Erməni terroru:
Sumqayıt, Qarakənd, Xocalı...
Dünyada baş
verən hər hansı bir hadisəni düzgün qiymətləndirmək
üçün vaxt lazımdır. Bunu tarix dəfələrlə
sübuta yetirib. "Sumqayıt hadisələri"ndən
ötən müddət ərzində də sular durulub,
çox mətləblərə aydınlıq gəlib...
1990-cı il sentyabrın 8-də SSRİ Ali Sovetinin palatalarının iclas zalında Ali Sovetin dördüncü sessiyasına həsr olunmuş mətbuat konfransı keçirilirdi. Həmin konfransda iştirak edən 1500 jurnalistdən biri də mən idim. Sessiyanın gündəliyində duran məsələlərdən söhbət açan SSRİ Ali Sovetinin sədri A.İ.Lukyanov bildirdi ki, yeni İttifaq müqaviləsinin proqram layihəsi hazırlanır. Orada ölkənin bütün xalqlarının rəyi, fikri, arzusu nəzərə alınacaqdır. Bunu eşidən Ermənistandan gəlmiş jurnalistlər dil-boğaza qoymayaraq sualı sual ardınca yağdırırdılar: "Sumqayıt hadisələri"nə siyasi qiymət veriləcəkmi? DQMV-nin taleyi necə olacaq?"
Zala toplaşanlar ermənilərin əlindən təngə gəlmişdilər. Səbirli, təmkinli olması ilə fərqlənən yapon jurnalist dözməyərək - "SSRİ Prezidenti Mixail Qorbaçovun fərmanlarına bəzi respublikalarda, o cümlədən Ermənistanda əməl olunmur, buna Ali Sovet necə baxır?" deyə soruşdu. Sanki, qurbağa gölünə daş atdılar? Ermənilər Ali Sovet sədrinin cavabını gözləmədən tələm-tələsik zalı tərk etdilər.
Ermənilər tarix boyu belə yaşayıblar. Şər, böhtan, riyakarlıq, məkr və təxribat onların qanındadır, ana bətnindən gələn xislətdir. 2001-ci il sentyabrın 11-də dünyanın super dövləti sayılan Amerika Birləşmiş Ştatlarında törədilən terror bəşəriyyəti bu beynəlxalq bəladan qurtarmağın birgə yolunu axtarmağa vadar etmişdir.
Terror bu
gün qlobal təhlükələr sırasına daxildir. Ona
görə də hər ölkə özünün milli təhlükəsizlik
strategiyasını hazırlayarkən terror faktorunu ön plana
çəkir. Bu mənada Azərbaycan Respublikası da istisna
təşkil etmir. O, öz iqtisadi, hərbi və siyasi
qüdrətini daim artırmaqla yanaşı, terrorizmə
qarşı mübarizə tədbirlərini də
ardıcıl surətdə həyata keçirir. Bu da təsadüfi
deyil. Ölkəmiz iki yüz ilə yaxındır ki,
vaxtaşırı ermənilərin təcavüzünə,
terror aktlarına məruz qalır.
Ermənistan
azərbaycanlılara və türklərə qarşı
düşmənçiliyini müxtəlif üsullarla
aparır. Terrorizm, separatizm ermənilərin özünütəsdiq
kredosuna çevrilib. Erməni terrorizmi dünyanın hər
yerinə yayılmışdır. Hansı ölkədə
ermənilər kompakt şəkildə yaşayırlarsa,
orada terrorizm, separatizm halları tez-tez baş verir. Əhalisinin
sayı dəqiq bilinməsə də, ermənilər
geniş terror şəbəkəsinə malikdirlər.
Dünyada erməni terrorizminin yayılma coğrafiyasına
malik digər bir şəbəkəni təsəvvür etmək
çətindir. Amerika Birləşmiş Ştatları,
Kanada, Fransa, Avstriya, Lüksemburq, İspaniya, İtaliya, Rusiya,
Türkiyə və nəhayət, Azərbaycan ermənilərin
kütləvi terror aktı keçirdikləri ölkələrin
heç də tam olmayan siyahısıdır. Erməni terrorizminin
qurbanları müxtəlif millətlərin nümayəndələri
olsalar da, əsas hədəf azərbaycanlılar və
türklərdir.
