Azərbaycanda peyvəndləmə işi necə aparılır?

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin immunoprofilaktika bölməsinin müdiri Afaq Əliyeva ilə görüşüb uşaqların peyvənd olunması ilə bağlı suallarımızı cavablandırmasını xahiş etdik. O, məmnuniyyətlə bu işin necə qurulmasından danışdı. Öncə ölkədə immunlaşdırmanın təşkili və aparılması qaydası haqqında sualımıza aydınlıq gətirdi.

 

- Azərbaycanda milli immunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılmasına yönəlmişdir. Hazırda profilaktiki peyvəndlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 1994-cü ildə təsdiq olunmuş peyvənd təqviminə əsasən həyata keçirilir. Sonradan, yəni 2001-ci ildə hepatit B-yə qarşı peyvəndin tətbiqilə əlaqədar, 2002-ci ildə qızılca-paratit-məxmərəyə qarşı peyvəndin tətbiqi ilə bağlı, 2011-ci ilin iyul ayından isə 5 komponentli hemofilus influenze (Hib) vaksininin (hepatit B, göy öskürək, tetanus, difteriya və b tipli hemofil infeksiyaya qarşı) tətbiqi ilə əlaqədar həmin peyvənd təqviminə əlavələr edilmişdir.

Azərbaycanda 10 infeksiyaya qarşı 7 peyvənd materialından, yəni vaksindən istifadə edilərək peyvənd işləri həyata keçirilir. Peyvənd təqviminə əsasən 1 yaşa qədər uşaqlara 5 peyvənd edilir. Doğum evində 12 saat ərzində yeni doğulanlara hepatit B-yə, 4-7 gün ərzində poliomielit əleyhinə və vərəm əleyhinə (BSJ) peyvənd edilir. Bu iş davamlı olur. Yaşadığı ərazi üzrə sahə həkimi tərəfindən 2 aylığından başlayaraq 6 yaşına qədər tam sağlam uşaqlara təqvimə uyğun peyvəndlər aparılır.

- Hansı hallarda uşaqlara peyvənd etmək təxirə salınır və ya ümumiyyətlə vurulmur?

- Sağlamlıq durumu imkan verməyən uşaqlara peyvənd edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibbi əks-göstərişlərə görə təlimatı var. Tibbi əks-göstərişlər daimi və müvəqqəti olur. Kəskin respirator virus infeksiyası, xroniki xəstəliyin kəskinləşməsi, hər hansı kəskin yoluxucu xəstəlik dövründə müvəqqəti tibbi əks-göstəriş olur. Əgər uşaqda hər hansı nevroloji problem yoxdursa peyvənd edilir. Əks halda isə uşağa fərdi sxem tərtib edilir və göstəriş verilir. Poliklinika rəhbərliyi, sahə həkimi və nevropatoloq bir yerdə peyvəndə əks-göstəriş verirsə, onun müddətini də göstərirlər. Onkoloji, qan xəstəlikləri, immun çatışmazlığı virusu ilə yoluxanlara, nevroloji statusu ağır olan uşaqlara isə bəzi peyvəndlər daimi tibbi əks- göstərişdir. Əgər birinci peyvənddən sonra uşaqda güclü ağrı hissi, qıcolma, yüksək hərarət, allergik reaksiyalar olursa, peyvəndi davam etmək olmaz. Yəni 1-ci peyvənddə ağırlaşma baş verirsə, növbəti dəfə uşaq tərkibində ağırlaşma verməyən vaksinlə peyvənd edilir.

-Doğum evlərində uşağa ilk 12 saat ərzində yoxlamadan keçirmədən və vaksinin onun orqanizmində nə ilə nəticələnəcəyini bilmədən necə peyvənd edilir?

-Həyatının ilk 12 saatında körpə hepatit B ilə peyvənd olunur. Hepatit B rekombinə olunmuş vaksindir, diri deyil. Ona görə 12 saat müddətində edilir ki, əgər ana daşıyıcı olubsa, dölyanı maye ilə uşağa keçmə ehtimalı nəzərə alınır. Virusun gizli dövrü 6 ay çəkir, peyvəndlə isə immunitet bir aya yaranır, virus oyanınca uşaqda xəstəliyə qarşı immunitet yaranır və o yoluxmur. 2011-ci il iyul ayınadək AKDS və hepatit B ayrı vurulurdu, həmçinin poliomielit damcıları verilirdi. İndi isə uşağın 2 ayında ÜST-nın sertifikatını almış 5 komponentli vaksin vurulur. Bu vaksin Hib infeksiyasının törətdiyi çox ciddi yoluxucu - pnevmaniya, sepsis, epiqlotit, septisemiya, septikli artrit, osteomielit, abses, perikardit, meningit xəstəliklərinə qarşı immunitet yaradır.

