıxda və ümumiyyətlə, Quruçay vadisində erkən insanın hələ 2 milyon il bundan öncə məskunlaşdığı arxeoloq Məmmədəli Heseynov tərəfindən tutarlı elmi dəlillərlə sübuta yetirildi.
Azərbaycan elminin bu böyük nailiyyətinə sevinənlər çox olsa da, bundan sarsılanlar, pərt olanlar, onu təftiş və inkar etmək niyyəti ilə dəridən-qabıqdan çıxanlar da az olmadı. Ermənilər və Rusiyanın müxtəlif elmi mərkəzlərindən olan ermənipərəst alimlər Məmmədəli Hüseynovu xüsusi ilə çox şantaj edirdilər. O illərdə arxeoloqların Moskva, Tbilisi və Daşkənddə keçirilən konfrans və simpoziumlarda Azərbaycan alimləri tribunaya çıxaraq Azıxdan danışanda çoxlarının sanki başına daş düşürdü. Azıx ətrafında diskussiyalar bir sıra hallarda olduqca əsəbi məcrada keçirdi. M.Hüseynov onun qarşısına kötük atanlara son dərəcə sərt və emosional cavablar verirdi.
Elm aləmindəki çəkişmələr, didişmələr və bu kimi digər iyrəncliklər ona getdikcə daha artıq təsir edirdi. Elə bu səbəbdən də Azıx materialları əsasında yazmış olduğu "Azərbaycanın qədim paleoliti" adlı doktorluq dissertasiyasını müdafiəyə təqdim etmək üçün heç həvəs göstərmirdi. Vaxtını daha çox universitet auditoriyalarında keçirir, tələbələri abidələrə ekskursiyaya aparırdı. Dostları nə qədər təkid etsələr də, müdafiə etmək üçün tribunaya çıxmağa tələsmirdi. Və birdən hər şey dəyişdi. Nə baş verdiyini isə mən də arxeoloq Fazil Osmanovdan eşitmişəm. O, arxeoloqların Düşənbədə keçirilən Ümumittifaq konfransında iştirak edərkən Tacikistanda və eləcə də SSRİ miqyasında paleolit dövrü üzrə çox yaxşı mütəxəssis kimi tanınan Vadim Aleksandroviç Ranovla görüşüb. Fazil Osmanovun dediklərindən:
- Ranov məndən Məmmədəlini soruşdu və ona salamını yetirməyi xahiş etdi. Ötəri olaraq gileyini də bildirdi. Dedi ki, Məmmədəli nədənsə onu Azıxa dəvət etmir. Mən qəti etiraz etdim. Dedim ki, elə şey ola bilməz. Təki, sən Bakıya gəl, Məmmədəli Hüseynovla birlikdə mən özüm səni Azıxa apararam. Növbəti həftənin tamamında Ranov artıq Bakıda idi. Biz Məmmədəli ilə birlikdə Ranovu Azıxa apardıq, materiallarla tanış etdik. İnanın, Ranov o qədər sevinirdi ki, sanki dünyanı ona bəxş etmişdik. Bakıya dönərkən Ranov Məmmədəlidən doktorluq işinin nə vəziyyətdə olduğunu soruşdu. Məmmədəli dinənədək mən özüm Ranova cavab verdim: İş çoxdan hazırdır, amma nədənsə ötür-ötürə salaraq illəri bada verir. Ranov vəziyyətin nə yerdə olduğunu dərhal anladı və israrla Məmmədəliyə işi ona verməyi xahiş etdi. Axşamı İçərişəhərdə-Karvansarada birlikdə şam etdik. Elə orada Məmmədəli doktorluq işinin əlyazmasını ona təqdim etdi. İki həftə sonra məlum oldu ki, Ranov Məmmədəlinin dissertasiyasını oxuyub, redaktə edib, yenidən makinada yazdırıb və müsbət rəylə birlikdə özünə qaytarıb.
