Milli teleradiomuzun
şöhrətli orkestri
Ölkəmizin qocaman və tanınmış musiqi
kollektivlərindən olan Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin 80 yaşı tamam
olur. Bu münasibətlə
orkestrin daxil olduğu Azərbaycan Televiziya
və Radio Verilişləri Qapalı Səhmdar
Cəmiyyəti Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında
yubiley mərasimi keçirdi.
Teleradio
işçilərinin və ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi təntənəli gecədə simfonik
orkestrin tarixi və çağdaş fəaliyyəti barədə
ətraflı söhbət açıldı. Bildirildi ki, Azərbaycan
Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri 1932-ci ildə
Üzeyir Hacıbəyovun və Müslim Maqomayevin təşəbbüsü
ilə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində
yaradılıb. Simfonik orkestrin ilk bədii rəhbəri və
baş dirijoru Aleksandr Şvarts olub. Üzeyir Hacıbəyovun
dəvətilə Avstriya dirijoru Otto Ştrasser də bir
neçə il bu kollektivdə çalışıb.
1941-ci
ildən orkestrin bədii rəhbəri və baş dirijoru Əşrəf
Həsənov, ikinci dirijoru Çingiz Həsənov olub. Sonrakı
illərdə orkestrə bədii rəhbərliyi xalq artisti
Ramiz Məlik-Aslanov, əməkdar incəsənət xadimi
İsmayıl Hacıyev və əməkdar incəsənət
xadimi Yaşar İmanov həyata keçirib. Hazırda
orkestrin bədii rəhbəri və baş dirijoru əməkdar
incəsənət xadimi Azad Əliyevdir.
Orkestrin repertuarı ötən dövrdə həmişə Azərbaycan və dünya bəstəkarlarının ən yaxşı əsərləri ilə zəngin olub. 1945-1946-cı illərdə isə dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan" operettası məhz bu orkestrlə ifa olunub. Müxtəlif dövrlərdə Bülbül, Şövkət Məmmədova, Rəşid Behbudov, Firəngiz Əhmədova, Sona Aslanova, Lütfiyar İmanov, Mobil Əhmədov, Ağakərim Əliyev, Böyükağa Sadıqbəyov, Məmməd Orucov, Yaqub Hacıyev kimi tanınmış sənətkarlar parlaq ifaları ilə orkestrə şöhrət qazandırıblar. Hazırda kollektivə İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Əvəz Abdullayev kimi istedadlı solistlər cəlb olunublar. Orkestr Azərbaycan Teleradiosunun Cahangir Cahangirov adına xoru ilə birlikdə yeni repertuar üzərində işləyir. Yubiley axşamının konsert proqramına da ən yaxşı ifalar salınmışdı.
Mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri bəstəkar Firəngiz Əlizadə Teleradionun simfonik orkestrinin geniş auditoriyalı fəaliyyətindən, musiqi ifaçılığı tariximizdə və canlı musiqi təbliğatı sahəsində xidmətlərindən söz açdı, kollektivə yeni yaradıcılıq uğurları arzuladı. Bu orkestrdə şan-şöhrət qazanmış dirijor Ramiz Məlik-Aslanov isə yubiley təəssüratını həyəcanla ifadə etdikdən sonra konsert proqramının ilk nömrəsini səsləndirmək missiyasını yerinə yetirdi. Sonra o, doğma kollektivə hədiyyə olaraq işlədiyi musiqi parçasını da səsləndirdi.
Konsertin davamında Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, digər Azərbaycan və dünya bəstəkarlarının simfonik orkestr üçün işlənmiş populyar əsərləri yubilyar orkestrin müşayiəti ilə istedadlı sənətçilərin ifasında səsləndi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2012.- 12 aprel.- S. 6.