El şairinə ehtiram
Gəncəbasarda
"Bisavad Teymur"
adı ilə tanınmış Aşıq Teymur
Əhmədovun anadan olmasının 110 illiyi münasibəti ilə el
şairinin
doğulub-yaşadığı Goranboy rayonunda yubiley mərasimi keçirilmişdir.
Goranboy
Rayon İcra Hakimiyyəti başçısı Nizaməddin
Quliyev xalqımızın milli-mənəvi dəyərlər
sistemində el yaradıcılığının əhəmiyyətindən,
sazı-sözü ilə yaddaşlarda yaşayan insanların
irsinin toplanıb-qorunması ilə bağlı dövlət
müstəqilliyi illərində yaranmış münbit
şəraitdən söhbət açdı, Bisavad Teymurun həmyerlilərinin
yaddaşında haqsevər söz ustası kimi
yaşadığını vurğuladı.
Azərbaycan
Aşıqlar Birliyinin katibi, professor Məhərrəm
Qasımlı XX əsrdə Goranboyda yaşamış, fitri
istedadı və haqq aşiqi olması ilə məşhurlaşmış
Bisavad Teymurun irsinin el ədəbiyyatının dəyərli
örnəkləri sırasında yer aldığını
söylədi. Alim heç bir təhsil almamış,
aşıq şeiri məktəbində formalaşmış
Teymurun zəmanədən şikayət, həqiqətə
sadiqlik ruhunda qoşduğu şeirlərin ona el sevgisi,
unudulmazlıq qazandırdığını bildirdi.
Aşıqlar
Birliyi Gəncəbasar bölməsinin rəhbəri, əməkdar
mədəniyyət işçisi Aşıq Mais, "Azərbaycan"
qəzetinin bölgə müxbiri, əməkdar jurnalist Əhməd
İsayev, şair Ələsgər Əlioğlu Bisavad
Teymurdan şeiriyyəti dildə-ağızda gəzən, bu
yerlərdə xoş xatirələr qoyub gedən el şairi
kimi söz açdılar.
Goranboy
Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi
Gündüz Hacıyev Bisavad Teymurun irsinin toplanıb çap
olunması, xatirəsinin yaşadılması ilə
bağlı həmyerlilərinin gördükləri işlər
barədə məlumat verdi.
El
şairinin oğlu Mirzə Əsgərov atasının xatirəsinə
göstərilən ehtirama görə minnətdarlığını
bildirdi.
Mərasimdə
telli saz dilləndi, yubilyar el şairinin misraları səsləndi.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2012.-13 aprel.- S. 7.