Dağlıq Qarabağ münaqişəsinin həllində zaman Azərbaycanın xeyrinə işləyir

 

Prezident İlham ƏLİYEV: Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər

 

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycanın xarici siyasətində qarşıya qoyulan vəzifələrin ən önəmlisidir. Dövlətimizin başçısının düzgün müəyyənləşdirdiyi siyasi strategiya nəticəsində hazırda dünyanın ən qüdrətli dövlətləri, həmçinin mötəbər beynəlxalq qurumlar münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyini dəstəkləyirlər. Artıq dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və staus-kvonun dəyişməsinin tərəfdarı olduğunu açıq şəkildə bəyan edir. ABŞ-ın nüfuzlu kütləvi informasiya vasitələrindən olan "The İnternational Herald Tribune" qəzetində dərc olunmuş bir məqalədə bu məsələ xüsusi vuğulanaraq bildirilir: "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status - kvonun saxlanılması qəbul edilməzdir. Sovet İttifaqının dağılması ərəfəsində yaranmış xaosdan istifadə edən ermənilər Dağlıq Qarabağı, eləcə də ona bitişik 7 rayonu işğal etmişlər. Ermənistanın BMT - nin qətnamələrinə əməl etməməsi və beynəlxalq birliyin buna göz yumması çox pis presedent yaradır".

 

