Masallı:
dövlət qayğısının nəticələri fərəh
doğurur
Biz
Masallının inkişafının yeni mərhələsini
yaşayırıq. Çünki Masallıda gedən işlər,
bu gün mənə göstərilən layihələr, təqdimat
yaxın zamanlarda rayonda, demək olar ki, əsas sosial məsələlərin
həllinə gətirib çıxaracaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Zamanın tələblərinə
uyğun şəkildə, sürətlə inkişaf edən
rayonlarımızdan biri də Masallıdır. Dövlət
müstəqilliyimizin bərpasından ötən illərdə,
xüsusilə də yeni əsrin əvvəllərindən burada
sosial-iqtisadi inkişaf naminə həyata keçirilən tədbirlər
rayonun simasını xeyli dəyişdirmiş,
Masallını gözəl bir diyara çevirmişdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev cənub
bölgəsinə vaxtaşırı səfərləri
zamanı Masallıda görülən işləri hər
zaman yüksək qiymətləndirmiş, tərəqqi layihələrinin
sürətlə gerçəkləşdirilməsini təqdir
etmişdir.
Ötən
il aprelin 14-də Masallıya səfər edən dövlət
başçısının sərəncamları ilə
rayonun sosial-iqtisadi inkişafı üçün 5,5 milyon
manat vəsait ayrılmışdır. Üstündən
heç bir il ötməmiş - bu il martın 13-də Azərbaycan
rəhbəri yenidən Masallıya gəlmiş, aparılan
quruculuq işləri ilə tanış olmuş və yenidən
rayonun inkişafına 2 milyon manat vəsait ayrılması
üçün sərəncam imzalamışdır. Bu, ilk
növbədə, əvvəlki vəsaitlərdən səmərəli
istifadə olunmasına verilən qiymət, başlanan möhtəşəm
işlərin eyni vüsətlə davam etdirilməsinə əməli
dəstək kimi dəyərləndirilir. Rayon ictimaiyyəti
dövlət qayğısından daha da ruhlanır, etimadı
doğrultmaqdan ötrü fədakarlığını
artırır.
Masallıya
növbəti ezamiyyətimdə bir daha gördüm ki, burada
özünü yurdsevər sayan hər kəs dövlət
başçısının rayona növbəti səfərinin
xoş təəssüratını yaşayır və
göstərilən diqqətdən hədsiz məmnundur. Uzun
illər rayon rəhbərliyində təmsil olunmuş
dövlət qulluğu veteranı, cənub bölgəsində
birinci olaraq "Vətənə xidmətə görə"
ordeni ilə təltif edilmiş köhnə dostum Ələşrəf
Niftiyevin çay masası arxasında söylədiklərini
olduğu kimi təqdim edirəm:
-
Sevimli Prezidentimiz bütün gücü, amalı və
bacarığı ilə xalqa xidmət edir, xalq da onu ürəkdən
sevir. Bölgələrin inkişafının təmin
olunmasında, əhalinin rifahının ildən-ilə
yaxşılaşdırılmasında misli görünməmiş
irəliləyişlərimiz uzunmüddətli müstəqillik
tarixinə malik dövlətlərin belə diqqətini
çəkmiş və onları bizimlə əməkdaşlığa
sövq etmişdir.
Prezidentin
bölgələrə hər səfəri dövlətçiliyə
inamı artırır, xeyirli-bərəkətli olur,
adamların həyat şəraitinin
yaxşılaşmasına, fəaliyyət sferasının
genişlənməsinə, sosial tələbatının
ödənilməsinə, mədəni yüksəlişə
səbəb olur. Dövlət başçısının
ağsaqqallarla, gənclərlə, ziyalılarla
görüşləri, bir qayda olaraq, konkret əməli nəticələrlə
yadda qalır. Rayonumuzun son illərdəki yüksəlişi
məhz möhtərəm Prezidentimizin konkret göstərişləri
və qayğısı sayəsində mümkün
olmuşdur. Neçə-neçə təhsil, səhiyyə,
mədəni-məişət obyekti, yol-abadlıq, infrastruktur
işləri məhz cənab İlham Əliyevin adı ilə
bağlıdır.
İllər
boyu bizi narahat edən kanalizasiya xətti problemi, nəhayət,
həllini tapmaqdadır. Bu qurğunun tikintisinə start verilməsi
çox böyük işdir. Masallının bugünü
gözəldir. İnamla deyə bilərəm ki, sabahı
daha da gözəl və cəlbedici olacaq.
