Canımız
ağrıyanda həkimə gedirik, ruhumuz ağrıyanda – yox
Həkimləri Təkmilləşdirmə
İnstitutunun "Psixiatriya və narkologiya"
kafedrasının professoru, tibb elmləri doktoru Nadir Əliyev
40 ilə yaxın müxtəlif səhiyyə təşkilatlarında
çalışıb. Psixiatriya ilə tələbəlikdən
məşğul olub. Sıravi həkim, şöbə
müdiri, uzun müddət müəsissə rəhbəri
işləyib. Moskva şəhərində 1983-cü ildə
namizədlik, 1989-cu ildə isə doktorluq elmi işlərini
müdafiə edib. Bir nəfər elmlər doktoru, 3 nəfər
elmlər namizədi hazırlayıb. 161 elmi əsəri dərc
olunub.
Son
vaxtlar psixiatriya dispanserinin profili dəyişib psixi
sağlamlıq mərkəzinə çevrildiyindən ona mərkəzdə
professor olaraq çalışmağı məsləhət
biliblər. Bu mərkəz yeganə, analoqu olmayan, unikal və
dünya standartlarına cavab verən bir tibb müəssisəsi
olaraq respublika üçün həm psixi sağlamlıq mərkəzi
kimi fəaliyyət göstərir, həm də psixiatriya xidmətini
koordinasiya edir. İstənilən adam şəxsiyyət vəsiqəsi
təqdim etməklə və ya poliklinika və MRX-nin göndərişi
ilə mərkəzdə müayinə oluna və burada
çalışan 18 psixiatrın köməyi ilə
müalicə ala bilər. Öncə professordan insanın
psixioloji durumuna təsir edən amillər barədə
soruşdum.
- İstər cəmiyətdə, ailədə, istərsə də ətraf mühitdə nə baş verirsə, insanın psixikasında güzgü kimi əks olunur. Müsbət hadisələr müsbət emosiyalar yaradırsa, mənfi hadisələr stress əmələ gətirir. ÜST belə qərara gəlib ki, 8-ə qədər xəstəlik var ki (şəkərli diabet, bronxial astma, poliartritlər və s.), onlar psixika ilə birbaşa əlaqədardır və psixi somatik xəstəlik sayılır. Bu xəstəliklərin kökündə isə insana təsir edən mikro (ailə) və makro (cəmiyyət) mühitin emosiyaları dayanır. Digər tərəfdən cəmiyyətdə insanların psixi sağlamlığında həmin cəmiyyətin dünyada tanınması, müdafiə qabiliyyəti, onun istehsalat potensialı böyük rol oynayır. İnsanın psixi əlilliyi cəmiyyətə bir tərərfdən yükdür, o biri tərəfdən isə ətrafdakılar üçün böyük əziyyətdir. Bizdə tibb mədəniyyəti o qədər də yüksək deyil, psixiatr adı eşidəndə qorxurlar. Amma unutmaq olmaz ki, insan iki hissədən ibarətdir: onun canı və ruhu var. İnsanın canı xəstələnəndə (ürək, mədə, böyrək və s.) həkimə gedir, ruhu ağrıyanda isə istəmir. Amma ona ilk növbədə psixi-ruhi sağlamlıq lazımdır. Psixi-ruhi sağlamlıq olanda insan hər şeyə qadir olur. Bugünkü gündə belə xəstələrin müalicəsi qat-qat baha başa gəlir, nəinki onların profilaktikası. Mərkəzin əsas vəzifələrindən biri psixi xəstəliyin regionlarda yayılması səbəbini öyrənməkdir. Elə xəstəliklər var ki, qan qohumluğu ilə əlaqədardır. Bəzi rayonlarda bu ekoloji amillərlə bağlıdır. Psixi sağlamlıq mərkəzi rayonları təxminən 8 regiona bölüb və məqsəd həmin regionlarda iqlim, insanın yaşadığı mühit, məşğul olduğu sənət, kimyəvi maddələrlə təmasda olub-olmaması, bir sözlə, epidemioloji vəziyyəti dərindən öyrənmək, hansı xəstəliklərin hansı regionda çox olmasını aşkar etməkdir. Mərkəzin məqsədi gələcəkdə psixi xəstəliklərin yayılmasını öyrənməklə bərabər, onun qarşısını almaq üçün profilaktik tədbirlər görmək, həm də poliklinika, MRX və ambulatoriyalarda işləyən və ilkin psixi tibbi yardımda iştirak edən həkimlərin psixiatriya sahəsində treninqlər təşkil edib biliklərini artırmaqdır. ÜST-ün məlumatına görə xəstələrin 20-30 faizi yerli poliklinikalar və MRX-na müraciət edir və göndərişlə psixi sağlamlıq mərkəzinə gəlirlər. Səhiyyə nazirinin əmrinə əsasən Bakı şəhərinin hər rayonunda olmasa da, 19 poliklinikasında psixiatr xidməti göstərilir. Yeni kadrlar hazırlandıqca gələcəkdə bütün poliklinikalarda psixiatr fəaliyyəti genişlənəcək.
