Xoşbəxt o insandır ki...

 

Mədəniyyət tariximizin elə görkəmli simaları var ki, illər keçsə də onlar unudulmur, yaddaşlarda, xatirələrdə yaşayırlar. Belə simalardan biri də milli teatr və kino sənətimizin görkəmli xadimlərindən olan Mustafa Mərdanovdur.

 

Onun ömür yolu Tiflisdən başlamışdı. Buradakı Şeytanbazar məhəlləsində dünyaya göz açan Mustafanın balaca yaşlarından oxumağa və oynamağa meyl göstərməsi onu 1905-ci ildə Tiflis gimnaziyasına gətirib çıxarır. O aktyor olmaq istəyirdi. Nəhayət, Gənc Mustafa 1909-cu ildə bu arzusunun reallaşması yolunda ilk addımını atır. Mustafa həmin il öz həmyaşıdlarının iştirakı ilə (bunların arasında sonradan Gürcüstanın xalq artisti adına layiq görülmüş İbrahim İsfahanlı və Tiflis teatrının aktyoru Nadir İbrahimov da olmuşdur) Azərbaycan dilinə tərcümə edilmiş "Xor-xor" vodevili əsasında tamaşa hazırlayır. Mustafa Mərdanov və dostları bu tamaşanın müvəffəqiyyətindən ruhlanaraq tamaşanı bir həftədən sonra təkrar göstərir və qrim etmək üçün Tiflis teatrının aktyoru Mirzəxan Quliyevi dəvət edirlər. Mirzəxan Quliyev tamaşada Seyfulla rolunda çıxış edən Mustafa Mərdanovun oyununu bəyənir və bu barədə onun atasına məlumat verir, gənc "aktyoru" tərifləyir. Beləliklə də Mustafa Mərdanovun böyük səhnəyə çıxması üçün "yaşıl işıq" yanır. 1910-cu ildən başlayaraq o, Tiflis teatrının aktyorları ilə dostlaşır və teatrın tamaşalarında iştirak edir. Mustafa Mərdanov bu teatrın aktyoru və təşkilatçısı Mirzəli Abbasovun məsləhətlərindən xeyli faydalanır və bir aktyor kimi özünü təsdiq edir. Onun bu teatrda ilk rolu J.B.Molyerin "Zorən təbib" komediyasında nökər Valerik olur. Tamaşanı Mirzəxan Quliyev hazırlamışdı. Aktyorun xatirələrindən: "Birinci rolu alandan sonra bir neçə gün iştaham tamam kəsildi, boğazımdan su da keçmədi. Görüb-götürmüş aktyorlara yanaşı oynayacağım rol haqqında onlardan məsləhətlər alırdım. Nəhayət, tamaşa günü gəlib çatdı. Hər gün gördüyüm teatr binası elə bil dəyişmişdi, nə üçünsə qorxurdum. Səhnənin yolunu güc-bəla ilə tapıb artistlərin otağına gəldim, geyinməyə başladım. Sözün doğrusu, nə cür oynadığım yadımda deyildir, ancaq dedilər ki, yaxşı oynamışam".

Mustafa Mərdanovun bu teatrda ikinci rolu "Hacı Qəmbər" ("Yağışdan çıxdıq yağmura düşdük", Nəcəf bəy Vəzirov) tamaşasında Hacı Qəmbər olur. Mirzəli Abbasovun hazırladığı tamaşa Zubalov Xalq Evində (indiki K.A.Marcanaşvili adına teatr) göstərilir. Mustafa Mərdanov bu tamaşada da uğur qazanır. Lakin bu uğur ona bir məyusluq da gətirir. Aktyorun xatirələrindən: "Gördüm ki, tamaşaçılar əl çalırlar. Bu məni ruhlandırdı. Sevincək aktyor otağına tərəf yollandım. Birgördüm gimnaziyanın inspektoru qapının ağzında dayanıb. O, məni Hacı Qəmbərin paltarında, qrimdə görüb belə dedi: - Sinifdə bir kəlmə danışa bilmirsən, dilin topuq vurur, burada dil-dil ötürsən. Atana de ki, sabah gəlib sənədlərini aparsın.Ertəsi gün məni artistlik etdiyimə görə gimnaziyadan qovdular". Bir müddət sonra Azərbaycan səhnəsinin məşhur aktyoru Hüseyn Ərəblinski Tiflisdə olarkən Mustafa Mərdanov bu barədə ona məlumat verir. Hüseyn Ərəblinskinin məsləhəti ilə Mustafa Mərdanov müvəqqəti olaraq səhnədən ayrılır və gimnaziyada təhsilini davam etdirir. Ancaq boş vaxtlarında yenə teatra gedir, aktyorların məşqlərinə baxırdı. Bir müddətdən sonra yenidən səhnəyə qayıdır və burada professional bir sənətkar kimi yetişir, püxtələşir. Mustafa Mərdanov 1910-cu illərdə bu teatrın bir dəstə aktyoru ilə İrəvan, Təbriz və İstanbul şəhərlərinə qastrola getmiş, bu qastrolların təşkilatçılarından və iştirakçılarından biri kimi tanınmışdır. Onun sənət dostları ilə növbəti səfəri Təbrizə olur. Bu səfər zamanı yuxarıda qeyd olunan tamaşalarla yanaşı ("Ölülər"dən başqa), "Əlli yaşında cavan" və "Nadir şah"ı, habelə bir sıra vodevilləri Təbriz və Mərənd tamaşaçılarına təqdim edirlər. Mustafa Mərdanov 1921-ci ildən fəaliyyətini rəsmi olaraq Tiflis Azərbaycan Dövlət Dram Teatrında davam etdirir. O, 1922-ci ildə bu teatrın Bakı şəhərində göstərdiyi qastrol tamaşalarında iştirak edir. Daha sonra Azərbaycan hökuməti tərəfindən bir neçə aktyorla birlikdə ali təhsil almaq üçün Moskvaya göndərilir. 1924-cü ildə Aaeuea gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirir. Sənətdə qazandığı ilkin uğurlar onu daha da ruhlandırırdı. O, istəyirdi ki, Azərbaycanda da teatr sənəti yüksək inkişaf tapsın, burada da ən qiymətli əsərlər tamaşaya qoyulsun. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər idi. O, obrazı sadəcə yaratmırdı, onunla yaşayırdı, nəfəs alırdı. Mustafa Mərdanovun hələ ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü idi. Onun ətrafında böyük sənətkarlar çalışırdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq yağmura düşdük"də Qəmbər, "Nadir şah"da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Azərbaycan teatrında daha ciddi rollar oynamalı oldu.

