Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur

 

(əvvəli qəzetin 15 aprel 2012-ci il tarixli sayında)

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi iştirakı ilə Xocalı şəhərinə hücum edərək min nəfərə qədər dinc sakini qətlə yetirdilər. Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən ələ keçirildikdən sonra aydın idi ki, növbəti həmlə Şuşaya olacaq.

 

Martın sonu-aprelin əvvələrindən başlayaraq, Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 24-də ermənilərin Şuşaya hücumu gözlənilirdi. Belə ki, ermənilər aprelin 29-da Şuşa ətrafında Hacı talası və Daşaşıran adlanan ərazilərə güclü hücuma keçdilər. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən "qrad", "kristal" tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutuldu. Atəş səhərə qədər davam etdi. Səhər tezdən ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər .

Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Vaxtilə 33 gün mühasirədə qalan, lakin təslim olmayan Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Şuşadakı mövcud qüvvələr və onların hərbi hazırlığı ermənilərlə müqayisədə çox zəif idi. Ermənilərin öz məlumatlarına görə isə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi əslində başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı, atəşi dayandırmağı tələb etdiyi vaxtla üst-üstə düşürbağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndinə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.

Beləliklə, ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə girov götürüldü. Ermənilər tərəfindən əsir götürülmüşŞuşa türməsində saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilmişdi. İşğal nəticəsində Şuşanın 20 kitabxanası, 12 klubu, 6 mədəniyyət evi, 22 məktəbi, 7 uşaq bağçası yandırılmış və dağıdılmışdır.

İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tuncilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B. Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.

Şuşanın itirilməsi Azərbaycan üçün nə demək idi? Tarixə nəzər salsaq, Şuşanın nə qədər siyasi və hərbi-strateji əhəmiyyətə malik olmasının bir daha şahidi oluruq. İşğala qədər tarix boyu Şuşa saf havası, füsunkar təbiəti və gözəlliyi ilə dünyanın müxtəlif şəhərləri ilə müqayisə edilmiş, hətta bir çoxlarını geridə qoymuşdur. Çox təəsüf ki, qəhrəmanlıqdan, mərdlikdən xəbər verən uca bürcləri, möhtəşəm qala divarları və üç tərəfdən qayalıqlarla əhatə edilmiş strateji əhəmiyyətli müqəddəs şəhəri qoruya bilmədik. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı.

Hazırda doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkünün bütün qayğıları və problemləri Azərbaycan dövlətinin gündəlik fəaliyyətinə çevrilmişdir. Bununla yanaşı, ümummilli liderimiz Heydər Əliyev 1996-cı il mayın 6-da Prezident sarayında Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə Şuşanın, ümumiyyətlə Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyətli olduğunu bildirərək demişdir: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublarQarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə mailk böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur".

Artıq 20 ildir ki, təcavüzkar Ermənistan münaqişənin nizama salınması üçün aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab Prezident İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir.

Dövlət başçısı İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır.

Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki,"Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".

Bununla yanaşı, Azərbaycan xalqının iradəsinə, gücünə arxalanmağı bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin vacibliyini vurğulamışdır. Problemin sülh yolu ilə həll olunmasına ümidlərini itirməyən və bu səbəbdən münaqişənin nizama salınmasında dinc vasitələrə üstünlük verdiyini söyləyən Prezident İlham Əliyev bəyan etmişdir: "Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq".

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyası beynəlxalq münasibətlər

və xarici siyasət kafedrasının dosenti,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 17 aprel.- S. 9.