Bakının
simasının gözəlləşməsində
inşaatçılar böyük əmək
sərf edirlər
Azərbaycan Prezidenti İlham Əliyev
bu gün regionlarla yanaşı, Bakı şəhəri ilə
yanaşı ətraf qəsəbələrin də
inkişafına xüsusi diqqət və qayğı göstərir.
Bununla əlaqədar son illər bir sıra tədbirlər həyata
keçirilmişdir. Xatırladaq ki, dövlət
başçımızın imzaladığı
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının təsdiq edilməsi
haqqında" sərəncamın həyata keçirilməsi
paytaxt və ətraf qəsəbələrin sürətli
inkişafına böyük təkan vermişdir.
Hazırda
proqram çərçivəsində paytaxt rayonlarında
tikinti-quruculuq, abadlıq işləri geniş vüsət
almışdır. İndiyədək yol-nəqliyyat sisteminin
əsaslı təmiri və yenidən qurulması, əhalinin
kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi
istiqamətində bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Nəticədə paytaxtın, Bakıətrafı
qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni
siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə
olan tələbatının ödənilməsi, küçə
və məhəllədaxili işıqlandırma sistemlərinin
qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi,
sosial təyinatlı obyektlərin - məktəblərin,
uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət
evlərinin tikintisi və bərpası, müasir avadanlıqla
təchiz edilməsi ilə bağlı xeyli iş
görülmüşdür.
Prezident
İlham Əliyev görülən işləri yüksək
qiymətləndirməklə bərabər, dövrün tələblərinə
uyğun olaraq Bakı şəhərinin və paytaxt qəsəbələrinin
sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsilə
bağlı demişdir: "Bu gün verilən
tapşırıqlar növbəti illərdə icra
olunmalıdır. Şəhərimizdə bütün işlər
yüksək səviyyədə görülməlidir, sakinlərin
rahatlığı üçün bütün şərait
yaradılır, yaradılacaqdır. Bakı şəhərinin
qəsəbələrinin yeni inkişaf proqramının qəbul
olunmasından sonra qəsəbələrə yeni həyat gələcək,
güclü təkan veriləcəkdir. Bütün dövlət
qurumları, yerlərdəki nümayəndələr bu
proqramın icrasında fəal iştirak etməlidirlər.
Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir.
Elə etməliyik ki, Bakı şəhərində
bütün işlər yüksək səviyyədə
getsin".
Mütəmadi olaraq Bakıətrafı rayonların qəsəbə və kəndlərinə baş çəkən Prezident İlham Əliyev burada yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər sosial infrastruktur və kommunal sahələrin vəziyyəti ilə tanış olmuş, müvafiq göstərişlərini vermişdir.
Dövlət başçısının davamlı xarakter alan bu səfərləri Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini və həyata keçirilməsini təmin edir.
Ölkə rəhbəri bütün qəsəbələrdə sürətli iş getdiyini xatırladaraq yaxın dövr ərzində buradakı problemlərin birdəfəlik həll ediləcəyini vurğulamışdır. "Mən tam əminəm ki, 2013-cü ilin sonuna qədər, bəlkə ondan əvvəl bütün məsələlər həll olunacaqdır...Ölkəmiz bu cür inkişaf edir. Ölkənin inkişafı hər bir qəsəbənin inkişafından asılıdır. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, əgər hər bir kəndin, qəsəbənin problemi həll olunarsa, ölkənin bütün problemləri həll olunar".
Paytaxtın, eləcə də Bakıətrafı qəsəbələrin abadlaşdırılmasında, tikinti-quruculuq işlərinin aparılmasında fərqlənən qurumlardan biri də Bakı Tikinti Mexanizasiya Şirkətidir. Adı çəkilən özəl müəssisənin nəzdindəki asfalt zavodunda dünya elminin bu sahədəki ən son uğurlarına əsaslanan texnologiyalar, texnoloji xətlər quraşdırılmışdır. İstehsal prosesi kompyuterləşdirilmişdir. Buna görə də istehsal edilən məhsul sifarişçilər tərəfindən həmişə böyük razılıqla qarşılanır.
Şirkətin istehsal sahələri Bakı şəhərində, Siyəzən və Quba rayonlarında yerləşir. Müəssisə həm də bir sıra Avropa və Türkiyə şirkətlərilə yeni inşaat maşın-mexanizmlər və texnologiyaların respublikamıza gətirilməsi sahəsində sıx əməkdaşlıq edir.
Onu da
xatırladaq ki, sözügedən qurum "Azəravtoyolservis", "Azərenerjitikinti",
ARDNŞ, "Bakıelektrikşəbəkə"ASC və
"Siemens" şirkətilə sıx
istehsal əməkdaşlığı
şəraitində işləyir.
Şirkətin
təsisçisi Akif Nəbiyev
dedi:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamı ilə hər il aprelin 10-u ölkəmizdə "İnşaatçılar günü" peşə bayramı kimi qeyd olunur. İnşaatçıların peşə bayramının təntənəli şəraitdə qeyd olunması dövlətin tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. Ümumiyyətlə, hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsi möhtərəm dövlət başçımızın bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək qiymətdir.
