Nizami poeziyasının rasionalist və kosmoloji paradiqmaları

 

(Əvvəli qəzetimizin 7 aprel 2012-ci il tarixli sayında)

 

Nizaminin günəş sisteminin heliosentrik quruluşunu təqdir etməsinin həm poetik, həm də elmi biliklər səviyyəsində təsdiqi var. Onun günəş sisteminin quruluşu haqqında söylədikləri şairin dövrün Avropa alimlərindən daha düzgün təsəvvürə malik olduğunu göstərir. Bundan daha maraqlı məqamsa odur ki, o zaman sonuncu planet hesab olunan Saturnun halqaları haqqında məlumat Nizamiyə bəlli imiş.

 

Bu halqaları Avropada Nizami dövründən çox-çox sonralar Qaliley özünün düzəltdiyi teleskop vasitəsilə görmüşdü. Saturnun halqaları yer kürəsinin yox, bu planetin ətrafına dövr etdiyi üçün Ptolomeyin geosentrik sisteminə uyğun gəlmirdi. Çünki bu sistemdə bütün səma cisimləri yalnız Yerin ətrafına dolanmalı idi. Deməli, artıq o dövrdə Nizamidə Biruni tərəfindən irəli sürülmüş heliosentrik sistem haqqında bilgi varmış. Ancaq şair yüzillər boyu əvvəlcə antik, sonra isə Şərq elmində aparıcı mövqe tutmuş, bir növ kanonlaşdırılmış Ptolomey təlimini pozmaq istəməmiş, hər iki təlimdən xəbərdar olduğu halda onların arasında orta mövqe nümayiş etdirməyə üstünlük vermişdi. Onun poeziyasında heliosentrik sistem mücərrəd təşbeh formasında, geosentrik sistem isə daha sadə formalarda ifadə olunur. Misal üçün, Nizami bir qeyddə özü haqqında belə yazır: "Qısa müddət ərzində Saturnun dairəsi ilə Yer kürəsinin mərkəzi arasında yerləşən fənlərin hamısını öyrənib bütün elmlərdən xəbərdar oldum". Bu yanaşma sırf ənənəvi yanaşmadır və geosentrik sistemi ifadə edir. Burada əks nöqtələr arasındakı məsafə yerin mərkəzi fırlanma oxundan Saturna qədər olan məsafədir. Ancaq Nizami elə həmin qeyddə "Yer" deyil, "Yerin mərkəzi" kimi maraqlı ifadə işlədir. Bununla o, Yerin kürə şəklində olduğunu təsdiqləyir. Əlbəttə, bu nümunədə məkan kosmik fəza olduğundan məntiqlə "mərkəz" anlayışı müstəvi deyil (qədim bəsit təsəvvürlərdə olduğu kimi), kürəvi səciyyə daşımalıdır. Həmin ifadə həm də Nizaminin geologiyaya, geofizikaya, təbiətşünaslığa olan marağını göstərir.

Təbiətən mühafizəkar olan Nizami ciddi diskussiyalara səbəb ola biləcək empirik fikirlərini poetik obrazlarla pərdələyir, bununla da özünü mümkün hücumlardan sığortalayırdı. Nizami əsərlərində göstərmişdi ki, heç zaman başını hökmdarların qılıncı altına verməyib. Təbiət elmlərinə və göy mexanikası qanunlarına böyük maraq göstərən, təcrübəni elmi sübutun təməl prinsiplərindən hesab edən Nizaminin bu bilgiləri məhz poeziyada tətbiq etməsi, maddi imkanı olduğu halda, dövrün mühüm elm və mədəniyyət mərkəzləri olan Bağdadda, Hələbdə, Qahirədə təhsil ala biləcəyi halda öz doğma şəhərindən qırağa çıxmaması bir şəxsiyyət kimi onun daxilən səbatlı, dayanıqlı olmasından, mühafizəkar meyİllərindən xəbər verir.

Göy mexanikası sahəsində Nizaminin çox mühüm görüşlərindən biri də özündən çox-çox sonra, XVIII əsrdə ingilis fiziki İ.Nyutonun kəşf etdiyi ümumdünya cazibə qanunu ilə bağlı olan təsəvvürlərdir. Şair Biruni, Fərabi, Ömər Xəyyam və başqa Şərq mütəfəkkirlərinin görüşlərinə istinad edərək ümumdünya cazibə qanununu şeir dili ilə əsaslandırmış, planetlərin məhz bu qanuna tabe olduğunu göstərmişdi. Nizami "Xosrov və Şirin" poemasında hər hansı bir müəmma olmadan, çox açıq şəkildə yazmışdı: "Hər şey Kainatda cəzbə bağlıdır". Bu misrada Kainat sözü çox mühümdür, çünki söhbətin məhz planetlərarası kosmik fəzadan getdiyini göstərir.

Nizaminin kosmoloji təsəvvürlərinin formalaşmasına astrologiyanın (nücum elminin) da müəyyən təsiri var idi. Güman ki, bu təsir şairin öz şəxsi dünyagörüşünün məhsulu olmayıb qədim zamanlardan bir növ dəb halını almış kübar səciyyəli meyllərlə əlaqədar idi. Nizami bürclərin vəziyyətinin insan taleyinə təsir göstərə bilməsinə etiraz etməsə də (burada onun mühafizəkar təbiəti aydın görünür), astroloji bilgilərdən əsasən poetik təşbehlər üçün istifadə etmişdi. Xüsusən "Sirlər xəzinəsi"ndə belə bədii metaforalar çoxdur. Poemanın "Peyğəmbərin meracı" bölməsində şair peyğəmbər (s.) surətinin qüdrətini, mənəvi yüksəkliyini daha dolğun təşbehlərlə əks etdirmək üçün öz astroloji biliklərindən məharətlə istifadə edir. O, bu bölmədə Xərçəng, Tərəzi, Əqrəb, Oğlaq, Oxatan və başqa bürclərin adlarını çəkir.

