Təhsil Nazirliyində görüş

 

Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə Təhsil Nazirliyində görüş keçirilmişdir.Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş iştirakçıları salamlayıb.

 

Nazir bildirib ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti, "İNEPO-AVRASİYA" Ekologiya İctimai Birliyinin təşkilatçılığı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə keçirilir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Misir Mərdanov Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının 2007-ci ildən başlayaraq keçirildiyini və iştirakçı ölkələrin sayının ildən-ilə artdığını deyib. Bu il keçirilən olimpiadanın coğrafiyasının çox geniş və əhatəli olduğunu qeyd edən təhsil naziri dünyanın 42 ölkəsindən 400-dək şagirdin müvafiq yarışmada iştirak etdiyini bildirib. Nazir olimpiadanın yekununda daha güclülərin qalib gələcəyinə və ədalətli qərar qəbul olunacağına əminliyini vurğulayıb.

Olimpiadanın ölkəmizin daha yaxından tanınmasında, müxtəlif ölkələrdən gələn şagirdlərin Azərbaycan haqqında yeni biliklər əldə etməsində mühüm əhəmiyyətini nəzərə çatdıran təhsil naziri bu tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib.

Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın zəngin tarixi, təhsil sistemi, xüsusilə Bakı şəhəri ilə yaxından tanış olmağı, azərbaycanlı müəllim və şagirdlərlə əlaqələr yaratmağı tövsiyə edib. Çıxışının sonunda nazir olimpiada iştirakçılarına uğurlar arzulayıb və onların hər birinin öz ölkələrinə xoş təəssüratla qayıdacaqlarına ümid etdiyini deyib.

Sonra Tailand, Bosniya, Monqolustan, Nigeriya, Anqola və digər ölkələrdən olan iştirakçılar bu görüşdən məmnun olduqlarını vurğulayıb, göstərilən səmimi münasibət üçün təşəkkürlərini bildiriblər.

Görüşdə "Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz də iştirak edib.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 5 aprel.- S. 4.