Azərbaycan
xalqı işğal olunmuş
bütün əraziləri düşməndən
azad edəcək
Prezident İlham Əliyevin qətiyyəti
və səyləri xalqın bu inamını gündən-
günə artırır
Şuşa
Azərbaycannın unikal mədəniyyət mərkəzlərindən
biridir. Təbii gözəllikləri ilə seçilən
bu şəhər milli
memarlığımızın və orta əsrlər
şəhərsalma sənətinin qiymətli abidəsidir.
(Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
"Şuşa şəhərinin Ermənistan silahlı
qüvvələri tərəfindən
işğalının iyirminci ildönümü
haqqında" sərəncamdan)
Bütün dünyanın bildiyi, hamıya gün kimi aydın olan, lakin bəzi qüvvələrin
öz maraqları naminə müxtəlif
don geydirməyə
çalışdığı tarixi faktlardan biri də qədim
türk- Azərbaycan torpaqları olan Dağlıq Qarabağın və ətraf
rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsidir. Hələ
bir neçə gün
əvvələ- aprelin 9-na qədər bəzi
yerli və əcnəbi kütləvi informasiya vasitələrində verilən cəfəng
bəyanatlara və qərəzli mülahizələrə inananlar var idi.
" Şuşa xəyanətin
qurbanı oldu" " Şuşanı
satdılar", " Biz tstəsəydik Şuşa
düşmənin əlinə keçməzdi" kimi məsuliyyətsiz bəyanatlara inananlar aprelin 9-da çox mötəbər bir
cavab aldılar. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin " Şuşa
şəhərinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğalının iyirminci
ildönümü haqqında" Sərəncamının
preambulasında bu tarixi
şəhərimizin işğalının səbəbləri
açıq və əsaslandırılmış şəkildə
ifadə edilir:
"Dərin
siyasi-iqtisadi, sosial böhran keçirən və
Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən
çıxış yolu axtaran ölkəmiz hələ
öz milli ordusu formalaşmadığından yüksək hərbi-
strateji əhəmiyyətli Şuşa şəhərinin
müdafiəsində, yalnız, könüllü
özünümüdafiə dəstələrinin
yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına
döyüşmələrinə və layiqli müqavimət
göstrəmələrinə baxmayaraq, təpədən
dırnağadək silahlanmış Ermənistan silahlı
qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini
işğal edildi".
Diqqətli
oxucu əmindir ki, dövlət başçısının 9
aprel 2012-ci il tarixli sərəncamında qeyd edilən bu
açıq ifadələrdən sonra Şuşanın
işğalı ilə bağlı hədyan söyləyən
bəzi "politoloq" və siyasətçilərə
inananlar öz peşmançılıqlarını ifadə
edəcəklər. Şuşa bilavasitə gənc müstəqil
Azərbaycan dövlətinin siyasi və hərbi zəifliyi nəticəsində
düşmən tapdağına düşmüşdür.
Prezidentin
adı çəkilən sərəncamı ilə
tanış olarkən başqa bir məqamı da yada salmaq zərurəti
yaranır. Belə ki, Azərbaycanın Astaradan tutmuş
Xudata, Bakıdan Balakənə, Naxçıvandan
Ağstafayadək istənilən guşəsi barədə
söz açan tarixçi və siyasətçilər bir həqiqəti
təsdiqləməli olurlar: " Bu rayonun ( və ya şəhərin)
inkişafının ən yüksək mərhələsi
ötən əsrin 70-80 ci illərinə ulu öndər Heydər
Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik
etdiyi dövrə təsadüf edirdi". Şuşa şəhəri
də həmin illərdə xüsusi bir inkişaf yolu
keçmişdir. Adı çəkilən sərəncamda
da qeyd edildiyi kimi, 1977-ci ildə ümummilli liderimiz Heydər Əliyevin
təşəbbüsü ilə " Şuşa şəhərinin
tarixi hissəsini tarixi memarlıq qoruğu elan etmək
haqqında" qərar qəbul edilmişdir. Məhz həmin
qərarın icrası prosesində şəhərdə
quruculuq işləri genişləndirilmiş, Azərbaycan mədəniyyətinin
görkəmli simalarından olan Üzeyir bəy Hacıbəylinin,
Xurşudbanu Natəvanın və Bülbülün ev muzeyləri
yaradılmış, böyük şair Molla Pənah Vaqifin məqbərəsi
ucaldılmışdır.
Xüsusilə
xatırladılmalı məqamlardan biri də odur ki,
Şuşanın düşmən əlinə keçməsindən
sonra vəhşi işğalçıların güllələdiyi
tarixi abidələr - Üzeyir bəyin, Natəvanın və
Bülbülün möhtəşəm sənət əsəri
olan büstləri məhz ulu öndər Heydər Əliyevin
səyləri nəticəsində üçüncü
ölkənin vasitəçiliyi ilə düşmən əsarətindən
xilas edilmiş və Bakıya gətirilmişdi.
