"Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti"

 

Müstəqilik illərində tarixi ərazimiz olan Ermənistanda - Qərbi Azərbaycanda baş verən hadisələrdən bəhs edən çoxlu kitab, daşnakların insanlığa qarşı törətdiyi cinayətlərdən bəhs edən minlərlə məqalə işıq üzü görüb. Onların içərisində öz sanbalına, material bolluğuna, faktların təhlil süzgəcindən keçirilməsi səviyyəsinə görə seçilənləri çoxdur.

 

Xüsusilə, qədim torpağımızın ayrı-ayrı bölgələrinin - Vedibasar, Zəngibasar, Göyçə, Dərələyəz, Zəngəzur, Gorus, Qafan, Ağbaba haqqında kitabları, Qərbi Azərbaycanın toponimlərinə, abidələrinə, dialekt və şivələrinə həsr olunmuş əsərləri ürək ağrısız oxumaq olmur. Axı, Dədə Qorqudun gəzib-dolaşdığı, Koroğlunun nərə çəkdiyi, gözəllərimizin iz qoyduğu yerləri necə unutmaq olar? Bu torpağın yetirdiyi min bir bayatısı ilə könülləri oxşayan nənələrimizi, elm, ədəbiyyat və incəsənət xadimlərini, işıqlı ziyalılarımızı yaddaşlarımızdan silsək, özümüzü də inkar etmiş olarıq. Axı keçmişinə güllə atanı gələcək topla qarşılayacaq.

Azəri türklərinin yaşadığı torpaqlar Tanrının onlara bəxş etdiyi elə sərvətlərlə zəngin olmuşdur ki, bu ərazilər həmişə yadellilərin işğal hədəfinə çevrilmiş, zaman-zaman tarixi etnik torpaqlarından deportasiya olunmuş, XX əsrin əvvəllərində Ermənistan əhalisinin yarısından çoxunu təşkil edən azərbaycanlılar sonuncu dəfə - 1988-1991-ci illərdə tamamilə yurd-yuvalarından qovulmuşlar.

Bu baxımdan İbrahim Bayramovun yenicə çapdan çıxmış "Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti" kitabı bir sıra məziyyətləri ilə fərqlənir. Kitab zəngin faktlara əsaslanaraq yazılıb, gətirilən hər bir fakt canlandırılaraq babalarımızın vəsiyyətini bizə xatırladır: "Əzizlərim, yurdunuza, yuvanıza sahib olun, ulu Türk xalqının bizə "torpaqdan pay olmaz" vəsiyyətini unutmayın!".

İ.Bayramov haqlı olaraq birinci fəsli "Qərbi Azərbaycanın tarixi coğrafiyası" adlandırılıb. Bu fəsildə sovetlər dönəmində yazılan əsərlərə münasibətini bildirərək azəri türklərini bu yerlərin aborigen əhalisi olduğunu tarixi faktlar əsasında izah etmiş, bu ərazidə məskunlaşmış kimmer, sak, quqar, şirak, qarqar, peçeneq, xəzər, şadılı, kəngər, Çinli, oğuz, sabunçu, baharlı, ağvan, qacar, qazax, əfşar, xalac, şamlı, ustaclı, türkmən, ayrım, qara papaq, muğanlı, zəngi və digər tayfalar haqqında mənbələrdən topladığı məlumatları oxucunun nəzərinə çatdırmışdır. Müəllif fikirlərini sübut etmək üçün çox da uzağa getməyərək, elə indiki nəslin yaddaşında qalmış İrəvan, Ararat, Şirak, Gümrü, Kotayk, Qafan, Şəki yaşayış məntəqələri haqqında qısa və tutarlı məlumatlar vermişdir. İ.Bayramov Ermənistan adlanan ərazidən tapılmış tarixi abidələr, daş kitabələrdən nümunələr gətirərək azəri türklərinin Qərbi Azərbaycanın aborigen xalqları olduğu qənaətinə gəlir.

Azərbaycan xalqının mənşəyinin öyrənilməsində dini amilin izahı mühüm əhəmiyyət kəsb edir. Məhz bunu nəzərə alan müəllif XI-XIV əsrlərdə indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mülklərin Eçmiədzin kilsəsi və ərazidə məskunlaşan ermənilər tərəfindən ələ keçirilməsinə dair verdiyi cədvəllər problemin açılışına kömək etmişdir.

