Naxçıvanın xarici ticarət-iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir

 

Naxçıvanda tarixən ticarətin inkişafı bu diyarın Avropa və Asiyanın bir çox dövlətlərini əlaqələr cəhətdən birləşdirən böyük karvan yolunun üzərində yerləşməsi ilə izah edilir. Bu karvan yolu əsrlər boyu Naxçıvan, Ordubad və Culfa şəhərlərinin ticarət mərkəzləri kimi geniş inkişaf etməsinə də şərait yaratmışdır.

 

1924-cü ildə Naxçıvan MSSR təşkil olunduqdan sonrakı dövrdə də bu bölgənin daxili və xarici ticarəti inkişaf etmişdir. Lakin muxtar respublikanın xarici ticarətinin əsl inkişafı müstəqillik dövrünə təsadüf edir.

Müstəqilliyimizin ilk illərində yaxın xarici dövlətlərlə iqtisadi əlaqələrin qurulmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolu olmuşdur. Naxçıvana rəhbərlik etdiyi zaman onun qonşu Türkiyə ilə qurduğu əlaqələr bölgənin taleyi üçün mühüm rol oynadı. 1992-ci ilin martında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi, Heydər Əliyevin Türkiyəyə səfəri, imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında protokol Naxçıvanın dostqardaş ölkə ilə iqtisadiyyat və mədəniyyət sahəsində münasibətlərini yeni mərhələyə qaldırdı.

Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən biriİran İslam Respublikası ilə iqtisadi əlaqələrin genişlənməsi idi. Onun xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən bu ölkəyə iki dəfə səfər etməsi, ölkə rəhbərləri ilə imzaladığı sənədlər tərəflər arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb oldu. İran və Türkiyə ilə yaradılmış iqtisadi əlaqələr, qonşu dövlətlərin muxtar respublikaya maliyyə yardımı bölgənin sosial-iqtisadi vəziyyətinə öz müsbət təsirini göstərdi.

XX əsrin 90-cı illərinin I yarısında Naxçıvanın xarici əlaqələri daha çox qonşu dövlətlərin humanitar və digər yardımları formasında inkişaf edirdisə, 1995-ci ildən başlayaraq bu əlaqələr praktiki xarakter aldı, Naxçıvana xarici investisiyalar daxil olmağa, tərəflər birgə layihələr həyata keçirməyə başladı. O dövrdə Naxçıvan MR-nın xarici iqtisadi əlaqələrində əsas yeri ticarət tuturdu. Muxtar respublikanın xarici ticarətində isə idxalın çoxluğu tədiyyə balansının mənfi saldo olması ilə nəticələndi. 1996-cı ildə ölkədə makroiqtisadi sabitlik yarandıqdan sonra muxtar respublikanın da xarici iqtisadi əlaqələrinin inkişafında müsbət meyillər artmağa başladı.

Dünya təcrübəsi göstərir ki, milli istehsal ixrac potensialının genişləndirilməsinə yönəldilmişdir. Milli istehsalın daha çox əmtəə qrupunun ixracının genişləndirilməsinə yönəldilməsi daha zəmanətli inkişaf üçün əlverişli şərait yaradır. Məhz bu cəhətdən qeyd etmək lazımdır ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ixrac mallarının həcminin artırılması və ixrac siyasətinin məqsədyönlü həyata keçirilməsi vacib məsələlərdən biri sayılmalıdır.

Fikrimizcə, regional inkişafın təmin olunması baxımından xarici iqtisadi əlaqələri inkişaf etdirmək üçün aşağıdakı problemlərin həlli də çox əhəmiyyətlidir.

1. Regionda ixtisaslaşmanın onun ölkədaxili və beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlükləri, mövqeyidaxili tələbatı nəzərə almaqla aparılması;

2. Regionun potensialının inkişaf etdirilməsi və onun strukturunun son məhsul hesabına tədricən yaxşılaşdırılması;

3. Regionda idxalı əvəz edən məhsul istehsalının artırılması və ixracın quruluşunun müəyyənləşdirilməsi;

4. Regionda xarici iqtisadi əlaqələrin müasir dövrün tələblərinə cavab verən təşkilati-idarəetmə sisteminin yaradılması və s.