Təxminən
iki yüz il bundan əvvəl, farslarla rusların birgə
razılığı əsasında İrandan Azərbaycana
köçürülən ermənilər öz yerlərini
möhkəmlətdikdən sonra məskunlaşdıqları ərazilərin
dədələrindən qaldığını iddia etməyə
başladılar. Onlar dünya sivilizasiyasının inkişaf
etdiyi indiki zamanda da bu əqidələrindən dönməyərək
müstəqil Azərbaycan Respublikasına Dağlıq
Qarabağ kimi problem yaradıblar. Bir əsrə yaxındır
ki, qapı-qapı gəzərək, guya, türklərin
onları soyqırımına məruz qoyduqlarını iddia
edirlər. Bu məsələdə müxtəlif dona girən,
özünü yazıq, məzlum, əzilmiş, bir xalq
olduğunu göstərməyə çalışan ermənilər
bu sifətlər kara gəlməyəndə böhtana, şərə,
separatizmə, ən nəhayət terrora əl atırlar.
Fəlsəfə
elmləri doktoru, professor Əlikram Abdullayev yazır ki, erməni
terrorçuları bir çox ölkələrdə fəaliyyət
göstərirlər. Əsasən də onlar erməni
icmasının narkotik maddələrin daşınması və
satışı ilə açıq məşğul olduğu
Livanda, xüsusən Beyrutda cəmləşmişlər.
Vaxtilə Fransa mətbuatı narkotik maddələrin
satışından əldə edilən gəlirlərin bir
hissəsinin terrorçuların cibinə
axıdıldığını təsdiq etmişdir. Beynəlxalq
terrorizm üzrə ekspertlər də erməni
terrorçularının narkotik maddələrin gəlirindən
bəhrələndiklərini, öz cinayətkar əməllərinin
maliyyələşdirilməsində ondan istifadə etdiklərini
təsdiqləyirlər. Narkotik maddələrin yetişdirilib
transplantasiya olunaraq beynəlxalq bazara
çıxarılmasında 20 ildən artıq nəzarətsiz
qalan Dağlıq Qarabağ ərazisi erməni
terrorçularının gəlir mənbəyinə
çevrilmişdir. Ona görə də bütün dünya
erməniləri Dağlıq Qarabağ Azərbaycandan
alınaraq Ermənistan Respublikasına birləşdirmək
üçün dəridən-qabıqdan
çıxırlar. Təəssüflər olsun ki, ikili standartlarla
dünya siyasətini müəyyənləşdirən
aparıcı dövlətlər də erməni lobbisinin
qarşısında acizlik göstərir, Ermənistan - Azərbaycan
Dağlıq Qarabağ probleminin həllində ədalətli,
qətiyyətli mövqe tutmurlar.
Rus tədqiqatçısı
V.Veliçko "Qafqaz" əsərində yazır:
"Ermənilər haqqında çox-çox qədimlərdən
pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız
deyildir, əsası olmasaydı bir çox xalqlarda, həm də
müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi...
Məhz onlar hər cür bəhanə ilə hay-küy
qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə
evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin
üstünü açdıqda, ya da oğrularını məhkəməyə
verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm
də özgə xalqdan olan səfeh, yaxud satqın adamları
da hay-küy qoparmağa məcbur edirlər".
XIX əsrin
əvvəllərində çar Rusiyasının İranda səfiri
olmuş A.Qriboyedov öz imperatoruna göndərdiyi məktubda
qeyd edir ki, əlahəzrət, ermənilərin mərkəzi
rus torpaqlarında məskunlaşmasına heç bir halda icazə
verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il
yaşadıqdan sonra dünyaya hay-küy salaraq bura bizim qədim,
dədə-baba torpağımızdır deyəcəklər.
Fransız
alimi de Ban Eçmiədzin kilsəsinə etdiyi səfərdən
danışaraq bilidirir ki, bu kilsə bir müddət saxta pul
düzəldənlərin yuvası olmuşdur. Bu monastr məndə
dini mərkəzdən çox, siyasi mərkəz təəssüratı
yaratdı (Keçən əsrin 80-ci illərində mən
ilk dəfə, "Dənizdən dənizə böyük
Ermənistan" xəritəsini də burada görmüşəm
- T.Ə.).
1915-ci ildə
Ərzincandakı qırğınlar haqqında raport yazan
polkovnik-leytenant Qryaznov gördüklərini belə təsvir
edir: "Kəndlərə aparan yollara müsəlman kəndlilərinin
süngüyə keçirilmiş meyitləri, kəsilmiş
bədən hissələri və yırtılıb
tökülmüş daxili orqanları səpələnmişdi...