Ötən
ay Masallıya səfəri zamanı Azərbaycan Prezidenti
öncə şəhərin mərkəzindəki Heydər Əliyev
Parkında ulu öndərin abidəsini ziyarət etmiş,
sonra oradakı işlərlə maraqlanmışdır. Yenidən
qurulan parkdakı muzeyin bazasında Heydər Əliyev Mərkəzi
açılmış, sakinlərin və qonaqların istirahəti
üçün hər cür şərait
yaradılmışdır. Yeni mərkəz ulu öndərin
irsinin dərindən öyrənilməsi və təbliğində,
gənclərin hərtərəfli inkişafında
mühüm rol oynayır. Burada vaxtaşırı müxtəlif
maraqlı tədbirlər keçirilir.
"Milli
su təchizatı və kanalizasiya xidmətləri" üzrə
ikinci layihə çərçivəsində yenidən
qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma
mərasimi səfər proqramının əsas tədbirlərindən
idi. Dövlət başçısı gilizi təmələ
buraxmış və beton qarışığı
tökmüşdür. Prezident icraçılara müvafiq
tapşırıq və tövsiyələr vermişdir.
Tikintisi
ötən əsrin 90-cı illərində dayandırılan
Masallı sutəmizləyici kanalizasiya qurğusu yararsız vəziyyətdədir.
Bu sisteminin təkmilləşdirilməsi zamanın tələbidir.
Yeni layihə əsasında Masallı şəhərində
adambaşına düşən suyun həcmi gün ərzində
180 litr hesablanıb. Bu isə 2030-cu il üçün
supaylayıcı şəbəkəyə 24 saat ərzində
su verməklə ildə 2 milyon 400 min kubmetr su tələbatı
deməkdir. Masallı şəhərinin su təchizatını
yaxşılaşdırmaq üçün Viləşçay
su anbarı əsas mənbə kimi qəbul olunmuşdur. Yeni
layihə çərçivəsində həcmi 5 min kubmetr
olan su anbarının inşası da təklif edilib. Təmizləyici
stansiyanın gücü gündəlik 22 min kubmetr olacaq.
Masallı şəhərindəki bütün evlər
içməli su şəbəkəsinə qoşulacaq.
Masallının
mərkəzində 1956-cı ildə inşa olunmuş mədəniyyət
evi indiyədək əsaslı təmir edilməmişdi.
Rayonun bu əsas mədəniyyət ocağının təmirinə
ötən ilin avqustunda başlanmışdır. İşlərin
gedişi ilə tanış olan Prezident İlham Əliyevə
məlumat verildiyi kimi, 358 yerlik tamaşaçı salonundan və
digər yardımçı otaqlardan ibarət mədəniyyət
evinin bütün infrastrukturu tamamilə yenidən qurulur.
Hazırda burada qızğın iş gedir. Çox keçməz
ki, mədəniyyət evi yenidən rayonun əsas mədəni-kütləvi
tədbirlər mərkəzinə çevrilər.
Dövlətimizin
başçısı Masallıya səfəri çərçivəsində
Gənclər Mərkəzinin açılışında
iştirak etmişdir. Burada da işlərə ötən il
başlanmışdır. İndi isə bina artıq əsl
memarlıq incisi kimi göz oxşayır. Mərkəzin
müasir oyun zalı var. Rəsm qalereyası gənclərin
ixtiyarına verilib. İki hissəli tir otağı Almaniya
avadanlığı ilə təchiz edilib. Otaq pnevmatik və
interaktiv atıcılıq tirlərindən ibarətdir. Burada
30-a qədər proqramdan istifadə imkanı yaradılıb.
Onlardan ikisi olimpiya idman növüdür. Multimedia
kitabxanası, kompyuter otağı, açıq tipli kafe, 30 nəfərlik
konfrans zalı gənclərin dolğun həyatını təmin
edəcək. Burada xarici dil kursları da fəaliyyət
göstərəcək.
Martın
13-də Masallı Gənclər Mərkəzinin konfrans
zalında Prezidentin Biləsuvar, Cəlilabad, Lənkəran,
Astara, Yardımlı və Lerik rayonlarından olan gənclərlə
görüşündə iştirak edənlərdən biri
də Məmmədhüseyn Hüseynov idi. Gənc mütəxəssis
təəssüratlarını bizimlə
bölüşdü:
- Bu
gün ölkəmizin idman və gənclər siyasəti sahəsində
inkişafını görməmək mümkün deyil. Əhalisinin
üçdə-birini gənclər təşkil edən
Masallı da görkəmini günbəgün dəyişir.
İnkişafda gənclərin rolu böyükdür. Yeni Azərbaycan
Partiyası rayon təşkilatının sıralarında 3
minə qədər gənc ictimai və siyasi fəallığı
ilə seçilir.