ABŞ ATƏT-in Minsk qrupunun həmsədri, həmçinin dünyanın super dövlətlərindən biridir. Həmin ölkənin aparıcı kütləvi informasiya vasitələrinin birində Ermənistanın işğalçı dövlət olması bü cür açıq şəkildə öz əksini tapırsa, demək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında artıq zaman Azərbaycanın xeyrinə işləyir. Qeyd edək ki, belə faktlara digər ölkələrin mətbu orqanlarında da mütəmadi olaraq rast gəlinir. Məsələn, Kanadanın "La Presse" qəzetində də Ermənistanın işğalçı dövlət olması faktı öz əksini tapıb. Həmin qəzetdə dərc olunan məqalədə bildirilir ki, "Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir. Lakin bu gün Dağlıq Qarabağda azərbaycanlı qalmayıb. Ermənistan ordusu Dağlıq Qarabağın ətrafındakı Azərbaycanın 7 rayonunu da işğal etmişdir". Bütün bunlar bir daha təsdiqləyir ki, artıq dünya birliyi Ermənistanı işğalçı dövlət kimi tanıyır. Münaqişənin bu vaxta qədər öz həllini tapmaması və ya bu sahədə ciddi irəliləyişin olmaması bilavasitə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Ermənistan öz işğalçılıq missiyasından əl çəkməyənə qədər münaqişənin çözülməsində problemlər aradan qaldırılmayacaq. Ona görə də beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidirlər. Bəzi beynəlxalq qurumların hələ də ikili mövqe nümayiş etdirmələri təəssüf doğurur. İşğalçı dövlətə qeyri-konstruktiv mövqeyini davam etdirməyə imkan yaradır. Azərbaycan tərəfinin əsas istəyi və tələbi odur ki, beynəlxalq qurumlar və dünya ictimaiyyəti Ermənistanın bu mövqeyinə qarşı qətiyyətli olsun. BMT-nin bəzi ölkələrlə əlaqədar qəbul olunmuş qətnamələri dərhal icra olunduğu halda, Dağlıq Qarabağla bağlı qətnamələr 19 ildir ki, icra olunmamış qalır. Bu da insanların haqlı narazılığına səbəb olur.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan tərəfinin də iştirak etdiyi beynəlxalq miqyaslı tədbirlərdə işğalçı dövlətin törətdiyi ağlasığmaz vəhşiliklər barəsində ətraflı məlumat verməsi artıq Ermənistanı beynəlxalq aləmdə küncə sıxışdırıb. Bu günlərdə Bakıda keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyasında Azərbaycan Prezidentinin çıxışı böyük maraqla dinlənilmiş və sessiyada iştirak edən Ermənistan nümayəndələrini çıxılmaz vəziyyətə salmışdır. Dövlətimizin başçısı Ermənistanın Azərbaycanda törətdiyi vandalizm aktları, günahsız insanlara verdiyi ağlasığmaz işgəncələr barədə məlumat vermişdir. Prezident İlham Əliyev demişdir: "Bizim sosial və siyasi problemlərimizdən biri Ermənistanın təcavüzü və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemidir. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Təxminən 50 min azərbaycanlı Dağlıq Qarabağdan qovulmuşdur. 700 mindən artıq insan Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonundan qovulmuşdur. 250 min azərbaycanlı isə etnik təmizlənməyə məruz qalaraq Ermənistandan çıxarılmışdır. Ümumi olaraq, bir milyon insan qaçqın və məcburi köçkündür. Bu rəqəm 1994-cü ilin göstəricisidir. Təxminən 20 il keçir və Azərbaycanda müsbət demoqrafik vəziyyəti götürsək, onlar hazırda bir milyondan çoxdur. Təbii ki, bu, böyük siyasi, iqtisadi və sosial yükdür. Bu insanların öz yurdlarına qayıtmaq hüququ vardır. Təxminən 20 ildir ki, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz ermənilərin işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Artıq qeyd etdiyim kimi, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkündür. Beynəlxalq təşkilatlar Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qərarlar qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Avropa Parlamenti və Avropa Şurası da bu cür qətnamələr qəbul etmişdir. ATƏT-in zirvə görüşlərində və digər beynəlxalq təşkilatlarda oxşar qərarlar qəbul edilmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara məhəl qoymur və bu qətnamələri yerinə yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir". Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı ermənilərin iç üzünü açaraq onların tarixi saxtalaşdırmaq cəhdlərini puç etdi. Azərbaycan Prezidenti demişdir: "Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Biz tarixi yaxşı bilirik. Bilirik ki, ermənilərin Dağlıq Qarabağa kütləvi şəkildə köçürülməsi XIX əsrdə başlamışdır. Bu bölgə Azərbaycanın tarixi hissəsidir. "Qarabağ" sözü elə bizim sözdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Tarixi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə Dağlıq Qarabağla birgə üzv olmuşdur. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bu isə mövqeyimizi daha da möhkəmləndirir. Tarixi və hüquqi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Beləliklə, biz danışıqların mahiyyətinə gəlirik. Əfsuslar olsun ki, artıq 20 ildir hətta dəqiq olsaq, iyirmi il və bir həftə öncə ATƏT-in Minsk qrupu yaradılıb. Bu təşkilat münaqişənin nizamlanması məqsədilə yaradılmışdır. Əfsuslar olsun ki, iyirmi il ötüb və bu münaqişə həll olunmayıb. Torpaqlarımız hələ də işğal altındadır. Dağlıq Qarabağla qonşu olan rayonlar da dağıntılara məruz qalıb. Şəhərlərimiz yerlə yeksan edilib, məscidlərimiz, əcdadlarımızın qəbiristanlıqları dağıdılıb. Bütün bunlar məhz ATƏT-in qiymətləndirmələrində və hesabatlarında əks olunub. İki dəfə ATƏT öz heyətlərini göndərib. Birinci dəfə faktaraşdırıcı, ikinci dəfə isə sahədə qiymətləndirmə missiyası olub. Həmin dağıntılar hesabatda aydın şəkildə qeyd edilib. Orada Ermənistanın işğalçı qüvvələrinin yerli və dinc əhaliyə qarşı etdiyi hərəkətlər öz əksini tapıb". Möhtərəm Prezidentimiz Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklərin faşizm təcəssümü olduğunu qətiyyətlə bildirdi. Bu müqayisə sessiyada iştirak edən Ermənistan nümayəndələrini qıcıqlandırsa da, fakt faktlığında qalır. Bu gün bu faktları artıq dünya birliyi də təsdiqləyir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, dövlətimizin başçısının qəti mövqeyidir. Avronest Parlament Assambleyasının ikinci sessiyasında Azərbaycan Prezidenti çıxışında demişdir: "Dağlıq Qarabağ münaqişəsinin həlli çox aydın görünür. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir. Bu gün Dağlıq Qarabağdakı insanlar və Dağlıq Qarabağdan qovulmuş şəxslər öz yerlərinə qayıtmalı, sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamalıdırlar. Azərbaycanda çoxmillətli və çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bizim tariximizdə heç vaxt milli və dini zəmində toqquşma və münaqişə olmayıb. Biz müxtəlifliyimizdən fərəhlənirik və fərəh hissi ilə qeyd edirik ki, bir çox millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayırlar. Əslində bu, çox vacibdir və Azərbaycanın vacib dəyəridir. Bu fakt, həmçinin beynəlxalq təşkilatların hesabatlarında əksini tapmışdır"..

Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli artıq dünya ictimaiyyəti tərəfindən də ədalətli varinat kimi qəbul edilib. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu günlərdə ölkəmizdə səfərdə olarkən keçirdiyi görüşlərdə də bu fikri səsləndirmişdir. O, Azərbaycanın və Ermənistanın qarşılıqlı etimadsızlığının Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəblərindən biri olduğunu vurğulamışdır.

S.Lavrov Bakıda Moskva Dövlət Universitetinin filialının tələbələri qarşısında çıxış edərəkən deyib ki, başqa münaqişələrdən fərqli olaraq, beynəlxalq cəmiyyətdə Dağlıq Qarabağ üzrə fikir ayrılığı yoxdur: "Dünyada mövcud olan heç bir digər münaqişə üzrə dünya cəmiyyətinin bu cür birliyi yoxdur. Bu unikal vəziyyətdir və ondan istifadə etmək lazımdır. Lakin əsas qərarı münaqişə tərəfləri özləri qəbul etməlidir". Nazir vurğulayıb ki, münaqişəni məhz əsrlər boyunca birlikdə yaşayan insanlar həll etməlidir. Vasitəçilər isə, Rusiya daxil olmaqla, yalnız sözdə deyil, həm də işdə onlara yardım etməyə çalışırlar. O, son vaxtlar Azərbaycan və Ermənistan prezidentləri arasında daha çox etimadın yarandığını müsbət hal kimi dəyərləndirib. S.Lavrov deyib ki, qonşularımız arasında münaqişə nəticəsində yaranan və böyük sayda insan tələfatına səbəb olan vəziyyət bizi çox narahat edir. Rusiya, ATƏT-in Minsk qrupunun həmsədri kimi öz rolundan başqa, son 2-3 ildə öz təkliflərini irəli sürüb. Xüsusilə, şəxsən Prezident Dmitri Medvedev Azərbaycan və Ermənistan rəhbərlərinə hələ razılaşdırılmayan məsələlərin müzakirəsinə başlamağı təklif edib. Onun sözlərinə görə, bu zaman ərzində bu məsələlərin sayı xeyli dərəcədə azalıb, iki-üç məqam qalıb. Rusiya bu işi davam etdirəcək.

Rusiya XİN rəhbəri həmçinin, münaqişənin hərbi yolla həllinin yolverilməz olduğunu bəyan edib: "Hesab edirəm ki, bu faciə olardı. Postsovet məkanında müharibələr kifayət qədər baş verib".

Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar. Azərbaycan öz ərazisində yaşayan bütün digər millətlərin nümayəndələrinin hüquqlarına təminat verməyə qadir dövlətdir. Azərbaycan Prezidenti ən yüksək tribunalardan çıxışları zamanı da bildirib ki, Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilə bilər və regionda milliyətindən asılı olmayaraq insanların mehriban qonşuluq və dostluq şəraitində yaşamaları üçün bütün imkanlardan istifadə olunacaq. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan xalqı sülh şəraitində yaşamaq istəyir. Dağlıq Qarabağda yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində artıq zaman Azərbaycanın xeyrinə işləyir. Ermənistan tərəfi də bunu dərk etməyə başlayıb. Qeyd etdiyimiz kimi, ötən il həmsədr ölkələr status - kvonun qəbuledilməz olduğunu bəyan etmişlər. Bu bəyanatdan sonra həmsədr ölkələrin konkret addımları olarsa, münaqişəni tezliklə həll etmək mümkün olacaq . Azərbaycanın getdikcə artan gücü və qüdrəti də bunu təsdiqləyir. Hazırda Azərbaycan bölgədə ən güclü orduya malikdir. Ölkəmizin hərbi imkanları Ermənistanda böyük təlaş və təşviş yaratmışdır.

 

 

Xalq qəzeti.- 2012.- 6 aprel.- S. 6.