Azərbaycan
iqtisadiyyatı: "2020 - gələcəyə
baxış"
Ölkə Prezidenti İlham Əliyevin
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə sərəncamı ölkə
iqtisadiyyatının növbəti illərdə
dayanıqlı inkişafının qorunub
saxlanması üçün yeni konseptual əsaslar
formalaşdırır. Sərəncamda diqqəti çəkən
üstün məqamlardan biri
məhz konsepsiyanın hazırlanmasına yalnız dövlət
təşkilatlarının deyil, eləcə
də elmi və qeyri-dövlət
qurumlarının cəlb edilməsinin
tapşırılmasıdır. Bu isə
bilavastə cənab Prezidentin ölkənin
elmi potensialına xüsusi
diqqəti kimi də qiymətləndirilə
bilər.
Ölkə
Prezidentinin sərəncamında bu sahədə qabaqcıl
dünya təcrübəsindən yararlanmaq məqsədilə
bir sıra tədbirlərin görülməsi öz ifadəsini
tapıb ki, bu da sənədin müasir beynəlxalq standartlara
uyğun olaraq hazırlanmasına imkan yaradacaq. Cənab
Prezidentin sənədin hazırlanmasına vətəndaş
cəmiyyəti təsisatlarının iştirakının təmin
edilməsi və eləcə də layihənin açıq
müzakirəyə çıxarılması barədə
göstərişləri məhz dövlət başçısının
gələcəklə əlaqədar kifayət qədər
konseptual və ciddi sənədin hazırlanması ilə
bağlı siyasi mövqeyini bir daha təsdiqləyir. Məhz
buna görə də, İnkişaf Konsepsiyası layihəsinin
hazırlanması ilə bağlı aparılan işlər
barədə mütəmadi olaraq Azərbaycan Respublikasının
Prezidentinə məlumat verilməsi nəzərdə tutulub.
Gələcəyə
baxış konsepsiyasının hazırlanması üçün eyni zamanda müstəqilliyimizin 20 ili
ərzində əldə edilən iqtisadi
uğurların təhlili və bu nailiyyətlərə
əsaslanan iqtisadi modelin
qurulması əhəmiyyətlidir. 20 illik
müstəqillik dövründə Azərbaycan
iqtisadiyyatı böhran, sabitləşmə,
yüksək sürətli artım kimi
mərhələlərdən keçib. Bu mərhələlərin hər biri öz
qanunauyğunluqları və spesifikliyi ilə
yadda qalıb.
20 illik müstəqillik
dövründə keçdiyimiz iqtisadi inkişaf yolu gələcəyə
baxışın bazası kimi
1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Azərbaycan iqtisadiyyatı bir çox çətinliklərlə üzləşdi. Bura ilk növbədə keçmiş sovet ölkələri ilə mövcud olmuş iqtisadi əlaqələrin itirilməsi, Azərbaycan iqtisadiyyatının struktur problemləri ilə üzləşməsi, həmçinin maliyyə resurslarının çatışmazlığı kimi problemləri əlavə etmək olar. Dağlıq Qarabağ münaqişəsi də müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatı üçün sarsıdıcı oldu. Ölkə torpaqlarının 20 faizinin itirilməsi nəticəsində kənd təsərrüfatına, həmçinin yüngül və yeyinti sənayesi kimi sahələrə ciddi zərbə dəydi. 1 milyon ölkə vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi də dövlətin iqtisadi, sosial yükünü ağırlaşdırdı. Lakin 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı."Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib.Bu müqaviləyə əsasən ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, investorların payına isə 20 faiz düşür.
