Fatma Qədiri-105. "Sənin həyatın nağıl qəhrəmanlarının ömrünə bənzəyir"

 

Başlığa çıxardığımız bu sözlər Fatma xanım Qədiri haqqında sevimli sənətkarımız Nəcibə xanım Zeynalovaya məxsusdur. Doğrudan da, bu, həqiqətən, belədir. O, çox şərəfli bir ömür yaşamışdı. F.Qədiri yüz il əvvəl, aprel ayının 14-də Odessa şəhərində çoxuşaqlı, kasıb ailədə dünyaya göz açmışdı.

 

Çarəsizlikdən Fatmanı 9 yaşında verirlər bir dindar qadının himayəsinə. O da uşağı mədrəsəyə vermişdi. Yeniyetmə qız orada iki il təhsil alır, dini adət-ənənəni, şəriət qayda-qanunlarını öyrənir. 11 yaşında rus xalq məktəbinə gedir. Balaca Fatma yoldaşları arasında iti yaddaşı, diksiyası ilə seçilirdi. Həmin dövrü xatırlayan Fatma xanım deyərmiş: "Həmyaşıdlarım al-əlvan geyinib gəzintiyə çıxanda mən evimizdə için-için ağlayardım. Gecə-gündüz Allaha yalvarardım ki, ya canımı alsın, ya da bəxtimi açsın". On dörd yaşında Bakıya köçdülər. Fatma burada yeni yaradılmış Dövlət Teatr Texnikumuna daxil oldu. Məktəbin ilk direktoru Şövkət Məmmədova ona analıq qayğısı göstərdi. Qismən də olsa, cari ehtiyacını ödədi, yaşamağa, sevdiyi sənətə daha da ruhlandırdı. O, təhsil ocağında A.Tuqanov, A.Muradov və başqa zəngin təcrübəyə malik teatr xadimlərindən təhsil aldı.

Fatma Qədiri Azərbaycanda ilk professional teatr təhsili almış aktrisa idi.O, teatr məktəbi ilə paralel olaraq Ali Qadın Pedaqoji İnstitutunda da təhsilini davam etdirmişdi. Səhnə fəaliyyətinə isə elə tələbəlik illərində başlamışdı.

1926-cı ildə onu Bakı Türk-İşçi Teatrına dəvət ediblər. Orada Sürüci ("Hind qızı"), Esmiralda ("Notrdam kilsəsi"), Polina ("Gəlir yeri"), Novbar ("Cançur Səməd"), Gülbahar ("Anamın kitabı"), Şərəfnisə ("Dərviş Məstəli şah"), Susanna ("Namus") və başqa tamaşalarda yaddaqalan obrazlar yaratmışdı. Onun "Sevil" tamaşasında oynadığı Gülüş rolu zamanın ədəbi hadisəsi kimi qarşılanmışdı.

1926-1932-ci illərdə Türk-İşçi Teatrında, 1933-1936-cı illərdə Bakı Rus Dram Teatrında fəaliyyət göstərən Fatma Qədirinin sonrakı bütün yaradıcılığı Azərbaycan Dövlət Akademik Dram Teatrı ilə bağlı olub. Bakı Rus Dram Teatrında yaratdığı obrazlar - Janna Barbie ("İntervensiya"), Raya ("Özgə uşağı"), Solmaz ("Od gəlini"), Sona ("1905-ci ildə"), Baroneasa Ştral ("Maskarad") hələ də yaddaşlardan silinməyib. Aktrisanın oynadığı həmin rollar haqqında dövri mətbuatda dəfələrlə müsbət rəylər yazılmış, mütəxəssislər, teatrşünaslar onların hər birini bədii, emosional ifa baxımından yüksək qiymətləndirmişlər. Roldan rola daha da püxtələşən, sevilən sənətkar 1935-ci ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdü. Sonralar onun oynadığı Luiza, Maşa, Polina, Reqana, Emilya, Raşel, Xlebnikova rolları dillər əzbəri olmuşdu. Yaratdığı Xuraman, Larisa, Katerina obrazları nəinki sabiq Sovetlər Birliyi ərazisində, hətta dünyanın çox ölkələrində məşhur idi.

F.Qədirinin özünəməxsus yaradıcılıq yolu, səhnə fəaliyyəti vardı. O, ifalarında əsla təkrara yol verməzdi. Yeni nüanslar, jestlər, mizanlar axtarar, səs tonunun obrazın xarakterinə uyğun dəyişməsinə ciddi fikir verərdi. Bu səbəbdən də onun oynadığı rollar səciyyə və xüsusiyyətlərinə görə biri digərinə bənzəmirdi. İstedadlı aktrisa hər obrazın özünəməxsus cizgi və fərqləndirici əlamətlərini məharətlə, ustalıqla müəyyən etməyi bacarırdı. Oynayacağı rolların talelərini duyub anlayar, onların həyata, cəmiyyətə, zəmanəyə münasibətlərini dərindən öyrənərdi. Görkəmli teatrşünas Cəfər Cəfərov yazırdı: "Bir gün Fatma xanım mənə zəng etdi. Soruşdu ki, "Vaqif" əsərində Xuramanı oynamağı mənə etibar ediblər. Ancaq qəhrəmanın daxili aləmindən, yaşadığı mühitdən xəbərsizəm. Xahiş edirəm, bu barədə mənə məlumat verəsiniz. Təbii, sevimli aktrisanın istəyinə uyğun danışdım. Tamaşa zamanı onun bənzərsiz ifasını görüb heyrətləndim". Fatma xanım teatra sıx bağlılıqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olmuşdu. 1933-cü ildən Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında, Teatr İnstitutunda aktyorluqdan dərs demişdi. Onun yetirmələrindən bəziləri hazırda da müxtəlif teatrlarda çalışırlar.

Tamaşaçıların alqışını, məhəbbətini qazanmış görkəmli səhnə xadimi Böyük Vətən müharibəsi illərində cəbhəyə gedənlərin qohum-əqrəbalarının həsrətini, intizarını özününkü bilmiş, mütəmadi olaraq onlarla görüşmüş, hərbi hospitallarda, xəstəxanalarda səhnəciklər təşkil etmişdi. İnsanların sevincinə sevinmiş, kədərindən qüssələnmişdi. İmkansızlara, ehtiyacı olanlara yardım göstərmişdi. Gənclərlə işləməyi sevirdi. Uzun illər hazırkı Bakı Dövlət Universitetində dram dərnəyinin rəhbəri olmuşdu. O, dəfələrlə yerli Sovetlərə deputat seçilmişdi. Əməyi vaxtaşırı qiymətləndirilmişdi. Xalq artisti fəxri adına layiq görülmüş, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri ilə, neçə-neçə medalla təltif olunmuşdu.

Respublikanın xalq artisti Fatma Qədiri 1968-ci il fevral ayının 29-da vəfat etmişdir. İstedadlı artist, səmimi insan, sevilən pedaqoq Fatma Qədiri son nəfəsinə qədər ömrünü Azərbaycan teatr mədəniyyətinin inkişafına həsr etmişdir. Onun əziz xatirəsini bu gün də xalqımız ehtiramla yad edir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 15 aprel.- S. 8.