Laçın: yaz təkcə çölləri deyil, ümidləri də göyərdir
Laçının
işğal altına düşməsi təkcə
laçınlıların deyil, bizim hamımızın
böyük faciəsidir... Əgər ulu öndər o vaxt,
Azərbaycan üçün həlledici anlarda hakimiyyətdə
olsaydı, Laçın heç vaxt işğal altına
düşməzdi.
24 dekabr 2011-ci il tarixdə
laçınlı ictimaiyyət nümayəndələri ilə
görüşdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin çıxışından
"Laçınlılar əsrlər
boyu təbiətin qurduğu ulu təqvimlə
yaşamış, onların həyat saatının əqrəbi
yaylaqla qışlaq arasında dövr etmişdir".
Dünya görmüş laçınlı bir qocadan
neçə illər əvvəl eşitdiyim bu müdrik fikir
onlarla hər görüşündə yada düşür və
.... hər dəfə də adamı dərin bir təəssüf,
qarşısıalınmaz bir göynərti hissləri
bürüyür. 20 ildir ki, namərd düşmən, sanki,
İlahidən qurulmuş bu saatın əqrəblərini
dayandırıb...
Sərin
keçən qışdan artıq əsər-əlamət
qalmayıb. Laçınlıların dədə-baba
qışlaq yeri olmuş Ağcabədi rayonundakı
Taxtakörpü və digər obalar yazın işıq nəfəsi
ilə qızınır. Otlaqlar, örüşlər, əkinlər
"7 ayın yuxusundan sonra ilin "bir ayda 7 qarış
boyatma dövrü"nə qədəm qoyub. Sürülər,
naxırlar çöl-bayırın yaşıl kətanında
zəhmət tabloları kimi uzaqdan diqqəti cəlb edir. 20 il
əvvələdək hər ilin bu vədəsində
hamının nəzərləri Qırxqızın uzaqdan gəl-gəl
deyən zirvəsinə dikilərdi, yaylaq
yır-yığışı başlayardı.
Laçının işğalından sonra rayon mərkəzinə
çevrilmiş Taxtakörpü qəsəbəsində məskunlaşmış
köhnə dost-tanışlarla ötən günləri beləcə
yada saldıq...
Laçın
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov
isə söhbətə məcburi köçkünlərin
problemlərinin həllinə ildən-ilə artan dövlət
qayğısından söz açmaqla başladı:
Qaçqın
və məcburi köçkünlərin qayğıları
dövlətimizin, xüsusilə ölkə Prezidenti cənab
İlham Əliyevin daim diqqət mərkəzindədir.
Öncə ötən il məcburi köçkünlərin
sosial problemlərinin həllinə 500 milyon dollar vəsait xərclənmişdir.
Möhtərəm Prezidentimizin müvafiq sərəncamı
ilə ötən ilin dekabrından məcburi
köçkünlərə verilən aylıq yemək xərci
müavinətinin həcmi 10 faiz artmışdır. Sevindirici
haldır ki, il ərzində 2171 nəfər məcburi
köçkün daimi, 5 min nəfərə qədər isə
mövsümi işlə təmin olunmuş, 10600 nəfər
məcburi köçkün yeni tikilmiş evlərə
köçürülmüşdür. Köçkünlər
arasında yoxsulluq 70 faizdən 19 faizə
düşmüşdür.
Bu
qayğı və diqqəti laçınlılar daha
çox hiss edirlər. Prezident İlham Əliyevin 1 iyul
2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə
təsdiq edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na 31 oktyabr 2007-ci il tarixli sərəncamla
edilmiş əlavələrə uyğun olaraq 2011-ci ilin əvvəlində
Taxtakörpü ərazisində bütün infrastruktura malik
552 ailəlik qəsəbənin tikintisinə
başlanılmış və qısa müddətdə
işlər başa çatdırılmışdır. 24
dekabr 2011-ci il tarixdə möhtərəm Prezidentimizin
iştirakı ilə açılışı olan qəsəbəyə
Ağcabədi rayonundakı "Alman",
"Yastıyol" və "Taxtakörpü" qəsəbələrində
fin tipli evlərdə məskunlaşmış məcburi
köçkünlər
köçürülmüşdür. Qəsəbədə
əlavə olaraq 4 şəhid ailəsi, 3 Qarabağ
müharibəsi əlili, 5 nəfər həkim, 35 nəfər
kirayədə yaşayan və ya mənzil-məişət
şəraiti ağır olan işçilər, həmçinin
ötən il baş vermiş təbii fəlakət nəticəsində
evləri uçmuş vaqon və beton evlərdə məskunlaşmış
14 ailə məskunlaşmışdır. Saatlı, Biləsuvar,
İmişli rayonlarında ağır şəraitdə
yaşayan 17 ailə yeni evlərlə təmin edilmişdir.
