General-mayor I Ehsan xan Naxçıvanski (Kəngərli) ilə general-feldmarşal İvan Paskeviç necə yaxınlaşdılar

 

Naxçıvan xanlığının tarixinə dair bəzi qeydlər

 

Naxçıvan xanlığının yarımmüstəqil olduğu vaxt 1820-ci ildə I Kalbalı xanın oğlu I Ehsan xan Naxçıvana hakim təyin edildi. Həmin vaxt onun 29 yaşı vardı və İran ordusunun mahir döyüşçülərindən biri sayılırdı. Beləliklə, I Ehsan xan 1820-ci il də daxil olmaqla Naxçıvan xanlığını idarə etdi. Lakin 1821-ci ildə Abbas Mirzə I Ehsan xanı hakimiyyətdən uzaqlaşdırıb yerinə onun böyük qardaşı Nəzərəli xanı hakim təyin elədi. Nəzərəli xan 1811-1812-ci illərdə də Naxçıvan xanlığında hakim olmuşdu. Abbas Mirzə ona I Ehsan xandan daha çox inanırdı. Çünki Nəzərəli xan uzun illər Fətəli şahın sarayında əmanət, yəni girov saxlanılmışdı. Amma o, I Ehsan xan kimi döyüşçü deyildi.

 

Rusiyanın İrəvan və Naxçıvan xanlıqlarına hücumu gözlənildiyindən Abbas Mirzə istəyirdi ki, hər iki xanlıqda onun öz adamları hakimlik eləsin. Əslində, o, I Kalbalı xanın övladlarına bir o qədər də etibar eləmirdi. Çünki Ağa Məhəmməd Şah Qacar I Kalbalı xanın gözlərini çıxartmışdı. Ondan sonra şahlıq taxtında əyləşən Fətəli şah Naxçıvan xanlığından xilas olmaq siyasətini daha da dərinləşdirmişdi. Arabir Kəngərli hərbçilərinə mükafatlar versə də, Naxçıvan kəngərliləri onun siyasətini qəbul etmirdilər. Onlar haqlı idilər. Çünki Naxçıvan xanlığı xarabazara çevrilmişdi, necə deyərlər, hərbi poliqonu xatırladırdı. 1821-ci ildən sonra yenə də I Ehsan xan İran ordusunda hərbi xidmətini davam etdirirdi. Şahzadə Abbas Mirzənin Naxçıvan kəngərlilərinə qərəzli mövqe tutmasına baxmayaraq o, Avropa ilə mədəni, hərbi əlaqələri genişləndirmək arzusunda idi. İran ordusunu daha da təkmilləşdirmək məqsədilə İngiltərədən və Fransadan hərbi mütəxəssislər dəvət etmişdi.

I Ehsan xan İran ordusunda hərbi xidmətdə olarkən onun rəisi fransız hərbçisi general-mayor (sərtib) Teodor Etye (1797-1846) idi. O, Naxçıvan və Mərənd batalyonlarını təkmilləşdirirdi, daha doğrusu, yenidən yaradırdı. Arxiv sənədlərini araşdırarkən məlum oldu ki, Teodor Etye Rusiyaya agentlik edirmiş. Rusiya diplomatı V.S.Qriboyedovun seçilmiş əsərlərində onların məktublaşmaları haqda geniş məlumat vardır. V.S.Qriboyedovun və A.Vsevolovskinin T.Etye ilə məktublaşması fransız dilində olub. Sonradan ruscaya çevrilib.

Məktubları oxuyanda aydın olur ki, Etyenin rus hərbçiləri ilə sıx əlaqəsi varmış. Yəni Abbas Mirzənin ordusunun məxfi sirlərini Rusiya tərəfə xəbər verirmiş. V.S.Qriboyedov 1821-ci ilin yanvarında ona yazırdı: "Birinci Mərənd və 42-ci Naxçıvan batalyonlarının komandiri cənab Etyeyə! Əziz dost, mənə dostluq xidmətinizi göstərin, bir neçə qələmin ucunu daha zərif çərtin". Sizə sədaqətli olan Qriboyedov". Bu, şifrələnmiş xüsusi məktubdur. V.S.Qriboyedovun Etyeyə yazdığı məktublardan beşi işıq üzü görüb. Yəqin ki, onun digər məktublarını da əldə etmək mümkün olarsa, onda tariximizlə bağlı xeyli mübahisələrə son qoyular.

