İnşaatçı əməyinə yüksək qiymət verilir

 

Son illər Azərbaycanda təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafı təmin edilmiş, infrastruktur təminatı yaxşılaşdırılmış, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

 

Dövlət başçımız İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair imzaladığı proqramlar aktuallığına, əhəmiyyətinə və miqyasına görə hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər regionlarda iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. Hökumət Dövlət Proqramı əsasında regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, sosial və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmişdir. Dövlət Proqramı regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etmişdir.

Bütün bunları ulu öndər Heydər Əliyevin müstəqillik strategiyasının davamlı qələbəsi hesab edən "Əməkdar mühəndis", "SNT" inşaat şirkətinin baş direktoru Şəmsəddin Aslanov söhbət zamanı dedi:

-Ölkəmizdə həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq işlərində inşaatçıların da zəhməti danılmazdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə bağlı görülən işləri nəzərdən keçirsək, bunu aydın görə bilərik. Başqa sözlə, Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafda, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasında inşaatçılar xüsusilə fərqlənmişlər.

Dövlət başçısı İlham Əliyev bölgələrə etdiyi səfərlər zamanı müxtəlif istehsal müəssisələrinin, yolların, körpülərin, məktəblərin təməlqoyma və açılış mərasimlərində iştirak edərkən inşaatçılarla görüşür, onların qayğıları ilə ciddi şəkildə maraqlanır, gördükləri işlərə görə onlara təşəkkürünü bildirir. Onu da deyim ki, bu səfərlərin hər biri bölgədə yaşayan insanların həyatında müsbət irəliləyişlərə səbəb olur, onların yaddaşında xoş izlər buraxır.

Ulu öndər Heydər Əliyev kimi, dövlət başçısı İlham Əliyev də həm paytaxtın, həm də bölgələrin müasir infrastruktura malik olması, insanların sosial rifah halının yaxşılaşdırılması üçün lazımi tədbirlər görür. Ölkə rəhbəri görülən hər bir işi öz nəzarətində saxlamaqla yanaşı, tez-tez tikinti, yenidənqurma və bərpa obyektlərinə baş çəkir, gərəkli tövsiyələrini verir, eyni zamanda, insanların ürək sözlərini, arzu və təkliflərini dinləyir, həyata keçirilən tədbirlər barədə rəylərini soruşur. Dövlət başçısını xalqa sevdirən xüsusiyyətlərdən biri də məhz bu amildir. Prezident İlham Əliyev demişdir: "Bu gün biz hamımız xoşbəxtik ki, inkişaf edən ölkədə yaşayırıq. O ölkədə ki, orada sabitlik var. O ölkədə ki, vətəndaş cəmiyyəti yaradılıbdır. O ölkədə ki, xalqla iqtidar arasında birlik var, cəmiyyətdə arxayınlıq var, sakitlik var, əmin-amanlıq var. İnsanlar öz işləri ilə məşğul olurlar".

Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdim. Bu da ölkəmizdə inşaatçı əməyinə verilən yüksək qiymətlə bağlıdır. Bununla bağlı diqqəti bir fakta yönəltməyi zəruri sayıram. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan inşaatçılarının ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq 16 dekabr 2009-cu ildə imzaladığı sərəncama əsasən hər il aprelin 10-u Azərbaycanda "İnşaatçılar günü" peşə bayramı kimi qeyd edilir.

Şəmsəddin müəllim daha sonra bildirdi ki, başçılıq etdiyi şirkət "Bakı Baş Tikinti"nin 22 saylı tikinti-quraşdırma idarəsinin bazası əsasında yaradılıb və 1998-ci ildən fəaliyyət göstərir. Ötən müddət ərzində kollektiv tərəfindən neçə-neçə məktəb, uşaq bağçası, yaşayış evi və digər sosial obyektlər tikilib istifadəyə verilmişdir.

Ayrı-ayrı bölgələrdə tikilən zastava, reyestr xidməti binaları, Təhsil Nazirliyinin sifarişilə inşa edilən 100-ə yaxın məktəb binası öz keyfiyyətinə görə diqqəti çəkib.

Sonda Ş. Aslanov dedi ki, inşaatçılarımız qaçqın və məcburi köçkünlər üçün yaşayış komplekslərinin tikintisində də həmişə fərqlənmişlər. Son iki ildə "SNT" şirkəti tərəfindən Bakının Ramana qəsəbəsində 70 və 80 mənzilli, evtikmə kombinatının ərazisində 63 mənzilli, Goranboy rayonunda 60 mənzilli yaşayış evləri, Ağcabədinin Taxta-körpü qəsəbəsində sosial obyektlər, Lənkəran, Şamaxı, Şirvan və digər rayonlarda 20-yə yaxın məktəb tikilib istifadəyə verilmişdir.

 

 

Əjdər KAZIMOV

 

Mədəniyyət.- 2012.- 6 aprel.- S. 7.