2012-ci ilin "Xalq yaradıcılığı paytaxtları"

 

Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçün Xalq yaradıcılığı paytaxtları" Proqramının icrası ilə bağlı 2012-ci il üçün diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə "paytaxt" seçilmək üçün 20-yə yaxın şəhər namizədliklərini irəli sürmüşdür. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.

 

Təqdim olunmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilmiş və 2012-ci il üçün Gədəbəy şəhəri "Azərbaycanın əfsanələr paytaxtı", Masallı şəhəri "Azərbaycanın folklor paytaxtı" və Quba şəhəri "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilmişdir.

Məsələ ilə əlaqədar Gədəbəy, Masallı və Quba şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 5 aprel.- S. 4.