Əsasən qadınlar və uşaqlar! Hakimlər və
sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu
isə onu yerinə yetirmişdir. Dərin quyular
qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək
bir-birinin ardınca quyulara atılmışdır (1918-ci ildə
Quba rayonunda da ermənilər bu vəhşilikləri təkrarlamışlar
- T.Ə.). Qətllər üçün məsuliyyət
daşıyan ermənilər bir evə səksən nəfər
müsəlman doldurur, sonra isə onların
başlarını kəsirdi".
ABŞ-ın
erməni əsilli yazıçısı L.Sürməliyan
"Xanımlar və cənablar, müraciətim sizədir"
kitabında etiraf edir ki, türklərlə ermənilər
arasındakı ziddiyyətlərin yaranmasına əsas səbəblərdən
biri də türk və Azərbaycan xalqlarının humanizminə,
qayğıkeşliyinə, vətənpərvərliyinə
qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır...
Tarixi
faktlar sübut edir ki, ermənilər təkcə azərbaycanlılara
və türklərə qarşı deyil, ümumiyyətlə,
yeri gələndə bütün insanlığa qarşı
öz vəhşi ehtiraslarını saxlaya bilmirlər. Təqribən
3 milyonluq bir xalqın bizə məlum olan 13 terror təşkilatının
mövcudluğu da ermənilərin insanlığa, bəşəriyyətə
nifrətinin nə qədər güclü olmasından xəbər
verir. Ermənistanın azadlığı uğrunda Erməni
Gizli Təşkilatının (ASALA) yaradıcılarından
biri olan Akop Akopyan öz "karyerasına" 1972-ci ildə
Münhen Olimpiya Oyunlarında İsrail atletlərini qətlə
yetirmiş terrorçu qrupun tərkibində başlayıb.
Amerika Birləşmiş Ştatları Administrasiyası tərəfindən
təsdiq edilmiş məlumatlarda qeyd olunur ki, erməni
terrorçu təşkilatları Beyrutda Birləşmiş
Ştatların dəniz piyadası baraklarının
bombalanması üçün məsuliyyət daşıyan
qruplarla əməkdaşlıq etmişlər.
Hələ
1919-cu ildə "Daşnaksütyun" partiyası İrəvanda
keçirdiyi IX qurultayında "Hemezis" intiqamçı
terror hərəkatına başlamaq haqqında qərar
vermişdir. Armen Qaronun rəhbərlik etdiyi "Nemezis"in
siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər
dövlət xadiminin, ziyalısının adları
salınmışdır. Ayrı-ayrı ölkələrdə
fəaliyyət göstərən 3-5 nəfərlik erməni
terrorçu qruplar adları siyahıda olan şəxsləri
axtarıb tapır və qətlə yetirirdilər.
Erməni
terrorçuları 1980-ci illərdən etibarən
xalqımıza qarşı düşmənçilik fəaliyyətlərini
daha da gücləndirdilər. Azərbaycan ərazilərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğalı ilə yanaşı, bu ölkənin
xüsusi xidmət orqanları döyüş zonalarından
uzaq mülki obyektlərdə, sərnişin nəqliyyatında
onlarca terror aktı törətmiş, nəticədə
2000-dən artıq günahsız insan həlak olmuşdur.
Ermənistanın
Azərbaycana hərbi təcavüzü nəticəsində
5000-dən artıq vətəndaşımız, o cümlədən
55 uşaq, 326 qadın, 409 qoca itkin
düşmüşdür. Erməni əsirliyində
olmuş 1500-ə yaxın vətəndaşımıza, o
cümlədən uşaq, qadın və qocalara işgəncələr
verilmiş, onlar ömürlük şikəst edilmişlər.
Erməni əsirliyindən qayıdan şəxslərin ifadələri
əsasında itkilər siyahısında olan 783 nəfər
Azərbaycan vətəndaşının ermənilər tərəfindən
əsir götürüldüyü, lakin onların beynəlxalq
təşkilatlardan gizlədildiyi müəyyən
edilmişdir.
Ermənistan
- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
başlanandan sonra ermənilər Qərbi Azərbaycanda
yaşayan həmvətənlərimizə qarşı etnik təmizləmə
siyasəti həyata keçirərək 1988-ci ilin
yanvarından etibarən Ermənistanın 185 yaşayış
məntəqəsindən 250 mindən artıq azərbaycanlı
ev-eşiyindən zorla qovmuş, 217 nəfəri isə
xüsusi qəddarlıqla qətlə yetirmişlər.