Məktublaşma 1824-cü ilədək davam edib. 1821-1823-cü illərdə İran Türkiyə ilə müharibə aparırdı. I Ehsan xan bu müharibədə göstərdiyi cəsurluğa görə 1822-ci ildə Fətəli şah ona "xan" titulu verdi. I Ehsan xanı həm də "Alicah" (yəni uca şənli) titulu ilə təltif etdi. Fransız generalı Etye I Ehsan xanın Rusiyaya meyillənməsi üçün hər cür imkan yaradırdı. Çünki Etyenin özü Qafqaz məsələsinin ən çətin problemlərindən sayılan Naxçıvan və İrəvan xanlıqlarının Rusiya tərəfindən işğalında maraqlı idi, desək az olar. Elə özü bu prosesin fəal iştirakçılarından idi.

I Ehsan xana sərhəng (polkovnik) rütbəsi verildikdən sonra onu Abbasabad qalasındakı qarnizona (qoşun hissəsi) daxil olan Naxçıvan batalyonunun komandiri təyin etdilər. Əlbəttə, bu işlərin hamısına şahzadə Abbas Mirzə rəhbərlik edirdi. Həmin vaxt Naxçıvan xanlığının xanı Kərim xan idi. Möhkəm iradəsi olmayan Kərim xan gah İrana, gah da Rusiyaya meyil edirdi. Kərim xanın siyasəti belə idi: onun hakimiyyətini hansı tərəf möhkəmləndirəcəksə, ona meyillənirdi. Bu məsələyə bir az sonra qayıdacağıq...

Hadisələr 1826-cı ildə çox gərginləşdi. Bir tərəfdən, Rusiya Hind okeanına yol açmağa tələsirdi. O biri tərəfdən isə Abbas Mirzə Rusiyanın işğal etdiyi əraziləri geri almaq üçün hücum hazırlığı görürdü. Avropa dövlətlərindən İngiltərə və Fransa hərbçiləri, diplomatları artıq İranın Rusiya ilə müharibəyə başlamasını istəyirdilər. Osmanlı imperiyası da Abbas Mirzəyə kömək göstərirdi.

İran ordusu işğal olunmuş əraziləri azad etməyə başlarkən A.P.Yermolovun (1777-1861) qətiyyətsizliyi Rusiya çarı I Nikolayı qəzəbləndirdi. 1816-cı ildən İranda olan, sonralar Rusiyanın Qafqazdakı qoşunlarına komandanlıq edən Yermolovu başqa birisi ilə əvəz etməyi qərara aldı.

1812-ci ildə fransızlarla məharətlə döyüşən, çox əla bir hərbçi olan general-adyutant İvan Fyodroviç Paskeviçi Qafqaza döyüş cəbhəsinə göndərdi, 1826-cı il sentyabrın 3-də Şamxor (Şəmkir) və sentyabrın 13-də Yelizavetpol (Gəncə) döyüşlərində Abbas Mirzənin qoşunlarını məğlub edən Paskeviçin qoşunları Araz çayına doğru sürətlə irəliləməyə başladı. Bu zaman I Kalbalı xanın oğlanlarının (Şeyxəli bəydən savayı) hamısı İran ordusunun tərkibində Rusiyaya qarşı vuruşurdu. Şeyxəli bəy qardaşı Ehsan kimi iradəli deyildi. Ona görə də tez-tez fikrini dəyişirdi. İki dəfə Rusiya tərəfə, iki dəfə isə İran tərəfə keçmişdi. 1844-cü ildə isə birdəfəlik İrana getmiş, bununla da Naxçıvan kəngərlilərini, o cümlədən qardaşı Ehsan xanı təhlükədə qoymuşdu. Buradaca bir haşiyə çıxmaq yerinə düşərdi. Bəzi tədqiqatçılar yanlış olaraq Abbas Mirzənin məğlubiyyətlərini kəngərlilərin hesabına yazırlar. Onlarla arxiv fondlarını araşdırarkən, yüzlərlə elmi monoqrafiyaları dönə-dönə oxuyarkən bunun doğru olmadığı aşkara çıxır.

