Dövlətin gənclər
siyasətində yeni mərhələ
Azərbaycanda istər
dövlətçilik məfkurəsinin möhkəmlənməsində,
istərsə də vətəndaş cəmiyyətinin
formalaşmasında yaxından iştirak
edən əsas qüvvə, təbii ki
ölkə gəncliyidir. Gənclik bütövlükdə hər
bir xalqın gələcəyini, inkişaf strategiyasını, milli-siyasi
istiqamətini müəyyənləşdirən və onu bilavasitə təmin edən aparıcı
təbəqədir.
Müstəqilliyimizin
ilk illərində çoxsaylı gənclər təşkilatları
yaransa da, bu qurumların formalaşması hərc-mərclik
dövrünə təsadüf etdiyi üçün kortəbii
xarakter daşıyır, bəzən isə onlardan siyasi məqsədlər
üçün istifadə edilirdi. Lakin bir müddətdən
sonra ölkədə vətəndaş cəmiyyətinin
inkişafı, hüquqi-dövlət quruculuğu prosesi,
dövlətçiliyimizin, ərazi
bütövlüyümüzün bərpası və
qorunması, ümummilli məsələlərin həllində
gənclərin rolunun artırılması,bu sahələrdə
onların səfərbər olunmaları üçün gənclər
barədə xüsusi siyasətin aparılması zərurətini
ortaya qoydu.
Ümummilli
lider Heydər Əliyevin vaxtilə Sovetlər Birliyi dönəmində
Azərbaycana rəhbərliyi dövründə gənclərə
himayədarlıq etməsi, sağlam düşüncəli
yeni nəslin yetişdirilməsini dövlətin mühüm
vəzifəsi hesab etməsi yaşlı nəslin indi də
xatirindədir. Ulu öndər o dövrdə gənclərin təhsilinə
xüsusi qayğı göstərir, hər il yüzlərlə
azərbaycanlı oğlan və qızı SSRİ-nin
müxtəlif şəhərlərindəki nüfuzlu ali təhsil
ocaqlarında oxumağa göndərir, respublikanın gələcəyi
üçün ixtisaslı kadr potensialı
hazırlayırdı. Müdrik rəhbər müstəqillik
dövründə bu siyasəti xalqın təkidi ilə
hakimiyyətə qayıtdıqdan sonra da daha geniş miqyasda
davam etdirdi.
1996-cı
il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin
I forumu keçirildi. Forumda ölkə başçısı
ulu öndər Heydər Əliyev geniş məzmunlu nitq
söylədi. O dedi: "Hər bir Azərbaycan gənci
öz həyat yolunu müstəqil Azərbaycan
Respublikasının gələcək yolu kimi qəbul etməlidir
və öz həyatını qurarkən, özünü həyatda
fəaliyyətə hazırlayarkən və fəaliyyətə
başlayıb onu davam etdirərkən özü haqqında
da düşünməlidir, ailəsi haqqında da
düşünməlidir, ancaq hər şeydən çox, hər
şeydən artıq müstəqil Azərbaycanın bu
günü, gələcəyi haqqında düşünməlidir...Sizə,
əziz balalar, bütün Azərbaycan gənclərinə
öz sevgimi, məhəbbətimi bildirirəm. Əmin ola bilərsiniz
ki, mən bütün dövlət orqanlarının gənclərə
qayğısının artırılmasını təmin edəcəyəm.
Sizə gələcək həyatınızda uğurlar
arzulayıram. Yaşasın Azərbaycan gəncləri!
Yaşasın yenilməz, bölünməz, müstəqil Azərbaycan
Respublikası!"