- Əsəb pozğunluğu ilə psixi pozğunluq arasında oxşar və fərqli cəhətlər, yaxud nevropatoloqla psixiatrın gördükləri iş hansıdır?
- Çox yaralı yerə toxundunuz. Bizdə nevropatoloqların bəziləri öz sənətləri ilə məşğul olmurlar. Əsəb də, ruh da psixiatrın sahəsidir. Nevropatoloq isə sinirlə əlaqədar xəstəliklərlə - parez, qansızma, nevropatiyalarla məşğul olmalıdır. Adi nevrozdan tutmuş, ağır ruhi pozuntulara qədər hamısı psixiatriyaya aiddir. Sinir xəstəliklərində beyində baş verən zədələnmə xaricdə özünü gostərir. Yəni, xəstə iflic olur, ağız əyilir, göz çəpləşir. İnsan əsəbiləşir, beyində şiş varsa beyindaxili təzyiq qalxır, görmə zəifləyir. Buna müayinə lazım gəlmir. İnsanlar çox zaman psixiatrdan qorxduqları üçün (guya psixiatr ancaq ruhi xəstəliklərlə məşğul olur) nevropatoloqa müraciət edirlər. Sinirlə əsəb tam başqadır. Əsəb xəstəliyindən fərqli olaraq ruhi xəstəliklərdə psixozlar baş verir. Yəni halyusinasiya olur: eşitmə, sayıqlama ideyaları olur. O, ağır xəstəlikdir. Əsəbi xəstəlik deyəndə tez müalicə olunan, birbaşa xarici mühitlə əlaqəsi olan nevrogen xəstəlik nəzərdə tutulur. Ruhi xəstəliklərin isə əksəriyyəti endogen, yəni daxili, irsi (hələ tam dəqiq müəyyən edilməyib), amma xarici mühitlə az əlaqəsi olan xəstəlik nəzərdə tutulur. Bütün dünyada bu xəstəliklər eynidir. Psixi xəstəliklər arasında depressiya 1-ci yer tutur. Əlilliyə görə ürək qan-damar xəstəliklərindən sonra psixi xəstəliklər 2-ci yerdə gəlir. 2015-2020-ci ilə qədər əminəm ki, o, ürək qan-damar və onkoloji xəstəlikləri geridə qoyub 1-ci yerdə olacaq. Fikirləşin, bəzən deyirlər ki, insanlar həyatları ağır olduqlarına görə özlərini asırlar. Amma bu gün inkişaf etmiş Yaponiyada, Baltik ölkələrində də intihar halları baş verir. İntiharın bizdə az olmasına səbəb mentalitetimizdə qınaq obyekti olmaqdan qorxmağımızdır. Dinin də bu işdə böyük rolu var. Bəzi alimlərə görə sağlam insan özünü öldürə bilər. Mən o fikirlə razı deyiləm. Çünki insanda anadangəlmə qorunma instinkti, nəsilartırmaq, özünü qorumaq, qida qəbul etmək və s. instinktlər var. İnstinkt pozulursa psixi pozğunluq mütləq olmalıdır. Ola bilər ki, bu, ani olsun, tez keçsin, ətrafdakılar onu hiss etməsin. Amma heç vaxt sağlam insan özünə qəsd etməz. Sağlam insan ancaq Vətən uğrunda özünü ölümə verər.
- Nevrozlar müalicə ilə tam keçirsə, ona təzədən nə təkan verə bilər? Bəs ruhi xəstəliklər necə, tam sağalırmı?