I Kalbalı xanın böyük oğlu Nəzərəlixan elə həmişə ruslara qarşı döyüşüb. 1826-cı ildə Abbas Mirzə Gəncədən Təbrizə geri çəkilərkən Hacı Ağalar bəy Cavanşirin (Qarabağ bəylərindəndir) süvari qoşununun tərkibində əsas döyüşən qüvvə kəngərlilər idi. Rus şərqşünası K.N.Smirnovun Tiflisdə Gürcüstan Milli Əlyazmalar Mərkəzindəki şəxsi arxivində saxlanılan sənəddə deyilir ki, 1826-cı ildə general Mədətovun qoşunları Abbas Mirzənin qoşunlarını təqib edərkən Gorusla Xınzirək arasında olan ərazidə qanlı döyüş olur. O vaxtlar Gorus Qarabağ xanlığının, Xınzirək isə Naxçıvan xanlığının ərazisi idi. Kəngərli süvariləri 1000 rus əsgərini əsir tuturlar və 6 dağ topunu qənimət kimi İran ordusuna verirlər. Çox təəssüf ki, bu böyük faktın üstündən həm Rusiya, həm də İran tarixçiləri sükutla keçirlər. Yaxud da bəzən qalib tərəfin hünərinin hesabına yazırlar.

Rusiya çarı 1826-cı ilin martında İ.F.Paskeviçi Qafqazın canişini, Rusiya qoşunlarının Qafqazdakı baş komandanı təyin etdi. İlk öncə o, Qafqazda, xüsusilə, Cənubi Qafqazda at oynadan erməni generallarını sıxışdırmağa başladı, hətta onların bəzilərini müharibə bölgəsindən uzaqlaşdırdı. Paskeviç bilərəkdən bunu edirdi. O, İrəvanın və Naxçıvanın sakinləri olan azərbaycanlıların rəğbətini qazanmaq istəyirdi. Çünki Rusiya bu qədim türk diyarında məğlub edilsəydi, bütün Qafqaz əlindən çıxacaqdı. Buna görə də o, İrəvanda və Naxçıvanda döyüşən yerli cəsur, bacarıqlı sərkərdələr haqqında ətraflı kəşfiyyat məlumatlarını çox diqqətlə öyrənirdi.

İrəvan xanlığına qacarlar sahiblik etdiyindən ancaq döyüşlər hesabına qalanı işğal edə bilərdi. Naxçıvan xanlığına isə kəngərlilər başçılıq edirdilər. General Paskeviç bu döyüşkən süvarilər haqqında geniş məlumata malik idi. Bilirdi ki, onlar Naxçıvanı verməyəcəklər. Ona görə də diplomatik gedişləri işə saldı. Naxçıvan kəngərlilərinin Fətəli şahla apardıqları ədavət onun köməyinə gələ bilərdi. Çünki qacarlar I Kalbalı xanı kor etmiş və hakimiyyəti onun varislərindən alıb öz adamlarına vermişdilər. İ.F.Paskeviç I Kalbalı xanın oğlu, igid döyüşçü kimi ad-san qazanan I Ehsan xanla gizli əlaqə yaratmaq üçün yollar aramağa başladı. Bu məsələdə ona Qarabağ xanlığındakı azərbaycanlı hərbçilər əsas yardımçı ola bilərdilər. Bu işi o, polkovnik İ.N.Abxazova həvalə etdi. Onu da deyək ki, bu günədək tariximizin ən ağrılı səhifələrindən biri cürətli, mahir sərkərdəmiz I Ehsan xanın hərb taleyi ilə bağlıdır. Aradan 181 il ötüb keçsə də bu tarixi problem həll edilməmiş qalıb. Həmişə bu problem üzərində düşünərkən ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə söylədiyi müdrik bir fikir biz tədqiqatçıların köməyinə çata bilər: "Siz tarixçilər yaxşı bilirsiniz, hamımız da yaxşı bilirik ki, XIX əsr də xalqımız üçün çox müsibətli əsr olubdur. Gərək onu da doğru-düzgün, nə cür, necə olubdusa yazaq. Bunlar hamısı həm xalqımızın özünü tanıtması, həm də bugünkü siyasətimiz üçün lazımdır".

General Yermolov onun üzünə ağ olan cəsur sərkərdələri öldürtdürürdü. Qafqazın sinəsinə o, sağalmaz dağ çəkib. Paskeviç isə əksinə, istəyirdi ki, cəsur hərbçiləri özünə tərəf çəksin. Nə qədər özünü məğrur aparsa da, bu incə məsələyə çox diqqət yetirirdi.

