Yol da bir taledir, çoxdan yazılıb...

 

Yaxud, bir şəklin tezləşdirdiyi sətirlər

 

Əvvəllər elə bilirdim ki, zamansa - 50 yaşdan, 60 yaşdan sonra oturub asanlıqa, rahatca bir yazı qələmə ala biləcəm. Amma... olmur qardaş, alınmır ki, alınmır. Asan yazmaq... mümkün deyil. Bir ildən çoxdur ki, Səməd Qaraçöpün kitabını az qala hər həftə vərəqləyir, nədən başlayacağımı götür-qoy edirəm. Heyrət yaradacaq qədər istedada, hamıya nəsib olmayan müşahidələrə malik bir şairin bədbinliyi adamın ürəyini ağrıdır.

 

Təxminən 30 il əvvəl uğurlu şeirləinə görə az qala hər həftə təbrik etdiyim Ramiz Qusarçaylının ən yeni ən mükəmməl şeirlər kitabı barədə... mütləq yazacağam. On il əvvəl, aprelin bu günlərində 50 yaşı tamam olan dostumuz Mehdi Mükərrəmoğluya demişdim ki, sənin 60 yaşında, görərsən, necə yazı qələmə alacağam. Amma, Səməd , Ramiz , Mehdi uşaq deyillər, bilirlər ki, zamansa, mütləq yazacam. "Müşfiq bulağı" ədəbi birliyi haqqında 80-ci illərin əvvəllərində "Bakı" qəzetində getmiş bir təqdimat yazımı da tapıb hazır saxlamışam. Orada Ramiz Qusarçaylının çox gözəl bir şeiri verilib. Qərəz...

Belə vaxtlarda tez-tez hind filosoflarının fikirlərinə müraciət edirəm. Yazmaq istədiyin, ərsəyə gətirdiyin oxucuların istifadəsinə verdiyin fikirlərin müxtəlif mərhələlərini bar verən ağacın bir ildə keçdiyi dövrlərlə müqayisə edən hind filosofu yazır: isə yazmaq barədə düşündün - ağac tumurcuqlandı, yazını qələmə almağa isə mane oldu - qəfil küləklər əsir hava soyuyur, imkan tapıb yazdın - hava necə xoşdur, fikirlərin hamının istifadə edə biləcək bir formaya düşdü - payız öz nemətləri ilə gözəldir.

Bax belə, Mehdiyə verdiyim söz Səmədin Ramizin kitabları barədə fikirlərim kimi hələ xeyli vaxt tumurcuq şəkilində qala bilərdi. Əgər üç gün öncə Mehdi Mükərrəmoğlunun "Məni Qubadlıya aparan yollar" kitabını görməsəydim. Kitabın 5-ci səhifəsində Qubadlının Dondarlı kəndindən-Mehdinin ata-baba ocağından geniş bir ərazini əhatə edən fotoşəkil verilib. Şəkli çəkən adama ən yaxın məsafədə olan uca qamətli, yaşıl ağac, ağacın zirvəsində leylək yuvası, yuvada bir ayaq üstə dayanıb öz "isti ocağını" kimdənsə qoruyan leylək... cəmi beş səhifə o tərəfdə öz yurdunu qoruya bilməyən, fəqət, "Qubadlıya qış ağısı" deyən müəllifin yuvanı yada salan sətirləri:

 

Gözlərimdən qar suyu kimi

yaşlar tökülür,

Çöldə soyuqdur.

gecənin qaranlığında

Şaxtadan hər kəs

Öz yuvasına çəkilib.

 

Hamı -qışın, sazağın soyuğundan qorunmaq istəyən hər kəs öz yuvasına çəkilib. Qubadlı camaatının isə yolu bağlıdır. Çünki:

 

Sən demə yollar da vəfasız olur,

Sağında, solunda çiçəklər solur.

Ağlayır, sızlayır, gözləri dolur...

 

Kövrək hisslərlə dolu bir kitabda qəribə məqamların, üzdə təzad kimi görünən nikbinliyin şahidi oluruq. Müəllif hələ 10 il, 15 il əvvəl qələmə aldığı şeirdə böyük inam ifadə edir ki, "Yenə Qubadlıya aparacaqdır, məni Qubadlıya aparan yollar". Çox gözəl, buna hamımız inanırıq. Amma kitaba yazdığı qısaca ön sözdə belə sətirlər var: "Vəsiyyət edəcəyəm ki, məndən sonra övladlarım bu kitabı Qubadlıdakı evimizin qarşısında dəfn etsinlər, qoy heç olmasa hisslərimin toplandığı bu şeirlər o torpağa qovuşsun". Müəllif inanır ki, Bakıda doğulub böyüyən, qaçqınlıq, köçkünlük, hisslərini yaşamayan, Qubadlı ilə o qədər bağlı olmayan övladları bir gün o torpağa dönəcəklər. Bu, bəlkə , təkcə ümid arzu deyil, həm tövsiyədir.