2011-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi, müstəqilliyin qazanıldığı 1991-ci illə müqayisədə 18,5 dəfədən çox olub. Əgər 1991-ci ildə nominal ÜDM cəmi 2,7 milyard manat və ya indiki məzənnə ilə təqribən 3,4 milyard ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu göstərici 50,1 milyard manat və ya təqribən 63,4 milyard ABŞ dolları təşkil edib. Həmin dövrdə ölkədə adambaşına düşən ÜDM-in həcmi isə 39 dəfə artaraq 7003,4 ABŞ dollarına çatıb. Makroiqtisadi sabitliyin təmin edildiyi və müstəqillikdən bəri ilk dəfə iqtisadi artımın qeydə alındığı 1996-cı ildən 2011-ci ilə kimi olan dövrdə ölkədə ortalama iqtisadi artım tempi 11,8 faiz olub.1992-ci illə müqayisədə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 dəfədən çox artıb. Qeyd olunan dövrdə büdcə gəlirlərinin ÜDM-a nisbəti 30 faizdən 38 faizə yüksəlib.
Büdcə gəlirlərinin sürətli
artımı Azərbaycana Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Oğuz-Qəbələ-Bakı
su kəməri və bu
qəbildən olan böyük
həcmli infrastruktur layihələrini həyata
keçirməyə imkan verib.
Böhran dövrü
olmasına baxmayaraq, Azərbaycanın strateji valyuta ehtiyatları
artıb. Rəsmi məlumata əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları
artıq 43 milyard ABŞ dollarına
çatıb. Bunun 32 milyard
359 milyonu Dövlət Neft
Fondunun aktivindədir. 2010-cu illə
müqayisədə Mərkəzi Bankın valyuta
ehtiyatları təqribən 10 faizə qədər artıb. Strateji valyuta
ehtiyatlarının artması ilk növbədə
ölkənin iqtisadi imici
baxımından çox əhəmiyyətlidir.
Bu, həm də ölkəyə investisiya axını baxımından olduqca vacibdir. Çünki investorlar həmişə
sabit iqtisadiyyatlı ölkələrə
kapital qoymağa meyilli olurlar. Bu baxımdan Azərbaycanın valyuta
ehtiyatlarının artması investorlar üçün mesaj rolunu oynayır. Yəni, bu
ölkənin ödəniş qabiliyyətli və öhdəliklərini
vaxtında yerinə yetirmək qabiliyyətində olduğunu göstərir. Azərbaycan
iqtisadiyyatına qoyulan investisiyaların da həcmi artmaqda davam edir. Belə ki, rəsmi məlumatlara əsasən,
1994-cü ildən bu günə kimi ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 100 milyard ABŞ dollarını ötüb.
Müstəqilliyin
üçüncü onilliyinin konseptual inkişaf məsələləri
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sözügedən sənədin iqtisadı baxımdan digər üstünlüyü ondan ibarətdir ki, bu sənəd nəinki bir və ya bir neçə il ərzində, bütövlükdə bir dekadada ölkə iqtisadiyyatının perspektiv inkişafının əsaslarını formalaşdırır. Yerli özəl sektorun inkişafına əsaslanan iqtisadiyyatın daha da inkişaf etdirilməsi və eləcə də respublika istehlak bazarında yerli məhsulların payının artırılmasına nail olmaq olduqca əhəmiyyətlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə yerli istehsalın möhkəmlənməsini, qeyri-neft və özəl sektorun daha da inkişaf etdirilməsini əsas prioritet məsələlər kimi bəyan etmişdir. Ölkə Prezidenti bildirmişdir ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının tamamilə ölkəmizdə istehsal edilməsinə nail olmalıyıq. Dövlət başçısı əlavə etmişdir ki, eyni zamanda biz öz məhsullarımızın xarici bazarlara da çıxarmalıyıq. Azərbaycanda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır.
Gələcəyə baxış inkişaf konsepsiyasının da məhz ölkəmizdə müəyyənləşdirilən prioritet istiqamətlər üzrə hazırlanması və bu zaman Azərbaycan Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq iqtisadi inkişaf üzrə təkliflərin verilməsi olduqca əhəmiyyətlidir. Bu, məhz ölkə iqtisadiyyatında dayanıqlı inkişafın qorunub saxlanması baxımından olduqca vacibdir.