A.S.Qriboyedovun "Yol qeydləri"ndən məlum olur ki, İrəvan və Naxçıvan xanlıqları üzərinə hərbi yürüşə başlayan Paskeviç erməni keşişlərinin özəlləşdirdikləri Eçmiədzinə (qədim türk kəndi Üçmüəzzinə) gəlir və orada erməni katalikosu ilə görüşür, xeyir-dua alır və hətta onu baş katalikos "köynəyindən keçirir". Onların hər ikisi yaradılacaq "Böyük Ermənistan" məsələsindən xəbərdar idilər. Çar I Nikolayın məkrli, ikiüzlü siyasəti onlara məlum idi. Eçmiədzindən çıxan Paskeviç müəyyən qədər dəyişilsə də, Naxçıvan məsələsi ona lovğalanmağa imkan vermir. Onun göstərişi ilə Qriboyedov Qarabağ, Şəki və Şirvan əyalətlərinin hakimi polkovnik və kavaler Abxazova tapşırır ki, Abbasabad qalasının rəhbərliyi ilə əlaqələri daha da dərinləşdirsin. Abxazovla I Ehsan xanın birbaşa əlaqəsi ancaq qardaşı Şeyxəli bəyin vasitəsilə ola bilərdi. Lakin sənədlərdə Mirzə Adıgözəlbəyin adı çəkilir. O, Abxazovun yanında tərcüməçi idi, "Qarabağnamə" əsərinin müəllifidir. Həmin kitabın 85-86-cı səhifəsində Abbasabad qalasının alınması haqqında, I Ehsan xan barədə yazır ki, o, mənə xəbər verdi: "Knyaza bildirin ki, bu tərəfə hərəkət etsin, buraya gələn kimi, qalanı təslim edərəm".

Çox təəssüf ki, hələ ki tarix həmin gizli danışıqların örtülü səhifələrini bizə aça bilmir. Ümidimiz var ki, general-feldmarşal İ.F.Paskeviçin Sankt-Peterburqda saxlanılan şəxsi fondunda olan məxfi sənədlər bu imkanı yaradacaq.

"Sdaça" sözünün azərbaycancaya tərcüməsində 10 mənası var. Onlardan uyğun gələni "təslim" və "təhvil"dir. Bunlar isə fərqli şeylərdir. Birincisi, I Ehsan xanın ulu əcdadlarından tutmuş atasına qədər heç kim təslimçilik xətti tutmayıb. İkincisi, Naxçıvan xanlığı 1795-ci ildən başlayaraq Rusiya dövləti ilə danışıqlar aparıb. I Kalbalı xanın vəfatından sonra bu missiyanı onun oğlu I Ehsan xan davam etdirib. Danışıqlar gedib, özü də çox ciddi. I Ehsan xanın tələbləri olub. Digər iki batalyon (İran sərbazları) bayraqlarını aşağı salaraq əsir sifətində Paskeviçin önündən keçiblər. Paskeviçin salnaməçiləri yazırlar ki, Kəngərli süvariləri qaladan çıxanda özlərini Rusiyanın təbəəsi kimi göstərirdilər. Paskeviç burada çox arzuladığı I Ehsan xanla tanış olur.

