"Sağlam ailə sağlam
gələcəyin təminatıdır"
Suraxanı rayonundakı Heydər Əliyev
Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi və
Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə "Sağlam ailə sağlam gələcəyin təminatıdır"
adlı tədbir keçirilmişdir.
Tədbir
iştirakçıları əvvəlcə Heydər Əliyev
mərkəzi ilə tanış olmuşlar.Onlara məlumat
verilmişdir ki, mərkəzdə ümummilli liderin həyatının
və çoxşaxəli dövlətçilik fəaliyyətinin
müxtəlif dövrlərini əks etdirən materiallar,
fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Mərkəzin
elektron-lektoriya zalında keçirilən tədbiri giriş
sözü ilə açan rayon icra hakimiyyəti
başçısının müavini Əhməd Talıbov
bildirmişdir ki, ümumbəşəri sivilizasiyanın
minilliklərlə ölçülən mövcudluq salnaməsi
sübuta yetirmişdir ki, hər hansı milləti kölə
vəziyyətinə salmaq, keçmişindən,
soy-kökündən ayırmaq üçün ona öz
tarixini, milli ənənə və dəyərlərini
unutdurmaq yetərlidir. Yalnız böyük şəxsiyyətlər
yetişdirən xalqlar qərinələr boyu
formalaşmış yüksək əxlaqi-mənəvi
keyfiyyətlərini, mental xüsusiyyətlərini hər bir
ictimai-iqtisadi formasiyada hifz edərək mütərəqqi
yolla irəliləyir, milli özünəməxsusluqlarını
qoruyub saxlayırlar.
Ümummilli
liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu
bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin
böyük himayədarı kimi tanınmışdır. Azərbaycan
Prezidenti İlham Əliyev də ölkədə
genişmiqyaslı abadlıq-quruculuq işləri aparmaqla
yanaşı, eyni zamanda, daim milli və bəşəri
ideyaların, zəngin mənəvi-estetik irsin boyük hamisi kimi
çıxış edir.
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti xalqımıza xas mütərəqqi dəyər və ideyaların ictimai şüurda möhkəmlənməsinə yönəlmişdir.
Ə.Talıbov vurğulamışdır ki, bugünkü tədbir də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunmasına həsr edilmişdir. Natiq həmçinin bildirmişdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyası həyata keçirilir.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Suraxanı Rayon Qeydiyyat şöbəsinin rəisi Solmaz Həsənova, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova qeyd etmişlər ki, ölkəmizdə insanların, əsasən də dünyaya gələcək yeni nəslin sağlamlığının təminatı üçün dövlət tərəfindən əksər mümkün imkanlar yaradılmış və bu gün də yaradılmaqda davam edir. Bu gün Azərbaycanda gənclərin, xüsusən də ailə həyatı qurmağa hazırlaşan gənclərin hər birinin sağlamlığı və onların səhhətindəki problemlərin öyrənilərək gələcəkdə yarana biləcək potensial təhlükələrdən sığortalanması üçün də böyük işlər görülür. Azərbaycanda mövcud olan "Ailə Məcəllləsi"nə ediləcək əlavə və dəyişikliklər də bu məqsədə xidmət edir. Belə ki, göstərilən məcəllədə ailə qurmağa hazırlaşan iki gəncin ailə qurmazdan əvvəl tibbi müayinədən keçməsi və bu haqda müvafiq qurumlara sənəd təqdim etməsi məsələsinin də yer alması nəzərdə tutulmuşdur. Bu qanun hər bir Azərbaycan gəncinin sahib olacağı ailənin sağlamlığına əvvəlcədən verilən zəmanətdir.
Diskussiya formasında keçirilən görüşdə nigaha daxil olmaq üçün ərizə ilə müraciət edən gəncləri və digər iştirakçıları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilmişdir.
Tədbirdə həmçinin vurğulanmışdır ki, "Sağlam ailə sağlam gələcəyin təminatıdır" adlı maarifləndirici layihənin həyata keçirilməsi gənc nəslin sağlamlığı və bununla sağlam gələcəyin formalaşdırılması işində faydalı olacaqdır.
Sonda ailə quran iki gəncin nigah mərasimi keçirilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 17 aprel.- S. 10.