- Nevrozu, və ya digər əsəb xəstəliyini yaradan faktor aradan götürülsə, onların hamısı sağalır. Ruhi xəstəliklərin isə üçlük qanunu var: üçdə biri tam sağalır, üçdə biri yaxşılaşır, üçdə biri isə daim xəstəxanada olur.
- Özünəqapanma və oyanıqlıq haqda nə deyərdiniz?
- Beynəlxalq təsnifata görə təxminə 399 psixi xəstəlik var. Özünəqapanma depressiyada, oyanıqlıq isə manyakal halda olur. Hipomanikal halda insanlar çox işgüzar, qoçaq olur, depressiyada isə özlərini asırlar. Mən psixiatriyanın tarixi ilə məşğul olmuşam. 1898-ci ildə Bakıda 200 min əhali yaşayırdı. O vaxt neft kompaniyaları ruhi xəstələr üçün 400 yerlik 1 müəssisədə xəstələrə xidmət göstərirdilər. Bugün Bakı şəhərində rəsmi olaraq 3 milyon əhali yaşayır. 54 min rəsmi qeydiyyatda olan psixi xəstə var. Bəs nə qədər çarpayı var? Dünyada isbat olunub ki, psixiatriya xəstəxanasi maksimum 400 çarpayılıq olmalıdır. Bizdə bütün xidmət Maştağaya yığılıb. Bu gün psixiatriya xəstəxanaları şöbə kimi umumi xəstəxanaların tərkibində yaradılmalıdır ki, insanları ayırmasınlar, deməsinlər ki, dəlixanaya gedirəm. Psixi xəstələrə münasibət cəmiyyətin səviyyəsidir.
- Xəstəliyi ağırlıq dərəcəsinə görə ayırmayanda hansı sağalmadan söhbət gedə bilər?
- Tamamilə doğrudur. Psixiatriya ilə məşğul olan müəssisələr mərkəzləşdirilməlidir. Ortaq məxrəcə gələrək mentaliteti nəzərə alıb Azərbaycan üçün yeni sistem qurmaq olar. Doğrudur, milyonlarla xərc çəkilir, yeni-yeni tibb ocaqları tikilir, köhnələr bərpa edilir. Amma o müəssisələrdə yüksək ixtisaslı kadrlar yoxdur. Cərrahlardan fərqli olaraq psixiatrları 65 yaşında pensiyaya göndərmək düzgün deyil. Təcrübə topladıqca, illər keçdikcə, biliklər artır, bəzən xəstə qapını açanda onun diaqnozunu müəyən edirik. Ona görə demirəm ki, mən psixiatram, bu, faktdır. Həkim nə qədər çox xəstə görürsə, o qədər də öyrənir. Psixiatr hazırlamaq üçün 10-15 il vaxt lazımdır.
- Son zamanlar doğuşdan sonrakı depressiyaların da sayı artıb.
- Hamilə olanda qadının bədənində gedən dəyişikliklər doğuşdan sonra onun psixikasında depressiya və şizofreniya formasında özünü göstərir. Depressiya nə qədər ağır xəstəlik olsa da, yaxşı müalicədən sonra izi qalmır. ÜST 399 psixi xəstəliyin siyahısında 3 dəyişilklik edib. İkisini - vegeterian və sevgini əlavə edib, birini - homoseksualizmi isə çıxarıb. Sevgidən və vegeterian qidalanmadan psixi pozğunluq yaranması labüddür. Amma homoseksualizm normal xəstəlik deyil, ağır psixi xəstəlikdir. Şizofreniyanın isə 30 faizi tam sağalır, 30 faizi yaxşılaşır, 30 faizi isə daim xəstəxanada qalır. Psixi xəstəliklərin arasında ən ağır və ən çətin formasıdır. Mənası ağılın parçalanmasıdır.
- Son vaxtlar "filankəsin psixikası pozulub" sözlərini tez-tez eşidirik. Bunlara kompyuter, internet klublar, mobil telefon təsir edirmi?