Bu fikirlər hələ yeni möhkəmlənməkdə olan müstəqil respublikamızda gənclər siyasətinin həyata keçirilməsi istiqamətində əlaqədar dövlət orqanlarının vəzifələrinin müəyyənləşdirilməsində başlıca rol oynadı. Forumdan sonra ümumilli lider tarixi qərarlarından birini qəbul etdi. 29 iyul 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" fərmana imza atdı. Bu fərman çox geniş spektri-gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edirdi. Heydər Əliyevin bu fərmanı dövlət orqanlarının diqqətinin gənclərin problemlərinin həllinə yönəldilməsi baxımından son dərəcə əhəmiyyətli sənəddir və indi də gənclər təşkilatları və gənclər üzrə dövlət strukturları tərəfindən mərhələ-mərhələ həyata keçirilir. Bu tarixi fərmanı, əslində, Azərbaycan gənclərinin həyatında yeni mərhələ, doğru dönüş nöqtəsi hesab etmək olar. Məhz bu fərmandan sonra, 9 aprel 2002-ci ildə " Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu dövlət başçısı tərəfindən imzalandı. Bu qanun Azərbaycanda gənclər siyasətinin hüquqi əsaslarını ifadə edir və bu siyasətin qarşıya qoyduğu prinsipləri vahid konsepsiya halında, ayrıca maddələrlə tənzimləyir. Əslində, gənclər siyasətinin ən yaxşı tərifi də elə "Gənclər siyasəti haqqında" Qanunun 1.0.1 maddəsində aydın şəkildə verilmişdir: "Gənclər siyasəti-gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir".
Sözsüz ki, bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan Respublikasının dövlətçilik ideologiyasının təməl prinsiplərindən biridir. Gənclər, əslində, cəmiyyətin və dövlətin inkişafının qarantıdır. Güclü cəmiyyətin və güclü dövlətin formalaşdırılması üçün sağlam bədənli və sağlam ruhlu gənclərin olması mütləq vacib və əhəmiyyətlidir. Bu baxımdan Heydər Əliyev kursunu layiqincə davam etdirən cənab İlham Əliyev prezident seçilən vaxtdan etibarən gənclərlə iş məsələsinə eyni diqqətlə yanaşır. Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramı haqqında (2005-2009)" fərman imzalandı.Proqramda gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin aradan qaldırılması, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin təşkil edilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr nəzərdə tutuldu.
Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi təmin olunmuşdur. Məhz dövlətin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son iki ildə istər elm-təhsil, istər idman, istərsə də musiqi sahəsində gənclərin nailiyyətləri xeyli çoxalmış və ölkənin beynəlxalq nüfuzuna təsir etmişdir. Buna mayın 14-də Almaniyanın Düsseldorf şəhərində təşkil olunan "Evrovision-2011" beynəlxalq mahnı müsabiqəsində gənc təmsilçilərimizin birinci yeri tutmasını və builki müsabiqənin ev sahibliyi titulunu ölkəmizə gətirmələrini misal göstərmək olar. Bu, gənclərin mədəniyyətdə yüksəlişini təmin etmək üçün dövlət başçısının göstərdiyi diqqət və qayğının real nəticəsi idi. Bu və bu kimi başqa uğurlar Azərbaycan gəncliyinin inkişafına xidmət etməklə yanaşı, dövlətimizin tanınması və möhkəmlənməsi işinə də öz töhfəsini verir.
Nəzərə alsaq ki, Azərbaycan əhalisinin 65 faizini 16-35 yaş arası gənclər təşkil edir və bu kateqoriyaya aid insanlar bütün iqtisadi və siyasi idarəetmə strukturlarında təmsil olunurlar, deməli, gənclər siyasəti xəttini də ölkənin inkişafında aparıcı rol oynayan siyasi strategiyanın tərkib hissəsi hesab etmək olar.
Bu gün Azərbaycanda gənc alimlərin üzə çıxarılması, onlara elmi axtarışlar üçün lazım olan şəraitin yaradılması, gənc şair və yazıçılar üçün mükafatlar təyin olunması, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə Prezident təqaüdünün verilməsi, gənclərin dünya miqyasında yüksək statusu olan universitetlərə və akademiyalara təhsil almağa göndərilməsi, gənc jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan addımlar, mədəniyyət sahəsində fərqlənən gənc sənətkarlar üçün və ölkəmizi dünya idmanı arenasında peşəkarlıqla təmsil edən idmançılarımızın yüksək medallara layiq görülməsi, bir sözlə, üçrəngli Azərbaycan bayrağını hər yerdə yüksəklərə qaldıran, dövlətçilik düşüncəsinin keşiyində duran bütün alovlu gənc vətənpərvərlərə göstərilən etimad və qayğı, bütövlükdə gənclər siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyindən xəbər verir.
