Bazar iqtisadiyyatı şəraitində ailə büdcəsi

 

Cəmiyyətdə ailə onun ilkin özəyidir, müstəqil şəkildə qərarlar qəbul edən, tələbatları maksimum ödəməyə çalışan və onlara üstünlük verən hər hansı bir istehsal amilinin sahibi olan, istehsalı və təkrar istehsalı təmin edən bir iqtisadi vahiddir. Başqa sözlə, ailə ümumilikdə cəmiyyətin sosial-iqtisadi və mənəvi ehtiyaclarını ödəməyə yönəldilmiş qohumluq əlaqələrinə və məişətin ümumiliyinə əsaslanan şüurlu təşkil olunmuş kiçik qruplarını təmsil edir.

 

Həmçinin ailə və yaxud ev təsərrüfatı, ailə təsərrüfatı dedikdə qohumluq dərəcəsindən asılı olaraq ümumi büdcəsi olan və bir yerdə yaşayan şəxslər qrupu və ya şəxs başa düşülür. Hər bir cəmiyyətdə onun sosial formasından asılı olmayaraq ailə əmtəə və xidmətlərin istehsalı və bölgüsündə həmişə həlledici qüvvə və amil olmuşdur. O, bu gündə ictimai quruluşun, cəmiyyətin əsaslandığı başlıca və yeganə özül hesab edilir.

Cəmiyyətin ilkin özəyini təşkil edən ailə öz üzərində iqtisadi, hüquqi, ideoloji və əxlaqi münasibətlərin təsirini hiss edir. Onun faydası, gərəkliyi hər şeydən əvvəl onun arzu olunan nemətləri, əmtəələri və xidmətləri istehsal etmək bacarığından irəli gəlir və onunla şərtlənir. Bazar münasibətləri şəraitində ailə müəssisə (firma) və bazar ilə birlikdə mikroiqtisadiyyatı (kiçik iqtisadiyyatı) təmsil edir, istehsal amilləri sistemində əsas və başlıca mövqeyə malikdironun rolu mühüm olmaqla yanaşı, həm də çox mürəkkəbdir. Çünki o, xüsusi təsərrüfatının müxtəlif problemlərini-ailə biznesinin idarə olunması, işçi qüvvəsinin təkrar istehsalı, istehlak tələbatının ödənilməsi əsaslı vəsait qoyuluşu üçün yığım imkanının yaradılmasını və digər məsələləri həll edir. Yeri gəlmişkən onu da diqqətə çatdırmaq gərəkdir ki, ailə bir sıra funksiyaları doğum, ailə biznesinin təşkili, bazar təsərrüfatında korporativ birləşmiş fəaliyyətin ailə büdcəsinin formalaşdırılması və istifadəsi və s. funksiyaları yerinə yetirir. Bütün bu funksiyaların həyata keçirilməsində ailə büdcəsi mühüm və başlıca rol oynayır. Çünki ailə büdcəsi ailənin normal fəaliyyətinin və yaşayış səviyyəsinin təminatçısı, zəruri pul vəsaitlərinin yığımının, bölüşdürülməsinin və xərclənməsinin əsas iqtisadi alətidir.

Ölkəmizdə büdcə sistemi dövlət, Naxçıvan Muxtar Respublikası və yerli büdcələri təmsil edirburada, həmçinin ailə büdcəsi də təmsil olunur Ailə büdcəsi ailənin iqtisadi durumunun, həyat səviyyəsinin göstəricisidir. Ailə üzvlərinin tələbatlarının ödənilməsinin əas və başlıca mənbəyidir.

Bütün bunlar ailə büdcəsinin formalaşdırılmasını və səmərəli istifadə edilməsini şərtləndirir. Müəyyən müddət ərzində ailənin gəlirlərinin və xərclərinin məcmusu olan ailə büdcəsi dövlət, müəssisə, büdcələrində olduğu kimi gəlir və xərclərin fərqindən asılı olaraq aktiv (fəal) və ya müsbət büdcə passivya kəsirli mənfi büdcə kimi qiymətləndirilir. Gəlirləri xərclərindən artıq olan ailə büdcəsi müsbət aktiv büdcə, əksinə xərcləri gəlirlərindən çox olan büdcə isə kəsirli-mənfi büdcə kimi qiymətləndirilir. Eyni zamanda, ailə büdcəsi gündəlik, həftəlik, aylıq və illik büdcə qaydası ilə formalaşdırılır və istifadə olunur.

Ailə büdcəsi ailənin gəlirlərinin və xərclərinin quruluşu (strukturu) barəsində məlumat verməklə yanaşı, həm də ailənin həyat səviyyəsi haqqında tədqiqat və araşdırma aparmağa imkan verir və əlverişli məlumat mənbəyi kimi çıxış edir. Ailələrin büdcələri onların gəlir mənbələri kimi müxtəlifdir.