Ölkə Prezidentinin müəyyənləşdirdiyi prioritetə uyğun olaraq yerli istehsalın daha möhkəmləndirilməsi məqsədilə kompleks addımların atılması konsepsiyada yer alacaq önəmli məsələlərdən hesab edilməlidir. Bu məqsədlə Azərbaycanın müqayisəli üstünlüyə malik olduğu məhsulların istehsalının stimullaşdırılması və bu sahə ilə məşğul olan sahibkarlara verilən güzəştli kreditlərin məbləğlərinin artırılması məqsədəuyğundur. Azərbaycanın əlverişli iqlim mühitinin nəzərə alaraq bir sıra rayonlarda üzümçülüyün, bəzilərində isə alma və fındıq istehsalının inkişafını sürətləndirmək mümkündür. Belə ki, region ölkələrindən olan Türkiyə Respublikası məhz fındıq ixracına görə dünyada 5-ci yerdədir. Bu məhsula Avropa bazarlarında böyük tələbat olması da onu perspektivli istehsal sahələrindən birinə çevirir.Həmçinin əksər Avropa ölkələrinin iqlimi bu məhsulun yetişdirilməsi üçün əlverişli deyil.Bütün bu amillər isə Azərbaycanın bu sahədə ixrac imkanlarını artırır. Xüsusilə Azərbaycanın Şəki-Zaqatala iqtisadi rayonunda bu sahənin inkişafı üçün geniş imkanlar var. Bu rayonlarda xarici ekspertlərin də iştirakı ilə məhsul istehsalını artırmaq olar. İlk növbədə məhsulun Avropa standartlarına və beynəlxalq standartlara uyğunluğu məsələsinə diqqət artırılmalıdır. İlkin mərhələdə məhsulun yetişdirilməsindən tutmuş onun qablaşdırılması və nəhayət xarici bazarlara çıxarılmasına qədər bütün mərhələlərdə dövlət dəstəyi göstərilməlidir.
Ölkəmizdə prioritet elan edilən istiqamətlərdən biri də məhz azad iqtisadi zonaların yaradılması yolu ilə yerli və xarici investisiya imkanlarının genişləndirilməsidir. Bəzi əlverişli sərhədboyu ərazilərdə yerləşən rayonlarda azad iqtisadi zonaların yaradılması həm həmin rayonların, həm də ətraf bölgələrin inkişafına təkan verə bilər. Məsələn, Naxçıvan MR-nın Türkiyə və İranla həmsərhəd olması ona azad ticarət baxımından böyük üstünlüklər qazandırır. Bundan başqa, Azərbaycanın Cənub və Şimal regionlarında da bu tipli və ya buna bənzər iqtisadi zonalar yaratmaq mümkündür. Qeyd edək ki, qardaş Türkiyədə tətbiq edilən Yeni Təşviq Planı çərçivəsində Türkiyə ərazisi dərəcələrə bölünmüş və hər bir regiona onun inkişaf səviyyəsindən asılı olaraq vergi dərəcələri tətbiq edilməyə başlamışdır. Məsələn, Türkiyənin ən az inkişaf etmiş regionu sayılan Cənub-Şərq hissəsi 6-cı bölgə adlandırılmış və bu bölgəyə investisiya qoyan investorlar bütün vergi yükündən azad edilmişdir. Həmçinin dövlət həmin regionda şirkətlərdə çalışan işçilərin bəzi sosial ehtiyaclarını da öz üzərinə götürmüşdür. Belə ki, orada iş quran şirkətlər yalnız minimum əmək haqqını ödəyir, qalan hissə isə dövlət tərəfindən vətəndaşlara ödənilir. Fikrimizcə, bu təcrübənin öyrənilməsi və Azərbaycan reallığına uyğun olaraq tətbiq edilməsi müsbət nəticələr verə bilər. Azad iqtisadi zonaların və ya diferensial vergi sisteminin tətbiqi ölkəyə investisiya cəlb etmək, həmçinin yeni texnologiyanın gəlməsi baxımından həyati önəmə sahibdir. Yeni texnologiyanın gəlməsi gələcəkdə Azərbaycanda bu sahədə mütəxəssislərin yetişməsi və ölkənin sərbəst şəkildə beynəlxalq standartlara cavab verən məhsul istehsalı ilə məşğul ola bilməsi baxımından çox vacibdir.
