"Ana yurdum mənim Azərbaycanım"

 

Ramiz Abdullayev Azərbaycan Dövlət Dəmir Yolunun "Daşıma Prosesləri İdarəetmə" Birliyində çalışır. "Fəxri dəmiryolçu" adına layiq görülüb. Bədii yaradıcılıqla məşğul olur. Səkkiz şeir və və üç musiqili komediya kitabının müəllifidir. "Vətən", "Qızıl qələm", "Qızıl Buta", "Dədə Qorqud" mükafatları ilə təltif olunub. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. R. Abdullayevin şeirlərinə indiyədək 250-dən artıq mahnı bəstələnmişdir. 

 

Ramiz müəllimin yaradıcılığında Vətənə məhəbbət, işğal altındakı torpaqlarımızın geri qaytarılacağına ümid, inam, gözələ, gözəlliyə sevgi hissləri əsas yer tutur. Bu, müəllifin yaxın günlərdə işıq üzü görən "Ana yurdum mənim Azərbaycanım" (Bakı-2012) kitabında da özünü qabarıq büruzə verir. Xalq şairi Söhrab Tahir və filologiya elmləri doktoru Mədəd Çobanov tərəfindən yazılan "Sevgidən açılan ilham yelkəni" adlı "Ön söz"də deyilir: "...Kitabdakı şeirlərin bir ana qaynağı var-yurda sevgi, gözələ sevgi, gözəlliyə sevgi.

 

Adının sonluğu canla bağlıdır,

Şəhidlərdən axan qanla bağlıdır.

Dünyada şöhrətin şanla bağlıdır,

Ana yurdum mənim Azərbaycanım.

 

R.Abdulayevin yaradıcılığı barədə xalq şairi Nəriman Həsənzadə yazır: "Yüksək poetik nümunələrdən söhbət düşəndə, ən əvvəl yazar-oxucu duyumlarının, ağrılarının üst-üstə düşməsi ön plana çəkilməlidir. Belə ki, oxucu şair ağrısını öz süzgəcindən keçirib onları yaşayırsa, deməli, yazılanları dəyərləndirmək olar və lazımdır da. Çünki həqiqi qiyməti oxucu verir: onualdatmaq, nə də qafiyələnmiş, çıxdaş "məhsul"la başını qatmaq mümkündür. Yeri gəlmişkən, vətəndaşlıq lirikasını öz daxili yaşantılarına qurban verməyən şair yalnız alqışlanmağa layiqdir. Ramiz Abdullayev öz yaradıcılıq kredosu ilə şairdən tələb olunan bütün mənəvi-əxlaqi meyarlara cavab verən qələm sahibidirbu amil sevindirməyə bilməz. ...Efirdə, ekranda Ramiz Abdullayevin sözlərinə yazılmış mahnılarını çox dinləmişəm. Bəstələrin musiqijanr əlvanlığı, mətnlərdəki dərin lirizm müəllifin böyük ürək sahibi, şair qəlbinə malik olan insanı göz önündə canlandırır. Çox şadam ki, bu təəssürat Ramiz Abdullayevin kitablarında öz təsdiqini tapdı. İstər onun "Sevgi dolu gecələr" (2000-ci il), istərsə də "Vətən torpağı" (2002-ci il) kitabı olsun, hər ikisindən, eləcə də digər kitablarından bizlərə doğulduğu Bakını, ümumiyyətlə, Azərbaycanı alovlu məhəbbətlə sevən bir şair boylanır: öz ürək pəncərəsindən boylanan bu şair oxucunu bütöv Vətən torpağı naminə mübariz olmağa çağırır və qələm süngüsü ilə öndə gedəcəyinə hamını inandırıcı şəkildə əmin etməkdədir. Elə "Azad edəcəyəm səni, Qarabağ" şeirindən bir parça gətirmək kifayətdir:

 

Dayanıb səngərdən baxıram sənə,

Düşmənlər sədd çəkib səninlə mənə,

Ürəyim, gözlərim bürünüb qəmə.

Düşmən sinəsinə çəkəcəyəm dağ,

Azad edəcəyəm səni, Qarabağ!

 

Gördüyümüz kimi, müəllif həmvətənlərinə daim ayıq-sayıq olmağı tələb etməklə, onları bədbinlikdən çəkindirir və inandırır ki, Qarabağın düşməndən alınacağı gün heç də uzaqda deyil. "Vətən torpağı" şeirinikbin ruhda köklənmişdir. Şair torpağa olan sevgisini necə də gözəl və poetik qələmə almışdır...".

R.Abdullayevin poeziyasında sevgi mövzusu da özünəməxsus çalarları ilə yadda qalır. Şairin sevgi şeirləri yaşanılan hisslərin, duyğuların ifadəsidir, qeyri-səmimi münasibət bu nümunələrin ruhuna yaddır. Ramiz müəllimin yuxarıda adını çəkdiyimiz kitabında sevgi, məhəbbət şeirləri üstünlük təşkil edir. Onun "Sevəcəyəm mən səni" şeiri bu baxımdan diqqəti çəkir. Həmin şeirin bir bəndinə nəzər salaq:

 

Sevgidən söz düşərkən, gülərdim özgələrə,

İndi susuz səhraya, dalınca mən gələrdim.

Qısqanıram əzizim, ətrafında hər şeyə,

Sənsiz bəlkə həyatda, yaşamazdım ölərdim.

 

Bu şeirdə sevən bir qəlbin sevgi yolu göz önündə canlanır... Bir vaxtlar sevgi, məhəbbət nə olduğunu bilməyən "lirik mən" sevib-seviləndən sonra sevgisinin ardınca susuz səhraya getməkdən çəkinmədiyini, qorxmadığını bildirir. Bir sözlə, çətinliklər, maneələr onu qorxutmur. Çünki "lirik mən" sevgiyə, sevdiyi qadına inanır...

Böyük şairimiz Məmməd Araz da Ramiz Abdullayevin yaradıcılığına yüksək qiymət verərək yazırdı: "Mənim gizli məhəbbətim"şeirində şair özüylə bacara bilməməyini səbrin gücünün vüqarında, öz gizli məhəbbətinin ülviliyində axtararaq özünü Məcnuna bərabər tutur:

 

Gəl öldürmə, diriltmə sən,

Axtarsalar Məcnuna tən,

Söylərəm ki, o mənəm, mən,

Mənim gizli məhəbbətim.

 

Bəzən şair gözəllikləri məzəmmət edərək öz ilk sevgilərinə sadiq qalmağa çağırır. Onlara ən "sərt" misraları yağdırmağı belə rəva görür".

Bu yazını da xalq şairi Məmməd Arazın bir vaxtlar müəllifə ünvanladığı sözlərlə tamamlamaq istərdim: "Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axtaran şairdir desək, səhv etmərik. Şair qardaşımıza həmişə axtarışda olmağı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!".

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2012.- 22 aprel.- S. 7.