Azərbaycanı
dünyaya turizm ölkəsi kimi tanıdaq
Beynəlxalq təcrübə,
mövcud vəziyyət və perspektivlər
(əvvəli qəzetin
1 aprel 2012-ci il tarixli sayında)
Transmilli
nəqliyyat proqramları və layihələri çərçivəsində,
o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq
dəhlizlərinin Azərbaycan seqmentində avtomobil
magistrallarının tikintisi və yenidən qurulması,
regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin
bərpası və təkmilləşdirilməsi işləri
həyata keçirilmişdir ki, bütün bunlar da
daşıma xidmətlərinin kəmiyyət və keyfiyyət
göstəricilərinin artmasına təsir göstərmişdir.
Əldə edilən nailiyyətlər yalnız
avtomobil daşımaları xidmətinə deyil, bütün
nəqliyyat xidmətlərinə təsir edir. Məsələn,
Azərbaycanda hasil edilmiş karbohidrogenin dünya
bazarlarına nəql edilməsi məqsədilə illik layihə
gücü 50 milyon ton olan Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, eləcə
də Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri
istismara verilmişdir ki, bu da boru kəməri
daşımalarını inkişaf etdirməklə
yanaşı, həm də ölkəmizi Avropanın enerji təhlükəsizliyində
aparıcı bir dövlətə çevirmişdir. Bütün bunlar isə ölkəmizin dünya
iqtisadi sisteminə inteqrasıyasını şərtləndirən
Heydər Əliyev ideyalarının reallaşmasının
bariz nümunələridir.
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi
çevik və ardıcıl siyasət Azərbaycanı Xəzər
regionunda əsas multimodal nəqliyyat qovşağına və
beynəlxalq aləmdə əhəmiyyət kəsb edən
neft və qaz tranziti ölkəsinə çevirmişdir. Azərbaycan,
Gürcüstan və Türkiyə arasında
imzalanmış "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti
haqqında" sazişə müvafiq olaraq, Türkiyə və
Gürcüstanın ərazilərində dəmir yolu xətlərinin
inşası və yenidən qurulması işlərinin
aparılması nəticəsində Türkiyə ilə Azərbaycan
arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması,
eləcə də Qara dəniz və Xəzəryanı
ölkələrin Avropanın dəmir yolu şəbəkəsinə
qoşulması arzusu mümkün olacaqdır. Nəqliyyat
sektorunda əldə edilən bu nailiyyətlər, öz
növbəsində digər sahələrin də, xüsusilə
turizmin inkişafı üçün əlverişli şərait
yaradacaqdır. Ölkələrarası
gediş-gəlişin artması, insanların səfərlərinin
say və istiqamətində müşahidə edilən dəyişikliklər
bütün dünyada olduğu kimi, Azərbaycanda da turizmi
milli iqtisadiyyatın aparıcı istiqamətlərindən və
dövlət büdcəsinin əsas gəlir mənbələrindən
birinə çevirməyə əsas verir.
Tarixi məlumatlardan aydın olur ki, Azərbaycan dövlətinə
ilk səyahətlər ticarət, dini və siyasi məqsədlərlə
əlaqədar olmuşdur. Qədim Azərbaycan ərazisindən
keçən ticarət karvanlarının hərəkətini
ilk işgüzar səyahətlər hesab etmək olar. Araşdırmalar göstərir ki, Azərbaycan hələ
qədim dövrlərdə Böyük İpək Yolu
(BİY) üzərində mühüm dayanacaq kimi tanınan
bir ölkə olmuşdur. Antik müəlliflərin
məlumatlarına görə BİY-nun ən fəal hərəkətli
trasslarından biri Qafqaz Albaniyasının ərazisindən
keçirdi ki, bu yol elmi dairələrdə əsasən
Strabon yolu kimi daha məşhurdur. Belə
ki, bu yol haqqında ilk dəfə müfəssəl surətdə
ətraflı məlumat dahi filosof və tarixçi Strabon tərəfindən
verilmişdir.