Bazar iqtisadiyyatı şəraitində xarici iqtisadi əlaqələri inkişaf etdirmədən ölkənin istehsal potensialını artırmaq, ondan səmərəli istifadə etmək, habelə ölkənin beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlükləri reallaşdırmaq mümkün deyildir.

Dünya təcrübəsi göstərir ki, bu cür uzlaşdırmanın həyata keçirilməsinin ən səmərəli yollarından biri ölkədaxili regionlar üzrə kompleks inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsidir. Belə proqramlardan biri də ölkə Prezidenti İlham Əliyevin 2004-cü il fevralın 11-də təsdiq etdiyi 2004-2008-ci illər üçün "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"dır. Qeyd etmək lazımdır ki, bu proqram ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Regionların sosial-iqtisadi inkişafına dair birinci dövlət proqramının vaxtından əvvəl və uğurla başa çatdırılması regionlarda əhalinin maddi rifahını, sosial-məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış, infrastruktur yeniləşmiş, sahibkarlıq fəaliyyəti nəzərəçarpacaq dərəcədə genişləndirilmiş, əlverişli investisiya mühiti formalaşmış, xarici iqtisadi əlaqələrin coğrafiyası daha da genişlənmiş və müasir tipli istehsal müəssisələri yaradılmışdır.

2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə icrası ötən beş il ərzində iqtisadiyyatın dinamik inkişafını təmin etmişdir. Belə ki, 2003-cü illə müqayisədə 2008-ci ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 5 dəfə artmışdır. Bu müddətdə sənayedə 9 dəfə, kənd təsərrüfatında 2 dəfə, əsaslı investisiya qoyuluşlarının həcmində isə 5 dəfə artım müşahidə edilmişdir.

Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətləri yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev demişdir: "Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır".

Əldə olunan nəticələrin kifayət qədər yüksək olmasına baxmayaraq regionların mövcud imkanlarından daha səmərəli istifadəni təmin etmək məqsədilə ölkə Prezidenti İlham Əliyev 14 aprel 2009-cu il tarixdə sayca ikinci olan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etmişdir. Yeni sosial-iqtisadi inkişaf proqramında muxtar respublikanın inkişafı ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir. Burada əsas məqsəd muxtar respublikanın təbii və əmək potensialından səmərəli istifadə etməklə sənaye və kənd təsərrüfatının inkişafını sürətləndirmək, infrastruktur təminatının yaxşılaşdırılması sahəsində tədbirləri davam etdirmək, əhaliyə göstərilən kommunal xidmətlərin daha da yaxşılaşdırılmasına və məşğulluq səviyyəsinin artırılmasına nail olmaq, yeni sosial obyektlərin inşasını və yenidən qurulmasını həyata keçirməkdir.

Nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə "Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq olunmuşdur. Bundan əvvəlki proqramın yüksək nəticələri 2009-2013-cü illərdə muxtar respublikanın sosial-iqtisadi inkişafını nəzərdə tutan yeni Dövlət Proqramının da uğurla yekunlaşacağına təminat verir. Bunu 2009-cu ilin birinci yarısında muxtar respublika iqtisadiyyatında əldə olunan nailiyyətlər bir daha sübut edir. Muxtar respublikada 2009-cu ilin ilk altı ayındakı makroiqtisadi göstəricilərə nəzər salanda məlum olur ki, 2008-ci ilin ilk altı ayına nisbətən ümumi daxili məhsul istehsalı 31,1 faiz, sənaye məhsulunun ümumi həcmi 22,7 faiz, əsas kapitala yönəldilən investisiyalar 76,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz, nəqliyyat sektorunda yük dövriyyəsi 9,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 22,4 faiz, xarici ticarət dövriyyəsi 2,5 dəfə artmışdır. Bundan əlavə altı ay ərzində muxtar respublika üzrə əhalinin gəlirləri 42,1 faiz, adambaşına düşən gəlirlər isə 37,4 faiz artmışdır.

