Bu gün "Xalq qəzeti"nin 27000-ci nömrəsi
işıq üzü gördü
"Xalq
qəzeti" mənalı yaradıcılıq yolu
keçmiş, özünəməxsus üslub və sənətkarlıq
xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun
müddət "Kommunist" adı ilə nəşr edilən
bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın
ictimai, iqtisadi və mədəni həyatının
güzgüsü olmuşdur. Respublikanın qəzetçilik
ənənələrinin formalaşmasında,
jurnalistikamızın inkişafında "Xalq qəzeti"nin
xidmətləri xüsusi qeyd olunmalıdır... Müstəqilliyimizin
qazanılmasından sonra "Xalq qəzeti" respublikanın
ictimai həyatında baş verən hadisələrə cəsarətlə
müdaxilə etmiş, bir çox problemlərin
aşkarlanmasında mühüm rol oynamışdır".
Heydər ƏLİYEV,
Ümummilli lider
Baş redaktordan
Azərbaycan milli mətbuatının ən uzunömürlü
dövri nəşri olan "Xalq qəzeti" fəaliyyətinin
93-cü ilində - 3 aprel
2012-ci ildə öz oxucuları ilə görüşə 27000-ci sayı
ilə gəlmişdir.
Bu əlamətdar hadisə,
bu diqqətçəkən
rəqəm bir sıra önəmli dəyər və faktları yada salır. Əvvəl anadilli jurnalistikamızın
137 illik tarixində ikinci bir qəzetə
bu qədər sayının işıq üzü görməsi müyəssər olmamışdır.
"Xalq qəzeti"
Azərbaycan dövlətçiliyinin
bərpasından sonra
uzun illər ərzində hakimiyyətin
rəsmi orqanı olmuşdur. Son 93 ildə Azərbaycanda baş vermiş siyasi, iqtisadi, sosial və mədəni hadisələrin
davamlı, əhatəli
salnaməsi kimi "Xalq qəzeti" nadir mətbu tarixi mənbədir.
"Xalq qəzeti"nin
27 mininci sayının
işıq üzü
görməsi onun özünün də tarixinin, Azərbaycan cəmiyyətində tutduğu
mövqeyin, media proseslərində
oynadığı rolun
bir sıra məqamlarını göz
önünə gətirir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı
demokratik şəraitdə
və mətbuat azadlığına verdiyi
təminat zəminində
ilk sayı 1919-cu il avqustun 29-da "Kommunist" adı ilə dərc olunmuş bu qəzetin geniş fəaliyyəti 1920-ci ilin
aprel çevrilişindən
sonra başlayır. Sovet Rusiyasının XI ordusunun silahlı müdaxiləsi nəticəsində
hakimiyyəti ələ
keçirmiş Sovet Azərbaycanının bolşevik
rəhbərliyi 2 gün
sonra - aprelin 30-da AXC-nin rəsmi nəşri olan "Azərbaycan" qəzetinin
bazası əsasında
"Kommunist" qəzetini
nəşrinə qərar
verir. "Azərbaycan"
qəzetinin baş redaktoru işdən kənarlaşdırılsa da,
yaradıcı heyət
bütünlüklə saxlanılır.
Sonrakı 71 ildə "Kommunist" qəzeti hakim Kommunist Partiyasının, onun təşkil etdiyi hökumət və parlamentin rəsmi nəşri - o zaman deyildiyi kimi "orqanı" olmuşdur. 1991-ci ilin
yayında Sovet imperiyasının və onun kommunist rejiminin süqutunu həlledici mərhələyə
yaxınlaşdırmış
"QKÇP" olayları zamanı qəzet redaksiyasının kollektivi
avqustun 23-də respublikada
bundan sonra da 24 gün mövcud olmuş Azərbaycan Kommunist Partiyasının orqanı
olmaqdan imtina etmişdir. Yaradıcı
kollektiv nəşrin təsisçiliyini öz
üzərinə götürərək,
xalqa və azad sözə xidmət məramı ilə 71 il
Azərbaycan mətbuatının
avanqardı olmuş
"Kommunist"in fəaliyyətini
"Xalq qəzeti"
adı ilə, müstəqil ictimai-siyasi
nəşr kimi davam etdirməyi qərara almışdır.
