İnformasiya təhlükəsizliyinə təhdidlərin
aradan qaldırılmasında beynəlxalq
təcrübədən bəhrələnməliyik
Azərbaycan Respublikası
Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı ilə
təsdiq olunmuş "Azərbaycan Respublikasının
inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"
adlı sənəddə informasiya təhlükəsizliyi məsələlərinə
xüsusi diqqət yetirilmişdir. Həmin sənəddə
deyilir ki, informasiya təhlükəsizliyi dövlətin
inkişafına, milli təhlükəsizliyə təsir
göstərən mühüm amillərdən biridir. Son illər
informasiya təhlükəsizliyi ilə bağlı ölkəmizdə
çox ciddi tədbirlər həyata keçirilir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da
Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında çıxışı
zamanı bu sahəyə xüsusi diqqət yetirilməsinin
vacibliyini bildirib. Dövlət başçısının
sözlərinə görə, bu sahədə müxtəlif
istiqamətlər üzrə işlər görülməlidir.
"Biz internet dövründə yaşayırıq. Bu,
reallıqdır və biz bu reallığa hazırıq. Azərbaycan
o ölkələrdəndir ki, burada azad internet vardır. Bunu,
bəzən bizi tənqid etmək istəyənlər
unutmasınlar", - deyə Prezident İlham Əliyev qeyd
edib. "Bizə qarşı informasiya müharibəsi
aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm,
bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin
aparılması işində, əlbəttə ki, ilk növbədə,
erməni lobbisi öz fəallığı ilə
seçilir", - ölkə başçısı əlavə
edib. İnternet istifadəçilərinin sayının
getdikcə artdığını bildirən ölkə
Prezidenti hər bir kəndə, hər bir yaşayış məntəqəsinə
genişzolaqlı internetin çəkiləcəyini də
vurğulayıb. Həmçinin iclasda
çıxışı zamanı elektron xidmətlərdən
danışan Prezident İlham Əliyev e-xidmətlərin
geniş şəkildə tətbiq edilməsinin korrupsiyaya və
rüşvətxorluğa qarşı mübarizədə
çox böyük amil olduğunu qeyd edib. Ölkə
başçısı hər bir dövlət qurumunda elektron
xidmətlərin yaradılmasının vacibliyini qeyd edib:
"Müvafiq göstəriş verilmişdir, sərəncam
imzalanmışdır ki, bütün qurumlar elektron xidmətlər
göstərsin. Ancaq mənə bu yaxınlarda verilən
arayışa görə, heç də hər yerdə bu,
belə deyildir. Elə qurumlar, nazirliklər vardır ki, tam
şəkildə elektron xidmətləri göstərirlər.
Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri
qismən göstərirlər. Elə qurumlar da var ki,
ümumiyyətlə elektron xidmət göstərmirlər. Mən
o qurumların adlarını hələ ki, çəkmək
istəmirəm, iki həftə vaxt verirəm, hər bir
dövlət qurumunda elektron xidmət
yaradılmalıdır".
İnformasiya
təhlükəsizliyinin lazımi səviyyədə təmin
edilməsi dövlətin, cəmiyyətin və insanların
fəaliyyətinin vacib şərtlərindən biridir. Qlobal
informasiya cəmiyyətinin formalaşması nəticəsində
dövlətlərarası ziddiyyətlər və
münaqişələr virtual məkana da keçir.
İnformasiya-kommunikasiya
texnologiyalarının geniş yayılması və istifadəsi
nəticəsində virtual məkanda formalaşan şəbəkəni,
həmçinin istifadəçiləri informasiya
resursları və sistemlərini mümkün təhdidlərdən
qorumaq məqsədilə informasiya təhlükəsizliyi
olduqca vacibdir. İnformasiya təhlükəsizliyini təmin
edən proqram təminatlarının (vasitələrinin)
daxili mexanizmlərinin öyrənilməsi, həmçinin
şəbəkədə mövcud hücumları nəzərə
alaraq şəbəkənin müdafiə mexanizminin işlənilməsi
vacibdir.
Qloballaşan
dünyada informasiya texnologiyalarının yaratdığı
imkanlardan sui-istifadə etməklə cinayətin yeni növləri
yaranır, dövlətin ərazi bütövlüyü ilə
bağlı məlumatlar təhrif edilir, terrorizm
ideologiyasının təbliğ edilməsi və terror
aktlarının planlaşdırılması üçün
internet şəbəkəsindən fəal şəkildə
istifadə edilir.
İnformasiya
təhlükəsizliyinin təmini məsələlərində
cəmiyyətin bütün qüvvələrinin - dövlət,
biznes və vətəndaş cəmiyyətinin, xüsusən
cəmiyyətin intellektual potensialının səfərbər
edilməsi vacibdir. Bundan başqa, son zamanlar fişinq, botnet,
saxtalaşdırma, fırıldaqçılıq hadisələri
sürətlə artmaqdadır. Bu kimi hallara qarşı
mübarizə siyasətinin işlənməsi mühüm əhəmiyyət
kəsb edir.
Kompyuter
sistemi şəbəkələrinin çoxalması, əhalinin
sıxlığı, mobil telefonların sayı, internetin inkişafı
cinayət əməllərinin artması ilə səciyyələnir.
Məsələn, adambaşına düşən mobil telefon
sayının çoxluğu, əhalinin ondan internet vasitəsi
kimi istifadə etməsi nəticəsində Cənub-Şərqi
Asiyada cinayət əməllərinin sayı da çoxdur. Azərbaycana
gəlincə, bizim ölkədə kompyuter cinayətkarlığı
ilə bağlı Cinayət Məcəlləsində 271,
272, 273-cü maddələr kimi xüsusi maddələr var.
Bu, sahə üzrə mübarizə tədbirlərinin
görülməsinə əsas verir.
Azərbaycan
Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı"nın 1.2.4-cü bəndində informasiya
texnologiyalarından istifadə etməklə insan
hüquqlarının pozulmasına qarşı mübarizənin
səmərəliliyinin artırılması məqsədilə
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
"Kompyuter informasiyası əleyhinə olan cinayətlər"
fəslinin yenidən işlənməsi və onun
"Kibercinayətkarlıq haqqında" 2001-ci il 23 noyabr
tarixli Konvensiyanın tələblərinə
uyğunlaşdırılması barədə təkliflərin
hazırlanması Azərbaycan Respublikası Prezident
Administrasiyasına tapşırılmışdır.
Rabitə
və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirib
ki, hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti
göstərən operatorlar, bu sahədə siyasəti müəyyənləşdirən
dövlət orqanları bir-biri ilə əlaqəli şəkildə
işləməlidir. Bundan əlavə, hər bir ölkə
gördüyü tədbirlərin effektiv olması
üçün Avropa Şurası, Beynəlxalq
Telekommunikasiya İttifaqı, NATO kimi kompyuter təhlükəsizliyi
sahəsində geniş təcrübəyə malik olan beynəlxalq
qurumlardan da bəhrələnməlidir.
Müasir
dövrdə informasiya təhlükəsizliyinə təhdidlər
təhlükəli amilə çevrilmişdir. Ona
qarşı mübarizə aparmaq üçün
bütün maraqlı tərəflərin fəal səylərini
birləşdirmək, habelə müasir təhdidlərin
aradan qaldırılması və qarşısının
alınması probleminə əsaslı yeni strateji
yanaşmanın formalaşması zəruridir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 18 aprel.- S. 2.