Əhalinin gəlirləri arasında müxtəlifliyə baxmayaraq, onların əksəriyyətində əmək haqqı və sahibkar gəliri birinci yerdə dayanır, bəzi hallarda isə eynilik təşkil edir. Eyni zamanda, ailənin mülkiyyəti üzrə gəlirləri də xüsusi əhəmiyyət daşıyır. Əmək haqqı, sahibkar gəliri, mülkiyyətdən əldə olunan gəlirlər (renta, faiz, kirayə ödənişləri, dividentlər), dövlət transfert ödənişləri (əvəzi qaytarılmayan ödənişlər) pensiyalar, təqaüdlər, yardımlar, səhiyyə və mədəniyyət sahəsində pulsuz xidmətlər və digər mənbələrdən əldə olunmuş gəlirlər (mirass.) ailə büdcəsini təmsil edir. Bütövlükdə ailə büdcəsinin gəlirləri dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarından ictimai təşkilatlardan əmək haqqı, mükafat, məzuniyyətdən daxil olan, istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışından və digər satış mənbələrindən daxil olan vəsait, pensiya, müvavinət, təqaüd və başqa gəlirlərdən ibarətdir. Ailənin şəxsi sərəncamında olan gəlirlər ailənin həmin daxilolmalardan vergilər, məcburi ödəmələr və könüllü olaraq ictimai təşkilatlara ödəmələr çıxıldıqdan sonra yerdə qalan məbləği nəzərdə tutur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycanda ailə büdcəsi dövlət büdcəsinin ildən-ilə çoxalması sayəsində artır. Məsələn, 1991-ci ildə ölkənin dövlət büdcəsinin gəliri 2055,2 milyon manat, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi 21991,9 min manat olmuşdusa, indi həmin rəqəmlər müvafiq surətdə 11403 milyon manata və 53007,2 min manata çatmışdır. Həmçinin bu artım sayəsində dövlət büdcəsinin sosial yönümü güclənmiş, 2012-ci il üçün ölkə büdcəsində vəsaitin 55 faizi, Naxçıvan Muxtar Respublikada isə 58 faizi sosial məsələlərə yönəldilmişdir. Halbuki, inkişaf etmiş ölkələrdə sosial məsələlərə ancaq 30 faiz vəsait ayrılır.

Eyni zamanda, ölkəmizdə ümumi daxil məhsul da ilbəil artır, dayaqlı və davamlı olduğunu sübuta yetirir. Ötən il ümumi daxili məhsul istehsalı 40 milyard manatı ötüb keçmiş, Naxçıvan Muxtar Respublikasında isə 2 milyard ABŞ dolları həcmində olmuşdur. Muxtar respublikada 2011-ci ildə ailə, ev təsərrüfatlarında hər nəfərə düşən aylıq gəlir 160,3 manat təşkil etmişdir. Ölkəmizdə 2011-ci ildə minimum əmək haqqı 85 manatdan 93,5 manata çatmış, əhali gəlirləri isə 20 faiz artmışdır ki, bütün bunlar ailə büdcəsinin müsbət büdcə olmasını təmin etməyə imkan vermişdir. Ölkədə yoxsulluğun, 49 faizdən 5,6 faizə enməsi, son 8 ildə əhalinin bir milyondan soxunu məşğulluğa cəlb edilməsi, təkcə 2011-ci ildə isə 100 min nəfərin daim işlə təmin edilməsi ailə büdcəsinin gəlirlər hissəsinin artmasına çox müsbət təsir göstərmişdir.

Naxçıvan Muxtar Respublikasında əhalinin vəsaiti hesabına tikilən yaşayış sahəsi 1991-ci ildə 8,2 min kvadrat metr 2011-ci ilin axırında 290,4 kv metr olmuş, başqa sözlə, 35,4 dəfə artmışdır. Müqayisə edilən müddətdə pərakəndə əmtəə dövriyyəsi 30,5 dəfə əhaliyə göstərilən pullu xidmətlər 46 dəfə, əhalinin gəlirləri 31 dəfə artmışdır . Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 1991-ci ildən 12,6 manatdan 336,5 manata çatmışdır. Bunlar sayəsində Muxtar respublikada son illərdə 2 min yeni ailə qurulmuş, onların ümumi sayı 84 minə çatmışdır. Ölkəmizdə ailə büdcəsinin gəlirlərini artırmaq, xərclərinə qənaət etmək və büdcəni normal formalaşdırmaq məqsədilə bir sıra məsələləri də həll etmək vacibdir.

Hər şeydən əvvəl ailə büdcəsinin gəlirlərinin artırılması daim diqqət mərkəzində saxlanılmalı, bu işdə dövlətin və xüsusilə ailənin ev təsərrüfatlarının davamlı fəaliyyəti gücləndirilməlidir. Eyni zamanda, xalq istehlakı mallarının qiymətləri nəzarətdə saxlanılmalı, bu işdə dövlət tənzimlənməsi öz sözünü deməlidir. Bundan başqa, milli valyutanın sabitləşdirilməsi diqqət mərkəzində olmalıdır.

Ailə büdcəsinin xərclər bəndinə qənaət etməkdən ötəri ağıllı istehlak, ağıllı tələbat prinsipi daim gözlənilməli, ailə büdcəsindən istifadə edilməsində israfçılığa yol verilməməlidir.

Torpaq payı olan ailələrdə büdcəni artırmaq üçün ondan əldə edilən gəlirlərlə yanaşı, həm də ailənin ərzaq məhsullarına olan tələbatının ödənilməsi imkanı kimi baxılmalıdır.

Azərbaycan kəndində ailə büdcəsini daha çox və yüksək həcmdə artırmaq gəlirli sahə olan üzümçülüyün inkişafına xüsusi önəm verilməli, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair " Dövlət Proqramı"nın yerinə yetirilməsi məqsədilə bütün qüvvələr səfərbərliyə alınmalıdır..

 

 

Asif ŞİRƏLİYEV,

Naxçıvan Dövlət Universitetinin

iqtisad fakültəsinin dekanı,

iqtisad elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2012.- 15 aprel.- S. 4.