Monoqrafiyanın ikinci fəsli "Qərbi Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı və rusların bu ərazilərə köçürülməsi"nə həsr olunmuşdur. Müəllif bu fəsildə işğalın səbəblərinin tarixi köklərini, ermənilərdən özlərinə dayaq məqsədilə istifadə üçün onların Cənubi Qafqaza köçürülməsinə dair planlar, erməni-rus münasibətləri Azərbaycan xanlıqlarının işğalında ermənilərin "xidməti", Rusiya - İranRusiya - Türkiyə müharibələri, onların nəticələri haqqında verilən qısa və dolğun məlumatlar oxucuda işğal, işğaldan sonra ərazidə baş verən inzibati dəyişikliklər, (məsələn, İrəvan quberniyasına daxil olan İrəvan, Aleksandropol, Naxçıvan, Yeni Bəyazid, Eçmiədzin, Şərur - Dərələyəz, Sürməli və s.) onların sərhədləri bu dəyişikliklərin nəticələri, yeni yaranmış ərazi-inzibati vahidlərin sərhədləri, ərazisi, hüdudları, etnik tərkibi, rusların Qərbi Azərbaycan ərazisinə köçürülməsini əks etdirən cədvəlbu köçürülmənin azəri türklərinə qarşı aparıldığı haqqında tam təsəvvür yaradır.

"Ermənilərin kütləvi surətdə Qərbi Azərbaycan ərazisinə köçürülməsi" adlanan fəsil həm məzmununa və həm də faktların zənginliyinə görə fərqlənir. Burada ermənilərin köçürülməsinin səbəbləri, məqsədi, "Erməni vilayətinin" yaradılması rus müəlliflərinin özlərinin dili ilə açıqlanmış, aparılmış kameral sayımlardan sonra ərazidə etnik dəyişiklilərin miqyası cədvəllərin müşayiəti ilə göstərilmişdir. Yuxarıda qeyd olunduğu kimi, İ.Bayramov digər müəlliflərdən fərqli olaraq, əhali tərkibində baş vermiş dəyişiklikləri, süni surətdə erməni ərazisinin etnik azəri torpaqlarında yerləşdirilməsinin nəticələrinə dair faktları ümumi konteksdə deyil, ayrı-ayrı mahallar, hətta kəndlər üzrə oxuculara çatdıra bilmişdir.

Müstəqillik illərində azərbaycanlıların Qərbi Azərbaycandan - tarixi-etnik torpaqlarından deportasiyası və ermənilərin törətdikləri soyqırımı haqqında çox yazılıb. İ.Bayramov isə həmin müəlliflərdən fərqli olaraq, "Azərbaycanlıların Qərbi Azərbaycandan - tarixi etnik torpaqlarından deportasiyası və ermənilərin törətdikləri soyqırımı" adlı IV fəsildə 1828-ci il Türkmənçay müqaviləsindən sonra baş verən hadisələr, ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinin başlanması, XX əsrin əvvəllərində ermənilərin Bakıda və Azərbaycanın, həmçinin Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində törətdikləri soyqırımı hadisələrini faktlarla, şahidlərin dili ilə açmağa müvəffəq olmuşdur.

Müəllifin 1918-1920-ci illərdə törətdilən çoyqırıma dair gətirdiyi rəqəmlər insanı heyrətə salır. Müəllif qeyd edir ki, təkcə Zəngibasar dairəsində 48 kənd tamamilə dağıdılmış, 160 min əhali yurdsuz-yuvasız qalmış, Vedibasar dairəsindən 168 kənd, Dərələyəzdən 74 kənd yerlə-yeksan edilmişdir. Müəllifin Eçmiədzin, Sürməli qəzalarındakı vəziyyət haqqındakı məlumatları soyqırımın təbiəti və coğrafiyası və bunun nəticəsində Ermənistan SSR yaradılması haqqında təsəvvür yaradır.