Yerli istehsalın inkişafına istiqamətlənmiş layihələrin həyata keçirilməsi zamanı təkcə daxili tələbatın deyil, ixrac imkanlarının və qonşu ölkələrin həmin məhsullara olan tələbatının araşdırılması vacibdir. Ölkə Prezidenti cənab İlham Əliyevin ixracın stimullaşdırılması ilə bağlı tapşırıqlarını nəzərə alaraq bu istiqamət üzrə beynəlxalq marketinq şirkətlərini cəlb etməklə xarici bazarlarda Azərbaycanın ixrac edəcəyi məhsula olan tələbatın və münasibətin öyrənilməsi və sözügedən priotitet məsələlərin inkişaf konsepsiyasına daxil edilməsi məqsədəuyğun hesab edilməlidir. Yerli şirkətlərin ixrac imkanlarının artırılması üçün gömrük və digər orqanlar tərəfindən ixrac üçün tələb olunan sənədlərin azaldılması, lisenziya tələb edən ixrac növlərinin lisenziyadan azad edilməsi və ya onun şərtlərinin yumşaldılması, ixrac üçün tələb olunan sənədlərin siyahısının saytlarda yerləşdirilməsi və ictimaiyyətin onlarla tanış olmasına imkanların yaradılması, olduqca mütərəqqi təcrübə olan vahid pəncərə sisteminin tətbiqinin genişləndirilməsi, banklar tərəfindən ixracı dəstəkləyən xidmət növlərinin (faktorinq xidmətləri və s.) artırılması və xarici bazarlarda yerli sahibkarlar üçün müştəri axtaran ixrac birliklərinin və ya təşkilatlarının yaradılması və bu birliklər vasitəsilə yerli sahibkarların təklif etdikləri məhsulları xarici alıcılara sata bilməsinin təmin edilməsi məqsədəuyğundur.
Ölkə Prezidenti regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş bu ilin fevralında təşkil olunan konfransda bildirmişdir ki, regionların inkişafı Azərbaycan dövləti üçün əsas prioritet məsələlərdəndir. Bu baxımdan sözügedən İnkişaf Konsepsiyasında regionların inkişafının prioritet sahə kimi təqdim olunması və müvafiq istiqamətdə islahatların davam etdirilməsi vacibdir.
Regionların iqtisadi inkişafı məqsədilə hər bir regionun üstünlüyə malik olduğu sahələrin üzə çıxarılması və onun inkişafına dövlət dəstəyinin verilməsi vacibdir. Bəzi hallarda regionlarda bir-birini təkrarlayan istehsal sahələri açılır ki, bunlar da sonda uğursuzluğa düçar olur. Hər bir regionun malik olduğu keçmiş istehsal ənənələri və hər hansı bir məhsulun istehsalı üzrə mövcud təbii və iqtisadi resurslar nəzərə alınmaqla layihələr həyata keçirilməlidir. Məsələn, üzüm istehsalında lider olmuş regionda taxıl istehsalı ilə məşğul olmaq həmin regionun iqtisadi potensialının aşağı düşməsinə səbəb ola bilər. Buna görə də, regionlara maliyyə və texniki dəstək həyata keçirilən zaman onların istehsal üzrə ənənəsi nəzərə alınmalıdır.
Elektron hökumətin inkişafı və bütün dövlət qurumlarının bu cür xidmətlərdən tamamilə istifadəsinin reallaşdırılması birmənalı şəkildə gələcəyə baxışın əsas hədəflərdən olmalıdır. Ölkə Prezidenti 2012-ci ilin birinci rübünün yekunlarına həsr edilən müşavirədə dövlət qurumlarının hamısının qısa zamanda elektron hökumətin elementlərini tətbiq etməsi barədə tapşırıq vermişdir. Məhz bu tapşırığa uyğun və eləcə də bu sahədə həyata keçirilmiş işlərin davamı olaraq dövlət qurumlarının bütün müvafiq xidmətlərinin elektronlaşdırılması olduqca vacibdir.