Azərbaycan
Respublikasının Dağlıq Qarabağ ərazisi və
onun ətrafındakı 7 inzibati rayonun Ermənistan silahlı
qüvvələri tərəfindən işğalı nəticəsində
20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən
artıq adam yaralanmış və şikəst olmuşdur.
Bir milyondan artıq insan isə öz doğma yurd-yuvasından
vəhşicəsinə qovularaq, indiyədək
qaçqın və məcburi köçkün həyatı
yaşayır.
Erməni
vəhşiliyinin və vandalizminin bariz nümunəsi kimi
göstərmək olar ki, Azərbaycan ərazilərinin
işğalı nəticəsində 900-dən artıq
yaşayış məntəqəsi talan edilmiş,
yandırılmış və dağıdılmış, 6
min sənaye, kənd təsərrüfatı müəssisəsi
və digər obyektlər məhv edilmiş, ümumi
yaşayış sahəsi 9 milyon kvadratmetr olan 150 min bina, 4366
sosial-mədəni obyekt, 695 tibb ocağı viranəliyə
çevrilmiş, 927 kitabxana, 464 tarixi abidə və muzey,
100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və
konsert salonu dağıdılmışdır.Talan edilmiş
muzeylərdən 40 mindən çox qiymətli əşya və
nadir sənət əsərləri
oğurlanmışdır.
1991-ci
ilin noyabr ayında Azərbaycanın dövlət xadimlərinin
və vasitəçilik edən Qazaxıstanın yüksək
rütbəli hərbçilərinin olduğu vertolyotun Qarakənd
yaxınlığında partladılmasını yada salaq. Ermənilərin
xalqımıza qarşı yürütdükləri
soyqırımı siyasəti 1992-ci il fevral ayının 25-dən
26-na keçən gecə azərbaycanlılar yaşayan
Xocalı şəhərinin yerlə-yeksan edilərək, dinc
sakinlərin xüsusi amansızlıqla öldürülməsi
ilə öz kulminasiya nöqtəsinə çatdı.
Erməni
terrorçuları qarşılarına qoyduqları məqsədə
çatmaq üçün müxtəlif fitnəkarlıqlara
əl atmaq məharətinə də malikdirlər. Onlar bunu
1988-ci ilin fevral ayında separatçılığa
başladıqları günlərdə bütün
dünyaya bir daha nümayiş etdirdilər. Fevralın 28-29-da
Sumqayıt şəhərində törədilən hadisələrin
əsas təşkilatçıları və
icraçıları daermənilər olmuşlar. Bu, istintaq nəticəsində
sübuta yetirilmiş faktdır. Azərbaycanın əzəli
torpağı olan Dağlıq Qarabağı qopararaq Ermənistana
birləşdirmək istəyində "Sumqayıt hadisələri"
katalizator rolu oynamalı idi.
Siyasi məqsədə
çatmaq üçün dünyada ermənilər qədər
fəndgir ikinci bir millət yoxdur. Onlar bu yolda hətta öz
soydaşlarını da qurban verməyə hazırdırlar.
Sumqayıt hadisələri zamanı bunu hamı gördü.
İğtişaşların, qətllərin əsas təşkilatçısı
və rəhbəri erməni Eduard Qriqoryan olmuşdur.
Rusiyanın tanınmış jurnalisti Andrey Karaulov
"Moskovski komsomolets" qəzetində dərc etdirdiyi məqaləsində
yazırdı ki, Mixail Qorbaçov Sumqayıtda törədilən
qırğınlar barədə əvvəlcədən xəbərdar
olmuşdur, üstəlik həmin əməliyyat Dövlət
Təhlükəsizlik Komitəsinin bilavasitə nəzarəti
altında yerinə yetirilmişdir. Bu barədə məlumatı
1993-cü ilin sentyabr ayında işıq üzü
görmüş "Armyanski vestnik" həftəlik qəzeti
də təsdiq etmişdir.
Həmin
günləri xatırlayan Ermənistanın sabiq prezidenti Levon
Ter-Petrosyan müsahibələrinin birində təəssüf
hissi ilə demişdir ki, Sumqayıt
iğtişaşlarından sonra Azərbaycan xalqı şok vəziyyətində
idi. Əgər SSRİ rəhbərliyi bu məqamdan istifadə
edib, DQMV-nin Ermənistana birləşdirilməsi haqqında
(?!) qərar çıxarsaydı, Azərbaycan xalqı buna
etiraz edə bilməyəcəkdi.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2012.- 6 aprel.- S. 7.