Taxtakörpü qəsəbə orta məktəbinin fin tipli
otaqları, məcburi köçkünlərin təhvil
verdiyi fin evləri isə 30 məcburi köçkün ailəsinə
müvəqqəti istifadə üçün
paylanılmışdır.
Bir məsələni
də diqqətinizə çatdırım ki, məlum
Dövlət Proqramına 2011-ci ilin 21 fevral tarixində
Prezident İlham Əliyevin sərəncamı ilə
olunmuş əlavələrə uyğun olaraq,
Taxtakörpü ərazisində qamış daxal evlərdə
məskunlaşmış 1500 ailəyə, eyni zamanda Bakı,
Sumqayıt şəhərlərində yataqxana, şəxsi
mənzillərdə və digər ictimai binalarda məskunlaşmış
3 mindən çox laçınlı məcburi
köçkün ailəsinə yeni evlərin tikilməsi nəzərdə
tutulmuşdur. Taxtakörpü ərazisində yeni evlərin
tikilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən
627 hektar torpaq sahəsi ayrılmış, artıq işlər
layihələndirmə mərhələsindədir.
Çalışırıq ki, 2012-ci ildə Taxtakörpü
ərazisində məskunlaşmış məcburi
köçkünlər üçün yeni evlərin
inşasına başlanılsın. Bir məlumatı da diqqətinizə
çatdırım ki, Dövlət Proqramına Əlavələrə
uyğun olaraq, Naftalan şəhərində 4 sanatoriyada məskunlaşmış
45 məcburi köçkün ailəsi bu yaxınlarda Goranboy
rayonunda tikilmiş çoxmərtəbəli binalarda yeni mənzillərlə
təmin edilmişdir.
Başçı
ötən il rayonda görülmüş digər işlərdən
də danışaraq bildirdi ki, laçınlı məcburi
köçkünlərin məskunlaşdığı ərazilərdə
abadlıq-tikinti, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində xeyli
iş görülmüş, sosial, iqtisadi və mədəni
sahələrdə bir çox tədbirlər həyata
keçirilmişdir. Taxtakörpü qəsəbəsindəki
Heydər parkı və Gənclər parkında, Şəhidlərin
abidə kompleksi, rayon icra hakimiyyətinin inzibati binası və
ulu öndər Heydər Əliyevin büstü ətrafında
xeyli abadlıq işləri görülmüş, müxtəlif
güllər əkilmişdir. Parkda yeni hovuz tikilərək fəvvarə
quraşdırılmış, oturacaqlar qoyulmuş,
yaşıllıq sahəsinə münbit torpaq tökülərək
6500 ədəd gül və 700 ədəd həmişəyaşıl
ağac əkilmiş, 142 ədəd müasir
işıqlandırıcı dirəklər
quraşdırılmışdır. Rayon Rabitə
Qovşağının binasının xarici divarı
alkaponla, hasarı isə aqlayla üzlənmişdir. Yeni Azərbaycan
Partiyası rayon təşkilatının dam örtüyü
dəmir kirəmitlə əvəz olunmuş, fasadı aqlayla
üzlənmiş, ətrafında abadlıq işləri həyata
keçirilmişdir.
Taxtakörpü
ərazisində məskunlaşmış məcburi
köçkünlərin elektrik enerjisi ilə bağlı
problemlərinin həll olunması məqsədilə qəsəbədə
250 kva-lıq transformator yenisi ilə əvəz olunmuşdur.