Dövlət qurumlarının fəaliyyətində, hesabatların təqdim edilməsində, məlumatların ötürülməsində elektron hökümətin elementlərindən istifadə məqsədəuyğundur. Vətəndaşlar bu tip prosedurları dövlər qurumlarına müraciət edərək deyil, onlayn , yəni elektron prosedurlar formasında həyata keçirməlidirlər. Eyni zamanda konsepsiya daxilində mülkiyyət dəyişiklikləri ilə əlaqədar özəlləşmə hərraclarının qeydiyyatının elektronlaşması, vətəndaşların sərbəst şəkildə hərraclarda qeydiyyatdan keçmələrinin təmin edilməsi, hərraclarda növbəti mərhələdə on-line sistemindən istifadə edilməsi vacibdir. Bu, həm özəlləşdirmə hərraclarında rəqabətli mühitin inkişafına imkan verəcək, həm də prosesin şəffaf olmasına özəlləşmə hərraclarının, investisiya müsabiqələrinin nəticələrinin elektron müəyyənləşdirilməsinə imkan verəcək. Arayışlar və tələbnamələrin elektronlaşdırılması olduqca vacibdir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə vətəndaşların kommunal xidmətlərə borcu, yaşayış yerləri ilə bağlı arayışlar elektronlaşdırılıb. Vətəndaşlar heç bir dövlət qurumuna müraciət etmədən arayışları çap edirlər. Elektron ticarətin inkişafı üçün bu sahə ƏDV-dən azad edilməsi məqsədəuyğun hesab edilə bilər. Məsələn, ABŞ-da bütün elektron xidmət ƏDV-dən azaddır. Bu da elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı, e-ticarətin daha da leqallaşdırılmasına səbəb ola bilər.
Hər bir ölkədə uzunmüddətli və dayanıqlı inkişafın əsasını müəyyənləşdirən faktor məhz kiçik və orta sahibkarlığın inkişafı səviyyəsidir. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı bir sıra ciddi islahatlar aparılmışdır. Məhz bu islahatların davamı olaraq kiçik və orta sahibkarlıqla bağlı strategiya sənədinin hazırlanması bu qəbildən olan sahibkarların hüquqi baxımdan dəstəklənməsi üçün müsbət addım olardı. Kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bu kateqoriyaya düşən sahibkarlara tətbiq edilən sadələşdirilmiş vergi dərəcəsinin xüsusən rayonlarda minimuma endirilməsi məqsədəuyğun olardı. Məsələn, qonşu Gürcüstanda kiçik və orta sahibkarlıq, ümumiyyətlə, vergidən azaddır. Bu isə həm də məhsulun qiymətinin aşağı düşməsinə töhfə verir. Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə mənbələrinin genişləndirilməsi üçün ölkədə başlanğıc (start-up) kreditlərinin verilməsi onların inkişafı üçün təkan ola bilər. Bunun üçün ilk növbədə ölkədə vençur bankların yaradılması əhəmiyyətlidir. Həmçinin kiçik sahibkarlar üçün məsləhət xidmətləri təklif edən biznes inkubatorların yaradılması məqsədəuyğundur.
Beləliklə, ölkə Prezidentinin göstərişi ilə Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər əhəmiyyətli olan və ölkədə inkişaf meyillərinin qorunub saxlanmasına imkan verən iqtisadi modelin hazırlanması reallaşdırılacaq. Bu, eyni zamanda ölkədə iqtisadi dayanıqlığın qorunması üçün əhəmiyyətli bir baza kimi də qiymətləndirilməlidir.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin
sədri
Xalq qəzeti.- 2012.- 21 aprel.- S. 5.