"Sazımız - sazbəndimiz"

 

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin nəşr etdirdiyi "Sazımız-sazbəndimiz" ensiklopedik kitabın təqdimat mərasimində ulu saz sənəti, onu zaman-zaman yaşadan ustad aşıqlar və mahir sazbəndlər barədə qədirbilənliklə söz açıldı, saz-söz sənətimizin layiqincə himayə olunması ilə bağlı dəyərli mülahizələr səsləndirildi.

 

Milli Kitabxananın direktoru Kərim Tahirov Aşıqlar Birliyinin məsul katibi, istedadlı qələm sahibi Musa Nəbioğlunun tərtib etdiyi "Sazımız - sazbəndimiz" kitabını Azərbaycanın tanınmış sazbəndləri barədə nəşr edilən ilk toplu, aşıq sənətinin pərəstişkarlarına dəyərli töhfə kimi səciyyələndirdi.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkə rəhbərliyinin və təmsil etdiyi qurumun xalqımızın milli-mənəvi dəyərləri sistemində aşıq sənətinə verdiyi önəmdən, nazirliklə Aşıqlar Birliyinin səmərəli əməkdaşlığından, yeni işıq üzü görmüş kitabın məziyyətlərindən və belə nəşrlərə duyulan ehtiyacı cavablandırmaqda növbəti addımlarından söz açdı.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, millət vəkili, yazıçı-publisist Aqil Abbas klassik mədəniyyətimizin mötəbər bir qolu olmuş, bu gün də xalqımızın mənəvi aləmini zənginləşdirən aşıq sənətinin yaşadılması, inkişaf etdirilməsi üçün ilk növbədə onun keçmişinin dərindən öyrənilməsi, estetik dəyərlərinin təbliğ olunması lüzumunu vurğuladılar. Bildirildi ki, mədəniyyət haqqında qanunun yeni layihəsində nəzərdə tutulan müddəalar saz sənətinin problemlərinin də həllinə müsbət təsir göstərəcək.

Aşıqlar Birliyinin katibi, professor Məhərrəm Qasımlı tarixən aşıq sənətinin yaranması və inkişafının milli sazbəndliklə sıx bağlı olduğunu söylədi, o tay-bu tay Azərbaycan sazbəndlik sənətinin örnəkləri və yaşadılması ilə bağlı mülahizələrini bildirdi.

Professor Qəzənfər Paşayev, Aşıq İsfəndiyar, Aşıq Mahmud, el ağsaqqalı Abbas Mazanov, sazbənd Fərman Xuduoğlu da aşıq sənətini inkişaf etdirmək üçün sazbəndliyin yaşadılmasının zəruriliyini qeyd etdilər, bu işin incəliklərinə toxundular. Kitabın müəllifi Musa Nəbioğlu son vaxtlar Aşıqlar Birliyinin hazırladığı nəşrlər, nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.

Sonda Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub rəhbərlik etdiyi qurumun fəaliyyətinin genişləndirilməsində xidmətləri olan hər kəsə razılığını bildirdi, aşıq sənətinin keçib-gəldiyi ağrılı-acılı tarixə nəzər saldı. Aşıqlar Birliyinin sədri xalqımızın zaman-zaman sazdan mənəvi güc aldığını, torpağını, dilini, milli varlığını bu tükənməz qüvvə ilə qoruyub saxladığını vurğuladı.

Mərasim iştirakçıları uzun sürən xəstəlikdən sonra yenidən onlarla bir yerdə olan sevimli şairimiz Zəlimxan Yaquba müalicəsini uğurla başa çatdırmağı arzuladılar, ona şəfa, saz-söz uzunömürlüyü dilədilər.

 

 

Tahir AYDINOĞLU,

 

Namiq QƏDİMOĞLU

 

Xalq qəzeti.- 2012.- 5 aprel.- S. 6.