Nizaminin rasionalist baxışlarından danışarkən onun təbiəti küll halında əhatə etməsini də unutmaq olmaz. Şairə görə, göylər öz fiziki xassələri ilə heç də yerdən tam fərqli deyillər və kainatda baş verən fiziki proseslər biosfera ilə birbaşa əlaqədədir.

Təbiətşünaslığa olan bu obyektiv baxış Nizaminin elmi dünyagörüşündə müstəsna rol oynayır. Şair yer kürəsində gedən bio-fizioloji proseslərdə səma cisimlərinin birbaşa rol oynadığını göstərməklə kosmoloji təsəvvürlərdən mistik pərdəni qaldırmış, günəş sisteminin üzvi bağlılığını və yer kürəsinin də bu bağlılıq çərçivəsində inkişaf etdiyini açıq demişdi. Nizaminin bu görüşləri hər şeydən öncə səmanın ilahi təbiətini aradan qaldırmış, onu sırf maddi məkana çevirmişdir. Nizami zəmanəsinin bəzi başqa mütəfəkkirləri kimi səmanı ilahi məkan deyil, ilahi gücün xəlq etdiyi məkan kimi anlayır və bu baxımdan onu materiyanın başqa subyektlərindən fərqləndirmir. "Sirlər xəzinəsi"ndə peyğəmbər (s.)-in meracından bəhs edən şair onun səmada maddi aləmin hüdudlarından çıxdığını söyləyir. Peyğəmbər göylərdə maddi aləmdən kənara çıxır və hətta öz cismini də tərk edir. Cismi olmadığından hərəkət zamanı onun ayaqları da ağrımır. Buradan aydın olur ki, istənilən halda Nizami göy sferasına yalnız maddi aləmin tərkib hissəsi kimi baxır və onu ilahi məkan hesab etmir. Şair ilahi qüvvənin maddi aləmi yaratma qüdrətini təsdiq edir, ancaq onun özünün bu yaranışın fövqündə dayandığını vurğulayır. Bununla şairdə özünü hərdən büruzə verən panteist meyllərin ilahi transendentalizmi istisna etmədiyi aydın olur. Nizaminin fikrincə, maddi aləm Tanrının sübutudur, onun yaradıcılığının gerçəkləşmiş formasıdır. Bu baxımdan o, yenə də panteizmə yaxınlaşır. Ancaq maddi aləm olan fəzada ilahi güc yerləşməsi kimi bəsit fikri şair qəbul etmir. Məhz buna görə də merac zamanı göyə yüksələn peyğəmbər (s.) bir qədər sonra hətta göylər hüdudunu da tərk edir və bizim fiziki xassələrini təsəvvür edə bilməyəcəyimiz qeyri-maddi aləmə daxil olur.

Səma cisimlərinin biosferə təsirində Nizami, sözsüz, üstünlüyü Günəşə verir. Yalnız XIX-XX əsrlərin ayrıcında biologiyada ətraflı öyrənilən fotosintez prosesini Nizami "Sirlər xəzinəsi"ndə ("İkinci xəlvətin səmərəsi" bölməsində) təsvir etmişdi. Şair ağac yarpaqlarını "günəşin köynəyi" adlandırmış, bununla da biosferin ritmik dövriliyində Günəşin təsirinə işarə etmişdir.

Nizaminin maddi aləmə olan rasionalist baxışları Şərqdə təbiətşünaslığın inkişafına xeyli təkan vermişdir. Şairin əsas xidmətlərindən biri budur ki, o, sadə insanlar üçün əlçatmaz olan, elə də anlaqlı olmayan antik və Şərq mütəfəkkirlərinin dəqiq elmlər, göy mexanikası sahəsindəki elmi düşüncələrini poeziya süzgəcindən keçirmiş, onlara bədii məzmun daxil etmiş, xalq kütlələrinin onlardan xəbərdar olması üçün ədəbi zəmin yaratmışdır.

Nizaminin çoxcəhətli irsi müxtəlif aspektlərdə öyrənilmişdir. Əlbəttə, Nizami irsinin araşdırılmasında ədəbiyyatşünaslığın, eləcə də sənətşünaslığın, tarix elmlərinin, fəlsəfənin daha çox payı var. Azərbaycan, Qərb, rus, İran və Türkiyə alimlərinin çoxu Nizami yaradıcılığının ədəbi tutumuna, fəlsəfi-poetik ahənginə, maarifçi, etik və estetik məzmununa üstünlük vermişlər. Şairin yaradıcılığını tibb, məntiq, musiqişünaslıq, pedaqogika sahələri ilə əlaqələndirən tədqiqatlar da yetərincədir. Nizami ilk növbədə humanist mütəfəkkir, istedadlı söz ustası olduğundan bu yanaşma təbiidir. Ancaq Nizami irsinin, onun metafizik dünyagörüşünün nisbətən az bəlli olan cinahında həndəsə, riyaziyyat, fizika, astronomiya kimi elmlər, təbiətşünaslıq elmləri qərarlaşmışdır. Böyük şairimizin ədəbi irsinin məhz bu aspektdə daha dərindən öyrənilməsi poeziya ilə riyaziyyatın, lirika ilə dəqiq elmlərin istər ədəbi, istərsə də tətbiqi sahədə qarşılıqlı münasibətlərinin daha dərindən başa düşülməsinə öz payını verərdi. Lakin hələlik belə tədqiqatların sayı çox deyil.

 

 

Timuçin Əfəndiyev,

professor

 

Xalq qəzeti.- 2012.- 7 aprel.- S. 5.