Sənədlərdən məlum olur ki, I Ehsan xan qardaşı Şeyxəli xanın yanına Ordubada, çox ehtimal ki, Vənəndə gedir. Çətin problemlər yaradan məsələlərdən biri də I Ehsan xanın Türkmənçay danışıqlarında iştirak etmək, ya etməmək məsələsidir. Bütün aparılan araşdırmalar göstərir ki, Mirzə Adıgözəl bəyin bir kəlməsi ilə I Ehsan xan kimi sərkərdə "qalanı təslim etməzdi". Burada görünməyən tərəflər var. Onlardan biri, Naxçıvanda yaşayan erməni Safraz Saakovla bağlıdır. O, Paskeviçdən, xüsusən Qriboyedovdan Naxçıvan xanlarına, o cümlədən I Ehsan xana məktublar aparıb gətirirmiş. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin siyahılarında onun adı olan sənədlərin hamısının qarşısında "makulatura" sözü yazılıb. Yəni ki, yararsız. Arxiv sənədləri ilə işləyənlər bilir ki, əsas sənədləri bu qaydayla yox edirlər ki, iz itsin. Hələlik onun kimliyi haqqında söz söyləmək çətin məsələdir. O biri şəxsi isə tanımaq mümkün oldu: Abbasqulu ağa Bakıxanov. Bir yazımızda onun adını çəkmişdik ki, I Ehsan xanı Rusiya tərəfə keçməyə razı salanlardan biri Abbasqulu ağa olub. Onun araşdırıcıları narazı qaldılar. Deməli, belə çıxır ki, görkəmli sərkərdə I Ehsan xan haqqında hər şey demək olar, amma danışıqlarda iştirak edən Bakıxanovun adını çəkmək olmaz. Axı niyə? Onların hər ikisinə böyük ehtiramımız var. Amma fakt faktdır. Arxiv sənədlərindən əvvəl Gültəkin Bakıxanovanın "Etüdı o Qudsi" (Bakı, Yazıçı, 1984) kitabında yazılanları olduğu kimi təqdim edirik: "Bakıxanov pomoq Qoriboyedovu privleç na storonu russkix Eksanxana Naxiçevanskoqo-sına Naxiçevanskoqo xana, osleplennoqo persidskim şaxom. Tot podnyal vosstaniye i otkrıl vorota kreposti Abbas-Abad russkim voyskam" (s. 47).

"Sankt-Peterburqskiye vedomosti" qəzetinin 18-ci sayında (2 mart 1828-ci il) yazılıb ki, İranla müharibədə Bakıxanov Abbasabad qalasının alınmasında göstərdiyi xidmətlərə görə, 1827-ci ilin 14 (26) oktyabrında ştabs-kapitan hərbi rütbəsi ilə təltif edilir. Onun digər mükafatları da vardır. Tale elə gətirir ki, sonralar yerli hakimiyyət-Qafqaz canişini tərəfindən incidilən I Ehsan xan və A.A.Bakıxanov Polşaya, Paskeviçin hərbi xidmətdə olduğu Varşava şəhərinə gedirlər. Axı, Paskeviç onlara söz vermişdi. İnsafən o, I Ehsan xana həmişə köməklik etmişdir. I Ehsan xanın timsalında hər vaxt Naxçıvan süvarilərinə hörmət və ehtiramla yanaşmışdır. Ancaq onun gizlində bildiklərindən I Ehsan xanın xəbəri olsaydı onun müttəfiqliyini və dostluğunu qəbul etməzdi.

Arxiv sənədlərindən məlum oldu ki, I Ehsan xanın və onun süvarilərinin barışmadığı əsas məsələ Naxçıvanın "Erməni vilayəti" kimi qondarma adla çağrılması olmuşdur. Çünki Naxçıvan xanları boyunduruqdan yaxa qurtarmaq üçün Rusiya ilə müttəfiqliyi seçmişdilər. Rus tarixçiləri haqlı olaraq yazırlar ki, əgər I Ehsan xan olmasaydı, Paskeviç qalib ola bilməzdi. Bu məsələdə o, I Ehsan xana borcludur. Doğrudan da belədir.

I Ehsan xanın Rusiya təbəəliyinə keçməsi asan bir olmamışdır. Arxiv sənədində deyilir ki, "Ehsan xan and içmək üçün Abbasabad qalasına gətirildi. Ehsan xan kəngərliləri mənasız təhqir və təqiblərdən və Naxçıvan xanlığını vassallıqdan qurtarmaq üçün bu addımı atmağa məcbur idi. Çünki Naxçıvan xanlığı hələ müstəqillik illərində əksər Azərbaycan xanlıqları ilə siyasətini uzlaşdırırdı. Müəyyən şərtlər daxilində Naxçıvan, İrəvan və digər Azərbaycan xanlıqları da Rusiyanın himayəsinə bel bağlayırdılar. Şərtlərin ən ümdəsi Naxçıvan xanlığının yarımmüstəqillikdən xilas olmağı və I Kalbalı xanın hakimiyyətə qayıdışı haqqındadır.

