Xatırlama. Ömrü nağıllaşan sənət korifeyi

 

Nəsibə xanımdan söhbət düşəndə həmişə onunla son görüşümüzü xatırlayıram. Bu görüş Nəsibə xanımın mənzilində, onun xəstə yatdığı vaxt olmuşdu, məqsəd də Nəsibə xanım haqqında hazırlayacağımız xüsusi buraxılışa onun xeyir-duasını almaq idi. Doğrudur, o, yataqdan qalxa bilmirdi, ancaq həmişəki şux zarafatlarından da qalmırdı. Bir ara qalxıb oturmaq istədi, dedi ki , elə bilməyin qalxa bilmirəm, sadəcə həkimlər belə məsləhət görüblər. Amma , qalxmadı. Biz "Kino" qəzetinin əlavəsi kimi həmin xüsusi buraxılışı hazırladıq və orada Nəsibə xanımın canlı söhbətləri öz əksini tapdı. Bir neçə ildən sonra isə...

 

Nəsibə xanımı xatırlayarkən ilk növbədə, onun çətin və şərəfli ömür yoluna nəzər salmamaq olmur. Bu böyük sənət korifeyi Bakıda dünyaya göz açmışdı. Atası Kərbəlayi Cahangir tanınmış tacir və istedadlı aktyor idi. Azərbaycan milli realist aktyor məktəbini yaradanlardan biri məhz Cahangir Zeynalov olub. İlk yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb şöhrətlənib.

Yaradıcılığının mayası gülüş musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi işə götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən bir çox rollar oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov ) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma "Şirin arzular" Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", "Sevgilimin anası", Georgi Xudayev və A. Ovanov) rollarının xüsusi yeri var.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzulu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Nargilə ("Gözün aydın" Məhərrəm Əlizadə və Fikrət Əmirov), Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev), Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov) və başqa rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib.

Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi.

Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla bəhrələnib.

Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratmağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib.

Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sair) koloritli tərzdə verməkdə "musiqili komediya" teatrında Nəsibə xanıma tay aktrisa olmayıb.

Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif olan musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi.

Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Bu qüdrətli sənət korifeyinin xatirəsi xalqımız tərəfindən həmişə uca tutulur, onun çəkildiyi filmlərə oynadığı tamaşalardan qalan lent yazılarına maraq getdikcə artır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 22 aprel.- S. 8.