Yeri
gəlmişkən, Prezident İlham Əliyevin adı çəkilən
sərəncamında da göstərilir ki, erməni
vandalları işğal vaxtı minlərlə eksponatın
olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix- mədəniyyət
abidəsini dağıtdılar, məbədgah və məscidləri
təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma
nümunələrini məhv etdilər, təhsil və səhiyyə
ocaqlarını xarabazara döndərdilər. Hətta bəzi
avropalı ekspertlər də qeyd edirlər ki, indiki Ermənistan
ərazisi həmin ölkədə yaşayan ermənilər
üçün kifayətdir. Onsuz da əhali sürətlə
azalır. Ermənistanın Azərbaycan torpaqlarını
işğal etməsi təkcə yeni ərazilər qazanmaq
deyil, həm də tarixi saxtalaşdırmaq məqsədi
daşıyırdı. Belə ki, təkcə Qafqazın
deyil, bütün Avrasiyanın ən qədim yaşayış
məskənlərindən olan Azıx mağarasının,
Qafqazın ən qədim mədəniyyət nümunələrindən
olan Xocalı-Gədəbəy mədəniyyətinə aid
arxeoloji abidələrinin, orta əsrlərdə Cənubi
Qafqazın ən sivil şəhərlərindən olan
Şuşanın tarixi abidələrinin ələ
keçirilməsi ilə tarixi saxtalaşdırmaqda usta olan
ermənilər qədim "tarix qazanmaq" istəyirdilər.
Adı çəkilən ünvanların bütün tarixi
nümunələri artıq beynəlxalq aləmdə erməni
abidələri kimi təqdim olunur. Ancaq unudurlar ki, indi zaman
başqadır və Prezident İlham Əliyev onların son
200 ildə qurduğu fitnə- fəsad torlarını məharətlə
dağıdaraq, dünyanın Dağlıq Qarabağ
münaqişəsi barədə həqiqəti öyrənməsinə
nail olur.
Dövlət
başçımızın Xocalı faciəsinin 20-ci
ildönümu münasibətilə imzaladığı sərəncam,
soyqırımın ildönümündə dünya ölkələrində
keçirilən möhtəşəm tədbirlər, Azərbaycan
və Türk diaspor qurumlarının nümayiş etdirdiyi
iş birliyi, dünya siyasətçilərinin Azərbaycanın
haqq işinə verdiyi dəstək hələ də ermənilərin
yuxusuna haram qatmaqdadır. Həmin tədbirlər bir daha
sübut etdi ki, Azərbaycan xalqının işğal
olunmuş torpaqlara qayıtmaq istəyi birə-beş
artıb. Ermənilər görür və dərk edirlər
ki, Azərbaycan xalqının bu inamı Prezident İlham Əliyevin
qətiyyətindən qaynaqlanır.
Azərbaycan
dövlətinin Prezidenti İlham Əliyevin, Heydər Əliyev
Fondunun, Yeni Azərbaycan Partiyasının, ölkə
ziyalılarının, qeyri hökumət təşkilatlarının
və bütövlükdə xalqımızın
nümayiş etdirdiyi "Xocalıya ədalət"
çağırışlı tədbirlərin səsi
İrəvanın qulaqlarından getməmiş
Şuşanın haqq səsini bütün dünyaya
çatdırmaq üçün növbəti sərəncam
verildi. Bu sərəncama əsasən, ölkəmizin ərazisində
və respublikamızın hüdudlarından kənarda
Şuşanın işğalının iyirminci
ildönümü ilə əlaqədar çoxsaylı
anım mərasimləri keçiriləcək, dünya
ictimaiyyəti bu işğalın mahiyyəti ilə növbəti
dəfə tanış olmaq imkanı qazanacaq.
Qasım
bəy Zakir, Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab,
Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy
Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir
Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd
bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətlərimizin
ruhunun "bizi əsirlikdən azad edin" -
çağırışına təkcə Bakıda, Gəncədə,
Naxçıvanda, Şəkidə, Qubada, Lənkəranda
olan soydaşlarımız deyil, Təbriz, Urmiya, Marağa,
Borçalı, Dərbənd başda olmaqla, bütün
dünyadakı soydaşlarımız, qardaşlarımız,
dostlarımız, tərəfdaşlarımız da səs verəcəklər.
Bu səs daha möhtəşəm olacaq. Çünki iki ay əvvəl
start verilən "Xocalıya ədalət" devizli,
dünya miqyaslı tədbirlərdə mühüm təcrübə
qazanmışıq. Odur ki, Şuşanın səsinin kar
qulaqları açacağı, ikili standartlardan əl çəkə
bilməyənləri daşı ətəyindən tökməyə
məcbur edəcəyi şəksizdir.
Ən
başlıcası isə ermənilər öz əməlləri
və gələcəkləri barədə yenidən - soyuq
başla düşünmək məcburiyyətində
qalacaqlar. Çünki Şuşanın səsi daha qətiyyətli,
daha kəsərli olacaq.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.-11 aprel.- S. 3.