Biz məsələni çox incələməklə heç də I Ehsan xanın Abbasabad qalasını Rusiya qoşunlarının komandanı Paskeviçə təhvil verməsini inkar etmək istəmirik. Sadəcə, demək istəyirik ki, hər bir addım doğru-dürüst dəyərləndirilsin. Məsələn, elə götürək son illərdə (2006-cı ildə) nəşr edilmiş monoqrafiyalardan birində I Ehsan xan haqqında olan məlumatı. Olduğu kimi köçürürük: "Kəlbəli xanın oğlu, sonuncu Naxçıvan xanı olmuşdur. Abbasabad qalasının təslim edilməsində xidmətinə görə Naxçıvana hakim təyin edilmişdi. Rus ordusunun general-mayoru rütbəsi verilmişdi. Naibliyi dövründə quruculuq və abadlıq işləri ilə məşğul olmuşdu. 1840-cı ildən Naxçıvan süvari dəstəsinin başçısı olmuş, Krım müharibəsində iştirak etmişdi. "Müqəddəs Georgi" ordeni almışdı".

Buradakı məlumatların çoxu təəccüb doğurur. Çünki kitabın müəllifi şəkillərin altında "qalanın təhvil verilməsi" yazıb. Qaldı ki, I Ehsan xana Paskeviçin raportları əsasında çar I Nikolayın əmri ilə "polkovnik" hərbi rütbəsi, 1837-ci il oktyabrın 5-də general-mayor hərbi rütbəsi verilib. 1846-cı ildə vəfat etmiş I Ehsan xan, 1853-cü ildə başlamış Krım müharibəsində döyüşüb, "Müqəddəs Georgi" ordenini ala bilməzdi.

I Ehsan xana yalnız bir orden - ikinci dərəcəli Müqəddəs Anna ordeni 1831-ci il mayın 23-də verilib. Bunların hamısının orijinal sənədləri bizdədir. Əgər o, "Müqəddəs Georgi" ordenini alsaydı, yəqin ki, adı Kremlin Georgi salonunda yazılardı. Orada isə yalnız onun oğlanlarının adı yazılıb. Çünki onlar "Müqəddəs Georgi" ordeninin kavalerləri olublar. Bunları sadalamaqda məqsədimiz odur ki, çox cəsur sərkərdəmiz haqqında hər şey doğru yazılsın. O, qalanı təslim etməyib, təhvil verib. Çünki kəngərlilər hələ qalada ikən könüllü Rusiya təbəəliyini qəbul etmişdilər. Və sənədlərin dili ilə desək, Paskeviç qalanın önünə gələrkən Naxçıvan xanlığının bayrağını Kəngərli süvariləri ona təhvil verirlər, onlar da istəyirdilər ki, Avropa ölkələrində olduğu kimi, mədəni, güclü və heç kimdən asılı olmayan dövlətləri olsun.

1826-1828-ci illərdəki hadisələr o qədər gərgin və mürəkkəbdir ki, onları bir-iki yazı ilə əhatə etmək olmur. Gürcüstan Mərkəzi Tarix Arxivinin fondlarında axtarışlar zamanı I Ehsan xanın 1828-ci ilə aid şəxsi işini axtarıb tapdıq. Həmin şəxsi iş 1826-1828-ci illəri əhatə edir. Bu sənədlərin içərisində 11 mart 1828-ci il tarixdə Tiflis piyada polkunun komandiri polkovnik Voloşinin general və kavaler Paskeviçə ünvanladığı raport I Ehsan xanın and içməsi haqqındadır: "Əlahəzrət, sizin imzaladığınız göstərişə əsasən polkovnik ayın 6-da mənim tərəfimdən gətirildi ki, and içsin. Həmin and tatarcaya (azərbaycancaya - M.Q.) da tərcümə edilib. Onları sizə - Əlahəzrətə təqdim etməyi özümə şərəf bilirəm.

Polkovnik Voloşin (İmza), 6 mart, 1828-ci il, Abbasabad qalası".