Hələ qədim zamanlardan bu marşrut boyu yerləşən
şəhərlər beynəlxalq status alırdı. Çünki
əcnəbi tacirləri və karvanları qəbul edən
belə şəhərlər müvafiq infrastrukturlara malik
olmalı idilər. Çoxillik arxeoloji tədqiqatlar
göstərir ki, BİY ilə gətirilən antik mallar əsas
anbar məntəqələrində Mingəçevirdə
yerləşdirilir və buradan da Qafqaz Albaniyasının digər
şəhərlərinə göndərilirdi. Bu şəhərlərin əksəriyyəti Mingəçevirin
yaxınlığında yerləşirdi. Antik mənbələrdə qeyd olunan Qafqaz
Albaniyasının paytaxtı - Qəbələ, Şamaxı
və Bərdədə aparılan çoxillik iri miqyaslı
arxeoloji qazıntılar da bu məlumatları təsdiq edir.
Müşahidə və araşdırmalar belə deməyə
əsas verir ki, Orta Asiya, Hindistan və Çindən Mingəçevirə
gətirilən malların bir hissəsi Gürcüstana və
Qara dəniz sahillərinə göndərilir, bir hissəsi isə
Mingəçevirdən ticarət yolu ilə
yayılırdı. Bu trasslardan biri Bərdədən
cənuba Naxçıvana Kiçik Asiya istiqamətində,
digəri isə Mingəçevirdən Böyük Qafqaz
sıra dağlarının cənub ətəkləri və
Xəzər sahili boyunca Dərbəndə gedirdi. İpək Yolu üzərində Təbriz, Marağa,
Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa şəhərləri
mühüm beynəlxalq ticarət mərkəzlərinə
çevrilmişdilər ki, bu da turizmin inkişafı
üçün əlverişli zəmin
formalaşdırırdı.
Müasir dövrdə isə bütün dünyada milli
iqtisadiyyatın kompleks inkişafı, istehsal və xidmət
sahələrinin fəaliyyətinin səmərəliliyinin
yüksəldilməsi, istehsal olunan məhsul və xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması məqsədilə
modern infrastruktur sistemlərinin yaradılması prosesi daha
çox nəzərə çarpmaqdadır. Ümumiyyətlə,
götürdükdə isə milli iqtisadiyyat və onun sahələrinin
dinamikliyinin getdikcə infrastruktur sistemindən asılı
olması əsasən iqtisadi inkişafın labüd nəticəsi
kimi qəbul olunur. Məhz bu baxımdan XX əsrin
axırlarından bazar iqtisadiyyatına keçən postsovet
dövlətlərinin əksəriyyətində, o cümlədən
Azərbaycan Respublikasında müxtəlif tip bazarların
yaranmasına imkan verən dünya xidmətləri
bazarının yeni infrastrukturlarının
formalaşdırılması istiqamətində islahatlara
başlanılmışdır.
Təcrübədən
aydın olur ki, beynəlxalq xidmətlər bazarı ölkələrarası
xidmət mübadilə sahələrini əhatə etməklə
dünya əmtəə, kapital və iş qüvvəsi
bazarlarına adekvat olaraq beynəlxalq iqtisadi əlaqələrin
ayrılmaz hissəsi kimi fəaliyyət göstərməkdədir.
Təbii ki, bazarlarda xidmətlərin həyata
keçirilməsi formaları kifayət qədər müxtəlifdir
və nəqliyyat daşınmaları üzrə
razılaşmalardan, yeni texnologiya əsasında istehsal
edilmiş maşın və avadanlıqların
satışından tutmuş, kompensasiya sazişlərinə
kimi olan bütün prosesləri əhatə edə bilir.