- Hazırda Azərbaycanda tətbiq edilən vaksinlər hansı ölkədən gətirilir?

- Bu günə bütün vaksinlər Hindistan istehsalıdır. Keyfiyyətlidir.

- Hindistanda yoluxucu xəstəliklərin baş alıb getdiyi heç kimə sirr deyil. O ölkə belə keyfiyyətli vaksin istehsal edirsə, niyə onlarda yoluxucu xəstəliklərdən ölüm halları bu qədər çoxdur? Bəs nə səbəbə Avropa ölkələrindən gətirilmir?

- Avropadan vaksin gətirilməməsinin elə bir səbəbi yoxdur. Hindistanda yoluxucu xəstəliklərin olduğu doğrudur. Amma bunlar peyvəndlə idarə olunan xəstəliklər deyil. Bu vaksinlərlə bağlı xəstəliklərin olmasını eşitməmişəm. Onlar istehsalçıdırlar. ÜST o ölkənin bütün vaksinlərini öz laboratoriyasında yoxlamalardan keçirir və sertifikat verir. Perekvalifikasiyadan keçib Azərbaycana daxil olan bütün dərman preparatları kimi vaksinlər də Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzində yoxlamadan keçirilir və istifadəsinə icazə verildikdən sonra tətbiq edilir. Amma bir həqiqət var ki, bu vaksinlərin köməyilə Azərbaycanda qızılca-məxmərək yox səviyyəsindədir. Uşaqlar arasında paratit, poliomielit, hepatit B yoxdur, difteriya tək-tək qeydə alınır. 2006-ci ildə qızılca-məxmərək əleyhinə 7 yaşdan 29 yaşa qədər bütün əhali peyvənd edilib. 1-6 yaşlarında uşaqlar planlı immunizasiya alır. Təqvimə uyğun immunizasiyanı da davam etdiririk, eyni zamanda, kampaniyalar şəklində də. 2009-cı ildən sonra Azərbaycanda qızılca-məxmərək bir hadisə belə yoxdur. Hətta təsadüfi səpkisi olan xəstələr belə müayinə edilir və bu virus aşkarlanmır. 1995-ci ildən başlayaraq, 2001-ci ilə qədər Azərbaycanda ildə 2-3 dəfə turlar keçirir, uşaqları poliomielitə qarşı peyvənd edirdik. Səhiyyə Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 1997-ci ildən kəskin süst tipli, iflic uşaqlara xüsusi nəzarət edilir. Axsayan, poliomielitə şübhəli olan uşaqlar virusoloji yoxlamalardan keçirilir. 1 yaşa qədər uşaq 4 dəfə - doğum evində, sonra 2 aylığında, 3 və 4-cü aylarında poliomielit alır. Sonra 18 ayında 5-ci peyvəndi alır. 5 peyvənd alan uşaqda poliomielitə qarşı immunitet yaranır və xəstəliyə yoluxmur. Bütün Avropa ölkələrində olduğu kimi 2002-ci ildə Azərbaycan da poliomielitdən azad ölkə statusu almışdır. Difteriya yox səviyyəsinə enib. 2009-2011-cu illərdə qızılca-məxmərək hadisəsi qeydə alınmayıb. Amma nəzarət davam edir ki, aşkarlanmasın və 2015-ci ildə ölkəmiz qızılca-məxmərəkdən eliminasiya olunmuş ərazi hesab edilsin.

- Bir vaxt belə fikir formalaşmışdı ki, qızılca elə xəstəlikdir ki , uşaqlıqda onu çıxarmayan qocalanda belə mütləq qızılca olacaq. Bu fikrə münasibət dəyişib?