Azərbaycanın dövlət müstəqilliyinin
bərpa edildiyi günlərdə xalqla respublika rəhbərliyi arasında rəsmi informasiya körpüsü
olmuş "Xalq qəzeti" sonrakı 2 il yarımda baş verən siyasi təbəddülatlar,
uğursuzluqlar dövründə
dövlət suverenliyinə
və mətbuat azadlığı prinsiplərinə
sadiq qalmışdır.
1993-cü ilin böhranlı yayında kollektiv öz mövqeyi və qələmi ilə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışını təkidlə
tələb edən xalqımızla bir yerdə olmuşdur.
Qəzetin tarixində yeni məsul mərhələ
də bununla başlamışdır. Müstəqil
Azərbaycanın həqiqi
lideri Heydər Əliyevin 1993 - 1995-ci illərdə
həyata keçirdiyi
tarixi tədbirlərə,
ölkənin xaos və böhrandan çıxarılması prosesinə
fəal informasiya dəstəyi verən
"Xalq qəzeti"
ulu öndərin etimad və himayəsi ilə 1995-ci ilin noyabrından Azərbaycan Respublikası
Prezidenti İşlər
İdarəsinin və
redaksiya kollektivinin həmtəsisçiliyi ilə
nəşr olunur. Bu statusla qəzet
yeni fəaliyyətinə
ümumxalq səsverməsi
ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasını çap
etməklə başlamışdır.
"Xalq qəzeti"nin
tarixində bir məsələni də vurğulamaq önəmlidir.
1920-ci ilin 30 aprelindən
"Azərbaycan" qəzetinin
hüququ varisi kimi "Kommunist" adı ilə çıxan qəzetin
ilk və sonrakı kollektivləri Azərbaycanda
rəsmi mətbuat ənənəsini davam etdirmiş və zənginləşdirmişlər. "Azərbaycan" qəzetinin milli dövlətçiliyə və
xalqa xidmət məramı sonrakı 70 ildə redaksiya divarları arasında açıq və gizli şəkildə yaşadılmış, yazarların
milli varlığımıza
bağlılığı heç bir zaman qırılmamışdır.
Təsadüfi deyil ki,
"Kommunist"ə 1937-ci ilədək rəhbərlik
etmiş redaktorların
hamısı "milli
təmayülə sədaqətə"
görə millətçilik
damğası ilə repressiya olunmuş, redaksiya həmişə
"millətçilik yuvası"
kimi təqib və nəzarət altında saxlanılmışdır.
1988-ci ildə Qarabağ
münaqişəsi ilə
alovlanan milli oyanış və istiqlal hərəkatı redaksiyada nəsil-nəsil
qorunub saxlanan milli ruha və
zəminə də pərvəriş gətirmşidir. Genişlənən xalq hərəkatına açıq rəğbət
bəsləyən, torpaqlarımızın
bütövlüyü uğrunda
mübarizənin tərəfində
olan redaksiya qısa müddətdə
demokratik bir məktəb keçərək
71 ildə öz içərisində əritdiyi
və qoruyub saxladığı istiqlalçılıq
məfkurəsinə qovuşmuşdur.
"Kommunist" qəzeti
SSRİ-nin süqutundan
1 il əvvəl
öz bazasında
"Həyat" adlı
ayrıca parlament qəzetinin yaranmasına yardımçı olmuşdur.
Çox keçmədən,
bu nəşr tarixi ədalətin bərpası olaraq "Azərbaycan" adlandırılmışdır
və 20 ildir ki, 71 il
əvvəlki missiyasını
davam etdirir.
27000-ci nömrə bir
neçə statistik faktı da xatırladır. "Kommunist" adı ilə 72 ildə qəzetin 21532 sayı işıq üzü görmüşdür. "Xalq qəzeti" ötən 21 ildə oxucularla 5468 dəfə görüşmüşdür. Qəzet
21572-ci sayından ölkəmizin
müstəqillik epoxasına
işıq salır.
