Əhməd Bakıxanov - 120. Böyük ustad

 

1972-ci ilin iyun ayı idi.O zamanlar Bakıda çox məşhur olan "Beşmərtəbə"nin qarşısındakı bağda böyük alim, Quranın, klassik ədəbiyyatımızın və əruzun gözəl bilicisi Əli Fəhmi Ələkbərovla görüşdük. Görüşümüzdən məqsəd ustad sənətkarımız, muğam sənətimizin ən kamil bilicilərindən olan Əhməd Bakıxanovla bir məsələ barəsində məsləhətləşmək idi.

 

Əhməd Bakıxanovun "Beşmərtəbə"nin yaxınlığındakı evinə tərəf yollandıq. Mən o zamanlar Azərbaycan Dövlət Universiteti ilə yanaşı (o zaman Bakı Dövlət Universiteti belə adlanırdı), həm də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işlədiyimə görə Əhməd Bakıxanovu, onunla şəxsən tanışlığım olmasa da, üzdən yaxşı tanıyırdım. O dövrdə respublikamızda ən məşhur xalq çalğı alətləri ansamblının bədii rəhbəri olan Əhməd müəllimi mən, demək olar ki, həftədə bir-iki dəfə komitənin binasında, yaxud həyətində görür, onun əzəmətli yerişindən, ağır-batman davranışından xüsusi bir zövq alırdım.

Xoşbəxtlikdən Əhməd müəllim evdə idi. Əli Fəhmi ilə görüşüb öpüşdükdən sonra mənimlə də əl tutub görüşdü. Əli Fəhmi ona mənim kim olduğumu nişan verdi. Əhməd müəllim gülümsəyib atam Məmmədəli doktoru yaxşı tanıdığını dedi. Bu isə təbii idi, çünki atam o zaman Dövlət Radiosunda "Sağlamlıq" verilişinin redaktoru idi.

Əhməd müəllim həyat yoldaşına: "Məsmə xanım, zəhmət olmasa bizə bir çay ver,"- dedi. Stolun üstünə mürəbbəli çayşirniyyat gəldikdən sonra söhbət qızışdı, nə qızışdı. Əli Fəhmi ilə Əhməd müəllim Baba Tahirdən, Xəyyamdan, Sədidən, Hafizdən, Rumidən farsca şeirlər oxuyub onları təhlil etməyə başladılar. Mən böyük bir diqqətlə onlara qulaq asır və söhbətlərindən ləzzət alırdım. Mən o vaxta qədər Əhməd müəllimin mahir tarzən, böyük muğam ustadı olduğunu bilirdim. Lakin onun klassik Azərbaycan və fars poeziyasını belə gözəl bilməsindən xəbərim yox idi. İki saatdan artıq çəkən bu görüşdən sonra mən Əhməd Bakıxanovun musiqi ilə yanaşı, şeiri, xüsusilə Firdovsi, Rudəki, Nizami, Xaqani, Baba Tahir, Sədi, Hafiz, Cəlaləddin Rumi, Füzuli kimi nəhənglərin yaradıcılığını belə gözəl bilməsinə heyran oldumona hörmətim daha da artdı.

Yeri gəlmişkən, qeyd edim ki, mən Əhməd müəllimin böyük qardaşı Məmmədxan Bakıxanovu da keçən əsrin əllinci liiərinin əvvəllərində Kürdəxanı kəndində qurulmuş bir toyda dahi sənətkarımız Seyid Şuşinski ilə birlikdə görmüşəm. O zaman Məmmədxan Bakıxanov toya iki tarla- Azərbaycan və İran tarı ilə gəlmişdi. O hər iki tarda eyni məharətlə çalırdı.

Əhməd Bakıxanovun Azərbaycan muğamının qorunmasında və inkişafında böyük xidməti vardır. Tara, muğama hücum edilən keçən əsrin 30-cu illərində Əhməd müəllim dahi bəstəkarımız Üzeyir Hacıbəyli ilə çiyin-çiyinə verərək milli sərvətimiz muğamın, musiqi alətlərimizin şahı olan tarın qorunub saxlanılmasında az görməmişdir.

O, qocaman musiqiçilərə dərin hörmət bəsləyir, gənc xanəndə və sazəndələrə böyük qayğı ilə yanaşır, onların xalq içərisində tanınması üçün əlindən gələni edirdi.

Əhməd Bakıxanovun çalğısında lentə alınmış muğamlarımız, onun bəslədiyi rənglər və dəramədlər ən gözəl sənət nümunələri kimi musiqi tariximizdə həmişə yaşayacaqdır.

Əhməd müəllimin yaradıb ömrünün axırına qədər rəhbərlik etdiyi Azərbaycan TeleviziyaRadiosunun Xalq Çalğı Alətləri Ansamblı sözün həqiqi mənasında əzəmətli bir musiqi kollektivi idi. Azərbaycanda indiyə qədər bir çox xalq çalğı alətləri ansamblları olmuşindi də vardır. Tam cəsarətlə deyə bilərəm ki, mən bu musiqi kollektivlərinin heç birindən Əhməd müəllimin ansamblından aldığım zövqü ala bilməmişəm. Sevindirici haldır ki, indi Əhməd Bakıxanovun adını daşıyan həmin ansambl istedadlı tarzənimiz, respublikanın xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə unudulmaz sənətkarımızın ənənələrini davaminkişaf etdirmək yolunda əzmlə çalışır.

Əhməd Bakıxanov xoşbəxt sənətkardır, çünki xalqımız, dövlətimiz onun əməyini yüksək qiymətləndirmiş, xatirəsini əbədiləşdirmişdir. Əhməd müəllimin bir xoşbəxtliyi də ondadır ki, o, Vətənimiz Azərbaycana Tofiq Bakıxanov kimi görkəmli bəstəkar bəxş etmişdir.

 

 

Vasim MƏMMƏDƏLİYEV,

akademik

 

Xalq qəzeti.- 2012.- 15 aprel.- S. 6.