Qüdrət
QURBANOV: Dövlət Dəniz
Administrasiyası beynəlxalq təcrübənin öyrənilməsinə
və ölkəmizdə tətbiqinə xüsusi diqqət
yetirir
Azərbaycan Respublikasının
Dövlət Dəniz Administrasiyası ümummilli liderimiz Heydər
Əliyevin müdrik siyasətinin məntiqi davamı olaraq, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 20
aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq
edilmiş Əsasnaməyə müvafiq olaraq Azərbaycan
Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində
dövlət siyasətini və tənzimlənməsini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq
fəaliyyət göstərməkdədir. Dövlət Dəniz
Administrasiyasının rəisi Qüdrət Qurbanovun Trend
İnformasiya Agentliyinə müsahibəsini oxuculara təqdim
edirik.
- Son
illər ərzində beynəlxalq təşkilatlarla əməkdaşlıq
və dünya təcrübəsinin öyrənilməsi
istiqamətində hansı nəticələr əldə
olunmuşdur?
-
Ölkə həyatının bütün sahələrində
olduğu kimi, dəniz nəqliyyatının inkişafı
sahəsində də çox böyük uğurlar əldə
olunmuşdur. Azərbaycan dünyanın 170 dövlətinin
üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının
tamhüquqlu üzvüdür. Ötən dövrdə
respublikamız adıçəkilən təşkilatın dəniz
nəqliyyatı sahəsində 20-dən artıq beynəlxalq
konvensiyasına qoşulmuşdur. Dövlət Dəniz
Administrasiyası müvafiq sahədə fəaliyyət
göstərən müəssisələr, təşkilatlar
və Azərbaycan Respublikasının dövlət
bayrağı altında üzən gəmilər tərəfindən
qeyd edilən konvensiyaların tələblərinin yerinə
yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirərək böyük uğurların
qazanılmasını təmin etmişdir.
Azərbaycan
dövlətinin daxili və xarici siyasət xəttinə
uyğun olaraq, beynəlxalq səviyyədə dəniz
dövlətləri sırasında və müvafiq beynəlxalq
təşkilatlarda respublikamızın nüfuzunun daha da
artırılması məqsədilə
planlaşdırılmış tədbirlərin həyata
keçirilməsi davam etdirilir. Dövlət Dəniz
Administrasiyası qabaqcıl ölkələrin dəniz nəqliyyatı
sahəsində təcrübəsinin öyrənilməsi və
bu təcrübənin ölkəmizdə tətbiqinə
xüsusi diqqət yetirir. Respublikamız Beynəlxalq Dəniz
Təşkilatı ilə deyil, həmçinin, Beynəlxalq Əmək
Təşkilatı, Avropa İttifaqının Dəniz Təhlükəsizliyi
Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
və digər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq
əlaqələri yaratmışdır.
Dövlət
Dəniz Administrasiyası müasir texnologiyaların tətbiqi
və maddi-texniki bazanın yenilənməsi sahəsində
hansı tədbirləri həyata keçirir?
-
2011-ci il dekabrın 28-də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən
Dövlət Dəniz Administrasiyasının yeni inzibati
binasının rəsmi açılışı dövlətimizin
bu sahəyə xüsusi diqqətinin və dəniz nəqliyyatı
sahəsində çalışan mütəxəssislərə
göstərilən yüksək qayğının parlaq
nümunəsidir.
Yeni
inzibati bina müasir standartlara uyğun maddi-texniki baza ilə
tam təmin edilmişdir. "Dənizdə insan həyatının
mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın tələblərinin
yerinə yetirilməsi məqsədilə Xəzəryanı
ölkələrdə ilk dəfə olaraq Azərbaycanda
yaradılmış, ən son naviqasiya və müşahidə
avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən
Tanınma və İzləmə Milli Mərkəzi də
Dövlət Dəniz Administrasiyasının yeni inzibati
binasında yerləşir.
-
Uzaq Məsafədən Tanınma və İzləmə Milli
Mərkəzi, əsasən, hansı funksiyaları yerinə
yetirir?
-
Milli Mərkəzin əsas funksiyaları Azərbaycan
Respublikasının ərazi sularında üzən gəmilərin
mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi,
onların hərəkətinin təhlükəsizliyinin təmin
edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava
haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə
çatdırılması, "Azərbaycan
Respublikasının ərazi sularında üzmə
Qaydaları"na riayət olunmasına nəzarətin həyata
keçirilməsi, gəmilərdən daxil olan həyəcan
siqnallarının (SOS) və digər məlumatların aidiyyəti
dövlət qurumlarına çatdırılmasının təmin
edilməsi və əlaqələndirmənin təşkili,
habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər
ölkələrin eyni adlı milli mərkəzləri və
gəmiçilik şirkətləri ilə mütəmadi
olaraq operativ əlaqənin yaradılması və informasiya
mübadiləsinin həyata keçirilməsindən ibarətdir.
Uzaq
Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi
öz texniki təchizatı baxımından bir çox
qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından
daha üstündür. Milli Mərkəzdə işə cəlb
olunmuş mütəxəssislər xarici ölkələrin
müvafiq mərkəzlərində xüsusi təlimlər
keçmişlər.