Qarıqışlaq obasında 1 ədəd 160 kva-lıq,
Rayon Mərkəzi Xəstəxanasında 1 ədəd 100
kva-lıq yeni transformator quraşdırılmış, 8 ədəd
transformator əsaslı, 40 ədəd transformatorda cari təmir
işləri aparılmış, 5 min metr uzunluğunda
müxtəlif güclü elektrik hava xətti yenisi ilə əvəz
olunmuşdur.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na
uyğun olaraq Taxtakörpü ərazisində torpaqların
meliorativ vəziyyətinin
yaxşılaşdırılması məqsədilə
meliorasiya tədbirləri ötən ildə davam
etdirilmişdir. 2011 - ci ildə 1400 metr açıq
suyığıcı kanal, 620 metr beton kanal, 3440 metr qapalı
dren tikilmiş, 12 ədəd hidrotexniki qurğu
quraşdırılmış, bir ədəd dəmir beton
körpü salınmışdır. Taxtakörpü ərazisindəki
Cağazur, Kamallı obalarında artezian quyusu
qazılmışdır. Suvarma Sistemləri idarəsi tərəfindən
78 km uzunluğunda suvarma kanalları lildən təmizlənmiş,
21 ədəd nasos, mühərrik, 62 ədəd hidrotexniki
qurğu əsaslı və cari təmir edilmişdir.
Azərbaycan
Su və Meliorasiya Açıq Səhmdar Cəmiyyəti ilə
aparılmış məqsədyönlü tədbirlərin
nəticəsi olaraq, gələcəkdə baş verə biləcək
təhlükənin qarşısının alınması məqsədilə
cəmiyyətin xətti ilə Kür çayının
Taxtakörpü ərazisindən keçən sağ sahili
boyunca əsaslı bəndbərkitmə işləri həyata
keçirilmişdir.
Kənarda
yaşayan laçınlıların qayğıları da
diqqət mərkəzində olmuşdur. 2011-ci ildə Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
laçınlı məcburi köçkünlərin məskunlaşdığı
Bakı şəhərinin Binəqədi və Xəzər
rayonlarında, Sumqayıt şəhərinin Tağıyev qəsəbəsində
yerləşən yataqxana binaları təmir edilmişdir.
Taxtakörpü ərazisindəki Şeylanlı və Şəlvə
obalarında, Bərdə rayonunun Mircəfərli kəndində
17,6 kilometr uzunluğunda avtomobil yoluna çınqıl
örtük verilmişdir.
"Dünyaya
Baxış" beynəlxalq humanitar təşkilatının
xətti ilə icma layihələri əsasında yol, təsərrüfat
suyu və digər məsələlərlə bağlı 37
mikrolayihə həyata keçirilmişdir. Taxtakörpüdə
resurs və biznes mərkəzinin tikintisinə nail
olunmuşdur.
İlboyu
əhalinin içməli suya olan təlabatının ödənilməsi
üçün ərazidəki içməli su şəbəkələrində
yararsız xətlərin 1380 metr hissəsi yenisi ilə əvəz
edilmiş, 3 min metr hissəsində təmir işləri
aparılmışdır. Ağcabədi-Zərdab magistral yolu
boyunca yeni salınmış qəsəbəyə 3,6 kilometr
asfalt yol çəkilmişdir. 55 saylı Yol İstismar
İdarəsi küçə və meydanlarda 10 min kvadratmetr
asfalt örtük salmış, 2 ədəd sərnişin
dayanacağı tikmiş, giriş yolundakı dairəni
müasir formada bərpa etmişdir.
Öyrəndik
ki, son 1 ildə rayonda məcburi köçkünlərimizin
sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması istiqamətində bir
sıra mühüm tədbirlər həyata
keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə
diqqət artırılmışdır. Qızıl Aypara Cəmiyyətinin
Rayon Komitəsi tərəfindən Bakı və Sumqayıt
şəhərlərində məskunlaşmış 148 nəfər
tənha, imkansız və şəhid ailəsinə ərzaq
yardımları edilmiş, rayon həmkarlar təşkilatları
tərəfindən rayonun maddi cəhətdən imkansız
400-dən çox ailəsinə maddi köməkliklər
olunmuşdur. Ötən il bayramlarda Vergilər Nazirliyi tərəfindən
Taxtakörpü ərazisindəki 3 mindən çox ailəyə
ərzaq yardımı paylanılmışdır. Qurban
bayramı münasibəti ilə Taxtakörpü qəsəbəsində
geniş bayram tədbirləri keçirilmişdir. 1 baş
iri buynuzlu, 160 baş xırda-buynuzlu heyvan qurban kəsilmiş
və həmin qurban payları digər ərzaq
yardımları ilə birlikdə 30-dək rayonda məskunlaşmış
Laçın rayonundan olan şəhid, Qarabağ müharibəsi
əlili, Böyük Vətən Müharibəsi
iştirakçısı, tənha və imkansız 1200 ailəyə
paylanılmışdır.