Azərbaycan inşaatının və memarlığının zəngin və qədim tarixə malik olduğunu xatırladan Akif Nəbiyev XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkədə tikinti işlərinin geniş vüsət aldığını, həmin dövrdə bu gün də qiymətli memarlıq abidələri kimi qorunan onlarla yaşayış binası və sosial obyektin inşa edildiyini, nəticədə özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirən Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini diqqətə çatdırdı. Vurğuladı ki, XX əsrin ikinci yarısında, xüsusilə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru daha sürətlə inkişaf etmiş, bu dövrdə Bakı Məişət Kondisionerləri Zavodu, Bakı Dərin Özüllər Zavodu, Şəmkir Su Elektrik Stansiyası, Mingəçevir Dövlət Rayon Elektrik Stansiyası, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, tikinti materialları, yüngül sənaye və s. sahələrin onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Bu proses ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə daha sürətlə inkişaf etmişdir.
Azərbaycan inşaatının və
memarlığının şanlı ənənələrinin
bu gün də davam etdirildiyini diqqətə
çatdıran A. Nəbiyev dedi
ki, ümummilli liderin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında
hazırda ölkə ərazisi başdan-başa
nəhəng tikinti-abadlıq və quruculuq
meydanına çevrilmişdir. Ölkə
rəhbərinin Azərbaycana rəhbərlik etdiyi
dövrü nəhəng tikinti
və quruculuq illəri kimi
xarakterizə etmək olar. Akif müəllim fikrini əsaslandırmaq
üçün diqqəti bəzi faktlara yönəltdi. Bildirdi
ki, bu gün
Azərbaycanda xarici və yerli
sahibkarlara ölkə iqtisadiyyatına sərmayə
qoymaq üçün
münbit şərait yaradılıb. İnvestorlar, o cümlədən
xarici iş
adamları arxayındırlar ki, ölkəmizdə
onların hüquqları qanunla qorunur və qoyduqları vəsait batmayacaq. Bu əminliyin nəticəsidir
ki, xarici
investisiyaların ölkəmizə axını ildən-ilə
sürətlə artır. Bu barədə
Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2011-ci ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında belə demişdir:
"Bununla bərabər, biz 2011-ci ildə investisiya
qoyuluşu sayəsində rekord
göstəriciyə nail ola
bilmişik. İldən-ildə ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcmi
artmaqdadır, böyük templə
artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur.
2011-ci ildə isə
ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə
iki il
ərzində ölkə
iqtisadiyyatına 37 milyard
dollar vəsait qoyulmuşdur.
Əvvəlki dövrdəki investisiyaları
da əlavə etsək görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli,
həm də xarici investorlar ölkə iqtisadiyyatına
maraq göstərirlər.
Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar.
Eyni zamanda, əlbəttə ki, bu investisiyaların
təşkilində dövlət
siyasəti həlledici
rol oynayır".
A.Nəbiyev onu da xatırlatdı ki, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı
üçün bütün
maliyyə mənbələrindən
əsas kapitala 12776,4 milyon manat vəsait
yönəldilib, onun da 7821 milyon manatı tikinti-quraşdırma
işlərinin yerinə
yetirilməsinə sərf
edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas
kapitala yönəldilən
vəsaitin həcmi 27,3, tikinti-quraşdırma işlərinə sərf
edilən vəsait isə 17,5 faiz çox olub. Dövlət mülkiyyətli
müəssisə və
təşkilatlar əsas
kapitala 7482,3, qeyri-dövlət müəssisələri
isə 5294,1 milyon manat xərcləyiblər.
Məhsul istehsalı obyektlərinin inşasında
5502,8, xidmət sahələri üzrə
obyektlərin tikintisində
7273,6 milyon manatlıq
vəsaitdən istifadə
edilib.
Göründüyü kimi, ölkə iqtisadiyyatında daxili investisiyalar üstünlük
təşkil edir. Bu da dövlət tərəfindən həyata
keçirilən məqsədyönlü
iqtisadi siyasətin nəticəsidir. İndi neft
gəlirlərindən qeyri-neft
sektorunun inkişafı
üçün külli
miqdarda investisiya qoyulur. Elə 2011-ci ilin özündə əsas kapitala yönəldilən vəsaitin
80,3 faizi daxili, 19,7 faizi isə xarici mənbələrdən ayrılıb.
Daxili mənbələrdən
yönəldilən vəsaitlərin
67,3 faizi dövlət mülkiyyətinə
məxsus müəssisə
və təşkilatların,
32,7 faizi qeyri-dövlət
mülkiyyətinə məxsus
müəssisələrin payına
düşür.
Akif Nəbiyev sonda onu da qeyd
etdi ki, inşaatçıların, memarların
və layihəçilərin
gərgin əməyi
sayəsində son bir
neçə ildə respublikamızda 200 mindən
çox yeni məktəb binası tikilmiş, müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi və digər səhiyyə obyektləri,
dünya və Avropa standartlarına tam cavab verən olimpiya-idman kompleksləri,
yüzlərlə çoxmərtəbəli
yaşayış binası
istifadəyə verilmişdir.
Eyni zamanda, neçə-neçə
yol qovşağı,
piyada keçidi tikilib istifadəyə verilmiş, piyada keçidləri əsaslı
təmir olunmuş, ümumiyyətlə, ölkədə
80-dən çox avtomobil
körpüsü və
yol ötürücüsü,
onlarla avtomobil yolu və yol
qurğusu istismara verilmişdir. Bu, inşaatçıların məqsədyönlü
fəaliyyətinin bəhrəsi
kimi qiymətləndirilməlidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 10 aprel.- S. 7.