Eyni zamanda, müşahidələr göstərir
ki, hələ keçən əsrin 90-cı illərindən
başlayaraq inkişaf etmiş ölkələrin ÜDM-ində
bütün növ xidmətlərin ümumilikdə payı təqribən
70 faizə çatmışdır. Beynəlxalq
Valyuta Fondunun hesabatlarına əsasən, dünyada yalnız
1994-cü ildə həyata keçirilmiş ümumi xidmətlərin
dəyəri 1100 milyard ABŞ dollarından artıq
olmuşdur ki, bu da ümumi ixracın 25 faizinə bərabərdir.
2010-cu il üçün isə bu göstərici
30 faiz artaraq, təxminən 2500 milyard dollara
çatmışdır.
Ümumiyyətlə, xidmətlər bazarının yaranması
və təkamülü mərhələli şəkildə
dünya əmtəə bazarlarının inkişafından əvvəl
formalaşmışdır. Ölkələrarası
xarici ticarət dövriyyəsinin həcminin genişlənməsi,
əmtəə istehsalçıları arasında ciddi rəqabətin
yaranmasına gətirib çıxarmışdır. Bu özlüyündə satılan əmtəələrin
əlaqəli xidmətlərlə təmin olunması zərurəti
ilə bağlı olmuşdur. Belə xidmətlər
ilk növbədə daşınma, sığorta, bank və
maliyyə xidmətlərinə aid edilmişdir. Nəticədə bu bazarlar tədricən bir-birindən
ayrılmış, sonralar isə müstəqil sahəvi xidmətlər
bazarı kimi formalaşmışdır. Bu da öz
növbəsində turizm, təhsil və s. kimi sahələrin
hesabına genişlənmişdir.
Postsovet məkanının bir çox ölkələri
nəqliyyat, turizm, inşaat, bank və digər müasir xidmətlərin
həyata keçirilməsi üzrə mühüm ehtiyatlara
malikdirlər.
Lakin buna baxmayaraq bu ehtiyatlardan istifadəyə ən
çox mane olan amillər göstərilən xidmətlərin
keyfiyyətinin və rəqabət qabiliyyətinin
aşağı olması ilə bağlıdır. Buna görə bir sıra postsovet ölkələrində,
o cümlədən Azərbaycan Respublikasında xidmət sahələrinin
mövcud vəziyyəti potensial ehtiyatlara uyğun deyildir.
Belə ki, xidmət sahələrinin əsas həlqələrindən
biri olan turizm sektorunun inkişafı üçün Azərbaycanda
geniş çeşidli və zəngin potensial imkanlar olsa da,
bu sahədən əldə edilən gəlirlər çox
aşağıdır. Bu baxımdan, istər
yerli ehtiyatlardan səmərəli istifadə, istərsə də
dünya xidmətlər bazarının inkişaf tempi ilə
ayaqlaşmaq zərurəti ardıcıl addımlar
atılmasını tələb edir. Bu həm
də ondan irəli gəlir ki, qloballaşma proseslərinin
sürətlənməsi ilə xarakterizə olunan XXI əsr
inteqrativ əlaqələrin inkişafı baxımından
dünyada əhali hərəkətliliyinin artımını
ön plana çəkir. Belə bir şəraitdə
isə təbii ki, xidmət sahələrinin inkişaf tempi
istehsal sferasını üstələyir. Başqa sözlə desək, insanların bir ölkədən
digər ölkəyə tez-tez və daha çox sayda səfərlər
etməsi müvafiq xidmətlərin də hərəkət
marşrutuna uyğun inkişafını təmin edir.
Əhali hərəkətliliyindən asılı olaraq
inkişaf edən xidmət sahələrindən biri də
ümumdünya təsərrüfat fəaliyyətinin əsas
istiqamətlərindən olan turizmdir. Beynəlxalq aləmdə
turizm həm də ölkələr arasında iqtisadi əməkdaşlığı
formalaşdıran bir sahə kimi çıxış edir.