-
Dövlət Dəniz Administrasiyası, həmçinin Azərbaycan
Respublikasının dövlət bayrağı altında
üzən (kiçik gəmilər istisna olmaqla) gəmilərin
dövlət qeydiyyatını, eləcə də dəniz nəqliyyatı
sahəsində Beynəlxalq Konvensiyaların tələblərindən
irəli gələn müvafiq gəmi sənədlərinin təqdim
olunmasını həyata keçirir. Ötən il Dövlət
Dəniz Administrasiyası tərəfindən bu sahədə
hansı işlər görülmüşdür?
-
Qeyd olunan dövr ərzində Administrasiya tərəfindən
176 gəmiyə "Azərbaycan Respublikasının Dövlət
Bayrağı altında üzmək hüququ haqqında",
144 gəmiyə "Mülkiyyət hüququ haqqında",
196 gəmiyə "Minimum heyət tərkibi haqqında",
78 gəmiyə "Neftlə çirklənmədən
vurulan zərərə görə mülki məsuliyyətin
maliyyə təminatı haqqında" şəhadətnamə,
36 gəmiyə "Əmniyyətli idarəetmə
haqqında şəhadətnamə", 173 gəmiyə
"Bunker yanacağı və çirklənmə nəticəsində
vurulan zərərə görə mülki məsuliyyətlə
bağlı sığorta və ya digər maliyyə təminatı
haqqında sertifikat", 3 gəmiçilik şirkətinə
"Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə"nin
tələblərinə uyğun olaraq "Uyğunluq
haqqında sənəd" verilmiş və 10 gəminin
"Gəmi tarixinin fasiləsiz qeydlər sənədi" dəyişdirilmişdir.
Bununla
yanaşı, 87 gəminin "Yanğınla mübarizə
planı"nın sxemi, 53 gəminin "Yanğınla
mübarizə üzrə təlimə dair təlimat"ı,
106 gəminin "Gəmilərin qəza yedək əməliyyatları
planı", 9 gəminin "Neftlə çirklənməyə
qarşı gəmi fövqəladə mübarizə
planı" (SOPEP) təsdiq edilmişdir.
-
Dövlət bayraq və liman nəzarəti
funksiyalarının icra vəziyyəti sizi qane edirmi?
-
Ötən il dövlət bayraq və liman nəzarəti
funksiyalarının həyata keçirilməsi ilə əlaqədar
gəmilərdə yoxlamaların həyata keçirilməsi
yüksək səviyyədə təşkil edilmişdir.
Administrasiyanın mütəxəssisləri tərəfindən
2011-ci il ərzində 121 gəmidə (bunlardan 31-i xarici
dövlətlərin bayraqları altında üzən gəmilərdir)
yoxlamalar aparılıb ki, bu göstərici 2010-cu ilin
müvafiq göstəriciləri ilə (104 gəmi) müqayisədə
116 faiz təşkil edir. Qeyd olunan yoxlamalar zamanı
uyğunsuzluq hallarının aşkar edildiyi gəmilərin
sayı keçən ilin müvafiq dövrü ilə
müqayisədə çoxluq təşkil edir. 2010-cu il ərzində
aparılmış yoxlamalar zamanı saxlanılan gəmilərin
sayı yoxlanılan gəmilərin ümumi sayının 23
faizini, yəni 24 gəmi təşkil etdiyi halda, 2011-ci ildə
bu rəqəm 29 faiz, yəni 35 gəmi təşkil
etmişdir.
-
Administrasiyanın fəaliyyətində dünya dəniz
dövlətləri ilə ikitərəfli münasibətlər
xüsusi yer tutur.
-
2011-ci il ərzində "Azərbaycan Respublikası Hökuməti
və Yunanıstan Respublikası Hökuməti arasında Dəniz
Nəqliyyatına dair Saziş", "Azərbaycan
Respublikası Hökuməti və Yunanıstan Respublikası
Hökuməti arasında dəniz ticarət gəmiçiliyi
sahəsində əməkdaşlıq haqqında
Saziş" imzalanmışdır.
Eyni
zamanda "Azərbaycan Respublikası Hökuməti və
Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan
Respublikasının gəmilərinin Rusiya
Federasiyasının daxili sularından keçidinin
qaydaları və şərtləri haqqında Saziş",
"Azərbaycan Respublikası Hökuməti və Rusiya
Federasiyası Hökuməti arasında dəniz nəqliyyatı
sahəsində əməkdaşlıq haqqında
Saziş", "Azərbaycan Respublikası Hökuməti və
Polşa Respublikası Hökuməti arasında Dəniz Nəqliyyatına
dair Saziş" layihələrinin aidiyyəti dövlət
orqanları tərəfindən təqdim olunmuş rəy və
təkliflər nəzərə alınmaqla
hazırlanmış son variantları Nazirlər Kabinetinə təqdim
edilmişdir.
Həmçinin,
"Azərbaycan Respublikası Hökuməti və İtaliya
Respublikası Hökuməti arasında ticarət gəmiçiliyi
haqqında Saziş", "Dənizçilərin
hazırlanması, onlara diplom verilməsi və növbə
çəkməyə dair" 1978-ci il tarixli Beynəlxalq
Konvensiyanın I/10-cu qaydasına uyğun olaraq,
sertifikatların tanınması haqqında Azərbaycan
Respublikası və İordaniya Haşimilər
Krallığı arasında Anlaşma Memorandumu" layihələrinin
ümumiləşdirilmiş son variantı hazırlanaraq
qarşı tərəfə göndərilməsi
üçün Xarici İşlər Nazirliyinə təqdim
olunmuşdur.
Xalq qəzeti.- 2012.- 21 aprel.- S. 4.