İ.Bayramov SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür - Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı, 1948-ci martın 10-da əlavə olaraq qəbul edilən "Ermənilərin SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür - Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərarlarına əsasən 150 min azərbaycanlının deportasiyasının xarakterini, mahiyyəti və nəticələrini mənbələr, arxiv və mətbuat materialları, statistik külliyyatlardan topladığı fakt və rəqəmlərin dili ilə aça bilmişdir. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindən deportasiyasına aid tərtib olunmuş cədvəllər, əhalinin deportasiya olunduğu 156 kənd, deportasiya nəticəsində xarabazara çevrilmiş kəndlər haqqında məlumatlar deportasiyanın və Kremlin ermənilər vasitəsilə azəri türklərinə qarşı törətdiyi cinayət aktı haqqında təsəvvür yaradır. Müəllif belə qənaətə gəlir ki, deportasiyanın davamı 1988-1991-ci illərdə başa çatmış, beləliklə, "Türksüz Ermənistan" yaradılmış, 1988-1991-ci illərdə 300 mindən artıq azərbaycanlı doğma yurd-yuvasından - Qərbi Azərbaycandan deportasiya olunmuşdur.

İbrahim Bayramovun monoqrafiyasının beşinci fəsli "Mənəvi soyqırım: tarixin qan yaddaşı" adlanır. Bu fəsil, əslində, Ermənistan hökumətinin apardığı mənfur siyasətin həyata keçirilməsinə - azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsinə həsr olunmuşdur. Müəllif bu fəsildə türk mənşəli toponimlərin dəyişdirilməsini 6 mərhələyə bölərək - 1918-1920, 1920-1930, 1930-1960, 1960-1980 və 1991-ci illərdə dəyişdirilən toponimlərin yaşayış məntəqələrinin qədim adı, dəyişdirilmiş məntəqələrin yeni adı, onun yerləşdiyi rayonili göstərilməklə, əslində, böyük bir elmi-tədqiqat müəssisəsinin görə biləcəyi missiyanı yerinə yetirmişdir. Məsələn, müəllif göstərir ki, 1918-1920-ci illərdə 17, 1920-1930-cu illərdə 11, 1930-1960-cı illərdə 330, 1960-1980-ci illərdə 103, 1991-ci ildən sonra 194 yaşayış məntəqəsinin, ümumilikdə 1918-1991-ci illərdə 849 yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Bununla kifayətlənməyən daşnaklar 40 yaşayış məntəqəsinin adını hətta iki dəfə dəyişmişlər. Beləliklə, İ.Bayramov əsl vətəndaş mövqeyi nümayiş etdirərək adları xəritədən silinmiş toponimləri bərpa etməyə, onu yaddaşlara və ürəklərə köçürməyə səy göstərmişdir. Bu fədakarlıq üçün ona təkcə minnətdar olmaq kifayət deyil, onun başladığı davam etdirilməlidir.

Fəslin sonunda bu günümüz və gələcək tədqiqatlarımız, həmçinin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq. "Qərbi Azərbaycanda (indiki Ermənistanda) dəyişdirilmiş türk adlarının (621 ad), oronimlərin (16 ad), hidronimlərin (27 ad), həmçinin Qərbi Azərbaycanda azərbaycanlıların yaşadığı kəndlərdə olan tarixi abidələrin rayonlar üzrə (116 abidə) siyahısını əks etdirən cədvəllər verilmişdir. Cədvəllərin üstünlüyü ondadır ki, orada qeyd olunan adların dəyişdirilməsi haqqında Ermənistan hökumətinin fərmanlarının tarixi göstərilmişdir. Bu isə təkzibolunmaz bir fakt olaraq türk mənşəli adların dəyişdirilməsinin dövlət siyasətinin bir hissəsi olduğunu sübut edir.

Monoqrafiyanın nəticə hissəsində görülmüş işlərə qısa yekun vurulmuş, Azərbaycan, rus və erməni dillərində istifadə olunmuş əbədiyyat göstərilmişdir.

İ.Bayramovun monoqrafiyasını həyəcansız oxumaq olmur. Onun hər sətrində Vətən həsrəti, yurd sevgisi, torpağa bağlılıq və vətəndaşlıq qeyrəti dayanmışdır.

Sonda üzümü yazarlara və gənclərə tutaraq ulu öndər Heydər Əliyevin bir kəlamını xatırlatmaq istəyirəm: "Azərbaycanın hər bir gənci öz xalqını, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o millətini qiymətləndirə bilməz".

 

 

Mais ƏMRAH,

tarix elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2012.- 8 aprel.- S. 8.