Mehdinin orta məktəbdəki sinif yoldaşlarına həsr etdiyi şeirdə verilmiş "Niva" sürən ucaboy oğlanı az qala tanımaması, əzizlərinə "sizi o ocaqda yığım başıma" -deyə səmimi arzularını dilə gətirməsi, fələkdən "görəsən o eldən qalıb indi?" - deyə həyəcanla xəbər alması çox kövrəkdir. Ən kövrəyi isə "ömrünün yolları başlayan yerdə" özünün çatışmadığını dilə gətirməsidir. Ümumiyyətlə, "Məni Qubadlıya aparan yollar" kitabında kövrək olmayan, yurd həsrəti, Vətən nisgili ilə bağlanmayan heç yoxdur. "Həsrət duyğuları", "Əzizlərimə", "Tanrı sevgisi" "Düşüncələrim" adlı bölmələrdə verilən şeirlərin hamısından baş qaldıran sızıltı ictimai məzmunlu şeirlərlə yanaşı təbiətə ünvanlanan sətirlər özünü göstərir:

 

"Yaman tez saraldı yarpaqlar bu il,

Elə bil təbiət Tanrıdan küsüb"

- yaxud:

"Bu dünya heç zaman belə olmayıb.

işdir, yarpaqlar çox tez tökülür".

 

Biz bu yazını Mehdi Mükərrəmoğlunun "Nurlan" nəşriyyatında təzəcə çapdan çıxmış (redaktorlar İlham Abbasov Paşa Əmircanovdur) "Məni Qubadlıya aparan yollar" kitabı üstündə qurduq. Ancaq həmkarımız son 10 ildə ictimai-siyasi elmi-kütləvi məzmunlu bir neçə kitablı ilə oxucuların görüşünə gəlib. "Bir nəslin manifesti" ( 2003), " Raykom katibi" (2004), "Qubadlını məndən soruş" ( 2006), "Ömrün çarpaz rakursları (2007), "Əbədi şölələnən məşəl" (2008) kitablarında Qubadlı torpağının gözəlliyindən, onun mərd, ziyalı insanlarından söhbət açır, kino sənəti ilə bağlı düşüncələrini bölüşür.

Mehdi Mükərrəmoğlu "Xalq qəzeti"ndə çalışdığı 10 ildə cəmiyyət həyatının humanitar sahəsindən, xüsusən, elm təhsildən daha çox yazıb, daha müfəssəl söhbət açıb. Ancaq onun üçün əbədi daha çox ruhlandırıcı olan iki mövzu vardır: Qubadlı kino sənətimiz. Bu da təsadüfü deyil . Çünki o, ömrünün ilk 20 ilini məhz Qubadlıda - Dondarlı kəndində yaşayıb, atasının, babasının bütün şəcərəsinin böyük nüfuza sahib olduğu Zəngəzur bölgəsində az qala hamını tanıyıb. Kinoya olan marağı isə Bakı Dövlət Universitetində ali təhsili aspiranturanı başa vurduqdan sonra göndərişlə Azərbaycan Dövlət Kino Komitəsində işlədiyi 27 ildən çox müddətlə bağlıdır. 1975-ci ildən prokat sistemində redaktor, sonra "Kino" qəzeti " Film" jurnalının birləşmiş redaksiyasında müxbir, məsul katib, baş redaktor vəzifələrində çalışıb. Öz əsas işi ilə yanaşı, həm Bakı Dövlət Universitetində, həm Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən Mehdi Mükərrəmoğlu, eyni zamanda, bir neçə kino ssenarisinin müəllifidir. Onun "Lal çinar" ssenarisi 2005-ci ildə ekranlaşdırılıb.

Bax belə, 10 il qabaq "Bu toy Qubadlıda olaydı gərək"... deyə təəssüflənən həmkarımız indi dövlətin, dövlət başçımızın beynəlxalq ictimaiyyətin qətiyyətinə arxalanaraq əminliklə söyləyir ki, məni Qubadlıya aparan yollar yenə açılacaq biz Qubadlıya gedəcəyik. İnşallah! Yol da bir taledir, çoxdan yazılıb...

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.-15 aprel.- S. 8.