- Qızılca ölənə qədər fikrinin üstdən xətt çəkilib. Peyvənd alan şəxslər xəstələnmir. Azərbaycanda 29 yaşa qədər hamı peyvənd alıb. Üstəlik fertil (nəsilartırma yaşı - 29-35) yaşlı qadınlar təzədən peyvənd ediliblər ki, dünyaya gələn uşaqlar da sağlam olsunlar. Hazırda xəstə olmadığından yoluxma zənciri qırılıb.

- Özəl klinikalarda uşaqların peyvənd almalarına münasibətiniz necədir? Nəyə görə belə klinikalarda peyvənd olunan uşaqlarda ciddi reaksiya olmur? Səbəb vaksinlərin Avropa ölkələrindən gətirilməsidirmi?

- Özəl klinikalarda hər bir vətəndaş peyvənd etdirə bilər. Bu valideynlərin seçimidir. Onlarda Belçika, Fransa istehsalı olan vaksinlər olur, amma bu, dövlət xətti ilə gətirilmir. Dövlət xətti ilə Azərbaycana İnnovasiya və Təchizat Mərkəzi tərəfindən bütün dərman preparatları, o cümlədən də vaksinlər gətirilir və soyuq zəncir sisteminə əməl edilməklə paylanır. Özəl klinikalarda peyvənd vurduran valideyn mütləq həmin klinikadan peyvənd edilməsi barədə arayış almalı və sahə həkiminə verməlidir ki, uşağın inkişaf tarixinə yazılsın. Amma o fikirlə razı deyiləm ki, özəl klinikalarda vurulan peyvəndlərdən sonra uşaqlarda heç bir reaksiya olmur, amma dövlətin poliklinikalarında vurulan peyvəndlər hərarəti artırır, ağrı hissi olur, qıcolmalar baş verir və s.

Əslində peyvənd edilən uşaqda hərarətin olması normal haldır, bu o deməkdir ki, orqanizm buna reaksiya verir, immunitet yaradır. Tək-tək hallarda hərarət gün ərzində 2-3 saat yox, bir neçə gün davam edərsə, ağrı hissi çox olarsa və allergik səpkilər yaranarsa, hökmən həkimə xəbər verilməlidir. Biz əvvəllər Kanadadan da, Kubadan da, Hollandiyadan da vaksinlər almışıq, indi Hindistandan gətirilir. Onu ÜST müəyyən edir, tender keçirilir, qalib gələn ölkənin preparatları laboratoriyada yoxlanır və sonra dövlət xətti ilə ölkəmizə gətirilir.

- İnsanların sağlamlığını nə dərəcədə tenderə etibar etmək olar? Tenderdə kim daha ucuz istehsal edirsə o da qalib gəlir, elə deyilmi?

- Bu ucuz başa gəlməklə bağlı deyil, hərtərəfli qiymətləndirilir, yoxlanır, sonra istifadəsinə icazə verilir. İndiyədək 10 dozalıq vaksindən istifadə edirdik, bir ampul açılanda 10 nəfərə vurulurdu. Amma indi bir dozalıq almağa çalışırıq. Bu daha baha başa gəlir. Amma dövlət buna gedir.

- GEM vaksinlərin paylanmasına, saxlanmasına necə nəzarət edir?

- 1994-cü ilə qədər vaksinlər əsasən Rusiyadan gətirilirdi. 1995-ci ildən bəri UNİSEF xətti ilə gətirilir, ən ucqar dağ kəndlərində belə vaksinlərin çatdırılmasına, sənədləşdirilməsinə və saxlanmasına nəzarət edilir. Bakının 11 rayonunda və respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən GEM- lər əraziləri üzrə qeydiyyata düşən bütün xəstəliklər barədə hər ay hesabat verirlər. Yeni vaksinlərin tətbiqi ilə əlaqədar rayonlarda olur, treninqlər keçirir, vaksinləri necə və kimə vurmaq haqda onları nəzəri olaraq məlumatlandırırıq. Biz yerlərdə görülən işlərə həm nəzarət, həm də rəhbərlik edirik.

Son olaraq onu demək istəyirəm ki, tibb müəssisələri çalışır ki, peyvənd işi qaydasında aparılsın. Hesab edirəm ki, peyvəndlərlə idarə olunan xəstəliklər ləğv olunubsa, onda işimiz yaxşı qurulub.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2012.- 11 aprel.- S. 7.