O vaxtlar Mustafa müəllimin Xlestakovunu ("Müfəttiş") qəzetlər kifayət qədər tərifləyirdilər. Elə İmamverdi ("Sevil"), Luka ("Həyatın Dibində"), Şmaqa ("Günahsız Müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında dəfələrlə dram teatrının səhnəsində tamaşaçı alqışları ilə qarşılanmışdır. Mustafa Mərdanovun teatr yaradıcılığı böyük bir dövrü əhatə edir. O, milli aktyorluq sənətimizi öz gəlişi ilə zənginləşdirdi, ona yeni rənglər, çalarlar gətirdi.

Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı. Çünki onun aktyor plastikası, sifət cizgiləri, obrazı qavramaq bacarığı kino aktyoru üçün olduqca vacib idi.

Muzdur Qulu ("Bismillah"filmi) onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi kimi çox qiymətlidir. Səssiz kinomuzun dəyərli nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdi. Bir il sonra isə ekranlarımızda Aleksandr Litvinovun "Müxtəlif sahillərdə " ("Əlbəyaxa") filmi göstərildi. Aktyor bu filmdə Abbas rolunda çəkilib. Filmdə onun qəhrəmanı yerli mütəxəssisdir. Amerikadan dəvət olunmuş mütəxəssislərlə Abbasın tərəfdarları arasında baş verən münaqişə filmin əsasını təşkil edir. Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə "Hacı Qara" filmindəki Kərəməli oldu. Bu nökər obrazını o, çox istedadla ifa etmişdi.

Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən "Sevil" filmində aktyor Atakişinin rolunu ifa etdi. Atakişi rolu əslində çox mürəkkəb xarakterdir. Çünki o, çox ciddi psixoloji vəziyyətlərlə qarşılaşır, düşdüyü mühit, oğlu Balaşın azğınlığı onu sarsıdır. O, bütün vəziyyətlərdə obrazı təbii təqdim edir tamaşaçı qəhrəmanın taleyinə həqiqətən acıyır.

Mustafa Mərdanov rollarında bəzən tamamilə başqalaşır. Məsələn, elə "Lətif" filmindəki qolçomaq əlaltısı Ələsgəri yada salmaq kifayətdir.

1932-ci ildə kinorejissor Nikolay Şengelaya "Azərfilm"də çəkdiyi "İyirmi altı komissar" filmində ona menşevik rolunu vermişdi. Bu rol kiçik olsa öz hərəkətləri, jestləri ilə yadda qalır.

Ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranmış əksər filmlərdə bu aktyora rollar verilirdi o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi.

Amma qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi Mustafa müəllimin yaradıcılığında yeni bir hadisə idi. Belə ki, o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli Təhməz menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.

Mustafa Mərdanov, demək olar ki, hər il filmə çəkilirdi. "Kəndlilər"dən sonra 1940-cı ildə "Yeni Horizont" (trest müdiri) 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə tamaşaçı diqqətindən yayınmır. 1955-ci ildə "Görüş" filmində kolxozçu rolunu ifa etdi.

Bu böyük sənətkarın kinomuzda ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki "intellegent" Həsən bəy oldu. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhval-ruhiyyə doğurur. Aktyor filmdə tamamilə özgələşir, onun istedadlı ifası tamaşaçını, sözün əsl mənasında, heyrətləndirir. "Əhməd haradadır?" filmində Məhəmməd kişi rolu Mustafa müəllimin yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. Yalnız bundan sonra 1968-ci ildə biz onu "Qanun naminə" filmində gördük. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu. Müstəntiq Murtuzov əslində yaramaz, öz peşəsinə xəyanət edən, min bir fırıldaqdan çıxan insandır. O, hər vəch ilə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulmuşdu. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır. Elə həmin ilin dekabrın 12-də Mustafa Mərdanov əbədi olaraq gözlərini yumdu. Bu böyük sənətkarın ölüm xəbəri onun minlərlə pərəstişkarını qəlbən sarsıtdı.

Onun uzun illik yaradıcı əməyi yüksək qiymətləndirilmiş, Azərbaycanın xalq artisti kimi yüksək fəxri ada layiq görülmüş, Qırmızı Əmək Bayrağı ordeni medallarla təltif olunmuşdur. "50 il Azərbaycan səhnəsində. Xatirələrim" kitabı 1959-cu ildə çap edilmişdir. Ölümündən sonra - 1973-cü ildə "Mənim müasirlərim" xatirə kitabı nəşr edilib oxuculara çatdırılmışdır. Mustafa müəllim bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik etmişdir.

Xoşbəxt o insandır ki, xalqı, milləti üçün böyük mənəvi irs qoyub gedir. Bu böyük sənətkarın bizə yadigar qalan film qəhrəmanları da onun xatirəsini hələ uzun illər yaşadacaq.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 8 aprel.- S. 7.