Qocaman jurnalist - qocalmayan söz adamı

 

Tanınmış jurnalist, mehriban insan, dünyagörmüş ziyalı Hidayət Səfərlinin 80 yaşı tamam oldu. Uzun illərdir ki, saçları, gülər üzü, dolu bədəni, şux sözləri ilə tanıyanların qəlbində məskunlaşıb, dostların-yaxınların sevimlisidir. Saç-saqqalı vaxtından tez ağardığından, ağır oturub-durmağından 50 yaşında da belə olub, 60-70 və nəhayət, 80-nin tamamında da.

 

Yetirməsi olan sonrakı nəsil yazarların hər onu görəndə dedikləri "Qocaman jurnalist - qocalmayan söz adamı" ifadəsi Hidayət müəllimin kimliyini dəqiq ifadə edir. Zahirən yaşlansa da son 30 ildə qocalmayan söz-söhbəti, çevik düşüncəsi, səliqəli geyim-keçimi, heç bir cavandan geri qalmayan şövqü ilə yenə sıradadır, tətikdədir. İnsanın bu yaşda ruhən gənc qalması, nikbin olması, ürəkdən deyib-gülməsi, onunla ünsiyyətdə olanlara sevinc, könül xoşluğu gətirməsi "qocamanlar" üçün nadir bir keyfiyyətdir.

Bu dəfə də belə olacağına tam əminliklə 80 yaşın tamamında Prezident təqaüdçüsü, əməkdar jurnalist Hidayət Səfərlinin qapısını döydük. Yarım əsrdən artıq çalışdığı Azərbaycan Radiosunda ondan hərtərəfli dərs almış həmkarlarım - Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin katibi Akif Cabbarlı və bu qurumun Həmkarlar İttifaqı Komitəsinin təmsilçisi Mübariz Süleymanlı böyük kollektivin təbrik və hədiyyəsini "qocaman jurnalist - qocalmayan söz adamı"na çatdırmağa gəlmişdilər. Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təbrikini yetirməksə mənə qismət olmuşdu. Son bir neçə ildə təqaüdə çıxsa da həmişə xatırlanır, tez-tez qapısı döyülür, telefonu zəng çalır...

Qapını özü açdı... İşıqlı gözlər, gülər çöhrə, hərarətli bir bədən bizi anındaca qeyri-adi hərarəti ilə isindirdi, duyğulandırdı. Çay süfrəsi arxasında ötən günlərin xoş xatirələri yada düşdü. Yarım əsrdən artıq bir dövrdə Azərbaycanı qarış-qarış gəzmiş, İkinci Dünya müharibəsindən sonrakı illərin əksər tanınmışları ilə müsahib, bir çoxu ilə dost olmuş, böyük qardaşı mərhum şairimiz İslam Səfərlinin çevrəsində Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza... kimi sənətkarlarla oturub-durmuş, ulu öndər Heydər Əliyevi vaxtilə səfərlərdə, görüşlərdə müşayiət etmiş, çıxışlarını ikiaddımlıqdan lentə almış bu insanın sinəsi və yaddaşı əsl jurnalistika salnaməsidir.

Ümumi hal-əhvaldan sonra söhbət, təbii olaraq, jurnalistikamızın bugününə gəlib çıxdı. 80 yaşlı ustad jurnalistin mülahizə və tövsiyələrini yenidən dinlədik:

- Jurnalistikamız inkişaf yolundadır. Teleradiojurnalistikasının texniki imkanları hədsiz dərəcədə artıb. Bizim nəsillə müqayisədə sizin qanad açıb uçmaq imkanlarınız var. Zəmanə sizə sərbəst yazmaq imkanı da verib. Amma... Deyilən söz üçün məsuliyyət azalıb. Bəzən ciddi bir məsələdən qeybət səviyyəsində söhbət açılır. Söz İlahi bir nemətdir. Xalq qarşısında söz deməyin məsuliyyəti Tanrıya imtahan verməyə bərabərdir. İnanıram ki, jurnalistlərimizin iradəsi, istedadı ilə bu problemlər tezliklə aradan qaldırılacaq.

Hidayət müəllimdən belə uzun yaşamasının, ruhən gənc qalmasının da səbəbini öyrəndik:

Dünya malında gözüm olmayıb, həmişə hərəkətdə, fəaliyyətdə olmuşam. Qəlbimi paxıllıqdan, kindən uzaq eləmişəm. İmkanımdan yuxarı iddialara düşməmişəm.

Son sualımız belə oldu: Ötən illərə nəzər salanda nələrdən öyünc duyursunuz? Cavab da qısa oldu:

- Təmiz, təmənnasız yaşamağım, şair İslam Səfərlinin kiçik qardaşı, beynəlxalq qrossmeyster Eltac Səfərlinin babası, Prezident təqaüdçüsü, əməkdar jurnalist olmağımla öyünc duyuram.

Ağsaqqal jurnalisti, şərəfli və uzun bir ömür yaşamış həmkarımızı, səmimi dostumuzu bir daha təbrik edib, ona möhkəm cansağlığı, ailə səadəti arzuladıq.

"Xalq qəzeti"ndəki dostları da bu təbriklərə qoşulur.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.-15 aprel.- S. 7.