Keçən
il 1048 hektar sahədə taxıl, 1289 hektar sahədə yonca,
55 hektar sahədə bostan, 38 hektar sahədə tərəvəz
becərilmişdir. Taxıl sahəsindən 2936 ton məhsul
istehsal edilmiş, hər hektardan orta hesabla 28 sentner məhsul
götürülmüşdür. Sahələrdən 8294 ton
qaba yem toplanmış, 93 hektar bostan sahələrindən isə
1431 ton məhsul istehsal edilmişdir.
Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına istifadə etdiyi yanacaq və mator
yağlarına görə hər hektara 40 manat olmaqla 96042
manat vəsait ödənilmişdir.
Əhali
və fermer təsərrüfatlarında 33907 baş mal, 201497
baş davar, 5073 arı ailəsi, 89317 ev quşları bəslənir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə
3217 baş qaramalda, 1365 baş davarlarda, 701 arı ailəsində
artım əldə edilmişdir. 2011-ci ildə 17990 sentner ət,
130952 sentner süd, 3709 sentner yun, 1 277 000 ədəd yumurta
istehsal edilmiş, 2010-cu illə müqayisədə 2275 sentner
ət, 3242 sentner süd, 79 sentner yun, 71 min ədəd yumurta
çox istehsal olunmuşdur.
Son 1
ildə rayonun 28 ümumtəhsil məktəbi büdcə vəsaiti
hesabına əsaslı və cari təmir edilmişdir. 31
saylı tam orta məktəbdə isə Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
əsaslı təmir işləri aparılmış, təhsil
ocağı inventar və avadanlıqlarla təchiz
olunmuşdur. Rayon təhsil şöbəsi üçün
inzibati bina tikintisinə başlanılmışdır. 2011-ci
ildə Heydər Əliyev Fondu tərəfindən birinci
siniflər üçün 1020 ədəd məktəbli
çantası və yazı ləvazimatları, Dövlətqaçqınkom
tərəfindən isə 1615 dəst məktəbli
forması paylanılmışdır. "Dünyaya
Baxış" beynəlxalq humanitar təşkilatı tərəfindən
Taxtakörpü qəsəbəsində inşa edilmiş
müasir tələblərə cavab verən iki uşaq
bağçasının fəaliyyəti təmin
edilmişdir.
Ötən
dərs ilində rayonun tam orta məktəblərini
bitirmiş məzunlardan 143 nəfəri respublikanın
müxtəlif ali məktəblərinə qəbul
olunmuş, 3 nəfər 600-dən yuxarı bal
toplamış, Məmmədov Hüseyn Cəfər oğlu
Prezident təqaüdünə layiq
görülmüşdür.
Növbəti
illərdə Taxtakörpü ərazisində ağır
şəraitdə yaşayan 6300 nəfərdən ibarət
1500 məcburi köçkün ailəsi üçün evlərin
tikilməsi və qəsəbələrin salınması nəzərdə
tutulmuşdur.
2003-cü
ildən bəri 650-si daimi olmaqla 2742 yeni iş yeri
açılmış, 11 kəndli-fermer təsərrüfatı
yaradılmışdır.
Laçınlılar
artıq 20 ildir ki, doğma ellərdəki yaylaqlara qalxa bilməsələr
də, məskunlaşdıqları ərazilərdə
dövlətin fəal yardımı, özlərinin zəhmət
və dəyanəti ilə bir çox problemlərini həll
etmiş, güzəranlarını günün tələbinə
uyğunlaşdırmışlar. Lakin heç nə yurd
itkisinin zirvəsini belə geri qaytara bilməz. Ölkəmizin
sürətli sosial-iqtisadi yüksəlişi, müdafiə
qüdrətimizin artması və dövlət
başçısı İlham Əliyevin Dağlıq
Qarabağ problemi ilə bağlı qətiyyətli
mövqeyi laçınlıların tezliklə öz
yurdlarına dönmək ümidlərini artırır.
Laçınlılar yaxşı bilirlər ki, düşməni
yalnız ondan güclü olmaqla əzmək olar. Odur ki,
rayonda bütün imkan və səylər bu mərama yönəldilib.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2012.- 8 aprel.- S. 4.