- Mütləq. Mənim təcrübəmdə belə xəstələr çox olub. Futbola və yaxud filmə baxan zaman böyrəküstü vəz daha çox adrenalin ifraz edir və insanda emosiya, həyəcan, təşviş, təzyiq halları artır, bu da psixi pozuntuya gətirib çıxarır. Onlar elə bilirlər ki, adam öldürmək toyuq başı kəsmək kimi asandır. İnsan psixikasının normallaşması və formalaşması prossesi 25 yaşına qədər gedir. Amma bizdə 18 yaşa qədər hesab edirlər. 18 yaşdan sonra o artıq həddi-buluga çatmış hesab olunur. Qumar oyunları psixikaya birbaşa təsir edir ki, o da psixiatriya xəstəlikləri içərisindədir. Gənclər iş-gücünü, dərsini atıb bütün vaxtını internet klublarda keçirir, kompyuter oyunları, gizli yerlərdə qumar oynayırlar. Elələri var ki, ailəsi dağılır, evi satılır, bu da psixiki xəstəliyin bir növüdür. Televiziya, mobil telefonların verdiyi şüa uşaqlarda birbaşa qorxu nevrozu əmələ gətirir. Onların sidik saxlama qabiliyyəti pozulur. Yuxuda sayıqlayır, gəzirlər. Tam yetişməmiş beyinə belə şeylər daha tez təsir edir. Bəzən kiçik yaşlı uşaqlar toyuğun başını üzürlər, bir- birilərini bıçaqlayırlar, hətta öldürürlər.
- Uşaqların, ümumiyyətlə, insanların psixikası hansı yaşda daha çox pozulur?
- Belə filmlər uşağa da, gəncə də birbaşa mənfi təsir edir. Həm tərbiyəsinə, inkişafına, həm psixikasına, həm də gələcəyinə. İnsanın bir neçə kritik yaş dövrü var. Onun 5 yaşa qədər qazandığı ümumi biliyi bütün ömrü boyu qazandığı qədərdir. Mauqlini nə qədər öyrətdilər, amma insan olmadı. İnsan 5 yaşa qədər cəmiyyətdə olmasa, ondan insan olmaz. 2-ci kritik dövrü 14-15 yaş oğlanlarda, 12-13 yaş qızlarda ən zərif, ən həssas toxunulan dövrdür. O yaşda alınan zərbələr ömrü boyu qalır. Bir də qocalıq dövrü - insan hədsiz kövrəkləşir, həssaslaşır, uşaqlığa qayıdır. Uşağı 14-15 yaşında qorudunsa, iradəcə möhkəm olur. Onu pis yollara, vərdişlərə aludə etmək olmur.
- Cavanlarda başa
düşülür. Yaşlı adamlarda necə? Bəzən normal yaşda birinin "ağlı oynayır".
- Fəsil dəyişiklikləri
zamanı- mart, oktyabr aylarında xəstələrdə
kəskinləşmə artır.
"Beyinin oynaması"
ağıl zəifliyinin
əlamətidir. Son vaxtlar ağıl zəifliyi xəstəliyi
daha geniş yayılıb. Kişilərdə qan-damar sisteminin pozuntuları ilə əlaqədar qan təzyiqinin artması, şəkər xəstəliyi
zamanı damarların
kökrəkliyi pozulur.
Əksər hallarda ona vaskulyar damar ağıl zəifliyi deyilir. 10 il
əvvəl 60-80 yaşlı
insanlarda olan xəstəliklər indi
40-55 yaşlarında rast
gəlinir. Bir də ki, insanın
ən çətin keçid yaş dövrlərdən biri kişilərdə 50-60, qadınlar
üçün 45-50- dir. Uzun
müddət işləyən
insana iş həyatı tələbata
çevrilir. İşini hər
şeyi hesab edən insana onu itirmək çox çətindir.
Elələri var ki, pulsuz olsa belə
işləmək istəyir,
təki evdən çıxsın. Yazda xəstəliklər
şiddətlənir. Ölümlərin çoxu martda
olur. "Mart çıxdı, dərd
çıxdı" ifadəsini
nahaqdan demirlər.
Mart ayında bədəndə gedən
dəyişikliklər çox
xəstəliklərin şiddətlənməsinə
səbəb olur.
O cümlədən də
psixioloji xəstəliklərin
kəskinləşməsinə. Yayda isə isti belə
xəstələrə rahatlıq
gətirir.
- Psixoloji sarsıntılara düşməmək üçün
oxuculara son olaraq nə demək istərdiniz?
-Xalqımıza cansağlığı
arzu edirəm. Möhkəm
olun, səbirli, iradəli olun deyirəm. İdmanla, əsasən də,
üzgüçülüklə məşğul olmağı
tövsiyə edirəm.
Çünki, su bədəndəki
bütün mənfi emosiyaları təmizləyir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 15 aprel.- S. 6.