Bu raportdan məlum olur ki, Abbasabad qalasında andiçmə mərasimi keçirilmişdir. Ancaq mətn rus və fars dilindədir. Andiçmə mərasimindən sonra Naxçıvan xanlığı 15 gün yaşadı. Bu müddət ərzində I Ehsan xan Naxçıvandan Kərim xan Kəngərli tərəfindən köçürülmüş kəngərliləri geri qaytara bildi. Bu məsələdə general Paskeviçin çox köməyi dəydi. General-mayor I Ehsan xanın səmimi münasibətləri 1827-ci ildən 1846-cı ilədək davam etmişdir. Bu isə XIX əsrin birinci yarısında Naxçıvanın inkişafına çox kömək etmişdir. Baxmayaraq ki, Paskeviç çarın gizli tapşırıqlarını yerinə yetirirdi. Amma Naxçıvan kəngərliləri hətta Varşavada belə öz hünərləri ilə qrafı məcbur edirdilər ki, Naxçıvana köməyini əsirgəməsin. Və qraf Paskeviç ömrünün sonuna kimi Naxçıvan kəngərlilərinin hüquqları uğrunda çalışırdı. Yeri gəlmişkən, 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsində qalib çıxan Paskeviçi-rus qoşunlarının baş komandanını Türkiyə ordusu Dunay çayı yaxınlığında məğlub etdi. Silistiya ətrafında türklərə məğlub olan Paskeviçin bununla hərbi karyerası başa çatdı. Elə bu məğlubiyyətdən sonra 1856-cı il fevralın 1-də Varşavada vəfat etdi. Əgər I Ehsan xan bu məsələdə tələsməsəydi, 15 gündən sonra Nerses Aştaraketsi kimi bir türk qənimi erməni adı altında digər xristian millətlərini də Naxçıvana toplayacaqdı. Amma I Ehsan xan onlara bu imkanı vermədi. And içdirməklə (Voloşinin raportundan görünür ki, o, könüllü and içməyib) əl-qolunu bağladılar və martın 21-də çar I Nikolayın əmri ilə qondarma "Erməni vilayəti" yaradıldı.

Əgər biz tədqiqatçılar rus tarixçisi Petruşevskinin vaxtı ilə yazdığı fikri təsdiqləsək ki, Naxçıvan xanlığı 1840-cı ilədək davam edib, onda I Ehsan xan Naxçıvanın axırıncı xanı hesab oluna bilər. Amma tarixçilərin əksəriyyəti xanlığın 1828-ci ildə süqut etdiyini təsdiqləyirlər. Onda axırıncı Naxçıvan xanı (hakimiyyətdə olan) Kərim xan olub. Onun iradəsizliyi üzündən hələ Paskeviç gəlməmiş, Naxçıvan xanlığının, demək olar ki, əhalisinin hamısı İrana köçürülmüşdü. I Kalbalı xanın oğlanları ailələri ilə birlikdə Ordubadın Vənənd kəndində idilər. Onlar Naxçıvanı tərk etməmişdilər. I Ehsan xan isə bu zaman Abbasabad qalasında döyüşçüləri ilə birlikdə Naxçıvanı necə xilas etməyin yollarını düşünürdü. Döyüşçü olsa da çar Rusiyası onunla hesablaşırdı, atası I Kalbalı xanla hesablaşdıqları kimi. Təəssüflər olsun ki, ancaq müstəqillik duyğusu ilə yaşayan bu cəsur sərkərdənin hünərini heçə yendirmək istəyənlər tapılır. Baxışlar müxtəlif olsa da, andiçmə sənədinin tarixi əhəmiyyəti böyükdür. Bu sənəd imkan vermədi ki, Naxçıvan qoşun tapdaqları altında dağıdılsın. Cənubi Azərbaycan xanlıqlarını isə müharibə alovlarından xilas etdi. Rusiya dövlətinin Qafqaza sahib olmasına və başqa dövlətlərlə apardığı müharibələrdə uğur qazanmasına səbəb oldu.

Naxçıvan xanlığı Qafqazda yaradılan qüdrətli, nüfuzlu yerli dövlət olmuşdur. Onu idarə edən Kəngərli xanları öz dövrünün görkəmli hərbi, siyasi və diplomatik xadimləri olmuşlar. Nəsil şəcərələri imkan verir deyək ki, onların ulu əcdadları da dövlət xadimləri olmuşlar.

Müstəqil dövlətin əsas atributlarına malik olan Naxçıvan xanlığının maraqlı və orijinal tarixi vardır. Naxçıvan xanlığının müstəqil dövlətçilik tarixində keçdiyi yol Qafqazda XVIII-XIX əsrlərdə yaradılmış dövlətlərin tarixinin öyrənilməsində nümunə sayıla bilər.

 

 

Musa QULİYEV,

AMEA Naxçıvan Bölməsinin

Tarix, Etnoqrafiya və Arxitektura

İnstitutunun elmi işçisi

 

Xalq qəzeti.- 2012.- 6 aprel.- S. 10.