Eyni zamanda, turistlərə xidmətlə
bağlı bütün istiqamətləri özündə əks
etdirən turizm sənayesi, mühüm iqtisadi amil kimi
dünyada sürətlə inkişaf edən xidmət sahələrindən
biridir. Təbii ki, bütün bunlar Azərbaycan
hökuməti tərəfindən ardıcıl şəkildə
həyata keçirilən tədbirlərin nəticəsidir.
Turizmin inkişafı bir çox amillərdən
asılıdır - buraya həm daxili, həm də beynəlxalq
amillər aiddir. Xüsusilə, müasir
qloballaşan dünyada beynəlxalq əlaqələrin
gücləndirilməsi, beynəlxalq təşkilatlarla
yaxından əməkdaşlıq edilməsi bir sıra xidmət
sahələrinin, o cümlədən turizm sektorunun
inkişafında əhəmiyyətli rola malikdir.
Məlum
olduğu kimi, 2001-ci ilin sentyabr ayının 25-də Cənubi
Koreyada keçirilən toplantıda Azərbaycan
Respublikası Ümumdünya Turizm Təşkilatına
(ÜTT) üzv qəbul olunmuş və bununla da ölkəmiz
beynəlxalq turizm hərəkatına rəsmən
qoşulmuşdur. Elə 2001-ci ildə də ilk
dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ
edən "Welcome to Azerbaijan" adlı xüsusi disk
hazırlanmış və ÜTT-nin Baş Assambleyasına təqdim
olunmuşdur. Bununla yanaşı, diskin
"Tourism in Azerbaijan" adlı veb səhifəsi
yaradılmışdır.
2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin
turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq
Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini
qazandı. Bununla da Azərbaycan adlı ölkə
dünyanın turizm ictimaiyyəti tərəfindən qəbul
olunmağa və tanınmağa başladı. Eyni zamanda, paralel olaraq ölkədə turizmin
inkişafı istiqamətində çoxsaylı tədbirlər
həyata keçirildi ki, bu da əldə edilmiş inkişaf
tempini daha da sürətləndirdi. Belə ki, ölkədə
turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli
istifadə etmək məqsədilə "Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı" qəbul
edildi və müvəffəqiyyətlə icra olundu.
2003-cü ildə "Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında", 2004-cü ildə "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" haqqında Prezident fərmanları
ölkə iqtisadiyyatının, o cümlədən turizm
sektorunun inkişafı yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycanda turizm yüksələn xətt
üzrə inkişaf etməkdədir. 2010-cu ilin aprel
ayında Bakıda Heydər Əliyev adına
İdman və Konsert Kompleksində artıq 9-cu dəfə
Beynəlxalq Turizm Sərgisi keçirilmişdir.
Həmçinin
"2009-2018-ci illərdə Azərbaycan Respublikasında
kurortların inkişafı üzrə Dövlət Proqramı"nın qəbul edilməsi ölkədə
turizm-kurort sahələrinin planlı surətdə inkişaf
etdirilməsinə və səmərəli istifadəsinə
hüquqi zəmin yaratmışdır. Artıq
XXI əsrin başlanğıcında ölkənin
böyük şəhərlərində xarici qonaqları qəbul
edə bilən müasir mehmanxanalar fəaliyyət göstərməkdə
və ölkənin bütün regionlarını əhatə
edən geniş turizm xidmətləri sistemi sürətlə
formalaşmaqdadır.
Bütün bunlarla yanaşı, müasir dövrdə
turizmin indiki vəziyyəti ölkəmizin mövcud
potensialını tam əks etdirmir. Təbii ki, bunun da bir
sıra obyektiv və subyektiv səbəbləri vardır.
Keçid dövründə cəmiyyətin
sosial həyatının başqa sahələrində
olduğu kimi, istirahət və turizm sahəsində də tənəzzül
və geriləmə baş vermişdir. Müstəqillikdən
əvvəlki dövrdə respublikamız Sovet
İttifaqından olan bütün turistlər
üçün məşhur istirahət və turizm guşəsi
idi. Lakin indiki dövrdə Azərbaycanın
istirahət və turizm infrastrukturu iqtisadi çətinliklərdən
və Qarabağ münaqişəsinin təsirindən ziyan
çəkir.
