Cəlil Məmmədquluzadənin ev muzeyində "Molla Nəsrəddin"dən söhbət açıldı

 

Dünən Azərbaycan mətbuat tarixində önəmli yer tutan və özündən sonra böyük məktəb yaratmış "Molla Nəsrəddin" satirik jurnalının ilk sayının çap edilməsinin növbəti ildönümü münasibəti ilə istedadlı yazar, publisist Cəlil Məmmədquluzadənin ev muzeyində elmi-ədəbi tədbir keçirildi.

 

"M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, həm də mollanəsrəddinçi ədəbi məktəbin nümayəndəsidir" mövzusunda keçirilən tədbir ziyalıların, elm adamları, muzey işçilərinin və məktəblilərin iştirakı ilə daha da canlı, rəngarəng, zəngin təəssüratlarla yadda qaldı.

Tədbiri giriş sözü ilə açan C.Məmmədquluzadənin ev muzeyinin direktoru Pərixanım Mahmudova "Molla Nəsrəddin" satirik jurnalının mətbuat tariximizdə və xalqımızın maariflənməsində önəmli rola malik olduğunu vurğuladı. Onun sözlərinə görə, ətrafına dövrünün görkəmli ziyalılarını, istedadlı qələm sahiblərini toplayan Cəlil Məmmədquluzadə bu jurnalda xalqa sadə dildə müraciət edərək, müxtəlif üslub və priyomlarla, karikaturalarla insanları qəflət yuxusundan ayılmasına səsləyib. Tədbirdə həmçinin "Molla Nəsrəddin" jurnalının ilk sayının məzmunu və onun proqram xarakterli "Sizi deyib gəlmişəm" baş məqaləsinin o dövr üçün əhəmiyyəti və zərurətindən söhbət açıldı. Daha sonra muzeyin elmi işçisi Fazilə Hümbətova "Molla Nəsrəddin jurnalının birinci sayının çapdan çıxması və mollanəsrəddinçilər haqqında " məruzə ilə çıxış etdi. M.S.Ordubadinin mənzil muzeyinin direktoru Lalə Abbasova isə M.S.Ordubadinin tarixi roman janrının banisi, eləcə mollanəsrəddinçi ədəbi məktəbinin nümayəndəsi kimi yaradıcılığından yığcam və ətraflı bəhs etdi. O qeyd etdi ki, istedadlı qələm sahibi roman janrı ilə yanaşı, jurnalda çıxış etdiyi yazıları ilə də onu narahat edən mövzulara münasibət bildirib. Filologiya elmləri doktoru Rəhim Əliyev, filologiya elmləri namizədi Arzu Hüseynova M.S.Ordubadi və Cəlil Məmmədquluzadənin yaradıcılığının oxşar və önəmli cəhətlərindən söhbət açdılar. Qeyd olundu ki, hər iki yazarın yaratdığı əsərlər xalqı maarifləndirməkdən, onun elmlə inkişaf etmək istəməsindən irəli gəlib. Hətta onların satirik yazıları, tənqidi fikirləri də bu sevgidən yaranıb. Tədbirin gedişində Bakı şəhər orta məktəb şagirdlərinin Sabirin şeirlərini böyük həvəs və ustalıqla ifa etmələri, bu şeirlər əsasında qurulmuş bədii səhnəciyin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılandı.

Qeyd edildi ki, "Molla Nəsrəddin" jurnalında çıxış etmiş hər bir ziyalı, qələm sahibinin yaradıcılığının tədqiq edilməsi, eləcə də M.S. Ordubadinin bir mollanəsrəddinçi yazar kimi daim öyrənilməsi vacibdir.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2012.- 8 aprel.- S. 5.