"Şahdəniz"
yatağının ikinci işlənmə
mərhələsinə start verildi
Azərbaycanı dünyanın
potensial qaz ixracatçısına çevirmiş
"Şahdəniz" yatağının tammiqyaslı
işlənməsi istiqamətində mühüm bir addım
atılmışdır. Belə ki, dünən Şahdəniz
konsorsiumunun iştirakçıları ümumi məbləği
25 milyard dollar təşkil edən "Şahdəniz"
layihəsinin ikinci işlənmə mərhələsi layihəsinin
ilkin mühəndis-layihələşdirmə işlərinə
başlamaq barədə qərarı təsdiq etmişlər.
Bu qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə
"Şahdəniz" layihəsinin operatoru olan bp-nin
Bakıda işgüzar səfərdə olan baş
icraçı direktoru Robert Dadli arasında keçirilmiş
görüş zamanı rəsmən elan edilmişdir.
Xatırladaq
ki, "Şahdəniz" yatağının ikinci işlənmə
mərhələsi layihəsi "Cənub qaz dəhlizi"ni
açmaqla Xəzər dənizindən Türkiyə və
Avropadakı bazarlara qaz çatdıracaq. Dünən elan
edilmiş bu mühüm irəliləyişin əldə
olunması konsorsiuma ilk qaz ixracına təqribən 2017-ci ilin
sonlarında başlamaq məqsədini qüvvədə
saxlamağa imkan verir.
"Şahdəniz mərhələ-2" layihəsi ildə 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. İlkin mühəndis-layihələşdirmə işlərinin başlanması layihənin mühüm bir mərhələyə daxil olduğunu bildirilir. Bu mərhələdə mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri başlanacaq. İkinci mərhələdə həmçinin Şahdəniz konsorsiumu Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini yekunlaşdıracaq.
Şahdənizin operatoru olduğu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Rəşid Cavanşir demişdir: "İrəliyə atılmış bu mühüm addımı elan etməkdən məmnunuq. Ötən iki il ərzində biz bu meqa-layihənin bütün ayrı-ayrı komponentləri üzrə əsaslı irəliləyiş əldə etmişik. Mühəndis-texniki tədqiqatlar, kommersiya müqavilələri və Azərbaycan dövlətinin, həmçinin digər hökumətlərin dəstəyi Şahdəniz konsorsiumunda ilkin mühəndis-layihələşdirmə mərhələsinə daxil olmaq üçün inam yaradır. 30 trilyon kub futdan artıq qaz ehtiyatına malik olan "Şahdəniz" yatağı son dərəcə zəngin və iri bir yataqdır. 26-dan artıq quyu, iki yeni platforma, terminalın genişləndirilməsi və Avropaya 4 min kilometrədək yeni boru kəmərləri ilə bu iri layihələr kompleksi dünyada ən böyük neft və qaz işlənmələrindən biridir."
Yeri gəlmişkən, "Şahdəniz mərhələ-2" layihəsinin birinci mərhələdən hasil olunan ildə təxminən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi proqnozlaşdırılır. Gözlənilir ki, Xəzər dənizində sahildən təxminən 70 kilometr məsafədə yerləşən "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinə ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.
2011-ci ilin oktyabr ayında Türkiyənin boru kəməri şirkəti BOTAŞ-la və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalanmışdır. Xatırladaq ki, bunların hamısı Azərbaycan Respublikası və Türkiyə Respublikası tərəfindən imzalanmış hökumətlərarası saziş çərçivəsindədir. Həmin tarixdən bəri Türkiyə ərazisindən potensial qaz nəqli üçün Trans Anadolu Boru kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər də imzalanmışdır. Qazın Avropaya daşınması üçün üç variant nəzərdən keçirilir: Bunlar İtaliya marşrutu olan Trans Adriatik boru kəməri, Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq Nabukko Uest və qazı Macarıstan, Bolqarıstan və Rumıniyaya nəql edəcək Cənub-Şərqi Avropa boru kəməri variantlarıdır. Şahdəniz konsorsiumu tərəfindən marşrutun son seçiminin isə 2013-cü ildə ediləcəyi gözlənilir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 18 aprel.- S. 2.