Suraxanı rayonunda elmi-praktik konfrans

 

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında adıçəkilən mərkəzin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Atatürk Mərkəzi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında fərman imzalamasının 15 illiyinə həsr olunmuş "Heydər Əliyev və Kitabi-Dədə Qorqud" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

 

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istehsalı olan "Heydər Əliyev və Kitabi-Dədə Qorqud" filmi (ssenari müəllifi türkoloq Güllü Yoloğlu) göstərilmişdir. Filmə baxışdan sonra başlanan elmi-praktik konfransı giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına xüsusi diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev 1997-ci il aprel ayının 20-də Azərbaycan xalqının, türklərin milli-mənəvi dəyərlərinin, tarixi köklərinin böyük abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında fərman imzalamışdır. Bu fərman "Kitabi-Dədə Qorqud"un və eləcə də milli şifahi sərvətimizin öyrənilməsi sahəsində mühüm tarixi sənəddir.

Natiq qeyd etmişdir ki, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında fərmanın işzalandığı tarixdən 15 il keçmişdir. Bu 15 ildə böyük işlər görülmüşdür. "Kitabi-Dədə Qorqud" dastanı dünyaya tanıdılmış və tam təsdiq olunmuşdur ki, bu epos Azərbaycanın da bir parçası olan Böyük Türk Dünyasına məxsusdur. Konfransda vurğulanmışdır ki, 2000-ci ildə 2 cilddə "Kitabi-Dədə Qorqud" ensiklopediyası çap olunmuşdur. Ensiklopediyada "Kitabi-Dədə Qorqud" haqqında çoxsaylı faktlar bir yerə toplanaraq sistemli şəkildə təqdim olunmuşdur. Burada oxucuya Azərbaycan xalqının bənzərsiz eposu-"Kitabi-Dədə Qorqud"u daha yaxından tanıması və başa düşməsinə kömək edən məlumat xarakterli lazımi material verilmişdir. Ensiklopediyada həmçinin "Kitabi-Dədə Qorqud"un tədqiqi ilə məşğul olan alimlər haqqında qısa bioqrafık xarakterli məlumatlar yerləşdirilmiş, onların dastanla bağlı araşdırmaları nəzərə çatdırılmışdır. "Kitabi-Dədə Qorqud" boylarının motivləri əsasında yazılmış dram, nəsr, musiqi əsərləri və onların müəllifləri haqqında məqalələr də bura daxil edilmişdir.

Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, Atatürk Mərkəzinin direktoru, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, AMEA Ədəbiyyat İnstitunun direktor müavini, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlu, AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Muxtar Kazımoğlu, akademik Vəli Əliyev və 85 saylı məktəbin müəllimi Cəmilə Allahverdiyeva məruzələrlə çıxış etmişlər. Məruzələrdə xüsusi vurğulanmışdır ki, "Kitabi-Dədə Qorqud" dastanının məzmununu, mənasını hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. İnsanlar bütün bunları nə qədər çox bilsələr, millətini, xalqını, vətənini və müstəqil Azərbaycanı da bir o qədər çox sevəcəklər. Bu, bizim xalqımızın çoxəsrlik tarixində yeni bir mərhələdir. "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının ən qədim mədəniyyət, ədəbiyyat, mənəviyyat abidəsi olaraq həmişə aktualdır, tədqiqata ehtiyacı var.

Konfans ulu öndərimiz Heydər Əliyevin bu sözləri ilə yekunlaşdı: Gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər çox sevəcəkdir. Dünya qorqudşünaslığı "Kitabi-Dədə Qorqud"un istər etnik mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. "Kitabi-Dədə Qorqud"un Azərbaycan tarixi üçün böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir. "Kitabi-Dədə Qorqud" dastanı kimi böyük elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər.

Konfransda Milli Məclisin deputatlarından Sevinc Fətəliyeva və Fərəc Quliyev iştirak etmişlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 21 aprel.- S. 5.