Qeyd edək ki, Qarabağ münaqişəsi əhalinin
istirahət mərkəzlərinə və
bütövlükdə turizm şəbəkəsinə daha
çox ziyan vurmuşdur. Birincisi, sanatoriya və
pansionatların xeyli hissəsi işğal zonasında
qalmış və müharibə nəticəsində ermənilər
tərəfindən dağıdılmışdır. Müqayisə üçün qeyd edək ki, 1989-cu
ildə respublikada sanatoriya və istirahət guşələrinin
sayı 106 olduğu halda, 1999-cu ildə bu rəqəm 88-ə
enmişdir. Digər tərəfdən, Bakı,
Sumqayıt, Naftalan və s. şəhərlərdə olan
sanatoriya və pansionatlarda qaçqın və məcburi
köçkünlər məskunlaşdırıldığına
görə həmin istirahət obyektləri öz fəaliyyətlərini
demək olar ki, dayandırmışdır. Kəlbəcər
(İstisu), Şuşa, Ağdam,
Qubadlı, Laçın və s. rayonlarında yerləşən
ən gözəl istirahət guşələrinin hazırda
işğal altında olması da Azərbaycanda turizmin
inkişafına böyük ziyan vurmaqdadır.
Amma qarşıdakı illərdə ölkəmizdə
turizmin inkişafı istıqamətində ciddi və
genişmiqyaslı addımlar atılması nəzərdə
tutulur ki, bu da Azərbaycanı dünyaya turizm ölkəsi
kimi tanıtmağa imkan verəcəkdir. Ölkə
başçısının sərəncamı ilə 2011-ci
ilin "Turizm ili" elan edilməsi də məhz ölkədə
turizmin inkişafına dövlət qayğısı və
diqqətinin bir nümunəsidir. Son illərdə
respublikamızda, xüsusilə Bakıda dünya
standartlarına cavab verən mehmanxana komplekslərinin tikilib
istifadəyə verilməsi, xaricdən ölkəmizə gələnlərin
və xarici səfərlərə gedənlərin
sayının, yeni neft strategiyasının həyata
keçirilməsi ilə əlaqədar Azərbaycana xarici
şirkətlərin marağının artması, ölkəmizdə
iqtisadi stabilliyin yaranması nəticəsində əhalinin
öz istirahətinə və müalicəsinə daha
çox diqqət yetirməsi istirahət və turizm obyektlərinin
fəaliyyətinin gücləndirilməsini zəruri
etmişdir. Eyni zamanda, həyata keçirilən
tədbirlər nəticəsində Bakı şəhərinin
ekoloji vəziyyəti və abadlığı əvvəlki
illərə nisbətən yaxşılaşmış, yeni
tikintilərin sayı çoxalmış, ictimai iaşə
müəssisələrinin kəmiyyət və keyfiyyəti
artmışdır. Bakıda xarici firmaların
"Makdonalds", "Pizza-hat", "Patio-pizza" və
s. milli restoranları açılmış, Türkiyə,
İtaliya, Çin və başqa ölkələrin milli mətbəxləri
yaradılmışdır.
Digər tərəfdən, son vaxtlar respublikamızda
keçirilən bəzi beynəlxalq tədbirlərin də
turizmin inkişafında mühüm rol oynayacağı şəksizdir. Bu tədbirlərdən biri
2002-ci ilin may ayından etibarən hər il
Bakıda keçirilən beynəlxalq turizm sərgiləridir.