Təhlillər göstərir ki, 2009-cu ilin ilk altı ayında ən yüksək göstərici muxtar respublikanın xarici ticarət sektorunda baş vermişdir.

Muxtar respublikada real sektorun inkişafına yönəldilmiş islahatlar ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi ilə dəstəklənməkdədir. İxrac potensialının inkişaf etdirilməsi, muxtar respublika ərazisində istehsal olunan Azərbaycan mallarının xarici bazara çıxarılması, qonşu xarici ölkələrin iqtisadiyyatına səmərəli inteqrasiyanın təşviqi ötən dövr ərzində də prioritet istiqamətlərdən olmuşdur.

2009-cu ilin ilk altı ayında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 91,7 milyon ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bu da bir il əvvəlki müvafiq səviyyəni 2,5 dəfə üstələyir. Özəl sektorda ixracın stimullaşdırılması və buna uyğun olaraq ixrac mallarının çeşidinin artırılması, yerli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər yeni uğurları təmin etmişdir.

Muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk dəfə olaraq 2009-cu ilin altı ayı üzrə ixracın həcmi idxalı üstələmiş və 7,1 milyon ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Belə ki, xarici ticarət dövriyyəsinin 42,3 milyon ABŞ dollarını və ya 46,2 faizini idxal, 49,4 milyon ABŞ dolları və ya 53,8 faizini isə ixrac təşkil etmişdir. İxracın həcmi son bir il ərzində 4,5 dəfə artmışdır.

Yerli istehsalın müntəzəm əsasda gücləndirilməsi qarşılığında muxtar respublikada ərzaq idxalı getdikcə azalmaqdadır. Əgər 1995-ci ildə idxalın 91 faizini ərzaq və gündəlik istehlak malları təşkil edirdisə, bu göstərici 2009-cu ilin ilk yarısında 4 dəfə azalaraq 23 faizə enmişdir. Yaxud 1995-ci ildə ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı sıfır vəziyyətində idisə, 2009-cu ilin ilk altı ayı ərzində 27 milyon ABŞ dolları həcmində ərzaq və kənd təsərrüfatı məhsulları muxtar respublikadan kənara ixrac olunmuşdur. Demək olar ki, muxtar respublikaya ərzaq idxalı sıfır vəziyyətinə düşməklə yeni texnologiyaların idxalının artması müşahidə olunmaqdadır.

2009-cu ildə olduğu kimi 2010-cu ildə bu proses davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi bu istiqamətdə gördüyü işlər nəticə etibarilə muxtar respublikada iqtisadi inkişafa, rəqabət qabiliyyətli məhsullar istehsalına ixrac potensialının artmasına səbəb olmuşdur.

2010-cu ilin yekunları göstərir ki, ötən 1 ildə muxtar respublikada xarici ticarət dövriyyəsi 258 milyon manata çatmışdır ki, bunun da 211,7 milyon ABŞ dollarını ixrac, 46,2 milyon ABŞ dollarını isə idxal təşkil etmişdir. Bu göstərici 2009-cu illə müqayisədə 17 faiz artmışdır. Son bir il ərzində ixracın həcmi 99,4 milyon ABŞ dolları həcmində ya 89 faiz artmış, idxal isə 61,5 milyon ABŞ dolları həcmində ya 57 faiz azalmışdır. İdxalın strukturundakı əsas dəyişiklik isə ərzaq məhsulları idxalının texnoloji avadanlıqlarla əvəz olunmasıdır.