Ötən 93 ildə qəzetin
hər mininci nömrəsi və fəaliyyətinin onillikləri
mətbuat hadisəsi kimi qeyd olunmuş
və redaksiyanın cəmiyyətə hesabatına
çevrilmişdir.
Azərbaycan milli mətbuatının
bir institut kimi formalaşmasında, demokratik jurnalistikamızın
ideya və sənətkarlıq ənənələrinin
yaşadılmasında, peşəkar
jurnalist nəsillərinin
yetişdirilməsində, ana
dilimizin saflığının
qorunması və zənginləşdirilməsində, qəzet-publisistika üslubunun
sabitləşdirilməsində, "Xalq qəzeti"nin
müstəsna xidmətləri
media tarixçiləri və
nəzəriyyəçilərinin daim diqqətindədir. Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev 1993-cü ilin avqustunda qəzetin 75 illik yubileyi münasibətilə redaksiya
kollektivinə göndərdiyi
təbrik məktubunda
bu həqiqəti bir daha təsdiqləmişdir:
"Xalq qəzeti"
mənalı yaradıcılıq
yolu keçmiş, özünəməxsus üslub
və sənətkarlıq
xüsusiyyətləri olan
nəşrlərimizdəndir. Uzun müddət
"Kommunist" adı
ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın
ictimai, iqtisadi və mədəni həyatının güzgüsü
olmuşdur.
Respublikanın qəzetçilik ənənələrinin
formalaşmasında, jurnalistikamızın
inkişafında "Xalq
qəzeti"nin xidmətləri xüsusi qeyd olunmalıdır... Müstəqilliyimizin qazanılmasından sonra "Xalq qəzeti" respublikanın
ictimai həyatında
baş verən hadisələrə cəsarətlə
müdaxilə etmiş,
bir çox problemlərin aşkarlanmasında
mühüm rol oynamışdır".
"Xalq qəzeti"
bu yüksək qiymətə layiq olduğunu hər zaman öz fəaliyyəti
ilə sübut etmişdir. Ötən əsrin 70-80-ci illərində
respublikada gedən geniş quruculuq və milli-mədəni yüksəliş dövründə
qəzetin kollektivi Heydər Əliyevin liderlik nümunəsindən
güc almış, həmin proseslərin əhatəli xronikasını
yaratmışdır. Müstəqil Azərbaycan
dövlətinin rəhbəri
kimi Heydər Əliyevin indiki intibah və tərəqqiyə özül
olmuş tarixi fəaliyyəti də
"Xalq qəzeti"nin tarixində parlaq səhifələr yaratmışdır. Ümummilli
lider o günləri belə səciyyələndirirdi:
"Bu gün qəzet
müstəqil Azərbaycanda
hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici
rol oynayır".
Qəzetin son 8 ildəki 2500-dən yuxarı
sayı ulu öndərin layiqli davamçısı, yeni tipli dövlət xadimi, sınanmış lider İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə
işıq üzü
görmüşdür. Bu mərhələ ölkəmizdəki
hərtərəfli tərəqqinin
geniş əks etdirilməsi ilə yanaşı, həm də qəzetin özünün inkişafında
irəliyə doğru
yeni addımlarla əlamətdardır.
Maddi-texniki bazanın, buraxılış
texnologiyasının daim
yeniləşməsi, söz
azadlığı prinsipinin
ardıcıl bərqərar
olması qəzetin öz populyarlığını,
mötəbər media qurumu
kimi cəmiyyətdə
öncüllüyünü qoruyub-saxlamasına təminat
yaratmışdır.
Qəzet öz oxucuları ilə 27 mininci görüşə öz
tarixinin işıqlı
məqamlarından doğan
öyünc hissi, azad sözə sədaqət amalı, ölkəmizin sabahına,
xalqımızın firavanlığına
inam duyğuları ilə gəlmişdir. "Xalq
qəzeti" həmişə
xalqla bir yerdə olmuşdur, bundan sonra da
belə olacaq, əziz oxucular!
Həsən HƏSƏNOV
Xalq qəzeti.- 2012.- 3 aprel.- S. 5.