Unudulmaz
görüş zamanı dövlət başçısı
gənclərə dəyərli tövsiyələr verdi. Bizi
daha da bilikli, zəkalı, fəal və vətənpərvər
görmək istədiyini vurğuladı. Əslində, belə
olmaqdan ötrü hər cür şəraitimiz var. Ötən
il qəbul edilmiş "Azərbaycan Gəncliyi"
Proqramı, yeni yaradılmış Gənclər Fondu bizim hərtərəfli
inkişafımıza xidmət edir.
Dövlət
qayğısı sayəsində Masallıda müasir Olimpiya
İdman Kompleksi tikilib və hazırda məhsuldar fəaliyyət
göstərir. Şahmat məktəbi yenidən qurulub. Bu
yaxınlarda Boks və Taekvondo mərkəzlərinin
açılışı olacaq. "İdman ili"nə
bundan gözəl töhfə nə ola bilər? Möhtərəm
Prezidentlə görüş zamanı rayonumuzu təmsil edən
tələbə Nigar Əliyeva da çıxışında
fəxrlə qeyd etdi ki, yeni Gənclər Mərkəzi bizlərə
misilsiz hədiyyədir. Biz bundan sonra da daim sevimli Prezidentimizin
yanında olacaq, ağlımız, intellektimiz sayəsində
Azərbaycanın bundan sonra da çiçəklənməsinə
töhfələr verəcəyik.
Masallıda
abadlıq, yol tikintisi durmadan davam edir, işıq, təbii qaz
təchizatı yaxşılaşır. Təbii qaz alan kəndlərin
sayı artıq 52-yə çatıb. Hazırda altı yeni
məktəb tikilir. Ötən il Masallıda ümumi məhsul
istehsalı və xidmətlərin həcmi 12 faizədək
artmışdır. Beş ildə rayonda əkin sahələri
4600 hektar çoxalmışdır. Əla toxumluq buğda və
zəruri texnika ilə təminat sayəsində keçən
il zəmilərdən rekord həddə - 31 min 300 ton taxıl
yığılmışdır. Rayonda hər bir
işçiyə düşən orta aylıq əməkhaqqı
indi 257 manata çatmışdır.
Sahibkarlıq
inkişafdadır. Prezident İlham Əliyev rayona səfəri
zamanı burada yeni yaradılan "Masera" MMC-nin soyuducu
anbar və istixana komplekslərinin
açılışında iştirak etmişdir. Kompleksin
sahibi Mirəkbər Şükürov bununla bağlı
ürək sözlərini ifadə elədi:
- Hələ
də unudulmaz açılış mərasiminin, dövlət
başçısının obyektlə
tanışlığının təsiri altındayam.
Sahibkarlığa yaşıl işığı məhz
bizim sevimli Prezidentimiz yandırıb. Görüş
zamanı çox həyəcanlı idim. Amma ali
qonağın səmimiyyəti, mehribanlığı məni
ürəkləndirdi. Həvəslə gördüyüm
işlərdən, məhsulların yetişdirilməsi
texnologiyasından danışdım. Suallara ətraflı
cavab verməyə çalışdım. Dedim ki, cənab
Prezident, bütün uğurlarımızı Sizin diqqət və
qayğınız sayəsində qazanmışıq.
Regional
inkişaf Dövlət Proqramı çərçivəsində
1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə
illik 0,7 min ton tərəvəz istehsal etmək gücünə
malik olan bu istixana kompleksi artıq fəaliyyətdədir.
Layihəyə 5 milyon manat investisiya qoyulub ki, bunun da 1 milyonunu
Sahibkarlığa Kömək Milli Fondunun güzəştli
krediti təşkil edir. Bundan başqa, kompleksin inşası
zamanı "Aqrolizinq" ASC-dən də ümumi dəyəri
2,4 milyon manat olan avadanlıq və köməkçi vəsaitlər
lizinq yolu ilə alınıb. Layihənin icrası nəticəsində
60 nəfər daimi, 20 nəfər isə mövsümi
işlə təmin olunub. Dövlətimizin
başçısı istixanada yetişdirilmiş pomidor
sortları ilə maraqlandı. Bildirdim ki, burada hər hektardan
mövsüm ərzində 350-400 ton keyfiyyətli məhsul
götürülə bilər. Kompleksdə pomidorla
yanaşı, digər məhsullardan da yetişdirmək
mümkündür. Gələcəkdə məhsullarımızı
xarici ölkələrə də ixrac edə biləcəyik.
Göründüyü
kimi, Masallıya dövlət qayğısının nəticələri
çox fərəhlidir. İnanırıq ki, gözəl cənub
rayonunun xoş soraqlarını hələ çox eşidəcək
və qəlbən sevinəcəyik.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 17 aprel.- S.10.