Prezident İlham Əliyevin ölkəmizə rəhbər seçildiyi gündən etibarən bu siyasəti uğurla həyata keçirməsinin məntiqi davamı olaraq martın 13-də Masallıya səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etməsi dövlət gənclər siyasətinin xalqımızın rifahı üçün düşünülmüş məqsədyönlü stretegiya olduğunu bir daha təsdiqlədi.Gənclər Mərkəzində pnevmatik tüfəng və tapancadan istifadə etmək üçün atıcılıq zalı, multimedia kitabxana üçün şərait, 5000 qiymətli kitabdan ibarət fond, yüksək sürətli internetə qoşulmuş kompyuter salonu, hər cür tədbirin keçirilməsi üçün konfrans zalı, ən son texnologiyaya əsaslanan səs avadanlıqları, xarici dil kursları, gənclərin asudə vaxtının təmin olunması üçün açıq tipli kafe, 3D formatlı film zalı fəaliyyət göstərəcək. Onu da qeyd edək ki, belə mərkəzlərin açılışı getdikcə ümumrespublika xarakteri almışdır. Gənclər Mərkəzlərinin bütün regionlarda açılması və istifadəyə verilməsi planlaşdırılır. Prezident İlham Əliyev Masallıdakı Gənclər Mərkəzində bir qrup fəal gənci qəbul edərkən proqram xarakterli çıxış etdi və Dağlıq Qarabağ problemi barədə danışarkən dedi: "Ermənistan bizim üçün rəqib deyil, rəqib də ola bilməz. Bizim əsas düşmənimiz bir daha tam məsuliyyətlə deyirəm ki, erməni lobbisidir və onların nəzarəti altında olan qüvvələrdir. Azərbaycana qarayaxma, ləkələmə kampaniyası, xarici mətbuatda uydurmalar, iftiralar erməni lobbisinin fəaliyyətidir. Onlar üçün də bir nömrəli düşmən Azərbaycandır. Nəyə görə? Çünki onlar da bilirlər ki, real qüvvə kimdir və nədir. Dünya erməniləri tərəfindən son illər ərzində elə bil ki, yeni yanaşma müəyyən edilibdir. İndi bir nömrəli düşmən Azərbaycandır. Bilirlər ki, gec-tez biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bilirlər ki, qısamüddətli və uzunmüddətli perspektivdə Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər. Onlar bunu bilirlər, biz də bunu bilirik. Biz özümüzü gücləndiririk ki, daha da qüdrətli olaq və eyni zamanda, işğal olunmuş torpaqlar bizi daha da səfərbər edir. Gün gələcək ki, biz Azərbaycan bayrağını, Xankəndidə, Şuşada qaldıracağıq. Mən buna tam əminəm". Sonra çıxışının sonunda yenə gəncləri bu mərkəzin açılışı münasibətilə təbrik edən Prezident gəncliyə "Azərbaycan Gəncliyi Dövlət Proqramı" nın uğurla icra ediləcəyini və qarşıda gənclərimizin daha da yüksək tərəqqisi üçün bütün imkanların yaradılacağını bildirdi.
Göründüyü kimi, Azərbaycan dövləti gənclərimizin həm fiziki, həm maddi-mənəvi, həm də əqli-intellektual inkişafını reallaşdırmaq üçün bütün mümkün variantlara əl atır və gənclərin təşəbbüslərini dəyərləndirir. Bütün bunlar Azərbaycanda gənclər siyasətinin "Gənclər siyasəti haqqında" Qanuna müvafiq, onun bütün prinsiplərinə tam uyğun şəkildə aparılmasının və icra edilməsinin təcəssümüdür. Məhz bu böyük dövlət siyasətinin getdikcə daha uğurla həyata keçirilməsi sayəsində Azərbaycan gəncliyi xalqımızın rifahının və dövlətimizin inkişafının icraçısına çevrilir.
Anar TURAN,
AMEA Tarix İnstitutunun
dissertantı
Xalq qəzeti.- 2012.-
7 aprel.- S. 5.