O illərdə arxeologiya üzrə Bakıda müdafiə şurası yox idi. Bu səbəbdən mən də dissertasiya işimi Kiyevə aparmışdım. Ukrayna Arxeologiya İnstitutunun müdafiə şurası işi nəzərdən keçirərək məni müdafiəyə buraxmışdı. Müdafiə ərəfəsində idim. Bir gün dedilər ki, Məmmədəli müəllim səni axtarır. Görüşdük. Məlum oldu ki, o da Kiyevdə müdafiə etmək barədə düşünür. Beləliklə, o, dissertasiya işini Ukrayna Arxeologiya İnstitutunun müdafiə şurasına təqdim etdi. Tale elə gətirdi ki, M.Hüseynovun dissertasiya işinin müzakirələri ilə bağlı rəsmi və qeyri-rəsmi tədbirlərdə mən də iştirak etdim. Razılıq hissi ilə deməliyəm ki, o zaman Ukrayna Arxeologiya İnstitutunda bizə çox yaxşı münasibət vardı. Məmmədəli müəllimin dissertasiyasına Ukraynanın görkəmli arxeoloqları P.P.Toloçko (indi o Arxeologiya İnstitutunun direktorudur), B.B.Boriskovski, V.V.Qladilin və qeyriləri çox yüksək dəyər verdilər. Təkcə aparıcı müəssisə - SSRİ Arxeologiya İnstitutunun Leninqrad bölməsi mənfi rəy göndərmişdi. Ermənilərin əhatəsində işləyən və onların sifarişlərini yerinə yetirən B.P. Lyubin neçə illər əvvəl olduğu kimi, yenə də Azərbaycan aliminin uğurlarını həzm edə bilmirdi.
Müdafiəsinə 4-5 gün qalmış Məmmədəli müəllim mənə dedi ki, Qafar, bu Lyubin çox idbar adamdır, ondan hər cür pislik gözləyirəm. Sənin Ukrayna ilə əlaqələrin yaxşıdır, bəlkə, institut rəhbərliyi ilə bir danışasan. Mən elə Məmmədəli müəllimin yanında P.P.Toloçko ilə telefonla danışdım. Lyubinin aparıcı müəsissə adından işə mənfi rəyi yazması ilə bağlı narahatçılığımızı ona çatdırdım. O isə "Mamed Muradoviçə çatdır: nə olsun ki, Lyubin mənfi rəy yazıb, Ukrayna alimləri Hüseynovu yekdilliklə müdafiə edəcəklər".
Məlumat üçün onu da bildirim ki, P.P.Toloçko institut direktoru olana qədər də Ukraynada çox böyük hörmət və nüfuz sahibi idi. Onun mövqeyi bütövlükdə müdafiə şurasının mövqeyi demək idi. Məmmədəli müəllimin müdafiəsi zamanı bir daha bunun şahidi olduq. Onun rəsmi opponentləri də, digər çıxış edənlər də Azərbaycan alimi və onun doktorluq dissertasiyası barədə xoş sözlər söylədilər, sonda isə yekdilliklə onun lehinə səs verdilər. Beləliklə, Məmmədəli Hüseynov tarix elmləri doktoru alimlik dərəcəsi aldı.
Məmmədəli müəllimdən sonra Azərbaycan və Ukrayna arxeoloqları arasındakı dostluq və əməkdaşlıq körpüsündə hərəkət daha da intensivləşdi. Dissertasiyası hazır olan gənclərin əksəriyyəti Kiyevə yollandı və çox çəkmədi ki, alimlik dərəcəsi alaraq Azərbaycana döndü.
1922-ci il aprel ayının 3-də Qazax rayonunun Mollacəfərli kəndində dünyaya göz açan, Azərbaycan tarix və arxeologiya elminin inkişafında müstəsna xidmətləri olan arxeoloq Məmmədəli Hüseynov 18 ildir ki, dünyasını dəyişib. Tələbələri və həmkarları isə onun başladığı işləri bu gün də uğurla davam etdirməkdədirlər.
Qafar CƏBİYEV,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2012.- 3 aprel.- S. 7.