Peşəkar jurnalistin həyat yolu "Bir ömür yaşadım ağlı-qaralı" kitabında

 

Aprelin 14-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist, "Arena" qəzetinin baş redaktoru Səyyad Ağbabalının yeni çapdan çıxmış "Bir ömür yaşadım ağlı-qaralı" kitabının təqdimatı olmuşdur.

 

"Nurlan" nəşriyyatında çapdan çıxmış nəfis tərtibatlı 568 səhifəlik bu kitab S.Ağbabalının oxucularla sayca 5-ci görüşüdür.

Tədbirdə "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, şair Vahid Əziz, hüquqşünas-alim Firudin Səməndərov və başqaları çıxış edərək S.Ağbabalının mənalı ömür yolundan, müstəqil Azərbaycan jurnalistikasının inkişafı naminə gördüyü işlərdən və təqdim olunan kitabın məziyyətlərindən söz açmışlar.

Bildirilmişdir ki, Səyyad Ağbabalı ölkəmizdə və dünyada gedən prosesləri daim diqqətlə izləyən, məqamında onlara münasibət bildirən, fəal həyat mövqeyi olan təcrübəli qələm sahiblərindəndir. Onun müəllifi olduğu bütün sənədli filmlərin mayasında, analitik verilişlərinin qayəsində, yüzlərlə yazılarının kökündə həmişə Vətənə sədaqət, ölkənin milli maraqlarına xidmət durmuşdur. O, sovet jurnalistikası ənənəsindən çağdaş jurnalistikamıza keçiddə öz müvazinətini, sözünün kəsərini qoruyub saxlayan qələm sahiblərindəndir.

Bildirilmişdir ki, bu günlərdə 60 yaşını qeyd edən müəllif son kitabında keçdiyi ömür yolunu bədii bir dillə oxucuya çatdırmağa çalışmışdır. Onun acılı-şirinli xatirələrini, dövri mətbuatda çap edilmiş bir sıra yazılarını yenidən oxumaqla 1988-ci ildən başlayaraq Azərbaycanda və Ermənistanda gedən ictimai-siyasi proseslər, cərəyan edən hadisələr, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox suallara cavab tapmaq mümkündür.

Vurğulanmışdır ki, kitabın bir üstünlüyü də S.Ağbabalının vaxtilə Azərbaycan Televiziyasının müxbiri kimi xarici ölkələrdə ümummilli lideri müşayiət etməsi və o görüşlərdən, tədbirlərdən hazırladığı dəyərli materialların da burada öz əksini tapmasıdır.

Kitabda, həmçinin Şuşanın işğalı, Xocalı soyqırımı və digər xalqımızın başına gətirilən müsibətlər tarixi faktların dili ilə oxuculara təqdim edilmişdir.

Qeyd edilmişdir ki, üç bölmədən ibarət "Bir ömür yaşadım ağlı-qaralı" kitabına Xalq şairi Zəlimxan Yaqub tərəfindən yazılmış "Ön söz" də bir daha bu əsərin dəyərini artırmışdır.

Mərasim iştirakçılarına minnətdarlığını bildirən Səyyad Ağbabalı demişdir ki, çalışmışam oxucular bu kitabdan yeni nəsə öyrənə bilsinlər. Buradakı hər bir hadisə mənim real gördüklərimin, müşahidə etdiklərimin əsasında qələmə alınmışdır. Əgər oxucular tərəfindən bu kitab yaxşı qarşılanarsa, növbəti bir əsər üzərində işləyəcəyəm.

Müəllif demişdir ki, kitabın üz qabığında Ağbabanın Yeniyol kəndinin, mənim doğma kəndimdəki erməni faşistləri tərəfindən dağıdılmış orta məktəb binasının və digər məhv edilmiş yurd yerlərimizin görüntüləri əks olunmuşdur.

Tədbirdə S.Ağbabalının həyat və yaradıcılıq yolunu əks etdirən videomaterial nümayiş etdirilmişdir.

 

 

Mədəniyyət.- 2012.- 15 aprel.- S. 6.