Bütün yuxarıda qeyd olunanlardan məlum olur ki, qəbul olunan proqramlar regionların iqtisadi inkişafına səbəb olur. Ümumiyyətlə, bu proqramlar regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət edir. Hələ keçən əsrin axırlarından başlanan iqtisadi islahatlar qısa zaman kəsiyində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Azərbaycanda makroiqtisadi sabitlik əldə edildikdən sonra ildən-ilə Naxçıvan iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf etməyə başlamışdır.

Naxçıvan Muxtar Respublikasında son 16 ildə ümumi daxili məhsulun həcmi 38 dəfə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 31 dəfə, sənaye məhsulun həcmi 69 dəfə, əsas kapitala yönəldilən investisiyalar 261 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 7 dəfə, nəqliyyat sektorunda yük daşınması 18 dəfə, informasiya rabitə xidmətlərinin həcmi 90 dəfə, pərakəndə əmtəə dövriyyəsi 20 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 30 dəfə, ixracın həcmi 142 dəfə, dövlət büdcəsinin gəlirləri 26 dəfə, əhalinin gəlirləri 44 dəfə, hər nəfərə düşən gəlirlər 35 dəfə, orta aylıq əmək haqqı isə 21 dəfə artmışdır.

Bax bu sürətli artım iqtisadi inkişafın Naxçıvan modelinin yaranmasına cəmiyyətdə formalaşan geniş ictimai fikirdə "Naxçıvan möcüzəsi" adlandırılmağa başlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan möcüzəsi" haqqındakı fikirlərini belə xarakterizə edir: "Yol düzgün seçiləndə, milli maraqlara dövlətçiliyə sədaqət olanda, adamların qayğısı ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar".

Son 16 il ərzində muxtar respublikada xarici ticarət dövriyyəsi 18,3 dəfə artmışdır. Əgər 1995-ci ildə Naxçıvan MR xarici ticarət dövriyyəsi cəmi 19 milyon ABŞ dolları idisə, bu rəqəm 2011-ci ilin yanvar-noyabr aylarında 247,4 milyon ABŞ dolları təşkil etmişdir. Bu müddətdə ixracın ümumi həcmi 141,9 dəfə artmışdır. Əgər 1995-ci ildə muxtar respublikadan xarici ölkələrə cəmi 1,9 milyon ABŞ dolları miqdarında məhsul ixrac edilirdisə, bu rəqəm 2011-ci ildə 274,7 milyon ABŞ dollarına çatdırılmışdır. İdxal isə keçən dövr ərzində getdikcə azalaraq 72,7 milyon ABŞ dolları səviyyəsinə düşmüşdür. Muxtar respublikanın xarici ticarət dövriyyəsində 202 milyon dollarlıq müsbət saldo yaranmışdır.

Muxtar respublikada ərzaq mallarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığı əsasən aradan qaldırmışdır. Təkcə bir faktı demək kifayətdir ki, əgər 1995-ci ildə xarici ölkələrdən muxtar respublikaya idxal olunan məhsulların 90 faizini ərzaq kənd təsərrüfatı məhsulları təşkil edirdisə, ötən illər ərzində bu göstərici azalaraq 28 faizə düşmüşdür. Bu məhsulların isə əsas hissəsi Naxçıvanda yetişdirilməsi mümkün olmayan (məsələn, banan, kivi, apelsin, mandarin digər sitrus bitkiləri) bitkilərdən ibarətdir.

İndi Naxçıvan Muxtar Respublikası dünyanın 32 ölkəsi ilə xarici iqtisadi əlaqələrə malikdir. İdxal malları içərisində yeni texnologiyalar üstünlük təşkil edir.

Beləliklə, Naxçıvan Muxtar Respublikasında yeni texnologiyalar əsasında müəssisələrin yaradılması dünya standartlarına uyğun rəqabətqabiliyyətli məhsul istehsalı gələcəkdə ixrac potensialının daha da artmasına gətirib çıxaracaqdır.

 

 

Nazim ƏHMƏDOV,

Naxçıvan Dövlət Universitetinin

mühasibat uçotu və maliyyə

kafedrasının professoru,

iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 18 aprel.- S. 3.