Beynəlxalq Turizm Təşkilatının dəstəyi
ilə keçirilən sərgidə dünyanın əksər
ölkələrindən ayrı-ayrı fiziki və ya
hüquqi şəxslər iştirak edir ki, bu da əlverişli
iqlim şəraiti və coğrafi mövqeyi olan
respublikamızın gələcəkdə beynəlxalq turizm
məkanına çevrilməsində müəyyən rol
oynayacaqdır. Həyata keçirilən silsilə tədbirlərin
nəticəsidir ki, Azərbaycanda 2001-ci ildə 18 turizm müəssisəsi
olduğu halda, 2010-cu ildə onların sayı 126-ya
çatdırılmışdır.
Azərbaycan Respublikasının müxtəlif istiqamətləri
əhatə edən nəqliyyat dəhlizlərinin
qovşağında yerləşməsi turizmin sürətli
və davamlı inkişafı üçün əlverişli
şərait yaradır. Ona görə də ölkədə
turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi,
ayrı-ayrı zonalarda turistlərin istirahəti
üçün lazımi şəraitin yaradılması ilə
yanaşı, turizm sektorunun inkişafı üçün
mövcud nəqliyyat dəhlizlərinin imkanlarından da
istifadə edilməsi zəruridir. Bunun üçün
ölkə ərazisindən keçən nəqliyyat dəhlizləri
boyunca yol evləri, sürücülər üçün
istirahət evləri, yeməkxanalar və s. infrastrukturlar olan
yerlərdə Azərbaycan Respublikası, onun tarixi-mədəni
irsi, coğrafi mövqeyi, turizm potensialı, müalicəvi
zonaları, sanatoriyalar, mineral sular, onların müalicəvi əhəmiyyəti
haqqında qısaca məlumatları əks etdirən guşələrin
yaradılması məqsədəuyğun olardı. Eyni zamanda, ölkə ərazisindən keçən
beynəlxalq nəqliyyat dəhlizləri boyunca turizm
zonalarının tanıdılmasına dair reklam lövhələri
yerləşdirilməlidir.
Son illərdə Azərbaycanın bütün
regionlarında özəl sektor tərəfindən
turizm-istirahət obyektləri tikilib istifadəyə
verilmiş, digər sahələrlə yanaşı, turizm
sektoruna da xeyli miqdarda investisiya qoyulmuşdur. Paralel olaraq həyata
keçirilən infrastruktur layihələri nəqliyyat
sisteminin əsaslı surətdə yenidən qurulmasına, eləcə
də ölkədə nəqliyyat xidmətlərinin keyfiyyət
və təhlükəsizlik baxımından təkmilləşdirilməsinə
imkan yaratmışdır. Dağlıq
bölgələr də daxil olmaqla bütün ölkə ərazisini
əhatə edən avtomobil yolları, bu yolların yenidən
qurulması və digər tədbirlər turizmin yaxın illərdə
respublikamızın ən aparıcı təsərrüfat
sahələrinə çevrilməsinə imkan verəcəkdir.
Bu həm də respublikamızın coğrafi
mövqeyindən və təbii-iqtisadi potensialından irəli
gələn bir reallıqdır. Həmin
potensialdan səmərəli istifadə olunması isə
infrastruktur təminatının gücləndirilməsi ilə
yanaşı, müvafiq qabaqcıl təcrübənin də
öyrənilməsini və səmərəli tətbiqini zəruri
etmişdir.
Respublikamızda turizmin inkişaf etdirilməsi məqsədilə
bu sahədə uğurları ilə seçilən ölkələrin
təcrübəsinin öyrənilməsi və bunlardan
yararlanmaq çox vacibdir. Turizm üçün
əlverişli olan bölgələrdə turistlərin
istifadəsi üçün nəzərdə tutulan
mehmanxana, motel, kempinq və digər obyektlərin beynəlxalq
standartlara uyğun şəkildə tikilməsi və yenidən
qurulması, eyni zamanda, xidmətlərin lazımi səviyyədə
təşkili ölkəmizin turizm cəlbediciliyini daha da
artıra bilər.
Azərbaycan
ərazisinin şimaldan Böyük Qafqaz, qərbdən
Kiçik Qafqaz, cənubdan Talış dağları, şərqdən
isə Xəzər dənizi ilə əhatə olunması, qədim
tarixi, mədəniyyəti və ümumiyyətlə, zəngin
təbii sərvətləri olan bu bərəkətli
diyarın turizm sənayesinin inkişafı üçün əlverişli
şərait yaradır. Digər tərəfdən,
"Böyük İpək Yolu" Azərbaycan ərazisindən
keçərək Avropa ilə Asiyanı, eləcə də
qərb və şərq sivilizasiyalarını birləşdirir.
Eyni zamanda, Ümumdünya Turizm Təşkilatının
UNESCO ilə əməkdaşlığı sayəsində bərpa
edilən "Böyük İpək Yolu" turist
transkontinental marşrutuna Azərbaycan da daxil edilmişdir.
Ona görə də iqtisadi, nəqliyyat və
turizmin inkişafı baxımından bu yolun bərpasının
böyük əhəmiyyəti vardır.
Müşahidələr göstərir ki,
"Böyük İpək yolu"nun bərpası üzrə
aparılan işlər, həm də Azərbaycan
Respublikasının dünya birliyi ölkələri ilə
inteqrasiyasının daha da güclənməsinə təsir
edir. İlk əvvəl, Azərbaycanın iqtisadi-siyasi əlaqələrinin
dünya standartlarına uyğun olaraq yenidən qurulması,
respublikada müxtəlif istiqamətləri əhatə edən
istehsal sahələrinin müasir tələblərə
uyğunlaşdırılması və genişləndirilməsi,
habelə bu istiqamətdə yeni müəssisələrin
yaradılması müasir xidmətlərin təşkili zərurətini
meydana çıxarır.
"Böyük İpək Yolu" proqramı çərçivəsində
nəqliyyat əlaqələrinin inkişafı nəticəsində
respublika daxilində müxtəlif yolların kəsişdiyi
nəqliyyat qovşaqları (Bakı, Şirvan, Yevlax, Lənkəran,
Gəncə, Naxçıvan, Culfa) fəaliyyət göstərir. Həmin qovşaqlar
xarici iqtisadi və turizm əlaqələrinin
formalaşmasında mühüm rol oynayır. Bu şəhərlərin nəqliyyat xətlərinin
kəsişdiyi ərazidə yerləşməsi burada otellərin,
kempinqlərin, xüsusi avtoparkı olan yeni motellərin
tikintisini, mövcud olanların isə təkmilləşdirilməsini
tələb edir. Bütün bunlarla
yanaşı, dünyada Azərbaycanın neft ölkəsi
olmaqla bərabər, həm də turizm ölkəsi kimi
tanıdılması və bu sahənin sürətli
inkişafı üçün respublikamızın rekreasiya
potensialının neft sənayesi sahəsində iştirak edən
xarici sərmayədarlara tanıdılması çox vacibdir.
Ümumiyyətlə,
qədim İpək Yolunun bərpası Azərbaycanda fəaliyyət
göstərən iş adamlarının, o cümlədən
xarici şirkətlərin fəaliyyətində yeni bir mərhələ,
milli iqtisadiyyatın dinamik inkişafı
üçün başlıca amil rolunu oynamaqdadır. Hələ
yüz illər öncə Böyük İpək Yolunun Azərbaycandan
keçməsi, eləcə də Şimal-Cənub nəqliyyat
dəhlizinin yaradılması ölkəmizdə turizm əlaqələrinin
intensivləşdirilməsinə şərait yaradacaq, Qafqazda
münaqişə ocaqlarının söndürülməsində
əvəzsiz rol oynayacaq, Azərbaycan Respublikasının
dünya miqyasında nüfuzunu, gücünü artıracaq
və ən əsası, onun turizm ölkəsi kimi
tanınmasını təmin edəcəkdir.
Aqil ƏSƏDOV,
AMEA
İqtisadiyyat İnstitutunun
şöbə
müdiri, iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2012.- 6 aprel.- S. 10.